news-inner
clock09:00 calendar-gray 15 Aprel 2014 view-gray2674 dəfə oxunub
view-gray2674 dəfə oxunub

Sutenyorun ilişməsi

Kulis.az Samir Sarının “Sutenyorun ilişməsi” hekayəsini təqdim edir.

Əslində Zərbəli onun adı deyildi, ləqəbiydi. Gəncin adı Əliydi. Ona Zərbəli adını çalğıçı yoldaşları qoymuşdular və bu zaman uzun-uzun fikirləşməmişdilər, zərb aləti ifaçısı olduğunu nəzərə almışdılar və onu Əli adlı sintezatorçudan fərqləndirmək üçün buna əvvəlcə Zərb Əli adı vermişdilər. Get-gedə “Zərb” və Əli kəlmələri qaynayıb-qovuşmuş, “Zərbəli”yə çevrilmişdi.

Lap əvvəldə Zərbəli bu adından xoşlanmırdı, arada etiraz da edirdi, deyirdi ki, yaxşı, əgər o, nağara yox, zurna çalsaydı, adına Zurnəlimi deyəcəkdilər. Amma onun yaşı, kiçik ansambldakı iyerarxik mövqeyi, xarizmatik göstəriciləri elə bir durumdaydı ki, etirazlarının faydası olmadı. Beləcə, Zərbəli öz itoynadan yoldaşlarının qoyduğu ləqəblə barışmalı oldu.

Zərbəli subay idi, evlənmək üçün pul yığır, nağarasını var gücü ilə döyəcləyirdi. Ona demişdilər ki, 27 yaşdan o tərəfə keçən oğlanın sonradan evlənməsi çətin olur, çalışıb bu yaş senzini aşmamalıdır. Buna görə də Zərbəli dəvət olunduğu bir toydan qalmırdı, günün sonunda payına nə düşürdüsə, qane olurdu, bəzi tay-tuşları kimi avaralıq etmirdi, qazandığı pulu aparıb anasına verirdi.

Əgər o məşum və naməlum zəng gəlməsəydi, ardınca Zərbəlinin son üç ildə yığdığı pullar sovrulub getməsəydi, Zərbəli çox güman ki, may ayı bitən kimi toy edəcəkdi.

Bütüm çalğıçılar, müğənnilər kimi, onun da may ayından, bir də toy büsatı qurulmayan aylardan xoşu gəlmirdi, çünki həmin aylarda insanlar toy eləmirdilər və nəzərə almırdılar ki, Zərbəli və onun həmkarları da dolanmalıdır, biri ailə-uşaq saxlayır, biri evlənmək istəyir, necə olsun bəs, mayda niyə toy olmamalıdır axı, ən yaxşı aydır. Fəqət bu ölkədə beləydi: may ayında toy eləməzdilər.

Naməlum və məşum zəng gələndə martın axırlarıydı. Zərbəli zəngin naməlum olduğunu, yəni tanımadığı nömrədən gəldiyini ilk andaca bilsə də, məşumluğunu üç gündən sonra bildi. Tərs kimi, bu, heç də adi zəng deyildi, rusların “vızov”, türklərin “çağrı” dediyi şey idi. Zərbəli öz marağı üzündən məcbur oldu ki, ona çağrı zəngi edənə özü zəng vursun. O, belə də etdi, telefonu xəttin o başında açan qadın salamdan dərhal sonra belə bir təklif irəli sürdü:

- Qızlar hazırdır, nə vaxt gəlib aparassan?

Bəlkə də o, qadın “qız hazırdır” desə, Zərbəli şirnikər, başqa cür cavab verərdi, amma “qızlar” söhbəti onu quşqulandırdığı üçün soruşdu:

- Nə qızlar?

Qadın hirsləndi:

- Adə, pederas, qızlar dəə, deməmişdin, üç-dörd qız təşkil elə, Dubaya aparım? Təşkil eləmişəm, gəl apar.....

Qadın qızların qədim peşəsinin adını ifadə edən müasir və loru termini o qədər ikrahla söylədi ki, sanki özü çox müqəddəs bir işlə məşğul idi.

Zərbəli qadının onu səhv saldığını başa düşərək dedi ki, xanım səhv nömrəyə zəng edib, o Dubaya işləmir, adi nağaraçalandır, ömründə bir dəfə də ölkədən kənara çıxmayıb, baxmayaraq ki, xarici pasportu var.

Qadın daha da hirsləndi və söyüşlə zəngin leksikonunun incilərindən bir-ikisini də dilə gətirərək Zərbəlinin nağarasına da, xarici pasportuna, nəyə görəsə Zərbəlinin telefonunun abonent olduğu mobil operatora da söydü.

Zərbəli qadının onun çörək ağacına söyməsindən narazı qalsa da, qarşısındakının necə bir həyasız olduğunu anlayaraq, bir söz demədi, düşündü ki, o yan-bu yan söz deyər, məkri zənən şərinə düşər, yetim oğlandır, özünü zibilə salmasın.

Söhbət bitdi. Zərbəli öz analitik təfəkkürü ilə başa düşdü ki, qadın sadəcə bir rəqəmi düz yığsaydı, yəni “5” yerinə “0” düyməsini bassaydı, özü, nağarası, xarici pasportu, eləcə də xidmətindən hər gün yararlandığı mobil operator bunca ağır formada söyülməzdi.

Telefonda bu cür səhv düşənlər çox olurdu deyə Zərbəli buna fikir vermədi. Ancaq Zərbəli bilmirdi ki, bu yanlış zəng ona baha başa gələcək və nəticədə Zərbəlinin təkcə nağarası, xarici pasportu və mobil operatoru yox, var-yoxu da söyüşə məruz qalacaq, hətta daha pisi, o öz-özünü və mobil telefon icad edən amerikalıları da söyməli olacaq.

Naməlum zəngdən iki gün sonraydı, Zərbəli toydaydı. Toy sahibi imkanlı, dost-tanışlı adam idi. Sağlıq deyənlər bir az “vıdı-vıdı” edərək, axırda “Allah xoşbəxt eləsin” deyə dərin bir hikmətli kəlam söyləyir, təşər-təşər əllərini ciblərinə salıb pul çıxarır, ən azı 20 manatlıq əskinası düz Zərbəlinin tuşundan masanın üstünə atır, dəbdə olan mahnılardan birini sifariş edir, öz dost-tanışlarını rəqsə çağırırdılar. Birdən-birə ortalığa hərəsi bir cürə oynayan qırx yeddi adam girirdi. Ortalığın bomba düşmüş bazar meydanına dönməsinin Zərbəliyə və onun çalğıçı yoldaşlarına isti-soyuğu yox idi. Kim nə qədər istəyir, oynasın, qol onların, qıç onların, əsas odur ki, çalğıçıların pulunu versinlər. Onsuz da Zərbəli nağarasını zərbləməyə çoxdan vərdiş etmişdi. Onun gözü tost deyənlərin masaya qoyduğu pulda, xəyalı bir neçə aydan sonra özünə çaldıracağı toydaydı.

Toyun ən qızğın yeriydi, sifariş edilmiş təranələr arasındakı qısa fasilədə şadlıq evinin administratoru Zərbəliyə yaxınlaşdı, qulağına pıçıldadı ki, onu foyedə gözləyənlər var. Zərbəli onu gözləyən adamların kim olduğunu belə soruşmadan durub nağarasını stulunun üstünə qoyub bayıra çıxdı.

Foyedə xeyli adam vardı, siqaret çəkir, söhbətləşirdilər, toy nəmərini zərfə qoyur, bir küncdə qoyulmuş qeyri-şəffaf qutuya salırdılar. Zərbəli administratordan “məni soruşanlar kimdir” deyə soruşmağa macal tapmamış, qəfildən arxadan onun hər iki qoluna girdilər və peysərindən basıb əyərək pilləkənlərə tərəf apardılar.

Zərbəli qorxdu və ilk reaksiyası belə oldu:

- Nooluv əə. Siz kimsiniz? Məni hara apararsız?

Zərbəlinin qoluna girən qoluzorlulardan biri ona sakitcə dedi:

- Səsini kəs, camaatın toyuna qanqaraçılıq salma.

Foyedəkilərin bəziləri bu epizodu gördü, çoxu görmədi. Görənlər görməyənlərə xəbər verdilər və hamı pilləkənin başına gəlib qolubağlı qul kimi aparılan nağaraçıya tamaşa elədi. Zərbəlinin sazəndə yoldaşları həyəcanlanmağa macal tapmamış Zərbəli “Fiat Dobla” markalı maşına mindirdilər. Administrator da əvvəlcə foyedəkilər, daha sonra çalğıçılara dedi ki, elə bir ciddi problem yoxdur. O, ikincilərə toyu Zərbəlisiz yola verməli olacaqlarını da dedi. Qonaqlardan biri itibeyinli analitik çıxdı, yanındakılara dedi ki, yəqin narkotik məsələsidir, manıslar hamısı çəkın, vuran olur axı.

Həyat və toy öz ritmiylə davam edirdi, ancaq “Fiat Dobla” maşınında hara və niyə aparıldığını bilməyən, buna görə də həyəcanlanaraq bu barədə soruşan Zərbəliyə dəyən şillə-şapalaq zərbələrinin ritmi başqa cür idi. Nəhayət, o, etirazlarının heç nəyə xeyri olmadığını, əksinə daha çox dürtmə-şapalaq yediyini kəsdirib susdu.

Əvvəlcə maşında, daha sonra salındığı təcridxana otağında Zərbəlinin üzərində aparılan yüngül profilaktik tədbirlər onu müstəntiqlə görüşə hazırlamaq üçün idi. Yetim Zərbəli tez hazır oldu. Onu müstəntiqin otağına salanda Şerlok Holmsun xələfi qəzəbli sifətlə və acıqlı səslə Zərbəlinin üstünə qışqırdı:

- Sutenyor! Oğraş!

Zərbəli birinci kəlmənin də mənasını bilirdi, ikincinin də, ancaq bu ağır sözlərin ona nə aidiyyatı olduğunu başa düşmürdü. Tezliklə onu da başa saldılar.

Məlum oldu ki, dünən insan alverçiləri dəstəsi ifşa olunub və onların birinin telefonundan Zərbələnin telefon nömrəsi çıxıb. Müstəntiq telekamera önündəymiş kimi hüdülədi:

- Tərəfimizdən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində aşkar olunmuşdur ki, sən də o mütəşəkkil dəstənin üzvüsən və qadınları tamahkarlıq məqsədi ilə cinsi istismara məruz qoymaq üçün Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə aparırsınız.

Zərbəlinin şoka düşdüyünü deməyə ehtiyac yoxdur. O özünü illərlə döyəclədiyi nağarasının yerində hiss etdi. Sanki başına-başına döyürdülər.

Zərbəli and içdi, aman elədi, heç nədən xəbəri olmadığını dedi, adi nağaraçalan olduğunu, toylarda nağara çaldığını söylədi.

Ancaq çox and-amanlara şahidlik etmiş bu otaqda onun andına inanan olmadı, müstəntiq ayrıca onun nağaraçalan olmasına dair dediyi sözlərə replika verərək dedi, eybi yox, bu maddələrlə içəri düşəndə nəinki nağara, zurna da çalacaqsan, onda biləcəksən ki, millətin qız-gəlinini aparıb əcnəbi kişilərə satmaq nə deməkdir.

Müstəntiq bu sözün sonunda onu yenidən söyməyi unutmadı:

- Oğraş! Sutenyor! Binamus!

O, elə ürəkdən söyürdü ki, sanki Zərbəlinin xaricə göndərdiyi “qız-gəlin”in sırasında bunun özünün də əzizləri olub və məhz ona görə belə qeyzlidir. Ancaq müstəntiqin sadəcə rol oynadığı hətta intellektual potensialı nağara döymək yaradıcılığına zorla çatan Zərbəli üçün sirr deyildi.

Zərbəli qohum-əqrəbasının yazı-pozu bilən adamlarına zəng vurmaq istədiyini bildirincə ona dərhal telefon təşkil elədilər, amma göz ağartdılar ki, artıq-əskik danışmasın, eləcə harada və nəyə görə olduğunu desin. Zərbəli müəllim işləyən dayısına zəng etdi və ilk sözü belə oldu:

- Dayı, p... düşmüşəm...

Ardınca o başına gələnləri qısa şəkildə danışdı.

Qohumlar işə düşən Zərbəlini qurtarmaq üçün zəngləşib-görüşüb polis idarəsinə gəlməkdəykən, qəflətən onun yadına üç gün öncəki zəng düşdü və bir qadının onu səhvən yığdığını yerli-yataqlı danışdı. Zərbəli onu da əlavə etdi ki, hətta o, həmin qadına xarici pasportu olduğunu, ancaq heç vaxt xaricə getmədiyini deyəndə o, bunun xarici pasportuna söyüb.

Ardınca Zərbəli əlavə etdi:

- Rəis, çörək haqqı, mən ömrümdə nəinki Dubaya, heç burdan-bura Qubaya da getməmişəm.

- Bütün xüsusatlar tərəfimizdən araşdırılacaqdır, - deyə müstəntiq sərt üzlə cavab verdi və əməliyyatçılara göstəriş verdi ki, onu kameraya aparsınlar.

Əməliyyatçılar “millətin qız-gəlinini aparıb qara-qura, yekəqarın ərəblərin pastelinə atan” Zərbəlini pis-pis söyüşlərlə söyə-söyə aparıb ağzıbirə saldılar.

Qohumlar tökülüşüb gəldi, ancaq artıq gec idi, məsələnin çözülməsi sabaha qaldı. Zərbəli gecəni təcridxanada keçirdi.

Ertəsi gün Zərbəlinin nəslinin savadlı adamları bir vəkil də götürüb polis idarəsinə gəldilər. Zərbəli yanına gələn qohumlara hadisəni, tanımadığı bir qadının onun nömrəsini səhv saldığını, aralarında olan söhbəti (əlbəttə ki, qadının işlətdiyi söyüşləri bir az yumşaldaraq) danışdı. Vəkil müstəntiqlə, bölmənin rəisi ilə söhbətə getdi, onlara başa saldı ki, bu yetim uşaq ömründə ölkədən çıxmayıb, hansısa “mama Roza” mobil operatorları səhv salaraq bu yazıq uşağın nömrəsini yığıb, əsl insan alverçisini tapmaq üçün Zərbəlinin telefon nömrəsinin eynisini, sadəcə, əvvəldə “5” əvəzinə “0” yığmaq kifayətdir. Rəislər “hər şey tərəfimizdən araşdırılacaqdır” dedilər və əməliyyatçıları araşdırma aparmağa göndərdilər.

Zərbəli vəkilini və qohumlarını görərək ürəkləndi və yaxalanmış “mama Roza” ilə üzləşdirilməsini tələb etdi, dedi, görək, o məni tanıyacaqmı. Amma rəislər bu addıma getmədilər və Zərbəliyə işarə etdilər ki, özündən çox da əmin olma, üzünə üç hal şahidi birdən durar, çala-çala gedərsən.

Rəis və müstəntiq Zərbəlinin vəkilinə və qohumlarına dedilər ki, siz bilmirsiniz, bu, çox ağır işdir, hazırda insan alveri BMT-nin nəzarətindədir, ABŞ Dövlət Departamenti hər il bu barədə hesabat hazırlayır, beynəlxalq cinayətdir, bu iki adamın dalaşması deyil ki, tərəfləri barışdıraq, qurtarıb getsin, ağır işdir, adı bu işə qarışan adam yanır, dövlət rəhbərliyi də bu cinayətə ciddi nəzarət edir, telekanallar artıq xəbər tutub çəkilişə gəlirlər və sair və ilaxır.

Qohumlar şurası durumu uzun-uzadı müzakirə etdilər, axırda bu qərara gəldilər ki, nə qədər ki, BMT və ABŞ hökuməti Zərbəlinin beynəlxalq insan ticarəti şəbəkəsinin üzvü olmasından xəbər tutmayıb, Zərbəlini telekanalların kriminal xronikasında “sutenyor” kimi xalqa təqdim etməyiblər, onu qurtarmaq lazımdır, yoxsa sonra gec olacaq, Allah eləməsin, gədənin adı hesabata-zada düşəcək, nəsil biabır olacaq.

Əslində Zərbəli Cinayət Məcəlləsinin ona elan edilmiş maddələri iləhəbsə düşmək istəmirdi, ona görə də hər şeyə hazır idi. Vəkil gəlib ona bu işdən qurtarmaq üçün beş min manat nağd pul lazım olduğunu deyəndə o, ürəyindən qara qanlar axsa da sevinəntəhər oldu. O, anasının saxladığı dörd min manatı qazanana qədər nağaraya bir neçə milyon zərbə vurmuşdu. Hələ min manat da tapmaq lazım idi.

Zərbəlinin qohumlarından bəziləri rəislərdən xəbər gətirən vəkilə narazılıq bildirdilər, dedilər, nə edib axı bu uşaq, durduğu yerdə bir zəngin zibilinə düşüb, nə günahı var ki, o qədər pulu getsin, hələ qarşıda toyu da var.

Vəkil dedi, özünüz bilərsiniz, amma maddəsi də sarsaq maddədir, üstəlik, o buna, bu da ona zəng edib, yəni zəngləşiblər, işi qəlizləşdirsələr, müdafiə etmək çətin olacaq, salamatı bu işdən salam-səfayla, təmiz adla qurtarmaqdır, özünüz də deyirsiniz, qabaqda toyu var.

Qohumlar Zərbəlinin insan taciri kimi mühakimə olunmaqdan qurtulması üçün bəyan edilmiş beş min manatlıq ödənişdə endirim edə bilmədilər. Rəislər hətta bir neçə gündən sonra bu məbləğin ikiyə qatlana biləcəyini eyham etdilər.

Nəhayət, Zərbəli və qohumları sırf adı hallanmasın, istədiyi qızın qulağına söz getməsin deyə məbləği düzəldib verməyə meylləndilər. Çünki əgər bu hadisə çox dilə-dişə düşsəydi, heç kəs qızını “insan ticarəti ilə məşğul olan”, “Dubaya qız aparan” bir adama verməzdi.

Beləliklə, problem həll olundu. Zərbəlinin şadlıq evində peysərlənib “Fiat”a basılmasının sutkası tamam olmamış o, azadlığına qovuşdu.

Qohumlarının müşayiəti ilə evə qayıdarkən Zərbəlinin artıq özünə qaytarılmış telefonuna zəng gəldi. Zəng edənin nömrəsi görünürdü, amma adı yazılmırdı. Maşındakılar bir neçə dəfə “telefonu aç, görək, kimdir” desələr də, Zərbəli telefonu açmadı, bircə kəlmə dedi:

- P... yeyərəm!

news-inner-user
Samir Sarı

15 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021