"Beşmərtəbəli evin altıncı mərtəbəsi" yenidən çap olundu

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" yenidən çap olundu
28 mart 2014
# 13:28

“Qanun” Nəşrlər Evində yeni - Xalq yazıçısı Anarın “Təhminə və Zaur və ya beşmərtəbəli evin altıncı mərtəbəsi”, E. L. Ceyms “Zülmətin əlli çaları”, Stiven Kinqin “Yaşıl mil”, Qurban Səid “Əli və Nino”, Cecelia Ahernin “P.S. Mən səni sevirəm” və Elizabet Gilbertin “Ye, dua et, sev” kitabları çap olunub.

“Təhminə və Zaur” və ya “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabı xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçün təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi.

Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilmişdir.

Erika Leonard Ceyms gənc yaşlarından oxucuların qəlbini ovsunlayacaq hekayətlər qələmə almağı düşünürdü. Lakin ailə və karyera onun həyatında birinci yeri tuturdu. Nəhayət, günlərin bir günü cəsarətini toplaya bilmiş bu xanım yazar qələmə sarılaraq öz romanı ilə “qış yuxusuna getdi” və şirin röyadan məşhur belletrist kimi ayıldı. Onun ilk qələm təcrübəsi olan “50 çalar” trilogiyasının ilk kitabı – “Qreyin əlli çaları” artıq Azərbaycan oxucusunun ixtiyarındadır. “Zülmətin əlli çaları” Anasteyşa Stil və Kristian Qreyi oxucularla bir daha görüşdürəcək. Növbədə isə “Azadlığın əlli çaları” durur. Dünya satış reytinqlərində ilk pilləni tutan trilogiya 18 yaşından yuxarı olan oxucular üçün nəzərdə tutulub. Kitabı Əziz Rzazadə tərcümə edib.

Stiven Kinqin “Yaşıl mil” Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın “E” blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun “qəyyumları” arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.

“Yaşıl Mil” romanını Stiven Kinq 1996-cı ildə yazıb. Kitab ilk nəşrindən sonra “Yaxşı roman” nominasiyasında Brem Stoker mükafatına layiq görülüb. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılıb. “Yaşıl Mil” romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır. “Yaşıl mil”i Elşad Əliyev tərcümə edib.

Ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biri olan Qurban Səidin “Əli və Nino” əsəri yeni dizaynda çap olunub. Roman dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib.

Cecelia Ahernin “P.S. Mən səni sevirəm” bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayətdir. Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evindən çıxmır, hamı ilə əlaqəni kəsir. Və qəfildən içi məktublarla dolu bir bağlama alır: bu məktubları bir-bir, həm də ayda ancaq birini açmaq olar, özü də onları yoxluğundan bu qədər əzab çəkdiyi insan yazıb… Əsəri Fizzə Heydərli tərcümə edib.

Elizabet Gilbert 1969-cu ildə Amerika Birləşmiş Ştatlarında anadan olub. Yaradıcılığa hekayələr yazmaqla başlayıb. Universiteti qurtarandan sonra səyahətə çıxıb və bu da ona gələcək kitablarını yazmaq üçün bol mövzu verib. 2000-ci ildə Elizabet Gilbertin ilk romanı “Sərt adamlar” çap olunub. Onu ən çox məşhurlaşdıran isə oxuculara təqdim olunan “Ye, dua et, sev” kitabıdır. Bu kitab onun çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə çıxmasından bəhs edir. Qısa zaman ərzində beynəlxalq bestsellerə çevrilib, otuzdan artıq dilə tərcümə olunub, bütün dünyada yeddi milyon nüsxədən artıq satılıb. Bu kitab onu o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə ümumi sorğularda dünyanın ən nüfuzlu yüz adamından biri olub. Bu kitabı adi oxucular da, senatorlar, prezidentlər də, yazıçılar, məşhur aktyorlar da oxuyur və hər kəs də mütləq faydalanır. Kitabı Xülya Sabirli tərcümə edib.

# 3958 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #