news-inner
clock11:38 calendar-gray 07 Mart 2014 view-gray3048 dəfə oxunub
view-gray3048 dəfə oxunub

Evli xanımın macərası

Kulis.Az İtalo Kalvinonun “Evli xanımın macərası” hekayəsini təqdim edir.

Səhər saat altıda xanım Stefania R. evinə qayıdırdı. Bu hadisə ilk dəfə baş verirdi.

Onu gətirən maşın qapısının önündə yox, bir az irəlidəki tində dayanmışdı. Orada endirilməsini Fornerodan qadın özü xahiş eləmişdi, çünki əri səfərdə olan bir qadının naməhrəm və cavan kişiylə, həm də sübh vaxtı evinə dönməsini qapıçının görməsini heç arzulamırdı o. Fornero motoru söndürən kimi əlini qadının çiyninə qoymağa cəhd göstərdi. Lakin Stefania R. geri çəkildi, çünki binalarının yaxınlıqda olması hər şeyə öz təsirini göstərməkdəydi. Gözlənilməz bir təlaşla qadın maşından endi. Maşını sürüb getməsini Forneroya işarətlə anlatmaqdan ötrü qəddini azca əydi, sonra üzünü paltosunun yaxasının arasına gömərək, xırda, ancaq yeyin addımlarla oradan uzaqlaşdı. Ərinə xəyanət etmişdi yəni?

Binanın çöl qapısı kilidliydi hələ və Stefania R. bunu heç gözləmirdi. Açarı da yox idi. Elə açarı olmadığından gecəni bayırda keçirməyə məcbur qalmışdı o. Olub-bitənlərin əsl səbəbi bu idi: müəyyən saata qədər qapını açdırmaqdan ötrü cürbəcür bəhanələr, yollar tapa bilərdi, ancaq məhz açarının üstündə olmadığını qadın daha əvvəl düşünməliydi. Lakin o, bunun heç qeydinə qalmamışdı, sanki bilərəkdən belə davranmışdı. Düşünmüşdü ki, hər halda axşam yeməyinə qədər evə dönər, buna görə də açar götürmədən evdən çıxmışdı. Ancaq çoxdan bəri görmədiyi rəfiqələri və onların oğlan dostlarıyla vaxt keçirmişdi. Hamılıqla əvvəlcə yemək yemiş, sonra birisinin evindən çıxıb, bir başqasının evinə getmiş, orada içki içib, rəqs etmişdilər. Gecəyarı olunca o, açarının üstündə olmadığını xatırlayanda isə artıq iş-işdən keçmişdi. Bütün bunların səbəbi isə o cavan oğlanın, Forneronun könlünə yatmasından qaynaqlanmışdı. Doğrudanmı könlünə yatmışdı? Hə, bir az yatmışdı. Ancaq hər şeyi bəlli bir çərçivədən çıxmağa qoymamalıydı: nə artırmalı, nə də əskiltməliydi. Danmırdı, gecəni onunla birgə keçirmişdi, ancaq belə demək – çox da doğru sayılmazdı, həddi-hüdudu keçmək olardı, çünki qadın binanın çöl qapısının açılacağı vaxtı sadəcə o cavanla birlikdə gözləmişdi. Məsələnin məğzi bu idi, çünki qapının saat altıda açılacağını düşündüyü üçün həmin saatda tez geri dönməyə cəhd etmişdi. Həm də istəməmişdi ki, hər gün saat yeddidə evinə gələn qulluqçusu xanımının gecəni bayırda keçirdiyini anlasın. Həm də həmin gün gecə əri evə qayıdasıydı.

Ancaq qapı kilidliydi. Kimsəsiz küçədə, həm də sübh şəfəqləri altında yalqız qalmışdı. Günün başqa saatlarıyla müqayisədə gün işığı daha şəffaf olduğundan ətrafındakı hər bir detal, zərbənin altındaymış kimi, açıq-aşkar görünürdü. İçini peşmanlıq hissi bürüdü, bu dəmdə yatağında olmağı, hər səhər olduğu kimi, saatlarca sürən dərin yuxuda olmağı arzuladı, ərinin təmasını, ona sığınmağı qəribsədi. Ancaq bu həsrət duyğusu cəmi bir an, bəlkə də daha az çəkdi. Bəlkə də bu yolla o, peşmanlığa qapılmaq istəmiş, ancaq bu hissə qapıla bilməmişdi. Qapıçının hələ də qapını açmaması canını sıxırdı, bununla belə səhərin erkən saatında havanın, dışarıda yalqız qalmasının qadını coşdurduğunun da fərqindəydi və bundan xoşhallanırdı. Forneronu başından etdiyinə də zərrəcə peşmanlıq duymurdu. İndi o, yanında olsaydı, bir az həyəcana qapılacaqdı, halbuki təkbaşına ikən fərqli bir təlaşa yenik düşmüşdü; özünü ilk gənclik çağındakı kimi, sadəcə ondan bir az fərqli his etməkdəydi.

Bir məqamı açıqca etiraf edə bilərdi: gecəni evdən kənarda keçirdiyi üçün hər hansı peşmanlıq hissi duymurdu. Vicdanı rahat idi. Artıq bu yöndə ilk addımını ata bildiyi üçün içi rahat idi. Görəsən ən nəhayət, evli qadın vəzifəsini bir kənara qoyduğu üçün rahat idi, yoxsa əksinə, hər şeyə rəğmən, ərinə, ailəsinə sadiq qalmaqdan ötrü dirəndiyi üçün bu, belə idi. Stefania bütün bunlarla bağlı özünə suallar verirdi. Gerçək vəziyyətinin nigarançılığına (qeyri-dəqiqliyi), sual altında qalmasına səhər havasındakı sərinlik də qatılınca, canından xəfif bir gizilti keçdi. Bundan belə özünü ərini aldadan bir qadın sayacaqdı görəsən, ya yox? Əllərini uzun ətəkli paltosunun ciblərinə dürtmüş halda irəli-geri var-gəl üçün bir neçə addım atdı. Nikahda bir neçə ili yola salmışdı Stefania R. və bu dönəmdə ərinə xəyanət eləmək fikri heç ağlına da gəlməmişdi. Sürdüyü ərli qadın həyatından umduqları ilə reallıqlar arasında hələ də nələrinsə əskikliyi danılmaz idi. Bunlar onun sütül qız ikən bəslədiyi ümidlərdən qaynaqlanırdı, sanki o, ərgənliyə qədərki mərhələdən tam mənada çıxa, qopa bilməmişdi hələ də. Odur ki, indiki durumda o, təkrar sütül qız dövrünə dönmüş və ərinin qarşısına ərgənlik dövrünü başa vurmuş biri kimi çıxmaq imkanını yenidən qazanmışdı. Dünya-aləm nə deyir-desin. Yoxsa indiyədək o, ərini aldatmağa fürsət gözləyirmiş? Yoxsa Fornero ilə ərinə xəyanət eləmişdi o?

Qarşı səkidə, bir neçə bina irəlidəki barın pancurlarını açdığı dəydi gözünə. Fornero hələ uşaq kimi idi. Onu çox da ciddi qəbul edə bilməzdi. Xudmani maşınında onu gecə boyu gəzdirmişdi, ta dan yeri sökülənə qədər təpənin önündə, ardında, çay sahilində gəzib-dolaşmışdılar birlikdə. Arada benzin tükəndiyindən maşını itələmək, yatan bir benzinsatanı oyatmaq məcburiyyəti doğmuşdu. Gecəni eynən bir cüt uşaq kimi keçirmişdilər. Üç-dörd kərə Fornero nisbətən təhlükəli cəhdlərə əl atmışdı. Bir dəfə isə onu qaldığı pansionun qapısına qədər aparmış, maşını orada əyləməklə, dirənib durmuşdu: “Hə, çox da uzatma, gəl, qalxaq otağıma”. Stefania imtina eləmişdi. Düzünü eləmişdi görən? Bəs sonrası necə olacaqdı? İndi o, bütün bunları götür-qoy eləmək istəmirdi, gecəni yuxusuz keçirmişdi, yuxusu tökülürdü. Düzünü desək, yuxu-filan sən deyən vecinə gəlmirdi, çünki bənzərsiz bir ruh halına girmişdi. Ancaq buna rəğmən, yatağına girən kimi yuxulayacaqdı. Qulluqçu qadına xəbərdarlıq üçün mətbəxdə asılan lövhəyə “Məni oyandırma” yazacaqdı. Uzaqbaşı, evə dönəndə əri oyandıracaqdı onu. Ərini hələ də sevirdimi, əlbəttə ki, sevirdi. Bəs sonrası? Baş-beynini sorğu-sualla yormurdu artıq. Fornero könlünə yatırdı bir az. Ancaq bir az. Yaxşı, bəs bu lənətə gəlmiş qapını nə vaxt açacaqdılar görən?

Bardakı taburetlər bir yerə yığılmışdı, döşəməyə taxta kəpəyi, talaşa səpilmişdi. Dəzgah arxasında sadəcə bir ofisiant gözə dəyirdi. İçəri girən Stefania bu cür erkən saatda bara qədəm basmaqdan hər hansı narahatlıq duymurdu. Hamının hər şeyi bilməsi vacib deyil. Deyək ki, səhər obaşdan oyanıbmış, bu saatda dəmiryol vağzalına gedə və ya oradan gələ də bilərdi. Burada ona-buna hesab vermək fikri yox idi. Özünü belə, yəni yalqız hiss eləmək xoşuna gəlirdi deyəsən.

- İri bir fincanda, çox isti qəhvə istəyirəm, - dedi ofisianta. Bu günə qədər qədəmini basmadığı bu barın işçisiylə elə davranırdı ki, sanki aralarında köhnədən tanışlıq var. Bu, özünəgüvən hissi aşılayırdı ona.

- Baş üstə. Bir dəqiqə gözləyin, qoy aparat qızsın, - dedi ofisiant. Sonra da əlavə elədi: - Səhərlər mənim isinməm bu aparatınkından daha uzun çəkir.

Gülümsəyən Stefania üzünü paltosunun içinə dürtüb: “Brr-r”... elədi. Barda ondan başqa da bir müştəri var idi: azca aralıda ayaq üstə dayanmışdı, vitrindən bayıra göz qoyurdu. Stefanianın çıxartdığı səsə qanrıldığı zaman qadın onun varlığını sezdi. Ətrafında iki kişinin mövcudluğu bir qadın kimi onun şüuraltısını hərəkətə gətirdi və barın arxa divarına vurulan aynaya baxıb, tez saçını tumarladı. Yox, canım, gecəni küçələrdə keçirdiyi çox da bəlli olmurdu, sadəcə çöhrəsi bir az avazımışdı. Çantasından pudraqabını çıxarıb, bir az pudralandı da.

Müştəri kişi bar dəzgahına yanaşdı. Boynuna bəyaz rəngli ipək şərf bağlamışdı, əynindəki tünd rəngli plaşın altından isə lacivərd rəngli kostyumu nəzərə çarpırdı. Heç kəsə ünvanlanmayan bir cümlə dedi o:

- Bu saatda oyaq olanlar iki qismə ayrılırlar: ya başladıqlarını davam etdirmək istəyənlərdir, ya da tamamlamaq istəyənlək.

Nəzərlərini bu kişidən çəkən Stefania xəfifcə gülümsədi. Onsuz da onu başdan-ayağa süzmüşdü: cazibədar olmayan sir-sifətində qüssəli ifadə sezilirdi. Həm özünə, həm də dünyanın dərd-sərinə məhəl qoymayan bu cür yaşlı tiplərin üzündəki ifadənin müdriklikdən, yoxsa axmaqlıqdan qaynaqlandığı heç bəlli olmurdu. Bu kişi ağzındakı siqareti çıxarıb, Stefaniaya sarı əyildi və dedi:

- Gözəl bir qadın gördünsə, ona: “Günaydın!” de.

Stefania da istehza dolu, ancaq əsəbilikdən uzaq tərzdə: “Gün aydın” – cavabını verdi.

- Öz-özündən soruşarsan: Davam edim, yoxsa “tamam” deyim? Tamam, yoxsa davam? Canalıcı məqam da elə budur.

- Necə yəni? – deyə soruşdu Stefania. Bu kişinin oyununa qatılmaq istəməsə də, məsələnin məğzini anlasa da, bu sualı verdi ona. Kişi şorgözcəsinə onu süzürdü, Stefania isə buna heç bir məhəl qoymurdu, kişinin o “davamçı”lardan olduğunu çoxdan anlamışdı. Onun gecələrini əyyaşlıqla keçirənlərdən biri kimi danışdığının fərqindəydi. Belələri ilk baxışdan tanınmaqdan həzz alırlar adətən. Odur ki, Stefania işvə ilə:

- Bəs siz hansındansınız? – deyə xəbər aldı.

- Mən? Davamçıyam! Həmişəlik davam!

Bir an susub, soruşdu:

- Niyə soruşdunuz? Guya bəlli deyil ki?

Qadına gülümsəyən kişi indi də özünü kinayəyə keçmişdi deyəsən. Bir ara susdu, ağzının dadı qaçıbmış kimi udqundu:

- Gün işığıdır məni hərəkətə gətirən. Bayquşlar kimi öz yuvama dönürəm onda, - dedi dalğın halda. Sanki səhnədə rol oynayırdı.

Ofisiant dilləndi:

- Bu sizin südünüz, bu da sizin qəhvəniz.

Fincanını üfləyən kişi ağır-ağır südünü içməyə başladı.

- Ləzzətlidir? – deyə soruşdu Stefania.

- Vecəyaramazdır, - dedi kişi. Sonra əlavə elədi: - Deyilənlərə görə, bu, bədəndəki zəhəri azaldır. İçimdə yığılan o zəhəri necə alacağı isə, əlbəttə, bir başqa məsələdir. Məni zəhərli bir ilan sancsa, hər halda öz quyruğu titrəyər.

Stefania ürək-dirək verdi:

- Qəm eləməyin.

Deyəsən, istehzanın ağını çıxartmışdı lap.

Ona görə də kişi:

- Məndən ötrü panzəhər (antitoksin, zəhəri zərərsizləşdirən məlhəm – A.Y.) heç bilirsiniz nədir? – deyə soruşdu. Onun sözü nəyə gətirəcəyi heç bəlli olmurdu.

Stefania ofisiantdan soruşdu:

- Nə qədər ödəyəcəyəm?

Kişi müştəri bayaqkı sualının cavabını özü verdi:

- Daim ardınca düşdüyüm o qadın.

Binalarının çöl qapısının açılıb-açılmadığını öyrənmək üçün bardan çıxdı. Səkidə bir neçə addım irəlilədi. Yox, yenə də qapalıydı. Kişi müştəri də onun dalınca düşübmüş kimi bardan çıxmışdı. Geri qayıdan Stefania təkrar bara girdi. Bunu heç gözləməyən kişi karıxıb qaldı, bir istədi geri dönsün, ancaq sonra taleyinin hökmünə boyun əydi, yoluna davam elədi, öskürə-öskürə oradan uzaqlaşdı.

Stefania ofisiantdan soruşdu:

- Siqaretiniz var?

Öz siqareti bitmişdi və evə dönən kimi siqaret çəkməyə niyyətliydi. Tütün dükanları da hələlik bağlıydı. Ofisiant qadına bir qutu siqaret uzatdı. Stefania qutunu götürüb, pulunu ödədi. Təkrar barın qapısına tərəf üz tutdu. Bu vaxt zəncirini qırmağa hazır bir it az qaldı üstünə cuma. O, ardınca gələn tüfəngli, çantalı, patrondaşlı bir kişini dartıb gətirirdi. Ovçu heyvana çımxırdı:

- Frizetta, rahat dur, en aşağı. Sonra ofisianta: “Bir qəhvə” – deyə sifarişini verdi.

İti sığallayan Stefania dedi:

- Gözəl heyvandır. Setterdir bu?

Ovçu izah elədi:

- “Epagnuel breton”dur (“Breton cinsli ispanyol”dur – A.Y.). Həm də dişi.

İt cavan idi, ora-bura cumması isə bəlkə də onun hədsiz ürkəkliyindən irəli gəlirdi.

- Neçə yaşı var?

- On ayın içindədir. Aşağı en, Frizetta. Bax, belə.

Ofisiant soruşdu:

- Kəklik ovuna gedirsiniz?

Ovçu:

- Əslində mən heyvan bir az qaçıb açılışsın deyə ova gedirəm.

Stefania maraqlandı:

- Uzaqlara gedəcəksiniz?

Ovçu çox da uzaqda olmayan bir yerin adını çəkdi.

- Oraya maşınla getmək çətin deyil. Haradasa saat on üçün geri dönürük. İşə görə...

Stefania dilləndi:

- Çox gözəl yerlərdir oralar.

Danışılanların bir mənası olmasa da, qadın söhbətin bitməsini istəmirdi.

- Bomboş və təmiz bir vadidir. Otla, kol-kosla örtülüdür səthi, səhər saatlarında orada duman-zad olmur, hər tərəf ovuc içi kimi görünür... İtin qaçması üçün...

Ofisiant söhbətə qoşuldu:

- Şəxsən mən saat onda işə getsəydim, ən azı ona on beş dəqiqə işləyənə qədər yatardım.

Ovçu dedi:

- Yatmağı əslində mən də sevirəm. Ancaq hamı yuxuda ikən oralarda dolaşmaq yaman könlümə yatır. Niyəsini bilmirəm, yəqin bu da bir maniyadır.

Cavan ovçunun özünə haqq qazandırmasını Stefania onun hədsiz qüruruyla, yuxuda olan şəhərə duyduğu qəzəblə, özünü başqalarından fərqli biri saymaq istəyi ilə izah elədi.

Ofisiant dedi:

- İnciməyin, ancaq mən ovçuları çılğın adamlar sayıram. Səbəbi də sırf onların səhərin gözü açılmadan yuxudan oyanmalarıdır.

- Bu barədə, məncə, haqlısınız, - dedi Stefania.

Ovçu:

- Nə bilim, vallah. Görünür, bu da bir maniyadır da, - deyib Stefanianı süzməyə başladı. Sanki az əvvəl onun ovçuluğa olan marağı harayasa qeybə çəkilmişdi. Stefania kimi bir qadının varlığı ona düşüncə tərzinin kökündən səhv olduğunu, xoşbəxtliyin onun ardınca qaçdığında yox, tamamilə fərqli bir şeydə cəmləndiyi fikrini aşılamışdı sanki.

Stefania dedi:

- Həqiqətən də, haqlısınız, belə səhər çağı...

Danışmaq istəyən, ancaq nə deyəcəyini bilməyən biri kimi ovçu duruxdu o ara. Sonra:

- Bu cür quru və sərin havalar itə çox faydalıdır, - dedi.

O, artıq içdiyi qəhvənin pulunu da ödəmişdi. Bayıra çıxmağa can atan it dartınsa da, ovçunun karıxmışlığı keçib getmirdi. Ağlına haradan gəldisə, o: “Elə isə siz də bizimlə gəlin”, - dedi.

Stefania gülümsəyərək:

- Növbəti dəfə rastlaşanda – mütləq, - deyə vəd verdi.

Ovçu: “Eh...” – dedi. Söhbəti davam etdirmək üçün bir bəhanə axtarırdı. Sonra: “Yaxşı, mən getdim. Salamat qalın”, - dedi. Sağollaşdılar, daha ovçu onu bayıra dartan itə təpinmədi.

Bir fəhlə girdi bara. Bir qədəh likör istədi. Qədəhini qaldırıb:

- Yuxudan tezdən oyananların, ilk növbədə isə gözəl qadınların sağlığına! – dedi. Bu kişi cavan olmasa da, çox şux birinə bənzəyirdi.

Stefania da pəsdən:

- Sizin sağlığınıza! – dedi.

- Səhər o başdan oyanan insan özünü dünyanın sahibi sayır, - dedi fəhlə.

- Axşamçağı o, belə düşünmür ki? – soruşdu Stefania.

- Axşam onu yuxu basdığından ümumiyyətlə heç nə barədə düşünmür, - dedi fəhlə. – Dərd-sər güc gəlir ona...

Ofisiant dedi:

- Elə mənim də səhərlər cürbəcür şeylər gəlir ağlıma.

- İşə getməzdən əvvəl bir az təmiz havada dolaşmalısan. Mən zavoda motorollerlə gedirəm, yolboyu buz kimi hava üzümü yalayır...

Stefania təsdiqlədi:

- Təmiz hava adamı dərd-sərdən ayırır.

Fəhlə dedi:

- Məni doğru anladınız. Sizinlə asan dil tapdığımıza görə mənimlə bir qədəh içərsinizmi?

- Təşəkkürlər, həqiqətən içə bilmərəm.

- Səhərlər içki yağ kimi gedir. Şef, bizə iki qədəh likör.

- Həqiqətən içə bilmərəm. Mənim əvəzimə də siz için, mənə sevinmək düşər.

- Heç içmirsiniz ki?

- Arabir, o da axşamlar.

- Elə səhviniz də ondadır.

- Ola bilər, onsuz da insan bir xeyli səhv edir həyatda.

Bu insanların, bu fərqli-fərqli insanların arasında Stefania öz təkliyindən qurtulmaq üçün söhbətlə baş qatırdı. İndi rahat idi, özünə tam güvənirdi, keyfinə soğan doğrayacaq heç nə yox idi. Bu səhərin ona bəxş etdiyi yenilik də bu idi.

Qapının açılıb-açılmadığını öyrənmək üçün qadın bardan çıxdı. Fəhlə də onun ardınca çıxıb, motorollerini işə saldı, əlcəklərini geyindi. Stefania ondan soruşdu:

- Üşümürsünüz ki?

Fəhlə yumruğunu sinəsinə vuranda oradan qəzet səsləri gəldi:

- Zireh geyinmişəm.

Sonra fəhlə yerli şivə ilə: “Allaha əmanət olun”, - dedi. Stefania da yerli şivə ilə ona cavab verdi və fəhlə yola düzəldi.

Stefania artıq geri dönə bilməyəcəyinin fərqindəydi. Bu kişi xeylaqları - əyyaş, ovçu və fəhlə - arasında yararlandığı yeni davranış tərzi daxilən onu dəyişdirmişdi. Ərinə xəyanəti də sırf bundan ibarət idi, kişilərin içində olarkən, özünü onlardan aşağı tutmamışdı. Fornero isə artıq heç yadına da düşmürdü.

Çöl qapı açıq idi. Stefania R. tələm-tələsik binaya girdi. Qapıçı isə onu heç görmədi də.

https://www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020