“Oğurlanmış arzular”: duyğusal, tanış motivlər, uğursuz aktyor işi

“Oğurlanmış arzular”: duyğusal, tanış motivlər, uğursuz aktyor işi
26 fevral 2014
# 12:00

- İsabaladır...

- Pis oynamırlar. Bir az emosiya azdır. Emosiya, emosiya...

(“Bəyin oğurlanması” filmindən)

“Aysa” prodakşnın “Space” kanalında yayımlanan “Oğurlanmış arzular” serialında ilk baxışda hər şey qaydasındadır: ssenari, səhnələrin bir neçə planlı işlənməsi, hətta bəzilərində çoxplanlılıq, vəziyyətə uyğun rakurslar, aktyorların oyunu, kamera qarşısında sərbəst davranışı...

Fəqət nəql olunan əhvalatın seyrçi tərəfindən tamlıqa “yeyilməsi”nə mane olan nələrsə var.

Həmin “nələrisə” çözməzdən əvvəl serialın rejissoru (ssenari müəllifi Esmira Əyyubdur) Osman Albayrakı tanıdaq.

Albayrak ortabab türk aktyorlarından biridir.

Türk seriallarında ikinci dərəcəli rollar oynayıb, məsələn, “Kurtlar vadisi”ndə, yaxınlarda bitən “Kayıb” serialının son bir neçə bölümündə rol alıb.

Azərbaycanda onun prodüser və aktyor kimi birinci işi İTV-də yer almış, serial sektorunda iki ölkənin ilk müştərək layihəsi “Qaranlıqlar çiçəyi” idi.

Yalnız 10-15 bölümü efirə gedən serialı Türkiyənin yenə də ortabab rejissorlarından Mehmet Ulukan çəkmişdi. Texniki keyfiyyətlərinə görə normal olan serial geniş auditoriya qazanmadı.

“Oğurlanmış arzular”ın rejissor funksiyasını isə bu dəfə O.Albayrak öz üzərinə götürüb. O, eyni zamanda serialda rollardan birinin ifaçısıdır. Əsas mövzu yenə də sevgidir və hadisələr iki gəncin məhəbbəti fonunda cərəyan edir. Varlı ailənin şirkətinə aşağı təbəqədən olan gənc qız işləməyə gəlir. Şirkət sahibinin arvadbaz oğlu təbii ki, dikbaş, tərs qıza vurulur. Qızın könlü isə kasıb bir oğlandadır.

Qısası, belə duyğusal, tanış motivlər əsasında çəkilmiş serial...

Yuxarıda yazdığım, çatmayan “nələrisə” anlamağa çalışıram.

Məsələn, “Oğulranmış arzular” lazım olduğundan artıq duyğusaldır. Müəlliflər əhvalatın duyğusal dozasını qaçırıb. Görünür, bilərəkdən.

Çünki mentallğı bilirlər. Bilirlər ki, Şərq insanı ağlamağı, heç nədən hay-küyü sevir, hətta fikir vermişəm, sanki yas, ağlamalı səhnələr detallarına kimi həvəslə təsvir olunur.

Dramaturgiyadakı duyğusallığı artıran həm də arabesk intonasiyasına köklənən musiqidir.

Bütün bölümlər boyu ehtiyac oldu-olmadı səslənən bol ağlamalı, sızlamalı musiqi süjeti, təsviri tamaşaçını özünün yorucu lirizmində boğur.

Və bu, serialın tempo ritmini “ölü”yə çevirən əsas amillərdən biridir. Bundan başqa obrazların emosional yaşantısını, ekranın o üzündəki həyatı tamaşaçıya gerçək kimi təqdim edə bilməyiblər.

Eldəniz Zeynalovun personajı demiş, “emosiya, emosiya çatmır”. Amma söhbət ölçüsü itirilməyən emosiyadan gedir və bu, artıq rejissorun aktyorla işini peşəkar qurub-qurmamağına bağlıdır.

Şirkət rəhbəri Əzəməti canlandıran Abbas Qəhrəmanov personjının “dil”ini, plastiaksını tapıb. Sadəcə problem A.Qəhrəmanov kimi imkanları geniş aktyorun artıq seriallarda bəlli çərçivəyə salınmasındadır.

Bu, yanılmıramsa, Cavid Təvəkkülün “Əzizim Fellini” bədii filmi ilə başladı. Həmin filmdə A.Qəhrəmanov zəngin, mənfi Camal obrazını yaradır.

Həmin filmdən sonra rejissorlar aktyoru daha çox mənfi rəhbər rollarında görür, bu isə ona oynadığı obrazların xarakterinin ifadəsində monotonluq təhlükəsini yaradır.

Şirkət rəhbərinin arvadı Leyla rolunun ifaçısı müğənni Almaz Ələsgərlini ekranda görəndə isə serialın olan-qalan effekti də dağıldı. Hətta baxmayaraq ki, A.Ələsgərli ixtisasca

musiqili komediya aktyorudur, vaxtilə teatrda da çalışıb. Amma təbii ki, ixtisası, müəyyən təcrübəsi onun yaxşı aktrisa olmasına dəlalət eləmir.

A.Ələsgərli də daxil olmaqla digər ifaçılar - Mənsurə Əhmədova, Tural Əsədov, Pərvin Abiyeva və başqaları obraz yaratmırlar, sadəcə, icraçıdılar.

Çox sadə bir şey deyim, seriallarda aktyorların çoxu hələ hirslənməyi bacarmırlar. Onların hirsi də, qəzəbi də, sevinci də yapmacıq alınır, tamaşaçını inandıra biləcək yaşantıya çevrilmir.

A.Ələsgərlinin bütün jestləri, davranışı onun maqazin, şou proqramlarındakı obrazının davamıdır.

Peşəkar aktyorlar Qurban İsmayılov, Nəsibə Eldarova personajlarının xarakterini açır. Amma belə təəssürat yaranır ki, Q.İsmayılov çox yorğundur, candərdi oynayır, N.Eldarova isə bir neçə səhnədə obrazını gərəksiz mübaliğəyə sürükləyir. Xüsusən, onun qızı ilə mübahisə etdiyi səhnələri nəzərdə tuturam.

Çoxlarında, elə məndə də Rasim Cəfərovun artıq basmaqəlib aktyor olması haqda fikir formalaşmışdı. Hərçənd, son illərdə oynadığı bir neçə qısametrajlı filmdəki rolundan sonra yanıldığımı anladım. Sadəcə, R.Cəfərovun yaxşı mənada gözəl rejissor kontroluna ehtiyacı var.

Serialdakı roluna gəlincə, Rəşad obrazı sözsüz ki, onun ən yaxşı işi deyil. Hər halda Asif Rüstəmovun “Ev” filmindən başlayan və bir neçə filmdə davam edən, alışdığımız zəif, uğursuz, sadəlövh tipajından fərqlidir.

“Oğurlanmış arzular”da diqqətimi çəkən daha çox Zaur Şəfiyevin oyunudur.

Seriallarımızda ən ciddi problemlərindən biri baş rolda oynayacaq xarizmatik, gənc kişi aktyoru boşluğudur.

Z. Şəfiyev xarizması, özünəməxsus duruşu olan aktyordur. Xüsusən də dəliqanlı, ötkəm obrazları ona yaraşır.

Sevgili qəhrəman obrazına hələ ki, onun qədər uyğun gələn aktyor yoxdur. Hətta ara-sıra obrazının hiss-həyəcanın, sevgisinin, qəzəbinin ifadəsində gərəksiz ifrata varsa da...

Müəlliflər əksər hallarda kadrlararası keçiddə yersiz “saspens” (qeyri-müəyyənlik, həyəcanlı gözlənti, narahatlıq yaradan vəziyyət) effektindən yararlanırlar.

“Oğurlanmış arzular” hər şeydən əvvəl melodramdır, kriminal elementlər ikinci dərəcəlidir. Ona görə də saspens effekti nəinki yamaq kimi görünür, hətta onun həyəcan qatmır.

Heç “saspens ustası” Hiçkok trillerlərində bu qədər mübaliğəyə yol verməyib.

Hər şeyə rəğmən “Oğurlanmış arzular”ın seyrçinin oğurlanmış vaxtına çevrilməsini arzulamıram.

# 7909 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #