news-inner
clock09:00 calendar-gray 15 Fevral 2014 view-gray1829 dəfə oxunub
view-gray1829 dəfə oxunub

Nəşi Fransada, ürəyi Polşada olan dahi

1810-cu il martın 1-də Varşava yaxınlığında Jelyazova Volya adlı qəsəbədə musiqiçi ailəsində bir körpə dünyaya göz açdı. Bu körpə sonralar dünya şöhrətli bəstəkar, klassik musiqi bəstəkarı, pianoçu olan Frederik Şopen idi.

Fransız ata və polşalı ananın 3-cü övladı Şopen gözəl musiqi duyumu olan ailədə böyüyürdü. 5 yaşında kiçik əsərlər çalmağa başlayan Şopen dövrün məşhur müəllimlərindən dərs alır və dünyanın ən məşhur bəstəkarlarının əsərlərini araşdırırdı. Yeddi yaşında o, Varşavanın kübar salonlarında konsert proqramları ilə çıxış edirdi.

Şopen ömrünün böyük qismini şöhrət qazandığı Parisdə keçirməsinə və klassik musiqi ədəbiyyatında fransız adıyla xatırlanmasına baxmayaraq, ürəyi hər zaman o zamanlar Çar Rusiyasının tərkibində olan vətəni Polşada olub. Nə qədər uzaqda yaşasa da daim dərin hisslərlə vətəninə bağlı qalıb. Bununla da o, dövrünün ən xarakterik şəxsiyyətlərindən biri hesab olunur.

Şopenin həyatı da ikiyə bölünüb. Qırx ilə yaxın ömrünün yarısı Polşada, yarısı Fransada keçib. İyirmi yaşına qədər həyatsevər, hərəkətli biri idi, Fransaya getdikdən sonra sakit, küskün və xəstə birinə çevrilir. Şəxsiyyəti də ikiyə bölünmüşdü. Xalqın içindən biri idi, amma kübar mühitdə özünü oraya aidmiş kimi göstərmək istəyirdi.

Duyğuluydu, utancaqlığından ağrı-acını hiss etdirməməyə çalışırdı, amma bu onun üçün çətin idi. İç dünyasını sadəcə piano və bəstələriylə ortaya çıxarırdı. Bir musiqi tarixçisinin dediyi kimi o, piano diliylə danışırdı. Bütün sənətini, yaradıcılığını pianonun üzərində toplamışdı. Şopen həsrət çəkən bəstəkar idi. Hələ öz vətənində olarkən musiqisini bütün dünyaya eşitdirəcəyi günləri düşünüb başqa ölkələrin həsrətini çəkərdi. Bir gün axşam saatlarında vətənindən ayrılmalı oldu və qısa müddətlik həyatında vətən həsrətilə yaşadı.

"Polşanın Motsart"ı

Şopen orta təbəqəli ailənin uşağı idi. Atası müəllim idi və zadəgan ailələrinin uşaqlarına fransız dilini öyrədirdi. Şopenin ilk musiqi təhsili almasında isə anasının rolu var. Çünki anası çox gözəl fortepiano çalır və oxuyurdu. O, lisey təhsilindən başqa özəl dərslər də alıb. Varşava liseyini uğurla bitirdikdən sonra, ali musiqi məktəbinə girib.

Ailədə yaxşı tərbiyə və təhsil alan, sevgiylə, qayğıyla böyüyən və musiqiyə yönəldilən Şopen 8 yaşında konsertlər verərək Varşavada böyük istedadı olan uşaq kimi tanınmağa başladı. 5 ilə yaxın piano dərsi aldıqdan sonra 12 yaşına çatanda müəllimi ona "Artıq məndən öyrənəcəyin bir şey qalmadı" deyərək dərsləri bitirdi.

Şopen özünü inkişaf etdirmək üçün səylə çalışırdı. Kiçik yaşlarından bəstələrilə diqqət çəkir və "Şimal ulduzu" kimi tanınırdı. Liseyi bitirdikdən sonra Varşava Konservatoriyasına yazıldı. Burada onun təhsilini professor Cozef Elsner öz üzərinə götürdü. Dahi bəstəkar Bethovenin vəfat etdiyi il (1827) Elsnerin şagirdi kimi bütün diqqəti öz üzərinə çəkmişdi.

Adı tez zamanda yayılır və "Polşanın Motsart"ı adlandırılmağa başlayır. Konstantiya Qladkovskaya adlı xanıma aşiq olan Şopen 16 yaşında ilk əsərlərini sevgilisi üçün bəstələyir. Bu zaman şagirdinin dahiliyini anlayan Elsner tövsiyə məktubu yazaraq Şopenin Avstriyaya getməsini təmin edir. O, Elsnlerlə birlikdə 1829-cu ildə Vyanaya gedir. Vyanada Opera binasında iki böyük konsert verir. Avropa onu tanımağa başlayır. Polşanın ən böyük pianoçusu və bəstəkarı qəbul edilir. Daha sonra Varşavada verdiyi konsertlərlə Şopenin məşhurluğu bütün Polşaya yayılır.

Yaradıcılığını bütünlüklə fortepianoya həsr etmiş bəstəkar

Dünya musiqisinin korifeylərindən sayılan Anton Rubinşteyn Şopeni “fortepianonun canı“ adlandırırdı. Şopen musiqi tarixinin ən yaxşı fortepiano ifaçısı, bəstəkarlarından biridir. Ona “fortepiano nəğməkarı” deyirdilər. Şopen nə opera, nə də simfoniya yaradıb. Buna baxmayaraq, adı Motsart, Bethoven, Bax kimi ən məşhur bəstəkarlar sırasında yer alıb. Bütün əsərləri fortepiano ilə orkestr üçün yazılıb. Cəmi 39 illik həyatında böyük işlərə imza atıb - etüdlər, prelüdlər, noktürnlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar...

Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Şopen romantik sənətkar olub. Bəstəkar Vyanada ilk konsertini verdikdən sonra 1829-1830-cu illərdə müxtəlif şəhərləri gəzərək konsertlər verməyə davam edib.

Ancaq Vyananın klassik axını Şopenin istifadə etdiyi sərbəst formaları çox da qəbul etmirdi. Buna görə Şopen 1831-ci ildə romantik dövrün sənət paytaxtı sayılan Parisdə yaşamağa qərar verdi. Atası fransız olduğu üçün o, Fransaya öyrəşməkdə çətinlik çəkmədi. Zəngin ailələrin uşaqlarına piano dərsi keçərək maddi vəziyyətini normallaşdırırdı. Maddi çətinliyi olmadığı üçün Şopen diqqətini əsərləri üzərinə toplaya bilirdi.

Polşadan Fransaya daimi səfər

1830-cu ildə 30 oktyabrında ölkəni tərk etməyə qərar verən Şopen, Varşavada vida konserti verir. Noyabrın 2-də o, doğulduğu kəndlə vidalaşmağa gedir. Kəndlilər ona gümüş kubokun içində bir ovuc torpaq verib vətənini unutmamağını istədilər. Bu torpaq hər zaman Şopenin yanında qaldı. Getməzdən öncə dostu Titusa yazdığı məktubunda Şopen narahatlığını gizlədə bilmir:

“Səfərimə nə vaxt başlamağım barədə qərar verə bilmirəm. Bu dəfə evdən tamam qopacağam kimi bir hiss var içimdə. Sanki bu səfər məni ölümə aparır. İnsanın yaşadığı yerdən uzaqda ölməsi necə də acınacaqlı hal olardı. Son nəfəsimdə sevdiklərim yerinə bir həkimin donmuş sifətini və ya hansısa xidmətçini görmək qorxunc olardı…”

Gənc musiqiçi konsertlər vermək və Polşanın adını hər yerə duyurmaq üçün ölkə xaricindəydi artıq. Qısa müddət sonra Polşa işğal edildiyi zaman ailəsinin, dostlarının yanında olmaq üçün ölkəsinə dönmək istədi. Amma ailəsi və dostları ona Polşanın adını savaşaraq deyil, əsərlərilə tanıtdırmağı məsləhət gördülər. O zaman Şopen öz gündəliyində belə yazmışdı: "Şəhərlər, kəndlər, qəsəbələr yanıb, məhv edilib. Dostlarım bəlkə də artıq ölüb... Ey Ulu Tanrım, hardasan, qisas almayacaqsan?"

Varşavada üsyanın yatırılması xəbərini musiqiçi Almaniyada öyrənir. Şopen sarsılır, başa düşür ki, daha Polşaya qayıda bilməyəcək. Bundan sonra o, doğma Polşaya olan bütün məhəbbətini musiqisində yaşadır. Onun yeni əsərlərində daha əvvəlki kimi qayğısız gəncliyin ruhu duyulmur. Bu əsərlərdə coşqun məhəbbət və daim sızıldayan kədər sədaları eşidilir.

1831-ci ildə Parisə gələn bəstəkar dostuna məktub yazmışdı: “Külək məni bura atdı…Paris hər nə istəsən o ola bilən şəhərdir. İstəsən əylənər, ya da sıxılarsan, istəsən gülər, ya da ağlarsan, istədiyin hər şeyi edə bilərsən, kimsə səninlə maraqlanmaz, dönüb baxmaz, çünki hərə öz yoluna gedir. Parisdən başqa harada bu qədər pianoçu var bilmirəm”.

Parisə getməzdən əvvəl evinə əşyalarını toplamağa gedən zaman ailəsi onun təhlükəsizliyini düşündüyü üçün Şopendən Polşaya geri dönməyəcəyinə dair söz verməyini istədilər. Sözünü tutan Şopen Parisə köçdükdən sonra bir daha geri dönmədi. Şopenin Avropa konsertlərində son məkanı Paris oldu. Bu əsrarəngiz şəhər gənc bəstəkarı da öz təsiri altına aldı. Onun bundan sonrakı həyatı Parisdə keçdi.

Qısa müddət içində musiqiçilər Lizst və Mendelssonla yaxın dost oldu. Paris ona qucağını açmaqda gecikmədi. Ondan dərs almaq, onunla tanış olmaq üçün hamı bir-biri ilə yarışırdı sanki. Qadınların ağlını başından alırdı, kişilər isə onu qısqanclıqla qarşılayırdı. Davamlı dərs verdiyi üçün yaxşı pul qazanmağına baxmayaraq, əlində elə də çox pulu qalmırdı. Bahalı geyimlər, faytonda gəzmək, özünü varlı təbəqənin içində zəif göstərməmək üçün pul xərcləməli olurdu və bütün pullarını belə lazımsız göstəriş üçün xərcləyirdi.

Şopenin eşq həyatı

Şopen bacarığına görə hər zaman qadınların diqqətini cəlb edirdi. Varşada o ilk böyük sevgisini Konstantiya adlı xanıma qarşı yaşasa da, gənc qız onunla deyil, varlı biriylə evlənir. Yaşadığı qarşılıqsız sevgidən sonra Şopenin yaşadığı kədər həyatının parçasına çevrildi. Şopenin məşhurluğu bütün Avropaya yayılmışdı.

Onun Parisdəki eşq həyatı Kontes Delfina Potocka ilə başladı. Bu xanım beş uşaq dünyaya gətirib, amma hamısı ölüb və həyat yoldaşından çox əzablar görmüşdü. Şopenlə aralarında gözəl münasibət yaşandı, amma sonra xanım bəstəkarla münasibətlərə inciklik olmadan nöqtə qoydu.

1835-ci ildə Şopen ailəsi ilə görüşmək üçün Karlsbada getdi. Geri döndüyü zaman dostunun dəvətlisi olaraq Almaniyanın Drezden şəhərində qaldı. Şopen orada Polşa qrafı Vodzinskinin qızına aşiq olmuşdu, həm də sevgisi qarşılıqsız deyildi. Mariya adlı qızın cəmi 16 yaşı var idi. Bu qız yaxşı böyüdülmüşdü, mahnı oxuyurdu, rəsm çəkirdi, şeir yazırdı. Qısa müddət içində aralarında böyük sevgi yaranmağa başladı.

Parisə geri dönəndə bu sevginin təsirilə daha yaxşı çalışmağa başladı. Amma Şopenin ciyərləri xəstə idi. Hətta bir dəfə ölüm xəbəri yayıldı. Xəbər sürətlə yayıldığından polşalılar kədər içində qaldı. Bu xəbərin yalan olduğu bilinəndən sonra bütün polşalılar sevindi. Ən çox sevinən isə əlbəttə ki, Mariya Vodzinkski oldu. Şopen də onu unutmamışdı. Ondan aldığı ilhamla şah əsəri sayılan "Ballade"ni yazdı. Böyük bəstəkarın həyatında çox xoşbəxt sayılacaq dövrlərdən biri də bu idi.

Yeni əsərlər bəstələdikcə müvəffəqiyyəti daha da artırdı, bununla bərabər Mariyaya duyduğu sevgi də onu hər zaman həyəcanlandırırdı. Bir il sonra, iyulda o, Mariyanı görmək üçün Almaniyaya getdi. Şopen artıq qərarını vermişdi - Mariya ilə evlənəcəkdi. Bu zaman Mariya və anası evlərindən başqa yerdə istirahətdə idilər. Şopen qızı anasından istədi. Anası cavabını qızın atası ilə dəqiqləşdirdikdən sonra verəcəyini dedi. Atası isə cavabında: "Bu hələlik aramızda qalsın. Siz hər şeydən əvvəl sağlamlığınızı düşünün. Öskürək dərmanlarını içməyə laqeyd yanaşmayın, yun corab geyinin, gecələr gec vaxta qədər oyaq qalmayın" dedi. Mariya isə, "Mən sizə öz əllərimlə yun başmaq toxuyacam" deyirdi. Xəstəliyini üzünə vuran bu sözlər Şopenin qəlbini qırırdı. Birdən Mariyaya qarşı içində bir soyuqluq hiss etdi. Amma söz verdiyi üçün vədindən dönə bilmirdi. Şopen artıq özünü nişanlı hesab edirdi.

Parisə geri dönəndə ona iki məktub gəlmişdi. Biri Mariyadan, biri isə qızın anasından. Mariya məktubunda yazmışdı: "Bu ayrılıq bizə elə təsir etdi ki, təsəlli tapa bilmirik". Daha sonra isə yenə məsləhətlər verərək sağlamlığına diqqətlə yanaşmağı deyirdi. Qızın anası Tereza Vodzinski isə "Yaxşı olmağa çalışın, hər şey buna bağlıdır..." sözlərini qeyd etmişdi.

Təkrar-təkrar xəstəliyini xatırladan bu sözlər Şopeni əsəbiləşdirməyə başlamışdı. O, sevgiylə yun başmaq arasında əlaqə tapa bilmir, sevgini ayağa salan ana və qızına qarşı içində getdikcə hirs duyurdu. Yenə də bu işi bitirməyərək özü də istehzalı məktublar yazmağa başladı: "Başmaqlar heç ağlımdan çıxmır, gecələr tez yatıram, pianomu sübh tezdən çalıram".

Mariyanın anası həyat yoldaşına gənc bəstəkarın qızlarıyla evlənmək istədiyini yenidən xatırlatmışdı. Atası nə qədər məşhur olsa da qızını "çalğıçı"ya ərə verməyə razı deyildi. Ana da hər şeydən əvvəl qızının sağlamlığını düşünürdü, xəstə görünüşlü gəncə sənəti baxımından heyranlıq duysa da qızının əri olmağına ürəyi razı deyildi. 1837-ci ilin qış aylarında Şopen dayanmadan öskürürdü, bu da onun vəziyyətini daha da çətinləşdirirdi.

O, sağalması ümidilə Londona gedir, amma burda insanların böyük istəyi ilə onu sıxması və şəhərin rütubətli havası Şopenin səhhətini dözülməz hala çatdırdı. Geri gələndə Paris onu sevinclə qarşıladı. Bəstəkar böyük kütlə qarşısında konsert verməkdən qaçır, daha az adamların olduğu yerdə konsert verməyi sevirdi.

1838-ci ilin fevral ayında Kral Luis Filip və saray adamlarının qarşısında konsert verməyi qəbul etməsindən sonra "Gazette Musicale"-də belə yazılmışdı: "Şopen qeyri-adi istedadını ancaq 5-6 nəfərlik dinləyicilər qrupunda göstərirdi. Bu gün böyük kütləyə qarşı olan çəkingənliyinə qalib gəlmiş kimi görünür. Ümid edirik ki, bu, bir dönüş nöqtəsi olar".

Mariyadan gələn məktublar getdikcə azalmağa başladı, bir müddət sonra isə tamamilə kəsildi. Bu ayrılıq Şopeni daha çox sarsıtmışdı. Çünki bilirdi ki, Vodzinskilər ailəsi qızlarını ona xəstəliyinə görə vermədilər. Bu ürək yarası onu indi ciyərindəki ağrılardan daha çox incidirdi.

Şopen yaxın dostları bəstəkar Lizst və onun sevgilisi Kontes de Aqoultla birlikdə yaşayırdı. Kontes bəstəkar sevgilisi üçün uşaqlarını, ailəsini tərk edib, həyat yoldaşından boşanmışdı. O, sevgilisindən dörd yaş böyük idi və sənət aləmində adının tanınmasını istəyən qadın idi. Daniyel Sterne adıyla fəlsəfi yazılar yazırdı. Kontesin ən yaxın dostlarından biri onun kimi kişi adından istifadə edərək, kişi kimi geyinən məşhur yazıçı Jorj Sand idi (əsl adı Avrora Düdevandır). Onu fransız ədəbiyyatı “kişi üzlü qadın yazıçı“ kimi tanıyır. Hətta çoxları bu yazıçının qadın olduğunu da bilməyib.

Lizst, Kontes və Sand Şopeni də öz sıralarına almaq istiyirdi. Amma Şopenin fikri hələ də 16 yaşlı sevgilisi Mariyada idi. Həm də kişi görünüşlü Jorj Sand onun diqqətini cəlb etmirdi. Şopen valideynlərinə məktubunda “Jorj Sand təxəllüsü ilə yazan məşhur yazıçı qadınla tanış oldum. Onu heç bəyənmədim. Üzündə elə bir ifadə var ki, məni özündən iyrəndirdi“ yazıb.

Sand onu bir neçə dəfə Nohantdakı evinə dəvət etsə də Şopen bunu qəbul etməmişdi. Mariyadan kəskin ayrılıq məktubu alıb əsəb gərginliyi keçirənə qədər də belə davam etmişdi. Otağında kefsiz halda uzandığı zaman Jorj Sand içəri girdi. Şopen yataqdan qalxa bilmirdi, sevgi məktublarını ona göstərdi və ondan dəstək istədi. Sonra yuxuya getdi, oyananda yanında Jorj Sand var idi.

Bir müddət sonra aralarında ehtiraslı sevgi yaranmağa başladı. Bəstəkar onu “özündən iyrəndirən“ qadına aşiq olmuşdu. 3 uşaq anası və özündən 6 yaş böyük olan bu qadın cəmiyyətin qaydalarını qəbul etmirdi. Jorj Sand, uşaqları, Lizst, Kontes, Şopen Nohantdakı gözəl bağ evində toplaşmışdılar. İlk günlər vaxt çox yaxşı keçirdi. Gündüzlər meşədə gəzir, söhbət edirdilər, sonra iki musiqiçi otaqlarına çəkilib bəstələri üzərində çalışırdı. Axşam yeməyindən sonra isə Lizst və Şopen piano arxasına keçib ən yeni əsərlərini bir-birinə dinlədərdi.

Təmiz hava və sakit mühit Şopenə yaxşı təsir etmişdi. Amma qısa müddət sonra Lizstin sevgilisi Kontesin Jorj Sandı qısqanması və Şopenlə aralarını vurmaq üçün müxtəlif dedi-qodular danışması bəstəkarı narahat etdi. O, Parisə geri döndü. Amma Sandın ana kimi göstərdiyi sevgiyə, qayğıya və ailə mühitinə öyrəşmişdi. Qışda Şopen Jorj Sand və ailəsi ilə birlikdə isti Mayorka adalarına istirahətə getdilər. Amma o qış Mayorkada hava yağışlı və soyuq keçdi.

Sand üçuşağı və Şopenlə birlikdə çətin qışı arxada qoya bilmək üçün çalışsa da Palmada sığındıqları monastırda bəstəkar tez-tez xəyala dalmağa, yuxular görməyə və ölümün onun yaxınlaşdığına inanmağa başladı. Həmin acı günlərin tək təsəllisi isə bəstəkarın ən gözəl əsərlərini bu günlərdə hazırlaması idi. Şopenin bundan sonrakı həyatı daha da irəliləyən xəstəliyi, qan qusmağa başlaması və gözəl əsər yaratdığı günlərlə dolu oldu. Mayorkadan geri gəldikdən sonra Şopen onunla gah Parisdə, gah da Sandın bağ evində görüşməyə başladı. 1847-ci ilin yay aylarında isə bəsit bir dava ilə ayrıldılar.

Bəzilərinin fikrincə, Sand və Şopen bir-birini heç başa düşmürdü. Bu səbəbdən də onların ayrılması təbii idi. Lakin Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaradıb. Bəzi məlumatlara görə Şopen xəstələndiyi üçün artıq Sanda lazım deyildi. Ona görə də Sand “Şopen çox zəif və kobud biridir“ deyərək ondan ayrılır.

Bəstəkarın vəziyyəti olduqca pis idi. O, Sandı sevirdi və ondan ayrılmağı ağlına da gətirməmişdi. Yazıçı Şopendən ayrılarkən düşünürdü ki, o, hələ gənc və gözəl qadındır. Ömrünün axırına kimi həyatını xəstə bir adama həsr edə bilməzdi. Sandın kobudluğu onların yollarını daimi olaraq ayırdı. Ayrılıqdan bir il sonra gözlənilmədən Şopen nisbətən yaxşılaşır.

Bir müddət sonra isə dostları onu İngiltərə və Şotlandiyaya dəvət edirlər. O, 1848-ci il noyabrın 16-da Londonda möhtəşəm konsert verir və çox böyük uğur qazanır. Bu uğur bütün dünyaya və Jorj Sanda da çatır. Günlərin birində onlar qarşılaşır. Sand onun yaxşı olduğunu görüb bəstəkara yenidən əl uzadır. Lakin Şopen geri çəkilib, bir kəlmə də danışmadan oranı tərk edir.

Bəstəkarın ölümü

Ayrılıq Şopeni çox sarsıtsa da məşhurluğu daha da artmışdı. Bundan sonrakı illər Şopenin ulduzu daha çox parlasa da Jorj Sand sənət karyerasında geriləməyə başladı. Şopen təkliyini unutmaq üçün dayanmadan çalışır, konsertlər verir, uğurları gün keçdikcə artır, məşhurluğu bütün dünyaya yayılır, səhhəti isə günü-gündən pisləşirdi.

1848-ci il 12 fevralda Pleyel Konsert Salonunda sənət həyatındakı ən böyük konsertlərindən birini verir. Paris isə onu son dəfə alqışlayırdı. Həmin il aprelin 21-də konsertlər vermək üçün Londona gedir. Jorj Sanddan ayrıldığı Paris onun üçün qara şəhərə çevrilmişdi. Londonda Kraliça Viktoriyanın qarşısında piano çalır. İngiltərə onu bağrına bassa da Şopen burada özünü yad kimi hiss edir, əsərlər bəstələmir, "Ağlıma bir melodiya belə gəlmir" deyirdi.

Nə olursa-olsun yenidən Parisə geri dönməyə qərar verir. Döndükdən sonra Parisi təpədən görən və Jorj Sandın Nohantdakı bağ evinə bənzəyən evə köçür. Hərdən xəstəliyinə rəğmən Parisdə bir neçə iclasa qatılırdı. Evində davamlı olaraq Cənazə Marşı kimi bilinən 35-ci Sonatasını çalırdı. Dinləyən hər kəs bunun vida əsəri olduğunu bilirdi. Şopen həmişə bu əsəri dinləyiciləri üçün çalanda nə qədər çox alqışlansa da pianonun qapağını örtər və səhnəni tərk edərdi.

Bəstəkarın həyatının son günləri haqqında Lizst bunları yazırdı: "Öləcəyini bilirdi. Amma təslim olmaq istəmirdi. Öskürəyi keçəndə etmək istəyi işlərdən, planlarından söz açırdı. Hər zaman ağıllı danışırdı. Təkcə bir dəfə Bellininin yanında basdırılmaq istədiyini dedi. Onu görməyə gələnlər ölümün üzünə həkk olunduğunu görürdülər".

Şopenin həyatı boyunca zəif olan bədəni 1849-cu ildə vərəmə məğlub oldu və həyata göz yumdu. Lizst Şopenin son dəqiqələri ilə bağlı bunları qeyd edirdi: "Şopen, 16 oktyabrdan 17-nə keçən gecə çox əziyyət çəkirdi. Saat 2-yə qədər can verirdi. Alnından tərlər gedirdi. Bir ara özünə gəldi, yanında kimin olduğunu soruşdu.

Ona dəstək olan Qutmanın əlini öpdü və son nəfəsini verdi. Qapının qarşısı insanlarla dolu idi. Sabaha qədər hıçqıra-hıçqıra ağlayıb yanında gözlədilər. Çiçəyi çox sevdiyini hamı bilirdi, sabahkı gün o qədər çiçək gəlmişdi ki, otağın hər yeri rəngarəng olmuşdu. Çiçəkli bağçada yatırdı sanki... Üzünə gənclik, saflıq və gözəllik gəlmişdi".

Bəstəkarın yazıçı sevgilisi onun dəfninə gəlmir. Jorj Sand onu çox “sevdiyini“ desə də, Şopendən 27 il sonra vəfat edir. Şopenin cənazəsində bəstələdiyi "Marche Funébre", yəni "Cənazə marşı"ı deyil, Motsartın “Rekviyem“i çalınıb. Bunu Şopen özü vəsiyyət etmişdi. Orqanda isə Şopenin öz prelüdləri ifa edilir. Cənazə məzara endiriləndə dostları Şopenin Varşavadan gətirdiyi torpağı onun qəbrinə səpir. Dahi bəstəkar Parisdə Pere-Lachaise qəbiristanlığında dəfn edilib. Bəstəkarın vəsiyyəti ilə ürəyi Polşaya göndərilib və bu günə qədər Müqəddəs Xaç kilsəsində saxlanılır.

O, öləndən sonra bitirməmiş olduğu əsərlərinin heç birinin yayımlanmamasını, hamısının yandırılmasını istəmişdi. Amma onun bu sözü yerinə yetirilmədi. Bitməmiş əsərlərindən bəziləri bu gün də heyranlıqla dinlənilir.

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020