Nə etməli?

Nə etməli?
10 fevral 2014
# 11:59

Nikolay Çernışevskinin “Nə etməli?” romanı öz dövründə qadağan olunmuşdu. Kitab gələcəkdə insanların ləyaqətli olacağı, dünyada ədalətin bərqərar olacağı inamı ilə yazılıb və yazıldığı dövrdən daha çox gələcəyə xitab edir. Əlbəttə, Çernışevski anlayırdı ki, yer üzündə tam ədalətin bərpa olunması illüziyadır. Amma yazıçı kimi öz missiyasını yerinə yetirirdi.

Anamın kitabxanasından bu kitabı götürüb oxuyanda yeniyetmə idim. Bu yaxınlarda əsəri yenidən oxudum, kitabın saralmış vərəqlərinə sanki o uzaq illərin qoxusu hopmuşdu. Mən o uzaq keçmişdə Çernışevskinin fantaziyalarına inanırdım...

Kitab 62 il bundan öncə, 1952-ci ildə Mirzə İbrahimovun tərcüməsində “Uşaqgəncnəşr”də çap edilib.

Roman haqqında yazmazdan öncə xatırladım ki, 1828-ci ildə Saratovda bir keşişin ailəsində dünyaya göz açmış Nikolay Çernışevski Rusiyada materialist estetikanın əsasını qoymuş, “sənət sənət üçündür” nəzəriyyəsini alt-üst etmiş, qələmiylə çarizmə, müstəmləkəçiliyə qarşı mübarizə aparmış mütəfəkkir yazıçı idi. O, 1850-ci ildə Peterburq Universitetinin tarix-filologiya fakültəsini bitirib. 1853-cü ildə Peterburqa köçüb, "Oteçestvennıe zapiski" jurnalında əməkdaşlıq edib. 1853-1856-cı illərdə "Sovremennik" jurnalının redaktoru və ideya rəhbəri olub.

Çernışevskinin nüfuzundan ehtiyat edən çar höküməti 1862-ci ildə onu həbs edərək Petropavlovsk qalasına salmış, sonra isə katorqaya, Sibirə ömürlük sürgünə yollamışdı. Sonradan ona Həştərxanda yaşamağa və Saratova qayıtmağa icazə verilib. Onun dünyagörüşünün formalaşmasında A. Gertsenin və V.Q. Belinskinin güclü təsiri olub.

N. Çernışevski 1889-cu ildə Saratovda vəfat edib.

***

“Nə etməli” nədən bəhs edir? Əsərin baş qəhrəmanı Vera Pavlovna mənsub olduğu patriarxal həyatdan xilas olmağa çalışır, bu mühit onu sıxır, arzularını buxovlayır. O, öz həyatını azad şəkildə, valideyn müdaxiləsi olmadan qurmaq istəyir. Amma patriarxal mühit onun arzularına qandal vurur.

Çernışevski Veranın anası Mariya Alekseyevnanı “yaxşı olmayan adamların içində hamısından yaxşısı” adlandırır və onu belə xarakterizə edir. Mariya Alekseyevna “pis işlərlə məşğul olur”, çünki “düşdüyü mühit belə tələb edir”. Müəllif yazır ki, “lakin siz başqa bir şəraitə düşsəniz, məmnuniyyətlə zərərsiz və hətta xeyirli olarsınız”. Bu sözlər Mariya Alekseyevnaya ünvanlanıb.

Mənsə inanmıram. Düzdür, o, Veranın sevgilisi Lopuxovu məhkəməyə vermədi, çünki bilirdi ki, bu, mənasız və faydasız bir işdir, lakin Mariya Alekseyevna ağılsız və kütbeyin olmasa da xeyirxahlıq üçün də dünyaya gəlməyib. O, başqa bir mühitin, inkişaf etmiş cəmiyyətin üzvü olsaydı belə yenə də pis və namussuz işlər görərdi və biz onun bu əməllərinə hardasa yenə də haqq qazandırmış olardıq.

Vera Pavlovna da müdhiş sıxıntılar içində yaşayırdı. Evdə göz açıb anasının fırıldaqlarını və kələklərini görmüşdü. Bəs necə ola bilərdi ki, o zirzəmidə zərif qızcığaz ürəyindəki yaxşılıq, mərhəmət hissini itirməmişdi, ülvi hisslər onun incə qəlbini tərk etməmişdi? Müəllif bu suala belə cavab verir: “Bu, anlaşılmazdır. Təsəvvürəgəlməz bir haldır”.

Vera tamamilə başqa xarakterli bir qadındır. Anası olmasına baxmayaraq, demək olar ki, Marya Alekseyevnanın büsbütün əksi. Lakin məsələ burasındadır ki, ana ilə bala arasındakı xəyali dialoqda Marya Alekseyevna qızına “sən anla ki, Verka, mən belə olmasaydım, sən də elə olmazdın” deyir. Deməli, belə çıxır ki, xeyirxahlıq kin və acıqdan törəyir? Marya Alekseyevnanın pis fikirlərinin arxasında cüzi bir xeyirxahlıq da gizlənir. Anaya Veranın elmli olmağı lazım idi, məhz ona görə ki, qızı onun üçün dövlətli bir kürəkən ələ keçirsin. Pis niyyətə aparan yolda xeyirxahlıq da etmək lazım gəlir; təmənnalı xeyirxahlıq. Ananın fikirləri pis idi, amma bu pis fikirlər bəzən fayda da gətirirdi.

Çernışevski bunu belə izah edir ki, pis və kinli adamların əllərinin altında xeyirxahlıq böyüyüb artır. Pis və kinli adamların əlləri altında rəzalət də bəslənir və boy atır. Pis və kinli adamlar ona görə xeyirxah deyillər ki, xeyirxah olmaq onların zərərinədir. Bu, Çernışevskinin dövründə və ondan qabaq da beləydi, indi də belədir, yəqin ki, gələcəkdə də belə olacaq.

Vera Pavlovnanın xarakterindəki qeyri-müəyyənlik özünəxas aydın cizgilərə çevrildikdə bəlli olur ki, onun xilaskar olmasına baxmayaraq Lopuxovla bu qadın, deyək ki, qızcığaz tam başqa-başqa xarakterli insanlardır. Onların özünəməxsus ailəvi davranış qaydaları ərlə arvad arasındakı münasibətlərin tam açılmasına kömək edir.

Kirsanov isə həlledici simadır, Veranın düşüncələrinə hakim kəsilən bir şəxsdir. Əsərin sonunda biz müəllifin “bədiiliyin əsas tələbini yerinə yetirmək” məqsədilə romana daxil etdiyi “ən yaxşı insanların yaxşısı” olan Raxmetovun çıxardığı ədalətli nəticələrlə tam razılaşmalı oluruq. Biz bu qəhrəmanlara heç də müəllifin düşündüyü kimi zirzəmidən baxmırıq, məhz onların durduğu ucalıqdan baxırıq.

Əsərin qısa məzmunu yazdım. Hər halda bu əsəri oxumağınızda bir fayda var. Çernışevskinin məşhur “Nə etməli?” sualının cavabı budur: xeyirxah, mərhəmətli və ləyaqətli olmaq lazımdır. İnsanlıq məhz bu xüsusiyyətlərilə yaşayır.

P.S. N. Çernışevski romanında özünün yazmaq qaydası haqqında belə deyir:

“Bədiiliyin birinci tələbi bundan ibarətdir: şeyləri elə təsvir eləmək lazımdır ki, oxucu onları həqiqi şəkillərində təsəvvür edə bilsin. Məsələn, hərgah mən ev təsvir etmək istəyirəmsə, ona nail olmalıyam ki, oxucunun gözləri qarşısında daxma və ya saray yox, məhz ev canlansın.”

# 2867 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #