Tanınmış aparıcı: “Quşun dalınca Lənkərana getmişəm"-MÜSAHİBƏ

Tanınmış aparıcı: “Quşun dalınca Lənkərana getmişəm"-MÜSAHİBƏ
8 fevral 2014
# 09:00

Onu tanıyırsınız. Uzun illər Azərbaycan Televiziyasında "Xəbərlər" proqramının aparıcısı olub. Hazırda isə APA TV-də "Ana Xəbər"in aparıcısıdır Nəsimi Nəbizadə...

Nəsimi ilə bir yerdə işləməyimizə baxmayaraq, onu söhbətləşməyə, razı salmaq asan olmadı. Uğursuz danışıqlar axır ki, öz nəticəsini verdi. Nəsimi "APA Holding"in dəhlizində mənə "Axşam nə edək?" sualını verəndə cavabım bu oldu: "Karvan"a gedib yemək yeyək. Təbii ki, yeməklə birgə söhbət. Beləliklə, Milli Konservatoriyanın sağ tərəfində, Mirzəğa Əliyev küçəsində yerləşən "Karvan" restoranında “Yeməli söhbət” lahiyəsinin qonağı APA TV-nin əməkdaşı Nəsimi Nəbizadədir. Nəsimi işdən çıxıb birbaşa restorana gəldi. Çox acımışdı. O vaxt Nəsimiyə sual versəydin, hətta adamı öldürə bilərdi. Gülərüz qadın ofisiantı çağırıb sifariş verməyi Nəsimiyə etibar edirik. O, menyuya bir xeyli baxdı. Sonra dolma, buğlama, kabab sifariş verdi. Maraqlısı o idi ki, Nəsimi çay içməyə razılıq vermədi. Başlayaq...

- Səni yeyib-içən oğlan kimi tanıyırlar. Və bəlkə də kimdəsə belə təsəvvür var ki, sən yaşamaq üçün yemirsən, yemək üçün yaşayırsan...

- Yox, mən yaşamaq üçün yeyirəm. Amma hərdən çox yeyirəm. Gəlin bu məsələyə sırf çörək kəsmək prizmasından baxaq. Gərək hər adamla çörək kəsməyəsən. Bunu ona görə etmək lazımdır ki, çörək kəsdiyin adam sonra həmin çörəyi tapdalamasın. Bu şərtləri qoruyan istənilən adamla çörək kəsməyə hazıram. Əhatəmdə kifayət qədər insan var. Biz ictimailəşmiş adamlarıq. Xeyli insanla çörək kəsmişəm və həmişə də çörəyə hörmət edən insanlarla oturmuşam. Əhatəmdə olan insanlarla kəsdiyim çörəyin qiymətini həmişə bilmişəm. Dostlarla oturub yeyib-içmək üçün həmişə görüşməyə bir bəhanə olub. Mənim yeyib-içən oğlan kimi tanınmağıma gəlincə. Tanısınlar. Burda pis bir şey yoxdu. Yeyib-içmək yaxşı şeydi. Yeyib-içən adamdan ziyan gəlməz.

- Bir az bundan qabaq çay içməkdən imtina etdin. Niyə?

- Çay süfrəsi arxasında oturub söhbət edə bilmirəm. Çayxanada oturmağım ümumiyyətlə yadıma gəlmir. Həm də içki məclisində insanın əhvalı düzəlir, hətta bəzilərinin istedadı da üzə çıxır. Səməndər Rzayev "AZTV"-nin çayxanasının qabağından keçəndə köhnə işçilərdən biri Səməndər müəllimə deyib ki, "Səməndər, gəl çay içək". Səməndər müəllim ona mənalı-mənalı baxıb deyib: Çayı əzizlərin içsin.

- Ən uzun çəkən məclisiniz nə vaxt olub?

- Bu yaxınlarda "APA TV"-də işləyən Elvin Bayramlının Ağstafada toyu oldu. Gecə çatdıq, elə çatan kimi başladıq yeyib-içməyə, səhərə yaxın yatdıq. Yuxudan oyanıb yenə gecəyə kimi yeyib-içdik. Bir neçə gün oturub yeyib-içmək düz deyil. Həm o qədər yemək olmaz, həm də işləmək də lazımdır axı.

- Ən çox sevdiyin yemək nədir?

- Yarpaq dolmasını sevirəm. Uşaq vaxtı ona qara dolma deyirdim. Borşla aram yaxşıdı, özüm də yaxşı borş bişirə bilirəm. Əslində elə bütün yeməkləri bişirirəm. Yeməyin gərək nazı ilə oynamağı bacarasan. Tək yaşadığım vaxtlarda yemək bişirməyi öyrənmişəm. Tək yaşayan kişilər yemək bişirməyi bacarır. Məsələn, şair Aqşin Yenisey yaxşı dovğa bişirir. Bu yaxınlarda yadıma salarsan, Aqşinə deyərəm yaxşı dovğa bişirər, gedib yeyərik.

- Dedin ki, borşu yaxşı bişirirəm. Murad Köhnəqala da yaxşı borş bişirir. Hansınız daha yaxşı bacarırsınız bunu?

- Murad ət yemir, amma vegeterian deyil. Sadəcə Murad tərəvəz yeməklərini çox xoşlayır. O, əvvəllər mənə zəng vurub deyirdi ki, yaxşı yoqa yeməyimiz var, dur gəl. (gülür) Yoqa yeməyi də ona görə deyirdi ki, tərəvəzlə hazırlayırdı.

Borşu Muraddan yaxşı, Aqşindən pis bişirirəm.

- Demək olar ki, sən hər gün "APA TV"-nin efirindəsən. Özün də yeyib-içən adamsan. Formada qalmağın üçün nə edirsən?

- O bir az problemdir. Axır vaxtlar bir az kökəlmişəm. Elektron ünvanıma bu yaxınlarda bir xanım kökəldiyimi yazmışdı. Tamaşaçıların estetik zövqünü korlamamaq üçün kökəlməyin qarşısını almaq lazımdır. Aparıcının yaxşı diksiyası, aparıcılıq qabiliyyətindən əlavə həm də fiziki görünüşü də qaydasında olmalıdır. Bu göstəricilər həm kişiyə, həm də qadına aiddir.

- Nəsimi, xarici ölkələrdə çox olmusan, hansı ölkənin yeməkləri sənin xoşuna gəlir?

- Birinci dəfə 15 yaşımda, 1989-cu ildə Polşada olmuşam. O vaxt məktəbdən aparmışdılar məni. İlk dəfə aclığın nə olduğunu orada görmüşəm. Polşada çörəyi elə doğrayırlar ki, bu tərəfindən baxanda o biri üzü görünür. Mən çox çörək yeyən adamam. Hətta bəzən xəngəli, plovu da çörəklə yeyirəm. Xaricilər çörəyi az yeyir. Polşada hərə bir dilim ağ çörək və qara çörək yeyirdi. Amma mən bir buxanka çörəyi tək yeyirdim. Evdə də çox yeyən olmuşam. Ona görə xeyli ac qaldım orada. Bəzən deyirlər ki, Avropa mətbəxi zəngindir. Amma ən zəngin mətbəx Şərq mətbəxidir.

Məsələn, Çin mətbəxi çox zəngindir, amma avropalıların mətbəxi kasıbdır. Beş il Türkiyədə yaşamışam. Türkiyədə Anadolu mətbəxi yaxşıdır, əsasən şorbalarını sevirəm. Bizim mətbəxdə isə çeşid azdır. Götürək plovu. Bizdə plov standartdır, bəzi regionlarda toyuqla, bəzilərində mal əti ilə bişirilər. Amma bu ümumilikdə bir yeməkdir. Bizim mətbəxə baxanda Türkiyə mətbəxi çox zəngindir. Türkiyə mətbəxinin zəngin olmasında imperiyanın rolu var. Bunlar Afrikanın, Avropanın yarısına qədər gedib çıxıblar. Hər ölkənin mətbəxindən onların mətbəxinə hansısa yemək keçib. Məsələn, türklər dönəri, şaurmanı Ərəbistandan gətiriblər.

- Elə olubmu ki, hər hansı yemək üçün hansısa rayona gedəsən?

- Lənkəranda gəraf quşunun yaxşı ləvəngisini bişirirlər. Sırf onu yemək üçün Lənkərana getmişəm. Gəncəyə nə vaxt gedirəmsə, Balçılı kəndində mütləq xaş yeyirəm. Deyərdim ki, Azərbaycanda ən yaxşı xaş orada bişirilir. Şamaxıda dostlar ov eləmişdi. Yaxşı qırqovul, turac bişirmişdilər. Ərinməyib ora da getdim. Ümumiyyətlə yaxşı yeməyə görə və dostlarla bir arada olmaq üçün harasa getməyə dəyər.

- Özün ov edirsən?

- Çox getmişəm ova. Gəncədə Xanlar tərəfdə Kaftar adlı bir yer var. O yer kəklik ovu üçün əladır. Hətta bir güllə ilə səkkiz kəklik vurduğum vaxtlar da olub.

- Öz vurduğun ovun əti çox dadlı olur?

- Ov əti dadlı olur ümumiyyətlə. Amma özün vurduğun ovun əti xüsusilə dadlı olur.

- Sizin "APA TV"-də kababla bağlı reportajınız getdi. O reportaj barədə bir az danışaq.

- Bir dəfə rayondan birbaşa işə gəldim. Bizim xəbər müdirimiz Gülşən xanım Hacıyevadır. Bayram günü idi. Gülşəndən soruşdum ki, reportaj var? Dedi, yox. Operatoru götürdüm, maşınla birbaşa yollandım Saray kəndinə. Mən çox yerdə kabab yemişəm, amma Saray kəndində bişirilən kabab hamısından fərqlənir. Burda ətin doğranması, bişirilməsi və sairə xüsusi səliqə ilə edilir. O reportajdakı kababçı mənim həm də qonşumdur. Ürəyiniz istədiyi vaxt gedə bilərik. Reportajdan sonra mənə çox adam dedi ki, bizi ora apar. Bir-iki adamı apardım ora.

- İndi çox adam deyir ki, mən yemək bişirirəm. Yemək bişirmək üçün insanda hansı qabiliyyət olmalıdı?

- Ümumiyyətlə aşpazlıq sənətdir, həm də ciddi sənət. O vaxtlar hər padşahın özünün aşpazı olub. Aşpazın qabiliyyəti ilə bərabər, həm də həvəsi lazımdır yemək bişirməyə. İnsan kimi ərzaqların da bir çoxu canlıdır. Mənə yeməklərin içində bir yemək göstərə bilərsiniz ki, o canlı olmasın? Bütün yeməklər canlıdır. Bax yarpaq dolmasını götürək. Yarpaq bitkidir, içindəki ət də nə vaxtsa canlı olub. Yeməyin hazırlanmasını mən insanların məclisdəki söhbətinə bənzədirəm. Məsələn, məclisdə 4 nəfər oturub. Hərdən onların söhbəti alınır, hərdən də yox. Yeməyin də bişirilməsi həmin şeydir. Yeməyə atılan ərzaqları elə seçmək lazımdır ki, onların dadı biri-birini tamamlasın.

- "Fast-food"a münasibətiniz necədi?

- Sözün açığı hərdən adamın tamahı düşür, amma çox ziyanlıdır. Bunu mən demirəm, bütün dünya təsdiqləyir. Bəzən işdə yeyirəm. İnsanı kökəldən elə bu cür qidalardır.

- Dietaya münasibətin necədir?

- Heç vaxt dieta saxlamamışam. Amma bəzən elə olur ki, axşamlar yemirəm.

- Kababı necə bişirmək lazımdı?

- Kababı əti doğrayanda bişirmək lazımdır. Yəni əti doğrayanda elə doğramaq lazımdır ki, şişdə onu bir o tərəfə, bir bu tərəfə çevirəndə kabab artıq bişmiş olsun. Bəzən kabab bişirənlər kababın bişdiyini bıçaqla yoxlayır, amma bu düz deyil. Kababın ətini doğramağı da hər adam bacarmır. Mən yarım saata quzunu kəsib soymağı bacarıram. Dostlarım həmişə zarafatla deyir ki, sən qəssab da işləyə bilərsən. Amma yeməklərin içində ən sevmədiyim kababdır. Xüsusən də lülə kabab. Lülə kabab kababların içində ən mənasızıdır. Kababa ibtidai icma quruluşunun yeməyi kimi baxıram. Fərq yalnız ondan ibarətdir ki, o vaxt əti şaqqalayıb bişirirdilər. İndi bir az səliqəli doğrayırlar. Kababın özü də elə "fast-food"dur.

- Azərbaycanda ən yaxşı mətbəx hansı regiondadır?

- Fikir versəz görərsiz ki, Azərbaycanda harda xanlıq olub, oranın mətbəxi zəngindir. Məsələn, Şəki, Lənkəran, Bakı, Quba. Bu regionların yeməklərini sevirəm. Amma Mil-Muğan zonalarının yeməklərini başa düşə bilmirəm. O zonanın camaatı əsasən tərəkəmə tayfalarıdır. Bu yerlərdə ətdən başqa heç nə bişirmirlər. Onların, Şəki Lənkəran kimi xüsusi yeməkləri yoxdur. Yəqin inciməzlər.

- Nəsimi, biz çox yeyən xalqıq?

- Həddən artıq çox yeyən xalqıq. Amma mən vaxtlı-vaxtında yeməyin tərəfdarıyam. Hər adam özünə uyğun yemək qrafiki tutmalıdır. İngiltərənin baş naziri Çörçilə sual veriblər ki, həyatda elə səhvlər var, onları özünüzə bağışlamırsız? Çörçil cavabında bir dəfə günorta naharına iki dəqiqə gecikdiyini deyib.

- Hansı spirtli içkini xoşlayırsız?

- Araq içirəm. Viskini də xoşlayıram, amma yeməklə içiləndə yox. Viskini ananasla içməyi xoşlayıram.

- Azərbaycan qadını və yemək.

- Mən yeniyetmə olanda Saray kəndində toylarda küftə-bozbaş verirdilər, bir də qovurma bişirirdilər. Həmin qovurmanın içindəki kartofu xüsusi bıçaqla naxışlayırdılar. Hər toya gələn adama bir kasa küftə-bozbaş, bir boşqab da qovurma, pomidor-xiyar, bir də üç nəfərə bir araq verirdilər. Həmin bozbaşı yeyəndən sonra kasanın dibində yağın izi qalırdı. Həmin mükəmməl yeməyi Gülzar bibi bişirirdi. Amma indi nə Gülzar bibi var, nə də o bozbaş. Mənim rəhmətlik anam da əla yemək bişirirdi. Bacım da yaxşı yemək bişirir. Ancaq anamın bişirdiyi yeməklərin dadını vermir. Ümumiyyətlə indi dadlı yemək bişirən qadınlar azalıb.

- Sizin jurnalist, yazıçı, bəstəkar və digər sahələrdə qadın dostlarınız var. Bunlardan hansının bişirdiyi yemək dadlı olur?

- Bu dəqiqə qadınlar yemək sahəsində öz istedadını "Facebook"da göstərir. Mən o yeməklərin dadını bilməsəm də görünüşləri xoşuma gəlir. Bu yaxınlarda Zahir Əzəmətin həyat yoldaşı Sevinc Çılğın "Facebook"da bir yemək şəkli paylaşmışdı. Mən də altından yazdım ki, yaxşı yeməyə oxşayır. Onlar məni qonaq çağırdılır. Mən onda bildim ki, Sevinc yaxşı yemək bişirir. Bir dəfə Günel Mövlud mənə yarım saatın içində bir sup bişirmişdi. Çox dadlı idi.

- Evlənəcəyin xanımın yaxşı yemək bişirməsi önəmlidirmi?

- Bu mənim üçün o qədər də önəmli deyil. Əgər bilməsə mən ona yemək bişirməyi öyrədərəm, o da mənə başqa şeyləri. (gülür) Bəzi qadınlar var ki, kişini mətbəxdə xoşlamırlar, amma kişi mətbəxdə çox maraqlıdır. Xüsusən də təzə evlənən vaxt. Məsələn, götürək elə səni. Mən 100 faiz bilirəm ki, sən Günay xanıma mətbəxdə deyirsən ki, bu kartofu tam qızartma, ya da çox qızart. Bunu inkar etsən də mən inanmayacam.

- Oxuculara yeməklə bağlı nə məsləhətin var?

- Belə bir söz var ki, kişinin ürəyinə yol mədədən keçir. Bu boş şeydir. Ümumiyyətlə ürəyə yol ürəkdən keçir. Qadınlar evdarlığa da üstünlük versinlər. O demək deyil ki, qadınlar işləməsin. Sadəcə evdə qadın təmizliyi olmalıdır, qadın ətri hiss olunmalıdır. Yeməklə bağlı oxucuya heç bir qadağam yoxdur. Yeyib-için, kef edin.

- Nəsimi, doğrudanmı ucuz ətin şorbası olmur?

- Düzdür olmur. Ucuz ətin heç nəyi olmur. Evə bazarlıq edəndə gərək keyfiyyətli ərzaqlar alasan. Yaxşı qidalanasan. Bakıda kifayət qədər bahalı restoranlar var. Adi bir pors yeməyə o qədər pul vermək düz deyil. Mən o cür restoranları heç vaxt sevmədim.

- Nəsimi 23-cü masa üçün darıxmamısan?

- (gülür) Bunu Facebook statusumdan oğurlamısan? Hər şeyi açıb-tökdün. Bir xanım var idi. Həmişə onunla şəhərin mərkəzindəki bir restoranda-23-cü masada oturub şam edirdik. O masa yalnız bizə aid idi. Ayrılandan sonra ora bir də getmədim. Əgər getsəm həmin masada oturub iki nəfərlik yemək sifariş verərəm və ikisini də yeyib hesabı ödəyib gedərəm.

- Toylarda nə yeyirsən?

- Bizim ən faciəvi yemək yerimiz toydur. Səs-küydən danışmıram. Toyda səs-küyün olması normaldır. Gəlin toydakı yeməklərin verilmə ardıcıllığına baxaq - saat 6-da soyuq qəlyanaltılar, saat 7-nin yarısından 10-a qədər kabab, saat 10-da aş, 11-də tort ən axırda isə marojna gəlir. Sizə deyim ki, bu yeməkləri axıra qədər gözləyənlər var. Mən restoran toylarında demək olar ki, salatdan başqa heç nə yemirəm.

- "APA TV"-də hansı xanım yaxşı yemək bişirir?

- Mənə işdə yemək gətirən bütün qadınlar yaxşı yemək bişirir. Sağ olsunlar, məni ac qoymurlar.

# 9241 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
#
#
# # #