“Məni Borçalıdakı nənəm rəssam elədi” MÜSAHİBƏ

“Məni Borçalıdakı nənəm rəssam elədi” MÜSAHİBƏ
3 fevral 2014
# 15:13

O rəssamdır. Amma əlləri hər gün bir neftçidən daha çox neftə batır. Heç vaxt neft mədənində olmayıb, neft çıxarmayıb, amma o da ölkəmizi dünyada neftlə tanıdır.

Onun neftinin qramı Azərbaycan neftinin bir barelindən daha bahalı satılır. Xaricilər onu “oilman” adlandırırlar. Dünyada Azərbaycan deyəndə neft yada düşürsə, o da dünyanın rəssamlıq xəritəsinin Azərbaycanıdır.

Tanış olun, müsahibimiz özünəməxsus dəst-xətti, üslubu olan, neftlə əsərlər çəkən rəssam Sabir Çopuroğludur.

- Neftlə çəkmək ideyası necə yaranıb?

- Bu ideya mənim uşaqlıq dövrümdən qaynaqlanır. Mən Borçalı mahalında doğulmuşam. Uşaq idim. Evimizin küncündə butulkada rəngli bir maddə vardı. Nənəm bəzən o butulkadakı mayedən götürüb oynaqlarına çəkirdi. Bir dəfə nənəmin gözündən yayınıb o butulkanı götürüb əlimə tökdüm, sonra da divarları yağlamağa başladım. Üstüm batdı. Nənəm gəldi, məni döyüb danladı ki, köpək oğlu divarları niyə ləkələyirsən, bu dərmandı, Naftalandan gətiriblər, neftdi. Bir də yazbaşı sobanın borularını dəyişəndə əlim quruma batıb his olurdu, mən də əlimi təmizləmək üçün onu divara yaxırdım.

90-cı illərdə Bakıya gələndə gördüm hər yerdə neft gölməçələri, buruqları var. Uşaqlığım, neftli əlimi divara yaxmağım yadıma düşdü. Fikirləşdim ki, bəlkə uşaqlıqdakı həvəsimi təkrarlayım, neftlə şəkil çəkim. Bayılda gölməçələrdən neft doldurub gətirdim. Əvvəl-əvvəl çəkirdim, görürdüm tablo qurumur. Fikirləşirdim ki, gölməçədən yığıldığına görə içinə su qarışıb, buna görə də onu bişirmək qərarına gəldim. Qaynadandan sonra içinə piqment qatdım, bədii lak əlavə etdim. Bundan sonra istifadəyə yaradı.

- Əvvəllər belə eksperimentləriniz olmuşdu?

- Tiflis Rəssamlıq Akademiyasını bitirmişəm. Biz orda bitumdan istifadə edir, başqa eksperimentlər də edirdik. Bu eksperimentlərin neft işində mənə köməyi dəydi.

- Alışdığımız yağlı boyadan imtina edib neftə keçəndə birdən alınmaz, maraq oyatmaz deyə içinizdə bir tərəddüd, qorxu yox idimi?

- Yox, qorxmurdum. Tiflisdə Merab Berdzenişvili, Zurab Çereteli kimi dahi rəssam-heykəltəraşlarla çalışırdım, onlardan öyrənirdim. Əsasən “Borçalı qadınları” mövzusunda nəhəng tablolar işləyirdim. O rəssamlar da işlərimə baxıb deyirdilər ki, sən qorxmursan, çəkinmədən eksperimentlərə gedirsən.

Sonralar işlərimi “Tarqovı”ya çıxartdım. Gördüm ki, işlərim avropalılar tərəfindən alınır, ciddi maraq doğurur. Əsl rəssam ürəklə işləyir, o işin alınıb-alınmamağı barədə düşünmür. Xoşbəxtliyim onda oldu ki, özümü Bakıda tapdım. Mən yağlı boya ilə də işləmişəm. Neft özü də yağlı boyadır. Odur ki, elə bir fərqi yoxdu. Elə yağlı boya ilə işləmək kimidir. Neftin özünün də 4-5 çaları var.

- Artıq 20 ildir neftlə işləyirsiz. Özünüzdə geoloq həssaslığı hiss etmirsiz ki? Bayıldan götürülən neftlə Ramanadan götürülən neftin rəngində, qatılığında nəsə bir fərq hiss edirsiz? Bu fərqlilik sizin işlərə təsir edir?

- Əlbəttə neftdən neftə fərq var. Bayıldan götürdüyüm neftin tərkibində su çox idi. Balaxanıdan, Ramanadan, Suraxanıdan neft götürmüşəm. Balaxanının nefti bir az tünddür. Ramanının nefti daha qəhvəyidi. Suraxanı neftinin də öz xüsusiyyəti var. Bəzən bunları bir-birinə qatıram. Neft sahələrinə kənar adamları buraxmırlar, amma mühafizəçilər məni görəndə deyirlər ki, eşitmişik sən neftlə çəkirsən, ona görə sənə olar, nə qədər istəyirsən götür.

- Naftalanda “Çinar otel”in binasını sizin əsərlər bəzəyir.

- Naftalandakı müalicə kompleksini yenidən təmir etdikdən sonra məni dəvət etdilər ki, ora üçün əsərlər çəkim. Mən də o əsərləri Naftalan nefti ilə çəkdim. 250-yə yaxın əsərim ordadır. Hətta kətana çəkilmiş 500x200 sm ölçüdə nəhəng bir əsərim otelin foyesindən asılıb.

- Fırça ilə deyil, əllə çəkirsiz. İlk günlərdən də əllə çəkirdiz, yoxsa sonradan vərdiş halını aldı?

- Yağlı boya ilə işləyəndə də bir neçə dəfə əllə işləməyə cəhd etmişdim. Amma neft daha duru olduğu üçün kətanın üzərinə töküb sonra sağ əlimlə yayıram. Əsasən sağ əlimin orta və adsız barmaqları ilə, xüsusən dırnaqlımla çəkirəm.

- Yağlı boya ilə işləyərkən əsər alınmayanda kətanı yenidən işləmək mümkündü. Deyəsən neftlə işləməyin belə bir üstünlüyü yoxdu.

- Neft duru olduğu üçün kətanı gərək üfüqi qoyasan. Neft bir rəngli olduğuna görə quruyandan sonra da üzərində işləmək, başqa iş görmək mümkün olmur.

- Hər gün bir neftçidən çox əliniz neftə batır.

- Hə. Mənə çoxları deyir ki, qorxmursan, birdən barmaqlarına ziyan verər. 25 ildir bununla məşğulam, amma barmaqlarım xarab olmayıb. Barmaqlarımla çəkməkdən ləzzət alıram.

- Azərbaycan dünyada neft və qaz ölkəsi olaraq tanınır. Bəs siz bu nəhəng prosesdə öz missiyanızı nədə görürsüz? Axı siz də Azərbaycan neftini dünya mədəniyyətinə ixrac edirsiz?

- Azərbaycanda neft şirkətləri mənim işimə çox maraq göstərirlər. O vaxt “Tarqovı”da əsərlərimi satırdım. Bir axşam alman ər-arvad mənə yaxınlaşdılar. Neft şirkətində işləyirdilər. Mən onlara deyəndə ki, neftlə çəkirəm heyrətləndilər. Səhər gəlib aldılar. İlk dəfə əsərlərimi o ailə aldı. Kamança çalan rəsmi idi. Onlar ilk dəfəydi ki, neftlə çəkilən əsər görürdülər. Neftlə bağlı təşkil olunan beynəlxalq tədbirlərdə, təqvimlərin hazırlanmasında mənim işlərimdən istifadə olunub.

- Dünyanın başqa ölkələrində də neftlə çəkən rəssam var?

- Mənə rast gəlməyib. Amma Rusiyadan, Belarusdan məktublar gəlir. Mənə yazırlar ki, bu yaxşı ideyadır, bunun bünövrəsini siz qoymusuz, icarə verərsizmi biz də çəkək?

- İşinizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində patentləşdirmisinizmi?

- Bəli. Neftlə rəsm çəkmək mənə məxsusdur. Müəllif hüquqları məndədi.

- Mənə elə gəlir ki, Qız Qalası Bakının simvolu olduğu kimi hazırkı dövrdə sizin əsərlər də Azərbaycan rəssamlığının simvoludur. Turistlərin daha çox ayaq qoyduğu məkanlarda dəfələrlə neftlə çəkilmiş əsərlər görmüşəm. Bu işlər hamısı sizindi?

- Küçələrdə satılan əsərlər mənim deyil, çoxu məni “kopirovka” edir. Bəziləri hətta neftlə çəkmirlər. Mənim texnikamdan istifadə edib qəhvəyi boya ilə, parket lakı ilə çəkirlər. Qanunla mənim işimi təkrar edən müəllif hüquqlarımı qorumalıdır. Amma qorumurlar. Onlar lap ağını çıxarıblar.

- Dövlət sifarişləri olur?

- Bəli dövlət tərəfindən dəfələrlə sifarişlərim olub. Gömrük Komitəsi dəfələrlə mənə əsər sifariş verib. Onların vasitəsilə də əsərlərim Avropada, ABŞ-da təbliğ olunub.

- Beynəlxalq sərgilərdə olmusuz?

- 2006-cı ildə Almaniyada beynəlxalq simpozium keçirildi. Orda mənim əsərlərim birinci yeri tutdu. Pul mükafatı, bir də Salvador Dalinin şəxsi kolleksiyasından bir viski verdilər. Hələ də saxlamışam, uşaqların xeyir işində açaram. Şəhərin meri mənim 2 əsərimi aldı, birini şəxsi kolleksiyası üçün, digərini də şəhər muzeyi üçün. Merin aldığı tablo “Qarabağ atları” idi. Alman televiziyası mənim haqqımda çəkiliş apardı, mətbuatda çap olundu. Bu il aprel ayında yenidən Almaniyaya, Köln şəhərinə gedəcəm. Orda Türk-İslam mərkəzi yeni məscid tikib. Altmışdan çox əsərim ordadı. Açılışda sərgim olacaq.

Moskva və Bütün Rusiyanın Patriarxı II Krill üçün “Bakı mənzərəsi” tablosunu işləmişəm. Dövlət sifarişi idi. Patriarxlığın muzeyində saxlanılır. Kazanda da böyük məscid var, onların muzeyində də mənim əsərim saxlanılır.

- Orijinal rəssam olmağınızda nənənizin rolu olub. Ona bir rəssam təşəkkürü bildirmisizmi? Bayaq emalatxanada yaşlı bir qadın portreti gördüm.

- Nənəm şükür allaha, sağdı. Bir yaşım olanda valideynlərim ayrılıblar. Məni ana nənəm saxlayıb. Gördüyünüz portret babamın anasının portretidi. Nənəmin cizgilərindən əsasən Borçalı qadınlarını çəkərkən istifadə etmişəm. Borçalıya aid çoxlu əsərim var-qadınlar kartof yığarkən, yun əyirərkən, xalça toxuyarkən və sair.

- Daha hansı mövzularda çəkirsiz?

- Mənim mövzularım milli mövzulardı; neft buruqları, Abşeron motivləri, Azərbaycan xalçaları, Bakı kənarında dayanmış dəvə karvanları, muğam... Məndə Qarabağ mövzusuna dair əsərlər də çoxdu. Neftlə Qarabağ atlarını çəkmişəm.

- Nə əcəb üslubunuzu tədris etmək üçün Rəssamlıq Akademiyasından təklif gəlməyib?

- Hələ ki, elə bir təklif gəlməyib. Ömər Eldarov olduqca dəyərli adamdır, yəqin müraciət etsəm nəzərə alar.

- Neft və yağlı boya ilə Toğrul Nərimanbəyovla oğlu Fransua Toğrulun rəsmini işləmisiz. Başqa kimlərin portretlərini işləmisiz?

- Artıq bir ildir ki, neftlə Aida xanım İmanquliyevanın portretini işləmişəm. Böyük portretdi. Bu portretə qədər belə bir işim olmamışdı. Artıq tamamlamışam. Aida xanımın portretini hələlik kolleksiyamda saxlasam da bu yaxında Mehriban xanım Əliyevaya hədiyyə etmək istəyirəm.

- Bakı neftxudalarının portretlərini necə, işləməmisiz?

- Nəzərdə tutmuşam, onlarla bağlı da əsərlər işləyəcəm.

# 2835 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #