Ayrı göz

Ayrı göz
29 yanvar 2014
# 13:47

İçinin istisində əridirdi özünü. İçiylə özünə güc verirdi. Əslində, “heç bu qədər də təlaş və həyəcan lazım deyil” də deyib təsəlli, təskinlik verə bilərdi özünə. Amma bir az özünü zəif tuturdu, ağlını boş buraxırdı, özündə inamı duyğularının kövrəkliyi, həssaslığı, zərifliyi, incəliyi və sairi ilə zəiflətmək istəyirdi, özündən uzaqlaşdırmaq istəmirdi dərdini. Dərdini də özünə əziz bilirdi, əzizləyirdi. Amma dərdiylə dərdləşməyi də yaman idi. Dil tapa bilmişdi – 17 ildə nə mərdlikləri nümunə göstərməmişdi ki dərdinə!? Dərdinin də qadasını almışdı dərdi əzab çəkəndə. Beləcə, bağrıbadaş yaşamışdı. İndiyəcən yola verdiyi dərdiylə indi yol gedəcəkdi. Dərdiylə yola çıxacaqdı. Bu, onların birgə həyatlarının son dönəmiydi. Ayrılacaqdılar. İkisi də kövrəlmişdi – ayrılıq dərd olsa da, dərddən ayrılmaq da həqiqətən mərd adamlar üçün çətindi. Amma ayrılmalıydılar. Bir-birini incitmədən! Bir-birini itirib bir-birini yaşatmaq üçün. Ayrılıq ilk dəfəydi ki, sevinc gətirəcəkdi. Bax belə.

Özünü həmdərdliklə yorub-yorub yola çıxdı. Yolun əvvəlində, lap əvvəlində maşını saxladı. Düşdü. Sağa boylandı. “1. Təkdi”. Sola boylandı: “2. Cütdü”. “Sağ ol” deyimi beynində assosiasiya verdi. Sağ ol – salamat ol anlamında. Sonra sağı tərəf, yön, əqidə, daha hansı anlamda ola bilərdisə, o anlamda da yozdu. Solun naqolaylığı, nəhsliyi də bir az üşütdü onu.

Uşaq vaxtı seç-ayırd, niyyətin uğurlu və ya uğursuzluğunu müəyyən etmək üçün təsbeh dənələrində, kibrit çöplərində sananan “tək-cüt” falını xatırladı.

Başladı irəli addımlamağa. “3- tək, 4-cüt”. Beləcə, nabələd küçənin hər ünvanını yaddaşına həkk etmək istədi. Yox, beyninə, ürəyinə, həyatına yox. Beynini də, ürəyini də, həyatını da dolduracaq mənzərələri bəs qədər idi. Heç birində artıq nəsə yox idi. Hər şey yerli-yerində idi. Gözünün yaddaşına nəsə həkk etmək istəyirdi. Bir azdan gözündə nə vardısa, silinəcəkdi, götürüləcəkdi, ayrılacaqdı. Tamam ayrı gözlə baxacaqdı. Hətta ən doğma və yaxınlarına təzə baxış, təzə ruhla boylanacaqdı. Gözünün ruhunu təzələyəcəkdi. Ayrı gözlə baxacaqdı.

Dərdi gözüydü. Gözləriydi. Hər şeyə bir bucaqdan, bir baxışla baxdığı cüt gözləri. Və o gözlər üçün yaşayan bütün bağlantılarını sevindirmək üçün yola çıxacaqdı. Hələlik isə bu şəhərin ən iri prospekt-küçəsinin əvvəlindən başlamışdı təklə cütü, sağla solu vərəvurd etməyə.

Sonda biləcəkdi sağdı, ya sol. Gözləri cüt idi, istəyi tək.

Addım-addım irəliləyirdi. Arada həyatın gur, basabas yerində ömrünün bir neçə ilini itirdiyi kimi, “tək-cüt”lərdən də “itirdiyi” olurdu. Növbəti təki görəndə ürəyi yerinə gəlirdi, gözü sakitləşirdi.

Tək... cüt...tək... cüt...

Sona yaxınlaşırdı. Ürəyi daha həyəcanla çırpınırdı. İndi daha bir az da qabağa baxmağa nə ürəyi, nə gözü cəsarət edirdi.

Son. Nə dəhşət imiş!

Addımını gördüyü sonuncu təkdə dondurmaq istədi. Dönsə, yenə sol olacaqdı. İrəli getsə, bilinmirdi sağda bitəcək yolu, ya solda. Sağın da, solun da sonda olması bu qədər önəmliymiş.

Dərdindən dərdinə boylandı.

İçindən içinə boylandı.

Gözlərindən gözlərinə boylandı.

Ürəyindən ürəyinə boylandı.

“Yaman yerdə axşamladım” – doğrudan da axşam düşmüşdü. O boyda prospekti necə gəlib çıxmışdı, vaxtın da, gəlişin də fərqinə varmamışdı. Növbəti addımı atdı. Sonuncu lövhəyə baxdı: 193. Yol dönürdü. Növbəti cütü görmək istəmədiyindən yox, olmadığından görmədi.

İrəlidə Aeroport şossesi idi.

Həmən “ingilis taksisi”ni əylədi:

- Yolun əvvəlinə.

- Maraqlı ünvandı.

- Bu dünyaya yenidən və ayrı gözlə baxmaq üçün bir də əvvələ qayıdıram.

Sürücü maraqlı ünvana gedən sərnişinin maraqlı nəsə dediyini anlamasa da, qımışdı.

Doğrudan da, həyata tamam ayrı gözlə baxmaq üçün getdiyin yolu bir də getmək lazım gəlir.

“İstənilən halda gözdən asılan pərdəni də, gözdəki pərdəni də tamam götürmək olmasa da, təzələmək lazımdı” - belə düşündü.

# 2403 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #