Can dərdini canda daşımaq olmur

Can dərdini canda daşımaq olmur
8 yanvar 2014
# 12:57

Anar MƏCİDZADƏ

Daha bağışlamaz məhəbbət bizi

Hələ məhəbbətdən doymamışıq biz,

Səadət nədir ki, duymamışıq biz.

Özgə xəyallara uymamışıq biz,

Ayırdı bu tale, bu qismət bizi.

Daha bağışlamaz məhəbbət bizi.

Yaz, bahar çağından biz qışa düşdük,

Günəşli bir gündən yağışa düşdük.

Bəlkə də göz dəydi, qarğışa düşdük,

Ayırdı bu tale, bu qismət bizi.

Daha bağışlamaz məhəbbət bizi.

Yar ilə sevirdik bir-birimizi,

Hər an uca tutduq öz eşqimizi.

Kim pozdu peymanı, bu əhdimizi,

Ayırdı bu tale, bu qismət bizi.

Daha bağışlamaz məhəbbət bizi.

Bizə “xoşbəxtdilər” deyən çox oldu,

Sevən qəlbimizə dəyən çox oldu.

Daha o xoşbəxtlik, sevgi yox oldu,

Ayırdı bu tale, bu qismət bizi.

Daha bağışlamaz məhəbbət bizi.

O candan ayrı yaşamaq olmur,

Can dərdini canda daşımaq olmur.

Daha bu qismətlə barışmaq olmur,

Ayırdı bu tale, bu qismət bizi.

Daha bağışlamaz məhəbbət bizi.

Sevgidir bəşərin adı

Aşiqəm, sözümdə eşq təravəti,

Bir gözəl canana salmışam meyl.

Eşqsiz bu dünyanın de, nə mənası,

Sevgisiz kainat heç mənlik deyil.

Mən məcnun doğuldum-leyliyə vurğun,

Neyləyim, əzəldən beləyəm gülüm.

Sevginin yolunda candan keçərəm,

Eşqinə qulam mən, köləyəm gülüm.

Dünya məhəbbətsiz nəyə gərəkdir?

Sevgidir dünyanın, bəşərin adı.

Məhəbbət ucadır insanı ancaq,

Odur hər insanın qolu-qanadı.

Sevib-sevildikdə dünyada gülüm,

Misralar qəlbimdən ötür birbəbir.

Məhəbbət olsa da əzab, həm zülüm,

Dünyada səadət sevənlərindir.

Bu günlər qalacaq xoş bir xatirə

Biz necə görüşdük, necə ayrılıq,

Baxışlar soyuqdur, duyğular ilıq.

Ayırdı bizləri bu dərd ayrılıq,

Bu günlər qalacaq xoş bir xatirə.

Payıza dönəcək ömrün baharı,

Yolum düşməyəcək sizlərə sarı.

Mən qoca olacam, sən isə qarı,

Bu günlər qalacaq xoş bir xatirə.

Neçə dərdə, qəmə gəlmişik sinə,

Biz həsrət qalmışıq toya, düyünə.

Gələcək illərə, gələcək günə,

Bu günlər qalacaq xoş bir xatirə.

Yarı yolda qaldı sevgi qatarı,

Susdu ömrümüzün nəğməsi, tarı.

Unutma bu günü, unutma barı;

Bu günlər qalacaq xoş bir xatirə.

Hardasan?

Könlümü eşqiylə alan məhəbbətim, hardasan?

Səninlə bir başlamışdır səadətim, hardasan?

Günahım varsa əgər, əfv et məni, ey gözəlim,

Keç günahımdan, varsa da qəbahətim, hardasan?

Məni eşqinlə ovut, yoxdur bir özgə istəyim,

Yaz çiçəyim, bahar gülüm, xoş niyyətim, hardasan?

Yox dözümüm, yoxdur tabım, bağlanıb eşq kitabım,

Ey mənim gücüm, amanım, cəsarətim, hardasan?

Sən gedəndən şair Anar dərdə düşüb, neyləsin,

Yoxluğunla başlamışdır cəhalətim, hardasan?

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

# # #