Əxi şeyxi Nizami Gəncəvi - ARAŞDIRMA

Əxi şeyxi Nizami Gəncəvi - ARAŞDIRMA
19 dekabr 2013
# 13:00

Əxilik təriqəti

Sufilik tarixən bir çoxları tərəfindən tərki-dünyalıq, günənişinlik kimi qəbul edilmişdir. Amma sufi təriqətləri ilə yaxından tanış olduqca bu qənaətə gəlmək olar ki, əksər təriqətlər yayıldığı dövrlərdə təkcə tərki-dünyalıq deyil, həm də ictimai-siyasi-sosial mahiyyətə sahib olmuş, öz dövrlərində baş verən bir çox hadisələrdə yaxından iştirak etmişlər. Belə sufi təriqətlərdən biri də ərəbcədən qardaşlıq mənasını verən Əxilik olmuşdur.

Tarixçilərin qeyd etdiyinə görə Abbasi xilafəti dövründə qurulmuş Əxilik təriqəti çox keçmədən İslamın yayıldığı coğrafiyada, əsasən Anadoluda, Orta Asiyada, eləcə də Azərbaycanda geniş yayılaraq ətrafında xeyli tərəfdar toplamışdır. Bu təriqət təkcə sırf tərki-dünyalıq həyat tərzinə əsaslanmamış, sənət və ticarət prinsiplərini özündə birləşdirərək ortaya yeni konsepsiya qoymuş, buna görə də yarandığı dövrdən çox keçməyərək güclü təşkilatlanmaya səbəb olmuşdur.

Əxiliyin İslam ölkələrində rahat şəkildə yayılıb fəaliyyət göstərməsində Xəlifə Nasirin böyük rolu olmuşdur. Xəlifənin dəstəyini alan əxilik təriqəti sonralar heç bir maneə görmədən İslam dünyasında tez bir zamanda fəaliyyətini genişləndirərək yayılmağa başlamışdır.

Xəlifə Nasir pozulan ictimai nizamı yenidən tənzimləmək, həmçinin bu düşüncəsini gerçəkləşdirmək üçün məşhur sufi alim Şəhabəddin Sührəverdiyə “Kitabül-fütuvvət” adlı bir əsər yazmağı xahiş etmiş, bu haqda xəbər vermək üçün başqa ölkələrə elçilər göndərmişdir. Anadolu səlcuqlarının bu məsələyə müsbət münasibətindən sonra burada əxilik təriqəti təşkilatlanmağa başlamışdır.

Əxiliyin İslam dünyasında geniş yayılmasına əsas səbəblərdən biri bu təriqətin təkcə dini deyil, həm də ictimai-siyasi yüklü olması ilə əlaqədar idi. Qeyd etmək lazımdır ki, əxilər Səlcuqilər dövləti və Osmanlı imperatorluğunun ilkin dövrlərində cəmiyyətdə ictimai-siyasi mövqeləri ilə seçilmişdirlər. Həmçinin o dövrdə baş verən müharibələr, basqınlar, ixtişaşlar, üsyanlar və s. xaotik hadisələr zamanı əxilər şəhərlərin yadellilər tərəfindən dağılmasına, qarət və talan olunmasına ciddi maneə göstərərək ciddi müdafiə mövqeyi tutmuşdular.

Azərbaycanda əxiliyin təşəkkül tapması sufi şeyxi Əvhədəddin Kirmaninin adı ilə bağlıdır. O, əxiliyi burada yaymaq və təşkilatlandırmaq üçün Azərbaycana gələrək xeyli müddət əsasən Şirvanda və Naxçıvanda bu yolda fəaliyyət göstərmişdir. Şeyx Əvhədəddin Kirmani yerli əhali tərəfindən xoş qarşılanmış, onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. Çox keçmədən əxilik təriqətinə xeyli azərbaycanlılar qoşularaq şeyxə mürid olmuşdular.

Şeyx Əvhədəddin Kirmaninin ətrafındakı müridləri içində seçilən şəxsləri xəlifə təyin edərək onları başqa şəhərlərə göndərib əxiliyi yaymasına və fəaliyyət göstərməsinə icazət vermişdir. Bu xəlifələrdən ən məşhuru Anadoluda əxilik təriqətinin qurucusu kimi tanınan Əxi Evrən olmuşdur.

11-14-cü əsrlər arasında əxiliyi Azərbaycanda təmsil edən həmin dövrün sufi və əxilərindən Əxi Fərəc Zəncani, Sadəddin Əbdülqasim Təbrizi Naxçıvanlı Xacə Muhəmməd Xoşnam və Balə Xəlil kimi bir çox mühim şəxsiyyətlər olmuşdur.

Əxilər, təkcə Şirvan, Naxçıvanda deyil, Azərbaycanın digər şəhərlərində, habelə Təbrizdə, Bakıda, Qubada və Zəngəzurda da zaviyələr quraraq geniş fəaliyyət göstərmişlər. Bakının Kürdəxanı kəndində Əxi Nurullah zaviyəsi və Qubadakı əxilərə məxsus olmuş “Comərd” adlı yer də bu deyilənlərə misaldır.

Əxilik təriqəti 12-13-cü əsrlər arasında Gəncədə geniş yayılmış və böyük nüfuza sahib olmuşdur. Böyük Azərbaycan şairi olmuş Şeyx Nizami Gəncəvi də əxilərin öndərlərindən biri sayılmışdır. Mənbələrdə qeyd edilir ki, o, Şeyx Əxi Fərrux Reyhani və Əxi Fərəh Zəncanidən dərs almışdır. Onu da vurğulayaq ki, sufi şair Əbdürrəhman Cami öz təzkirələrində Nizami Gəncəvinin əxi şeyxi olduğunu qeyd etmişdir.

Gəncə şəhərində İslam dinini ilk qəbul etmiş və bu yolda şəhid olmuş Qəssab Əliyar əxilər üçün örnək simvolu olmuşdur. Buna görə də Gəncədə o dövrə baş vermiş zəlzələdən sonra Qəssab Əliyarın itmiş qəbrinin yerində əxilər türbə tikərək buranı Gəncənin müqəddəs ziyarətgahlarından birinə çevirmiş, onu öz məşhur titulları ilə “Comərd Qəssab” adlandırıb tarixi şəxsiyyət kimi qəbul etmiş və yüksək qiymətləndirmişlər.

Orta əsrlərin böyük səyyahlarından olmuş İbn Bəttutə 14-cü əsrdə yazdığı əsərlərində əxilər haqqında ətraflı məlumat vermiş, həmçinin onlar barəsində yüksək fikirdə olmuşdur. Bu məlumatlarla tanış olduqda aydın olur ki, əxilik İslam coğrafiyasının hər yerində, türklər yaşayan bütün ölkələrdə var imiş. Bütün şəhər və kəndlərdə əxilərin fəaliyyəti mövcud imiş. Onlar evsizlərə qayğı göstərər, acları yedirər, möhtaclara yardım edərlərmiş.

İbn Bəttutə əxilər haqqında belə yazır: “Mən dünyada bunlar kimi yaxşılıq edən, gözəl işlər görən başqa birilərinə rast gəlmədim”... “Əxilərin əcnəbilərə göstərdikləri dostanə münasibət və davranışları, şəxsimə göstərdikləri səmimi ikramları mən heyrətlər içində qoydu.

... Onların hər hansı bir zaviyəsinə addım atan istənilən əcnəbi ən sevdiyi yaxınının yanına gəlmiş kimi xoşbəxt, əmin və hüzurlu olurdu”...

Əxilərin əsas təməl prinsipi zənginlə kasıb, istehsalçı ilə istehlakçı, xalqla dövlət arasında balans və körpü quraraq ictimai rifah, əminlik, əxlaqi gözəllik və mənəvi təmizlik yaratmaq olmuşdur.

Əxiliyin digər sufi təriqətlərindən fərqlənən əsas cəhətlərindən biri də əxi olmaq istəyən hər bir kəsin mütləq hansısa bir sənətə sahib olması idi. Çünki əxi olmaq istəyən hər bir kəs yalnız halal qazancla yaşamağı öz boynuna öhdəlik olaraq götürməliydi. Halal qazancın yolu isə insanın öz zəhməti ilə qazanacağı bir sənətinin olmasından başlayırdı.

Onu da qeyd edək ki, əxilik təriqəti ticarət və peşə əməkdaşlığı ilə yanaşı həm də insanın həyatda gözəl və nümunəvi əxlaq çərçivəsində yaşamaq ideyasına mühüm önəm vermişdir. Əxi olan hər kəs eyni zamanda hər vaxt doğru, səxavətli, təvazökar, həyalı və vətənpərvər olmalı, xarakterində gözəl xasiyyətləri inkişaf etdirməli, insanları nəsihət yolu ilə haqq yola yönəltməli, heç vaxt yalan danışmamalı, insanların eybini üzə çıxartmamalı, böyük günahlardan uzaq olmalı, kin və düşmənçilikdən uzaq durmalı və ən əsas da nəfsinə hakim olmalı idi.

Ümumilikdə Əxiliyin altı təməl qaydası vardır. Əxi olan adamda üç şey hər zaman açıq, üç şey isə bağlı olmalıdır.

Açıq olması lazım olan üç şey bunlardır:

  1. Əlini açıq tutmaq (Ehtiyac sahiblərinə, yoxsullara hər zaman yardım etmək, mal-dövlət qazanmağı əsasən insanlara yardım etmək məqsədi üçün istəmək).

  1. Süfrəni açıq tutmaq (Qonaqpərvər olmaq, süfrədəki nemətləri hər kəsin üzünə açıq tutmaq, acları doydurmaq).

  1. Qapını açıq saxlamaq (Qapını hər kəsin üzünə açıq saxlaya biləcək qədər etimad və etibar sahibi olmaq, hər dərdlinin dərdinə şərik ola bilmək – bacardığına çarə, bacarmadığına təsəlli verə bilmək).

Bağlı olması lazım olan üç şey isə bunlardır:

  1. Gözünü bağlı tutmaq (Heç kimin eybini görməmək, görməsindən başqalarının narahat olacağı şeylərdən nəzərini qaçırmaq, harama baxmamaq, heç kəsi pis gözlə süzməmək).

  1. Belinə sahib olmaq (Ailə həyatını halallıqla yaşaya bilmək, başqasının namusuna göz dikməmək, nəfsinə məğlub olmamaq).

  1. Dilinə sahib olmaq (Kiminsə haqqında doğru olsa belə pis sözlər danışmamaq, iftira atmamaq, söz gəzdirməmək, qeybət etməmək).

davamı var...

# 7148 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #