Təbrik edirəm, əziz yoldaşlar, vərəm imişəm

Təbrik edirəm, əziz yoldaşlar, vərəm imişəm
25 noyabr 2013
# 11:36

Kulis.Az Svetlana Turanın tərcüməsində Mixail Bulqakovun “Uçan holland” hekayəsini təqdim edir.

Xəstənin gündəliyi

5 iyul. Öskürürəm. Durmadan öskürürəm. Bütün gecəni. Yatmaq əvəzinə, öskürəkdən boğuluram.

7 iyul. Həkimin qəbuluna yazıldım.

10 iyul. Çəkiclə taqqıldadıb “Hm!” dedi. Bu “Hm!” nə deməkdir ki?

11 iyul. Məni rentgendən keçirtdilər. Çox qəşəngdir. Qapqarayam, ancaq qabırğalarım ağdır.

20 iyul. Təbrik edirəm sizi, əziz yoldaşlar, vərəm imişəm. Əlvida, işıqlı dünya!

30 iyul. Məni müalicə almaq üçün “Sağlam ruh” sanatoriyasına göndərdilər. 2000 verstlik yol xərci və döşəkli yatağı olan orta klasa havayı bilet verdilər.

1 avqust. ...taxtabiti də əskik deyil. Qatar gedir, mənzərələr gözəldir. Taxtabitilər tarakan boydadır.

3 avqust. Sibirə gəlib çıxmışam. Çox qəşəngdir. Atlar məni bir az kənara aparmışdılar – 293 verst. Kumıs.

6 avqust. Bu da Kumıs! Deyirlər ki, yanlışlıq olub. Siz vərəm deyilsiniz. Yenə rentgen elədilər. Öz böyrəyimi gördüm. Dəhşətli dərəcədə iyrəncdir.

8 avqust. Ona görə də bu dəfə Rostovda oturub yazıram. Çox gözəl şəhərdir. Kislovodskdakı “Günəşin bəxşişi” sanatoriyasına yollanıram.

12 avqust. Kislovodsk. Yenə də yalan. Böyrəyin məsələyə heç bir dəxlisi yoxdur. Soruşurlar ki, məni hansı lənətə gəlmiş oraya göndərib?

15 avqust. Paroxoddan yazıram. Guya ki, irsi sifilisim varmış (gizli formada), indi də yolum Krımadır. Silkələnmədən ürəyim bulanır. Başına daş düşsün belə müalicənin!

22 avqust. Yalta – möhtəşəm şəhər! Bircə bu təbabət olmasaydı! Sirli elm. Burada məndə qurd tapdılar, bir də gizlin formalı appendisit. Bu dəfə Tambov quberniyasının Lipetsk şəhərinə gedirəm. Əlvida, Qara dənizin ucsuz-bucaqsız suları!

25 avqust. Lipetskdə hamının ağzı təəccübdən açıla qalıb. Həkim çox xoş görünüşlüdür. Qurda aid bunu dedi:

- Özləridir qurd!

Məni qolumdan tutub pəncərəyə sarı çəkdi, gözlərimin içinə baxaraq elan etdi:

- Sizin ürək qüsurunuz var.

Mən tamam çürümüş olduğum fikrinə o qədər alışmışdım ki, heç təəccüblənmədim də. Elə birbaşa soruşdum: indi hara?

Demə, Borjoma.

Xoş gördük, Qafqaz!

1 sentyabr. Borjomda heç əşyalarımı çamadandan çıxarmağa da imkan vermədilər. Dedilər, biz revmatikləri müalicə etmirik.

İndi də revmatik çıxdım! Bu dünyada yaşamağıma az qalıb, çox az qalıb! Yenə də Sibirə gedirəm...

10 sentyabr. ...Gözəl dəniz, müqəddəs Baykal! Mənzərələri möhtəşəm, ancaq soyuğu dözülməz. Buranın həkimi dedi ki, qarın yağmasına bu qədər az vaxt qalmış ikən o kurortdan bu kurorta, bu kurortdan o kurorta gedib-gəlmək axmaqlıqdır. Deyir sizə ən yaxşısı isti yerlərə gedib qızınmaq lazımdır. Təklif edir məni Krıma göndərsin... Orada artıq olmuşam. Mersi. Bəs harasında olmusunuz deyə soruşur. Cavab verirəm ki, Yaltada. Deyir mənsə sizi Alupkaya yollayıram. Nə olar, deyirsiniz – Alupka, olsun Alupka. Mənim üçün artıq fərqi yoxdur, istəyirsiz lap cəhənnəmin dibinə göndərin. Özümə kürk alıb düşdüm yola.

25 sentyabr. Alupkada hər yer bağlıdır. Deyirlər ki, gedin evinizə. Nə olub sizə, bütün Respublika boyunca nəzarətsiz qalmış uşaq kimi gəzişirsiniz? Hər şeyə tüpürüb getdim evə.

1 oktyabr. Budur, evdəyəm. Mən ora-bura gedib-gələn vaxtsa arvadım mənə xəyanət edib. Yenə həkimə getdim. Deyir ki, siz lap top kimisiniz. Soruşuram, bəs onda necə olur ki, məni neçə vaxtdır top kimi o yan-bu yana atırlar? Cavab verir ki, sadəcə, səhv ediblər! Kimin səhvi olmur ki?! Sabahdan çıxıram işə.

Xəstə № 555. Mixail.

1925

# 2981 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər