“Erotik şeir yazandan Günel Mövludla əlaqəni kəsdim”-MÜSAHİBƏ

“Erotik şeir yazandan Günel Mövludla əlaqəni kəsdim”-MÜSAHİBƏ
19 noyabr 2013
# 12:17

Kulis.Az şair Dayandur Sevginlə müsahibəni təqdim edir.

- Dayandur müəllim, ilk dəfə neçə yaşında yazmağa başlamısız?

- Mən Allahın, bəndənin yaddan çıxardığı bir kənddə doğulmuşam. O kəndin rayonla arası 60 kilometr idi. Bir tərəfi Kür çayı, o biri tərəfi Ağgöl idi. O kənddə elektrik işığı yox idi. Neft lampasının işığına yaşayırdıq. Biz kino nədi, televiziya nədi bilməzdik. 1972-73-cü illər idi, altıncı sinifdə oxuyurdum. Kəndə xəbər yayıldı ki, Kürün o tayına kino gəlib. Qayıqla kürü keçib kinoya baxmağa getdik. Onda mənim 13 yaşım vardı, o vaxta kimi bircə dəfə də kinoya baxmamışdım.

Kürü qayıqla keçib həmin gün kinoya baxdıq. Sonradan bildim ki, bu “Uzaq sahillərdə” kinosudur. O kino mənim yaddaşımda elə bir iz buraxdı ki, mən hətta kinonu bir neçə günə nəzmə çəkdim. İlk şeirim belə yarandı. Ədəbiyyat müəllimin şeirə baxıb dedi ki, səndə nəsə alınacaq.

- Siz də bundan cəsarətlənib şair olmaq qərarına gəldiz.

- Yox, belə bir qərarım olmadı. Ümumiyyətlə, mən heç vaxt deməmişəm ki, bu gün oturub şeir yazacam. Məni hansısa bir məsələ narahat edəndə, təbi gələndə, yazmaya bilməyəndə yazmışam.

- Şair təb gələndə özünü necə hiss edir?

- Əvvəlcə bunu hiss etmirsən, yazandan sonra anlayırsan ki, belə bir şey gəlib yazmısan. Heç adamın xəbəri olmur ki, nə vaxt gəlib, nə vaxt yazıb. Elə bilirsən ki, bir il sonra, beş il sonra yazmısan. Mən heç vaxt şeiri birnəfəsə yazmıram. Şeir mənim içimdə hərlənir, hərlənir, hərlənir, tam hazır olanda mən onu vərəqə köçürürəm. Hazır olmayanda içimdəcə ölüb gedir.

- Şeiri yazmamışdan əvvəl onun qafiyəsini, bölgüsünü, mövzusunu düşünürsüz?

- Yazanda heç nə haqqında düşünmürəm. Yalnız yazıb qurtarandan sonra oxucu gözü ilə baxıb görürsən ki, burda bir heca çatmır. Bəzən də hansısa misraya baxıb deyirsən ki, bunu mən demişəm? Aşıqlarda belə bir şey var. Şeiri deməmişdən qabaq bir “deyir” sözü işlədirlər, yəni bunu aşığın özü demir, dedirdən var, bunu Allah deyir. Şair də belədi. Biz də sadəcə bunu yazıya köçürürük.

- Belə çıxır şairə savad, mütaliə gərək deyil.

- Yox əksinə, şairin hər şeydən qabaq dünyagörüşü olmalıdır. Oxumalıdı. Bəziləri deyir ki, mən heç kimin kitabını oxumuram. Oxumaq lazımdır ki, başqasının yazdığını yazmayasan. Yoxsa yazandan sonra görürsən ki, səndən qabaq bunu deyiblər. Bizim kənddə elektrik işığının olmamağına baxmayaraq evimiz hər zaman kitabla dolu olub.

- Müəlliminiz “Səndə şeir yazmaq alınacaq” deyəndən sonra sizdə nəsə dəyişiklik oldu?

- Mən bir də 21 yaşımda yazmağa başladım. Rayonumuzda ədəbi məclis var idi. Onlara qoşuldum. İlk şeirlərim cənub mövzusunda idi. O vaxt Söhrab Tahiri çox oxuyurdum. 1979-cu ildə Söhrab Tahirə həsr etdiyim üç şeir çap olundu. Söhrab Tahir mənə sonra böyük bir cavab yazısı yazmışdı.

- AYB-ə necə üzv oldunuz?

- Onda Bakıda işləyirdim. Şeirlərim “Ulduz”da çap olunmuşdu. Birliyə gəldim, dedilər ki, Arifə xanım səni axtarır. Arifə xanımın yanına gəldim, dedi sən kimsən, dedim, mən Dayanduram. O məni Fikrət Qocanın yanına yolladı. Fikrət Qoca da soruşdu ki, sən kimsən, dedim, Dayanduram. Dedi sənin “Ulduz”da şeirlərini oxudum, xoşuma gəldi, niyə bizim üzvümüz deyilsən? Mən də cavab verdim ki, qaydasını bilmirəm. Onda Fikrət müəllim dedi ki, get üç tanınmış şairdən zəmanət al gəl. Mən də ilk zəmanəti Söhrab Tahirdən aldım. Onda hələ tanışlığımız yox idi. İndi mən ona “dədə” deyirəm.

“Baksovet”də çayxanada Söhrab müəllimi görüb tanışlıq verdim, məsələni ona dedim. Söhrab müəllim razılıq elədi, dedi ki, sabah saat 12-də bizdə ol. Mən səhər onlara getdim. İçəri keçdik. Gördüm artıq zəmanəti yazıb stolun üstünə qoyub. Sağollaşıb çıxmaq istəyirdim ki, dedi o biri otağa keç. Yan otaqda süfrə açılmışdı. Süfrəni görəndə utandım, Söhrab müəllimə dedim ki, mən sizə qonaqlıq verməliydim, siz niyə verirsiz? O da mənə belə dedi: “Mən bunu sənin böyük şair olduğun üçün vermirəm, bunu verirəm ki, sən də kiməsə zəmanət verəndə ona qonaqlıq verəsən”.

- Onun nəsihətinə əməl edib zəmanət verəndə kiməsə qonaqlıq verdiniz?

- Məndən sonra zəmanət qaydasını yığışdırdılar. İndi kitabları 3 ekspertə verirlər, onlar oxuyurlar. Gizli rəy verirlər, əgər üçündən ikisinin rəyi müsbət olarsa, üzvlüyə qəbul edirlər. Hazırda qəbul dayandırılıb. Ancaq Gənc Ədiblər Məktəbinin üzvləri qəbul olunur.

- Gənc Ədiblər Məktəbinə qəbul olanlarını hamısını AYB-ə qəbul edirsiniz?

- İki illik məktəbi bitirənlər qəbul olunurlar. Məktəbi oxuya-oxuya kimin istedadlı, kimin istedadsız olduğu hiss olunur.

- Bir vaxtlar ədəbi məclis yaratmışdınız.

- 2000-ci ildən 2008-ci ilə qədər “Sözün sorağı” ədəbi məclisini təşkil etmişdim. Çox gur məclis keçirdi, bəzən yüz, yüz iyirmi nəfər iştirakçımız olurdu. Məclis ayda iki dəfə keçirilirdi. Xeyli gənc gəlirdi. O məclisə Günel Mövlud, Sevinc Pərvanə, Ələmdar Cabbarlı kimi indi ədəbiyyatda mövqeləri olan adamlar gəlirdi. Sevincin, Günelin ilk dəfə şeirlərini mən çap etdirmişəm, AYB-də bildirmişəm ki, bu qızlar istedadlıdı.

- Sevincin, Günelin bir sıra erotik şeirləri vardı. O şeirlərin yazılmasında sizin məclisin təsiri vardı?

- Yox, məclisdə olanda elə şeirlər yazmırdılar. Elə şeir yazandan sonra mən onlarla tamamilə əlaqəni kəsdim. Mənə görə bizim mentalitetə yaraşan şeir mövzusu deyildi.

- Erotika şeirin mövzusu ola bilməzmi?

- İki adamın bir yorğanın altından etdiyi şeyin nəyini yazasan? Nizamidə də erotika var, amma o nə səviyyədədi...

- Erotik şeir yazmamısınız?

- Yox. Ola bilsin nəsə ürəyimdən keçsin, amma bu kağıza köçürməmişəm.

- Ədalət Əsgəroğlu rəhmətə gedəndən sonra belə bir fikir dolaşırdı ki, AYB-nin mətbuat xidmətinin rəhbəri siz olacaqsız. Gözləntilər özünü doğrultmadı...

- Açığı mən heç vaxt Anar müəllimə deməzdim ki, məni onun yerinə qoy. Çünki biz onunla dost idik, demək olar ki, həftənin üç günü naharı alıb gətirərdim, bir yerdə edərdik. İçki içən də deyildi. Mənə də belə söz çatmışdı, guya adım hallanır. Amma sonradan mənim yaşıdlarımdan çox adamın namizəd olduğunu, özünü tapşırtdırdığını öyrəndim. Rəhbərlikdə də qərara alıblar ki, o vəzifəyə ya qoca adamı qoysunlar, ya da cavan adamı. O vəzifəyə məni qoysaydılar narazılıq çox olardı. Ona görə də cavan adamın üzərində seçim ediblər.

Ümumiyyətlə, 80-ci illər nəsli bəxti gətirməyən nəsildi. Bunlar ədəbiyyatda yenicə özlərini təsdiq etmək istəyəndə Sovet hökuməti dağıldı. Onlar da gəlib belə bir dövrə çıxdılar. AYB-nin də üzvlərinin əksər hissəsi səksənincilərdi.

- Ən çox narazı olan da bunlardı.

- Çoxdular axı... Demək olar ki, 1500 üzvdən 1000-i bizim nəsildir.

- AYB-nin yeni təyin etdiyi mətbuat xidməti rəhbərindən razısız?

- Ola bilsin ürəyimdə narazılığım var. Mən Anar müəllimi qınaya bilmərəm.

- Xəyal Rza necə şairdi?

- Şeirləri haqda dəqiq bir fikir deyə bilmərəm, amma özünü yaxşı insan kimi tanıyıram.

- 54 yaşınız var, amma bu yaşınızda da sevgi şeirləri yazırsız, özü də çoxunda 19 yaşlı bir oğlanın yazacağı nisgil, kədər var. Nədən qaynaqlanır? Vaxtında bu mövzuları yazmamısınız?

Qırx yaşda gülübdür, de baxtı kimin?

Qayıda mənim də baharım, yazım.

Bəlkə sən ruhusan ölən sevgimin,

Yenidən dünyaya gəlmisən, quzum?

Mənim arzularım söz şəkilində,

Mənim arzu sözüm özümə qənim.

Bəlkə Əzrayılsan qız şəkilində,

Canımı almağa gəlmisən mənim?

16 yaşım olanda atam dünyasını dəyişib. Biz yeddi bacı, üç qardaş və anam bir evin altında qalmışdıq. Anam bizim həm anamız, həm də atamız olub. Hərbi xidmətdən qayıdandan sonra yeddi bacımı köçürtmək haqqında düşünmüşəm. Çiynimdə məsuliyyətim olub. Buna görə də mənim sevgi, məhəbbət barədə düşünməyə vaxtım olmayıb. Ta ki ki, 2003-cü ildə axırıncı bacımı köçürənə qədər. İl yarım nişanlı olmuşam, bu il yarımda nişanlımla bir dəfə də görüşməmişəm. Qorxmuşam “yeddi bacının qardaşı çəpər dibində qızla görüşür” deyərlər.

Əsgərlikdən gələndən sonra bircə ay laborant işlədim. Sora ərizə yazdım ki, mənim 7 bacım var, onları köçürtməliyəm. Harda ən yüksək maaş verirlərsə məni o şöbəyə qoyun. Bir yer var idi, 57 metr hündürlükdə işləməli idin. Adına “verxovoy” deyirdilər. Xahiş-minnətlə məni ora keçirdilər. Beləcə aya min manata yaxın maaş alırdım. Hər üç aydan bir qızın cehizini düzəldirdim, köçürdürdük. Yeddi bacım var, bircə ən balacanı, onu da anamla dalaşa-dalaşa oxutdum. Bizim kənddə qız oxutdurana pis baxırdılar.

- Bəs nə vaxt sevgini daddınız?

- Bakıya gələndən sonra sevginin nə olduğunu bildim.

- Gecikmiş məhəbbət... Belə bir şeiriniz var: “Məni sevdiyini heç kəsə demə”.

- Bəlkə də elədi. Mən sonralar bu dünyada sevginin, məhəbbətin olduğunu bildim... Mənim yekə uşaqlarım var, mən onları heç nəyə dəyişmərəm. Amma ola bilsin mənə şeir yazdıran bu sadaladıqlarımdı. Adamın ürəyindən çox şey keçə bilər, amma onların hamısını həyata keçirmirsən ki...

Sən məhəbbət zirvəm, sən sevgi dağım,

Tamarzı qalaram quzey qarına.

Odundan alışıb, yanan dodağım,

De, necə toxunar dodaqlarına.

Məni sevdiyini heç kimə demə.

Bu yaşda kim çatıb bəhərə-bara,

Göz verər təzədən köhnə yaralar.

On doqquz yaş hara, qırx doqquz hara,

Rəqəm arasında gözün qaralar,

Məni sevdiyini heç kimə demə.

Hər eşidib-bilən qınayar bizi,

İnan, kam almarıq bu şərqimizdən.

Anan eşidərsə bu sevgimizi,

Gözləri böyüyər yaş fərqimizdən,

Məni sevdiyini heç kimə demə.

Bu sevgi qəlbimdə göyərməz, gözəl,

Saxla ürəyində gizli sirr kimi.

Həmişə əmrinə müntəzir olum,

Sən hökmdar kimi, mən əsir kimi.

Məni sevdiyini heç kimə demə.

- Bu şeiri doğuran səbəb nə idi? Burdakılar həqiqətdi?

- Vallah həqiqətdi. Cavan bir qız çox yanına gəlib-gedir, qayğı göstərmək istəyir, bunun sevgi olduğunu anlayırsan. Bu təzə mövzu deyil. Dədə Şəmşirdə də belə şeir var.

- Dördüncü kitabınızı nəşrə hazırlayırsınız.

- Bəli. Gələn il fevral ayında 55 yaşım tamam olur. Dostum Elçin İsgəndərzadə 55 yaşıma hədiyyə edir. Ümumiyyətlə, mən heç vaxt cibimin puluna kitab çap etdirməmişəm. Həmişə dostlarım çap eləyiblər. Sağ olsunlar.

- Daha çox şeir kitabları oxuyursunuz, ya nəsr?

- Mən nəsr kitablarını çox sevirəm. Nəsr mənim üçün okeandı. Dünya nəsrindən də oxumuşam. Müəllifin adı yadımdan çıxıb, “Tom dayının daxması”nı ağlaya-ağlaya oxumuşam. İndi mən dərk edirəm ki, bu gün dünyaya demokratiya dərsi keçən Amerika yüz il əvvəl nə işlə məşğul olub. Ananı birinə satır, balanı o birinə. Sonra “Kerri Bacı”nı oxumuşam. O iki bacının taleyi mənə dəhşətli dərəcədə təsir etmişdi.

- Dünya ədəbiyyatında ən çox sevdiyiniz yazıçı kimdi?

- Azərbaycan ədəbiyyatında ən çox sevdiyim yazıçı Seyran Səxavətdi. Dünya ədəbiyyatında deyə bilmərəm.

- Çoxları Dostoyevskini, Tosltoyu böyük yazıçı hesab edir.

- Onları da oxumuşam. Onlar da çox böyük yazıçılardı. Mən deyərdim Dostoyevski Drayzerdən də böyük yazıçıdı. Ondan sonra nə idi, o birisinin adı, hə Tolstoy. O da böyük yazıçıdı. Bunlar içi olan yazıçılardı. Bunlar söz üçün, fikir üçün əllərini ciblərinə salmayıblar. Təb gəlib, oturub yazıblar. Yəni həyatlarından bilirsən ki... Ümumiyyətlə şair-yazıçı başdan xarab olmalıdı...

- Nə mənada başdan xarab?

- Yəni şairdə plan olmamalıdı. Hara gedəcəyini bilməməlidi. Tolstoy qoca vaxtında deyir ki, gedib kənddə yaşayacam, sətəlcəmdən yolda ölür. Bunu hansı ağıllı adam edər? Ümumiyyətlə ağıllı adamdan qəhrəman olmur.

- Bizim yazıçıların arasında da başdan xarabı var?

- Var. Bir də görürsən ki, içəndən sonra... Yazıçıların ən maraqlı işi stol arxasında oturub yeyib-içməkdi.

- Sözünüzə qüvvət, Çezare Lambrozo adlı italyan psixoloqunun “Dahilik və dəlilik” adlı məşhur əsəri var. O özü də dahilərin əksəriyyətində bu xüsusiyyətin qaçılmaz olduğunu vurğulayır. Siz özünüzdə necə bu əlamətləri hiss etmisinizmi?

- Birdən özüm elə iş görərəm ki, heç iki yaşında uşaq o işi görməz. Özümə də qəribə gəlir. Mən ən adi şeyə inanmışam. Ona görə də şairləri asanlıqla aldadırlar.

# 7727 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #