news-inner
clock09:00 calendar-gray 15 Noyabr 2013 view-gray4007 dəfə oxunub
view-gray4007 dəfə oxunub

"Marselyeza" oxuyan, “qəddar millətçi” olan yazıçımız-ARAŞDIRMA

“...etiraf edirəm”.

Müstəntiq: “Üzləşmələr sizi əksinqilabi millətçi terrorist təşkilatın fəal üzvü kimi də ifşa edir. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının adına yazdığınız ərizədə əksinqilabi təşkilatda iştirakınızı və praktiki olaraq şəxsən özünüz apardığınız işləri boynunuza almısınız”.

Tağı Şahbazi: “Bəli, mən 1937-ci il noyabrın 2-də yazdığım ərizədə olduğu kimi, özümün əksinqilabi millətçi təşkilatda iştirakımı tamamilə etiraf edirəm”.”

...1937-ci il noyabrın 9-da yazıçı, həkim,ictimaixadim, “Azərbaycan” (ilk adı “Maarif və mədəniyyət”) jurnalının ilk baş redaktoru, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) rektoru, Tağı Şahbazi ilə ikinci və axırıncı istintaq keçirilib. Yuxarıdakı etiraf həmin istintaq materiallarından götürülüb. Uzun müddət psixoloji təzyiqlərlə üzləşən Tağı Şahbazi sağ qalacağına inandığı üçün “cinayətini” etiraf edir. 1937-ci il noyabrın 13-də istintaqın başa çatması haqqında protokol tərtib edilir və Tağı Şahbazi özünün günahkar olduğunu boynuna alır, ifadələrinin səmimiliyini nəzərə almağı xahiş edir. Elə həmin gün onun haqqında ittiham qərarı tərtib olunur. Tağı Abbas oğlu Şahbazi Azərbaycan SSR CM-nin 64, 70, 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham olunurdu.

Bəs kim idi Tağı Şahbazi və onu niyə həbs etmişdilər?

"Marselyeza" oxuyan şagird

Yazıçı-publisist Tağı Şahbazi Simurğ 1892-ci il iyulun 2-də Bakıda anadan olub. İbtidai təhsilini mollaxanada alıb. 1902-1905-ci illərdə İçərişəhərdə 9 saylı məktəbdə, sonra Həbibbəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib. Tağı Şahbazi 1933-cü ildə qələmə aldığı keçdiyim yol adlı məqaləsində ilk təhsil illərini belə xatırlayır :

“Mənim realni məktəbinə daxil olduğum 1905-ci il inqilab ili idi. Az bir zaman içərisində məktəbdə, inqilab hərəkatının başlanmış olduğunu öyrəndik. Yuxarı siniflərdə olan böyük şagirdlər arasında təşkilat olduğunu bilirdiksə də, bizə yuxarıdan-aşağı baxan bu böyüklərlə bizim heç bir əlaqəmiz yox idi. Buna müdiriyyət də yol vermirdi; bizi yuxan siniflərin bulunduğu üst qatlara da buraxmayırdılar. Buna baxmayaraq, biz gizlin-gizlin inqilabi mahnılar öyrənirdik. "Marselyoza" və başqa mahnıların bilən yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. Bundan ruhlanır və özümüzü inqilabçı mübariz kimi hiss edirdik. Gözəl çocuqluq!..”

Büro sədri, komissar müavini, universitet rektoru, yazıçı...

Realnı məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Xarkov Darülfünunun fizika və riyaziyyat fakültəsinin tibb şöbəsinə daxil olub. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1915-ci ildə “Sosial-Demokrat Bolşevik Firqəsi”nin tələbə fraksiyasına daxil olub. 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəaliyyət göstərib. 1919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinin katibi olub. 1922-1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK-in katibi, 1926-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan xalq səhiyyə komissarının müavini vəzifələrində çalışıb.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. “Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”, “Aclar” və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunub.

“Qəddar millətçi”nin “ifşası”

Dövrünün ən məşhur simalarından biri hesab olunan Tağı Şahbazi repressiya maşınından xilas ola bilmir. İctimai-siyasi fəaliyyəti, sayılıb-seçilən bir ziyalı olması onu güdaza verir. 1937-ci il iyulun 11-də Tağı Şahbazi həbs edilir. Amma həbsindən xeyli əvvəl, 1937-ci il martın 4-də “gizli milli təmayülçülər qrupuna məxsusluğuna”, “əksinqilabi millətçi çıxışlarına” və “ikiüzlülüyünə görə” Sov.İKP sıralarından xaric edilmişdi.

“Kommunist” qəzetinin 5 mart 1937-ci il tarixli sayında M.Məmmədov imzalı şəxsin Tağı Şahbazinin partiya sıralarından qovulması haqqında məqaləsi dərc olunub:

“Azərbaycan Tibb İnstitutunun müəllimi, eyni zamanda sovet yazıçıları ittifaqının üzvü ikiüzlü Tağı Şahbazi son günlərədək özünün nasional uklonçu olduğunu partiyadan gizlədərək, öz antipartiya fəaliyyətini davam etdirmişdi.

Partiyamız və bütün ölkə, kontrrevolusion trotskiçi - zinovyevçi antisovet mərkəzin mühakimələri dövründə, mitinq və yığıncaqlarda, xalq düşmənlərinə - faşist xəfiyyə idarələrinin mənfur agentləri olan trotskiçilərə, diversiyaçılara, casuslara, terrorçulara min qat lənət yağdıraraq, onların külünün göyə sovrulmasını tələb etdiyi bir zamanda, millətçi Tağı Şahbazi ağzına su alaraq bir kəlmə belə, danışmayır və susmağı lazım bilirdi.

Tağı Şahbazi, özünün çürük millətçilik ideyalarını, sovet yazıçılarından bəziləri ilə söhbəti əsnasında şərh etməkdən də həyasızcasına çəkinməmişdir.

Azərbaycan Tibb İnstitutunun partiya komitəsi, partiyanı aldadan ikiüzlü, millətçi Tağı Şahbazini partiya sıralarından kənar etmişdir.

Lakin bununla iş bitməməlidir. Tağı Şahbazi kimi qəddar millətçi hələ Azərnəşrin rus ədəbiyyat şöbəsi kimi mühüm bir uçastoka “rəhbərlik” edir. Azərnəşr və sovet yazıçıları ittifaqı bundan özləri üçün ciddi nəticə çıxarmalıdırlar”.

Üzləşdirilmə

1937-ci il oktyabrın 4-də Tağı Şahbazini başqa bir “xalq düşməni”, repressiya qurbanı tarixçi alim Əziz Qubaydullinlə üzləşdirirlər. Üzləşdirilmədən çox əvvəl Qubaydullinin iradəsini qırmışdılar və onun Tağı Şahbazinin “üzünə durması” bu baxımdan təəccüblü görünmür: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitmişdim. O vaxt 1927-ci ildə Tağı Şahbazi ilə əksinqilabi əlaqəyə girdim. 1927-ci ildə o, Azərbaycan Dövlət Universitetinin rektoru təyin edildi. Pantürkist təşkilatın iştirakçısı kimi məni Şərq fakültəsinin dekanı vəzifəsinə irəli çəkdi və bir sıra əksinqilabi göstərişlər verdi. Xüsusilə 1927-1928-ci illərdə deyirdi ki, türk Nazim Hikmətə professor adının verilməsi məsələsini irəli sürüm, halbuki Tağı Şahbazi bilirdi ki, Hikmət əksinqilabi iş aparır və buna görə də SSRİ-dən kənara çıxarılır. 1930-cu ilədək Tağı Şahbazi ilə əksinqilabi əlaqə saxladım. Nəhayət, 1936-cı ildə Azərbaycandakı əksinqilabi millətçi təşkilatın fəal üzvlərindən biri dedi ki, bu təşkilat əksinqilabi üsyançı iş aparır. O, əksinqilabi millətçi təşkilatın üzvləri içərisində Tağı Şahbazinin də adını söyləmişdi”.

İfadə bitdikdən sonra müstəntiq sual verir: “Qubaydullinin ifadəsini təsdiq edirsinizmi?” Tağı Şahbazinin cavabı isə konkret olur: “Rədd edirəm”.

Etiraf

Təəssüf ki, böyük ziyalı təzyiqlərə dözmür. Onun istintaqa sərf edən “düzgün və səmimi” ifadələr verməməyi ona qarşı ən ağlasığmaz, insanlıqdan kənar metodlarla işgəncələr tətbiq edilməsinə gətirib çıxarır. Nəhayət, işgəncələrə dözməyən yazıçı 1937-ci il noyabrın 2-də müstəntiqin diktəsilə Xalq Komissarı Sumbatov-Topuridzeyə ərizə yazır: “Bununla bildirirəm ki, bu günədək mən istintaqa ifadələr verməmişəm. Susmağın və istintaqdan öz cinayətlərimi gizlətməyimin mənasız olduğunu başa düşdüm. Hər şeyi səmimi şəkildə boynuma almaq qərarına gəldim. Mən burjua-millətçi quruluş yaratmaq məqsədilə Azərbaycan SSR-də çevriliş hazırlayan avantüra xarakterli əksinqilabi təşkilata ürəkdən inanmışdım.

Əksinqilabi təşkilata 1935-ci ildə Həmid Sultanov və Bağı Cəfəri tərəfindən cəlb edilmişdim. Onlarla da, Ruhulla Axundovla da əlaqə saxlayırdım.

Müəllim Ələsgər Əliyevi, şair Sanılını və tələbə – tibb işçisi Lətifi isə əksinqilabi təşkilata mən cəlb etmişdim. Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və əksinqilabi təşkilatın AK(b)P-nin rəhbərlərinə qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən xəbərdar idim”.

Ən ağır cəza və gecikmiş bəraət

1937-ci il dekabrın 31-də Qroznı şəhərində (Bakıdakı “üçlük” Matuleviç, Zaryanov, Jiqur ölüm hökmlərinə möhür vurmağı belə çatdıra bilmirdilər və ona görə də istintaq işlərinin bir hissəsi iş az olan yerlərə göndərilirdi) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası (Nikitçenko, İyevlev, İşenko) səyyar sessiyasının iclası keçirildi. Burada Tağı Şahbazinin işi üzrə ittiham qərarı təsdiq edildi. 1938-ci il yanvarın 1-də Tağı Şahbazi ittiham qərarının bir surətini aldı.

Bir gün sonra - 1938-ci il yanvarın 2-də hərbi Kollegiyanın bağlı məhkəmə iclası keçirilir. Cəmi 15 dəqiqə çəkən iclasın protokolunda yazılır : “Müttəhim Tağı Şahbazi özünü günahkar bilmişdir. Son sözdə demişdir ki, əksinqilabi millətçi təşkilatın avantürist xarakter daşıdığına inanmış, peşman olmuş və öldürülməməyini xahiş etmişdir”.

Hərbi Kollegiya Tağı Abbas oğlu Şahbazini ən ağır cəzaya - güllələnməyə məhkum etmiş və hökm dərhal yerinə yetirilmişdir.

“Vətən xaininin ailə üzvü” kimi səkkiz il həbs cəzası çəkmiş Tağı Şahbazinin həyat yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi 1954-cü il iyulun 29-da ərinin işinə yenidən baxılması xahişi ilə Xruşşova ərizə ilə müraciət edir. Uzun yazışmalardan, şikayət ərizələrindən sonra 1956-cı il sentyabrın 25-də ona SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Tağı Abbas oğlu Şahbaziyə bəraət verilməsi haqqında arayış verir.

Oxşar xəbərlər

Xəbər lenti

41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020
Tanınmış rejissorun kitabı ilk dəfə Azərbaycan dilində
16:11 26 Oktyabr 2020
Gilasdan da yeyin, cənab Makron – Sərdar Amin yazır...
15:30 26 Oktyabr 2020
Maestro Ceyhun: “Köçüb Qubadlıda yaşayacam”
14:37 26 Oktyabr 2020
“Qızım orduya yazılıb” - Qubadlı yazarları qələbə sevincini bölüşür
13:50 26 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:12 26 Oktyabr 2020
Bayrağımız Xankəndidə yellənsin! - Əjdər Oldan Qarabağ şeirləri
12:29 26 Oktyabr 2020
Müharibə dövrünün Facebook meymunları – Fəridə yazır...
11:30 26 Oktyabr 2020
Qubadlı üçün ən gözəl qayıdış şeiri - Mətn
11:12 26 Oktyabr 2020
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
10:30 26 Oktyabr 2020
Bakıda özbək şairinin kitabı çap olundu
10:08 26 Oktyabr 2020
Almas İldırımın oğlu: “Atamın məzarını dağıdıb üstündən yol çəkdilər” – Müsahibə
08:59 26 Oktyabr 2020
Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları
12:21 24 Oktyabr 2020