Şairin ürəyinin kardioqramı

Şairin ürəyinin kardioqramı
1 noyabr 2013
# 15:32

Əyyub Sabiroğlunu uzun illərdi tanıyıram. O, inşaat sahəsində çalışsa da sözə bir köynək yaxın adamdı. Çörəyi sözdən çıxmasa da ürəyi həmişə sözün yanındadı.

İndi təmiz, halal kişilər çox azdı. Əvvəl istədim yazam ki, Əyyub müəllim köhnə kişilərdəndi. Amma düşündüm ki, kişinin köhnəsi, təzəsi olmur, eləcə kişi olur, vəssalam! Əyyub müəllimin dili ilə ürəyi birdi, ürəyindən keçəni bəzən dilinə gətirməsə də onu baxışlarından oxumaq olur. O da oxumağı bacaran ola!

Əyyub müəllimlə arada vaxt tapıb ayaqüstü görüşəndə söhbətlərimiz qısa olur, amma bu qısa söhbətlərin sanbalı, çəkisi həmişə ağır olur. O, həmişə iş başında, tikinti meydançalarında olsa da vaxt tapıb müxtəlif ədəbi nəslə mənsub olan yazarların yazılarını oxuyur, izləyir. Çox dəqiq və obyektiv mülahizələri var. Ədəbi mühitdən uzaq olsa da ədəbi mühitin nəbzini tutmağı bacarır.

Əyyub müəllimin bir vaxtlar güzarı tez-tez Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi “Pərvanə” ədəbi məclisinə düşürdü. Bilirdim ki, özü də yaradıcılıqla məşğul olur. Dəfələrlə söhbət əsnasında ondan şeirlərini çap üçün istəsəm də hər dəfə söhbəti başqa səmtə yönəldirdi.

Növbəti görüşlərimizin birində Əyyub müəllim şeirlərindən ibarət “Şəfəq dolu bir nəğmə” kitabını mənə bağışladı. Yolda kitabı vərəqlədim. Oxuduqca qulağıma müəllifin səsi gəldi:

Hardasa atılan güllənin səsi,

Mənim ürəyimi yaralar keçər.

Dilsiz bir körpənin acı naləsi,

Gecənin qoynunu paralar keçər.

Əyyub müəllim deyir ki:

Çıxan əziz canımdısa,

Axan qızıl qanımdısa,

Düşmən dostdan yaxındısa,

Yaşamağa dəyərmi heç?

Əyyub Sabiroğlunun sözlərinin izinə düşüb gedəndə görürsən ki, dünya elə yaşamalı dünyadı. Sadəcə, hər bir söz adamının dünyadan küsdüyü məqamlar olur, onda qələm şikayətnamə üstündə köklənir. Amma vallah, billah, yaşamağa dəyər!.. Onsuz da bu dünya düzələn deyil. Hüseyn Arif əbəs deməyib: “Bu dünya düzəlsə, dədəmə lənət!”. Məmməd Araz də gileyli-gileyli deyirdi: “Dünya düzəlmir ki, düzəlmir, baba...” Amma mən bu yerdə Məmməd İsmayılın sözünün tərəfindəyəm: “Hələ yaşamağa dəyər bir az da”.

Hardasa “düşmən dostdan yaxındısa”, buna görə təəssüflənməyə dəyməz. Çünki “dünya başdan başa təzaddı, təzad”. Bunu da Əyyub müəllim yazıb. Onun şeirlərini oxuduqca çeynənmiş həqiqətlərin basırığında boğulan sözün nəfəs dərdiyini gördüm, bərbəzəkdən uzaq, sadə, mütəvazi, təbiətin özü qədər saf, zərif duyğular sözlərin sıralanmasında sanki dincəlir.

Sözümün əvvəlində dedim, Əyyub müəllimin bir ayağı inşaat meydançasında, bir ayağı isə söz meydanındadır. Amma bu meydanda iddiası yeri-göyü dağıdanların yox, göyü yerə “yaxınlaşdıran”ların cərgəsində, sözə dayaq duranların sırasındadır. Onun şairlik iddiası yoxdur. Amma bu yaşa qədər uşaq saflığını qoruyub saxlaya bilən adamın içində bir sarı sim var ki, hərdən-hərdən o sarı simi dilləndirməsə, rahatlıq tapa bilmir.

Bu əl boyda kitab onun ürəyinin kardioqramıdır.

Bir insanın ürəyini kitab kimi oxumaqdan gözəl nə ola bilər?!

# 1172 dəfə oxunub

Oxşar xəbərlər

# # #