Homoseksuallıq: Xəstəlik yoxsa həyat tərzi? - ARAŞDIRMA

Homoseksuallıq: Xəstəlik yoxsa həyat tərzi? - ARAŞDIRMA
30 oktyabr 2013
# 09:00

Onlara münasibət birmənalı deyil. Kimi bunu açıq şəkildə etiraf edir, kimisi isə gizlədir. İstənilən halda homoseksuallıq çoxluğun qəbul etmədiyi və sərt ictimai qınağa tuş gələn haldır. Yeni mövzu olmasa da, ərafında müxtəlif fikirlərin dolaşdığı və yekdil nəticəyə gələ bilmədiyimiz məsələdir. Homoseksuallığın səbəbi, tibbi və psixoloji, eləcə də hüquqi tərəfləri barədə danışacağıq. Lakin öncə haqqında araşdırma apardığımız homoseksualın özü ilə yaxından tanış olmaq istədik. Birinin əxlaqsız, digərinin isə xəstə kimi qəbul etdiyi gey özü haqqında nə düşünür?

“Homoseksual olsam da, tövbə edib ailə qurmaq istəyərəm”


Suallarımıza cavab tapmaq məqsədilə axtardığımız “O”nu tapmaq çətin olmadı. Müsahibə üçün də asanlıqla razılaşdı. Təyin etdiyimiz saatda iş yerinin qarşısında görüşdük. Söhbətə elə özü başladı: “Homoseksuallıq xəstəlikdir. Mən bu cür doğulmuşam. Hisslərimlə bacara bilmirəm. Dəfələrlə özəl klinikalara müalicə üçün müraciət etdim. Amma faydası olmadı. İçdiyim dərmanların məndə halsızlıq yaradırdı, işləyə bilmirdim. Gördüm ki, xeyri yoxdur, müalicəni saxladım. Belə olmağı mən də istəməzdim. Bilirəm ki, bu yolun sonu yoxdur. Bir gün tövbə edib ailə qurmağı düşünürəm”.

Baxışlarını yerdən qaldırmadan etdiyi etiraflarında qəribə bir həya da hiss olunurdu. “O”nun 24 yaşı var. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Lakin ixtisası üzrə çalışmır. Hazırda qadın salonlarının birində stilist kimi fəaliyyət göstərir. Adını və soyadını yazmağıma etiraz etməsə də, bir gün tövbə edəcəyini dediyi üçün kimliyini yazıda qeyd etmədim. İstəmədim gələcək həyatında bu etirafı qarşısına maneə kimi çıxsın. Hətta bir dəfə tövbəyə çox yaxınlaşdığını da dedi:

- Qonşuluqda bir qız yaşayırdı. Ona vurulmuşdum. Hətta fikirləşirdim ki, mənimlə ailə qurmağa razılaşsa, homoseksuallığa tövbə edib yeni həyata başlayacağam.


- Bəs qız razı olmadı?

- Mən ona yaxınlaşıb bir kəlmə də söz deyə bilmədim. Çox qorxurdum ki, danışığımdan, hərəkətlərimdən homoseksual olduğumu hiss edər. Beləcə məsələ bağlandı. Anam da homoseksual olduğumu bilir. Çox anlayışlı və savadlı qadındır. Məni xəstə kimi qəbul edir. Bu barədə açıq danışmasa da, örtülü şəkildə deyir ki, belə insanların sonu küçədir. Hər kəsə ailə qurmaq lazımdır. Qarşıma yenə də elə bir qız çıxsa, tövbə edib evlənməyi çox istəyərəm. Ən çox da övlad sahibi olmağı arzulayıram.

- Ailə quracağınız qıza homoseksual olduğunuzu etiraf edəcəksiniz?

- Əsla yox. İstəmərəm ki, bilsin. Bu həyatın doğru olmadığını bilirəm. Özümlə çox mübarizə apardım. Uşaqlıqdan məndə homoseksuallığın əlamətləri vardı. İlk dəfə 5-ci sinifdə oxuyanda bir oğlanla cinsi əlaqədə oldum. Böyüdükcə həmcinslərimə meylim daha da artırdı. Bir qıza yaxınlaşıb tanış olmağa çəkinirəm. Amma istənilən oğlanın diqqətini cəlb edə və asanlıqla tanış ola bilərəm. Homoseksuallıq bizi qadınlığa yaxınlaşdırır. Bir qadın kimi hiss edir və düşünürük. Harasa bəzənib gedəndə oradakı oğlanların diqqətini cəlb edirik. Hətta yanlarındakı qızlar buna görə bizə qısqanır, özlərinə rəqib görürlər (gülür).

- Müsəlmansınız. İslama görə bu...

- (Sözümü tez kəsir) Günahdır. “Quran”da oxumuşam. Uşaq vaxtı mədrəsəyə gedir, namaz qılırdım. Homoseksuallığın dinimizə görə günah olduğunu biləndə namazı saxladım (təəssüflənir).

- İctimai münasibətdə daha çox nədən narazısınız?

- Bizim cəmiyyətdə homoseksuallar qəbul edilmirlər. Mən hüquqşünasam. Amma həmin sahədə işləyə bilmərəm. Çünki heç kim məni ciddi qəbul etməyəcək. Bizə görə, homoseksual küçədə müştərisini gözləyən fahişə deməkdir. Halbuki bu, xəstəlikdir. Homoseksuallar da digər insanlar kimidirlər. İçlərində əxlaqsız olanları və olmayanları var. Amma insanlarımız bunu qəbul etmək istəmir. Bizə qarşı ictimai münasibət çox mənfidir. Mənimlə yaxınlıq edən bir kişi vardı. Ailəsinin yanında elə pis münasibət göstərirdi ki, sanki keçən gecə yatağımdan çıxan bu deyildi. Yaxınlıq etdiyim kişini həqiqətən sevirəm. Sevdiyim üçün onunla oluram. Amma sevdiklərim etibarsız çıxır və eyni cür qarşılıq vermir. Bir oğlanla 7 il bir yerdə oldum. Ayrılandan sonra başqa bir oğlanı da çox sevdim. Narkoman idi, yanımda iynə də vururdu. Amma çox sevdiyim üçün dözüb onunla birgə yaşayırdım. Bir ildən sonra o da etibarsız çıxdı.

- Niyə homoseksual deyən kimi uzun dırnaqlı, qaşları tatu, mini yubkalı, müştərisini gözləyən obraz yada düşür?

- Bu, Azərbaycanda belədir. Görürsünüz ki, mən elə deyiləm. Nə dodağım silikondur, nə dırnaqlarım boyalıdır, nə də qaşlarımı almamışam. Oğlanlara xas görünüşüm və geyimim var. Heç bəzən mənim homoseksual olduğumu hiss etmirlər. Mənimlə yaxınlıq edən kişilərin də yanaşması fərqlidir. Xaricdə yaşayanlar məni bu cür görünüşlə də qəbul edirlər. Amma səviyyəsiz kişilər qadın kimi görünməyimi, uzun saç saxlamağımı istəyirlər. Xaricdə homoseksualların həyatı daha rahatdır.

- Siz də xaricdə yaşamaq istəyərdiniz?

- Yox. Xaricdə yaşasam, xəstəliyim şiddətlənə bilər. Orada tam sərbəstlikdir, bəlkə də mən də dediyiniz obraza düşərəm. Amma bizim cəmiyyətimizdə homoseksuallara münasibət çox sərtdir, güclü qınaq var. Ona görə də özümü tənzimləyə çalışır, xəstəliyimin artmasının qarşısını ala bilirəm. Dediyim kimi, mən bu cür doğulmuşam. Amma normal kişi doğulub sonradan belə olanlar da var. Onlar bizdən fərqlənirlər. Məsələn, mən bir ay da kişi ilə yaxınlıq etməsəm dayanıram. Amma sonradan gey olanlar bir gün də dözə bilmirlər. Mənim güclü iradəm var. Tövbə edə biləcəyimə də inanıram. Yaxşı olar ki, tövbəyə hazır olan mavilər evlənsin. Bizdə elə geylər var ki, ailələri bilə-bilə məcburi evləndirirlər. Belə olan halda həmin mavi deyil, evləndiyi qız daha çox əzab çəkir və bədbəxt olur.

Seksopatoloq: “Homoseksuallıq psixoloji xəstəlikdir”

Onunla söhbətimiz salon bağlanana qədər davam etdi. Bu onun etirafları və düşündükləri idi.

Məsələ ilə bağlı həkim-seksopatoloq Vüqar Allahverdiyevə də müraciət etdik. O, homoseksuallığı psixoloji xəstəlik adlandırdı: “Psixoloji faktorlardan, qidalanmadan, həyat tərzindən asılı olaraq hormonlar dəyişə bilir. Qadınlarda kişi, kişilərdə isə qadın hormonları olur. Geylərdə qadın hormonları üstünlük təşkil edir və feminizasiya prosesi baş verir. Bu, psixoloji problem olduğu üçün onların müalicəsi ilə psixoloqlar məşğul olur. Müalicə prosesində qadın hormonlarını artıran faktorlar müəyyən edilib aradan qaldırılmalıdır. Bununla da insanda hormonal artışı tənzimləmək olar. Homoseksuallıq anadangəlmə və sonradan qazanılmış olur. Fikrimcə, bu, həm xəstəlikdir, həm də əxlaqsızlıq”.

Psixoterapevt: “Homoseksuallıq çox asanlıqla düzələ bilən haldır”

Homoseksuallığın nə dərəcədə psixoloji xəstəlik olduğunu öyrənmək üçün psixoterapevt Elmir Əkbərin də fikirlərini öyrəndik. O bildirdi ki, bir sıra tanınmış alimlər bu halı patologiya kimi qiymətləndiriblər: “Alimlərin gəldiyi nəticəyə görə, bu münasibətlərdə sevgi deyil, sadəcə quru ehtiras, primitiv şəhvət var. Mən şəxsən həmin insanlara yox, həmin davranışa qiymət verməyə çalışıram. Bu, bəşəriyyətin inkişafına, artımına aparan davranış deyil. Qətiyyən demirəm ki, bu insanları orta əsr Avropasında olduğu kimi yandırmaq, öldürmək lazımdır. Lakin bu hal təbliğ olunmamalıdır. Onların psixoloqların, psixoterapevtlərin konsultasiyalarına ehtiyacı var. Mən bioloqların, fizioloqların, psixoanalitiklərin fikri ilə razıyam ki, bu davranış tərzi təbiətdən gəlmir. Çünki təbii seksual instinkt şərti reflekslərdən biridir. Araşdırmalar göstərir ki, tam təbiətə, sırf instinktlərə uyğun yaşayan toplumlarda homoseksualizmə rast gəlinmir. Bu, davranış psixologiyasına aiddir. Odur ki, homoseksuallıq çox asanlıqla korreksiya olunan, düzələ bilən haldır. Hər bir kəs düzgün konsultasiya keçib bu davranışını dəyişə bilər. Bu mümkündür. Çünki homoseksuallıq insanın təbii instinktindən irəli gəlmir. Heç kim homoseksual doğulmur, bu sonradan yaranmış meyldir və dəyişə bilər. Bunun üçün də insanlara uşaqlıqdan düzgün istiqamət vermək və lazımi diqqət göstərmək lazımdır. Məsələn, ata oğlu ilə o qədər səmimi olmalıdır ki, oğlan özünü atası ilə assosiasiya etsin”.

Stilist: “Homoseksuallıq sevgidən doğan haldır”

Stilist Samir Əliyev isə mövzuya fərqli münasibət bildirdi. Onun fikrincə, bu, sevgidən doğan haldır: “Həyatda insanlar müxtəlif olur. Bu sevgidir. Kimi qız, kimisi isə oğlan sevir. Burada nə xəstəlik və ya əxlaqsızlıq ola bilər? Homoseksuallıq sevgidən irəli gəlir. Geylər qız da sevə bilər, oğlan da. Bu hal tək insanlarda deyil, heyvanlarda da olur. Onu deyə bilərəm ki, dünyada istər dost, istərsə də rəfiqə kimi ən yaxşı insanlar mavilərdir”.


İlahiyyatçı: “İslama görə, homoseksuallıq əxlaqsızlıqdır və tövbəsi var”

Bu məsələ ilə bağlı islamın mövqeyi isə birmənalıdır. İlahiyyat elmləri üzrə fəlsəfə doktoru, ilahiyyatçı Samirə Həsənova homoseksuallığın islama görə zina kimi həyasızlıq və əxlaqsızlıq hökmündə olduğunu söylədi: ““Qurani-Kərim”in “Ənkəbut” surəsində homoseksuallıq iyrənc bir əməl olaraq adlandırılıb. Başqa bir surədə isə belə buyurulub: “Siz Rəbbiniz sizin üçün yaratdığı qadınlarınızı buraxıb kişilərlə yaxınlıq edirsiniz? Siz həqiqətən həddi aşmış, sapmış bir camaatsınız”. Homoseksuallığın əxlaqa zidd və çirkin bir əməl olduğunu açıqlayan və bu əməlin qarşılığında cəzanın olacağını ifadə edən “Qurani-Kərim” doğru yola gəlməyə dəvət edir. Dinimizə görə, homoseksuallıq əxlaqsızlıqdır. Bu müqəddəs kitabımızla sabitdir. Allah insanı ən gözəl şəkildə yaradıb, hər cinsə özünəməxsus orqan və xüsusiyyət verib. Bəzi insanlarda anadangəlmə genetik pozuntu olur. Onlar həm kişi, həm də qadın cinsiyyət üzvü ilə doğulurlar. Peyğəmbərimiz deyib ki, bu halda insan hansı orqanla kiçik tualetə gedirsə, o, əsl orqanıdır və həmin orqandan istifadə etməlidir. Əks halda əxlaqsızlıqdır”.

S. Həsənovadan bu əmələ görə tövbə niyyətini də soruşduq. O bildirdi ki, Allahın tövbə qapısı hər zaman açıqdır: “Homoseksual da tövbə edə bilər. Allah bağışlayan və mərhəmətlidir. Yetər ki, bəndə günahını qəbul edib, onun peşmanlığı ilə Rəbbinə dönsün”.

# 8946 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #