news-inner
clock15:47 calendar-gray 29 Oktyabr 2013 view-gray1492 dəfə oxunub
view-gray1492 dəfə oxunub

Sovet hökumətinə etiraz olaraq saçlarını uzadan qazi

Azad Qaradərəli yazır

Şərq dünyası o çağacan bir Bəhlul tanıyırdı. Neçə yüz illər bundan əvvəl xəlifə qardaşına və nadanlıq rəmzi sayılan saray xadimlərinə meydan oxuyan laübali Bəhlul Danəndə! «Bəhlul» kəlməsi «dərrakəli», «ayıq-sayıq» mənalarını versə də, onun ikinci mənası da vardı: «təlxək», «oyunbaz». Bəli, elə qardaşı xəlifə Harun-ər-Rəşid də içində olmaqla hamı onlara sərf etməyən sözlər danışanda ona Bəhlul Divanə deyərdilər.

Bəhlulun lətifələrində bu aydın görünür.

XX əsr Şərq dünyasına ikinci Bəhlulu verdi. Bizim yazımızın qəhrəmanı Bəhlul Behcəti.

***

Bəhlul Behcət – Əfəndiyev Bəhlul Mustafa oğlu 1868-ci ildə Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Dondarlı kəndində dünyaya göz açıb. İlk təhsilini atası Mustafa Əfəndidən alıb. Sonra Nuxa şəhərində mədrəsə təhsilini tamamlayır və atasının məsləhəti ilə bir zamanlar babalarının baş götürüb gəldiyi doğma İstanbula yollanır. Burada ali ruhani təhsili alır, eyni zamanda İstanbulun elitası, dini rəhbərləri və siyasi qüvvələri ilə yaxından tanış olur. Arada vaxt tapıb Şama, Təbrizə gedir, dünyagörüşünü artırır. Bəhlul Əfəndi təkcə din xadimi kimi deyil, dünyəvi elmlərdən də baş çıxaran bir ziyalı kimi yetişirdi.

Təhsilini başa vurub Vətənə qayıdanda artıq o, yetkin bir ziyalı idi. Bəhlul Əfəndi tarixi mükəmməl bilirdi. Onun xəbəri var idi ki, sünni-şiə problemi müsəlmanlardan çox, onların düşmənləri tərəfindən hazırlanıb, ortaya atılıb. O, İmam Cəfəri Sadiqin islamda atdığı mütərəqqi addımlardan xəbərdar idi və böyük bir qəzanın qazısı – dini işlər üzrə hakimi olan Bəhlul Əfəndi Şərqin və türk dünyasının böyük fatehi Nadir Şah Əfşarın sünni-şiə məsələsini çox böyük şücaətlə həll etmək istəyində olduğun da bilirdi.

Babam Məmmədqulu xatırlayırdı: «Mirzə Əsədullah deyirdi ki, şiə mollaları, seyidlər Bəhlul Əfəndinin verdiyi fitvanı – «sünnü-şiyə» məsələsinin qadağan edilməsini müqavimətlə qarşılayırlar. İşi belə görən Bəhlul Əfəndi onları Gorusa – qəza qazısının idarəsinə çağırır. Şiə mollaları və seyidlər ərz edirlər ki, səni bir şərtlə qəbul edirik: gərək bir möcüzə göstərəsən!

Bəhlul Əfəndi onlara etiraz edərək bildirir ki, doğan və doğulan şəxsin möcüzə göstərmək və möcüzəyə aludəçiliyi bir mövhumu işdir. Hətta Məhəmməd Peyğəmbərin belə nadir halda möcüzə göstərdiyini (məsələn, «Şəqqül-qəmər») də misal gətirərək möcüzənin yalnız Allaha aid iş olduğunu bildirir. Amma iddiaçılar əl çəkmirlər. Nəhayət, Bəhlul Əfəndi əlacsız qalıb, özündə olan, lakin nadir hallarda qullandığı sirdən istifadə edir.

Belə ki, hamını bayıra çıxardır, tək gənc bir seyiddən başqa. Həmin seyidin bir ayağı şikəst imiş. Bəhlul Əfəndi əlini seyidin şikəst ayağının üstünə qoyur, ona özündə olan hikmət vasitəsi ilə həyat verir. Təxminən bir saat sonra üzünü şikəst seyidə tutub deyir: «Dur, çəliyi at yerə, get dostlarını çağır».

Seyid ayağa qalxır, qışqıra-qışqıra çölə çıxıb deyir:

- Qardaşlar, gedin atamdan muştuluq alın, Bəhlul Əfəndi mənə nicat verdi, indi ayağım oldu sappasağ».

Beləcə, Bəhlul Əfəndi özündə olan biotokların köməyi ilə fitvasını qəbul etdirə bilir.

Atası Mustafa Əfəndini, qayınatası Hacı Qasım Çələbini belə inandıran Bəhlul Əfəndi Baharlıdan axund Molla Ağanın da bu xüsusda fitva verməsinə nail oldu. Beləcə, bu gənc üləma əslində uzun illər camaata İslam yerinə xurafatın təşviq edildiyini anlayaraq xurafatla açıq mübarizəyə başladı.

Müstəqil dövlətimiz qurulandan sonra onun Zəngəzurdakı dayağı məhz Bəhlul Behcət olur. Oğlu Mustafa xatırlayır:

«Müsavat dövründə Zəngəzurda bütün hökumət işlərinə babam (yəni atam – A.Q,) rəhbərlik edirdi. Məmmədəmin rəhmətliynən şəxsi münasibətləri vardı. Tez-tez bir-birinin yanına adamları gedib-gəlirdi. O vaxt Türkiyədən, İrandan babamın çoxlu qonaqları olardı».

***

Sovet hökuməti gənc respublikanı məhv etdikdən sonra bolşeviklərə arxalanan erməni daşnakları silaha sarılaraq Azərbaycan kəndlərini yandırır, qadınlara, uşaqlara belə divan tutmaqdan çəkinmirdilər.

Bəhlul Əfəndi bu məlumatlardan xəbərdar idi. Ona görə də hələ I erməni-müsəlman davası zamanında və sonralar bu gənc ziyalı bütün Zəngəzur əhalisi içərisində təbliğat aparır, bölgənin sanballı adamlarla – Sultan bəy, Qaçaq Fərzalı, Hacı Qasım Çələbi, Xosrov Sultanov və digərləri ilə yazışır, görüşür və erməni qətliamını önləmək üçün tədbir tökürdü. Nəticədə, başına böyük bir silahlı dəstə toplaya bilən Bəhlul Əfəndinin sadiq müridlərdən ibarət din ordusu formalaşırdı. Bir mürşid səviyyəsinə yüksələn Bəhlul Əfəndi ilə atası Mustafa Əfəndi və qayınatası Hacı Qasım Çələbi də hesablaşmaq məcburiyyətində qaldılar.

Rus bolşevikləri və yerli satqınlar Bəhlul Əfəndini nə vasitə ilə olursa-olsun aradan götürmək istəyirdilər.

Dünənə qədər Bəhlul Əfəndinin qazı olduğu qəza mərkəzi Gorusda indi ermənilər at oynadırdılar. Nəinki Gorus, Sisyan, Kafan, Megri rayonları da ermənilərə peşkəş edilmişdi.

Müstəqil hökumətin təzyiq altında İrəvanı və bütün Qərbi Azərbaycanı ermənilərə güzəştə getməsi bu daşnak tör-töküntüsünün dişində şirə kimi qalmışdı. Bolşevik arxalarına güvənərək Azərbaycanın igid oğullarını, ziyalılarını, bir sözlə, bütün genefondunu məhv etməyi planlaşdırırdılar.

Bıçaq sümüyə dayanmışdı. Bəhlul Əfəndi düz iki il bolşevik-daşnak birləşmələrinin törətdikləri əməllərə dözə bildi. Yazı masasının arxasına keçərək bir qazı kimi Zəngəzur camaatına öz əli ilə yazdığı müraciətində düşmənlərə qarşı açıq mübarizəyə çağırırdı.

Müraciət bu sözlərlə bitirdi: «Ya qazi, ya şəhid olaq!»

Nəzər Heydərov yazır ki, Bəhlul Behcətin 400-dən artıq yaxşı silahlanmış dəstəsi vardı. Sovet hökumətinə qarşı çıxışlar edən bu dəstəyə qaçaqlar da qoşulurdu. Onların silah-sursatını Bəhlul Əfəndi verirdi. Nəhayət, 1922-ci ilin payızından başlayaraq Bəhlul Əfəndinin dəstələri açıq fəaliyyətə keçdilər. Mərkəz Xanlığa yaxın kəndlər – Dağtumas, Sirik, Qazanzəmi, Maşanlı, Çaytumas, Əfəndilər, Usubbəyli kəndləri tam onun adamlarının nəzarətində idi.

Əslində Bəhlul Əfəndinin Sovet hökumətinə qarşı açıq fəaliyyətə keçməsi də səbəbsiz deyildi. Sovet hökumətinin cəza dəstələri məhz həmin ilin payızında Əliyanlı əməliyyatı keçirirdilər. Bölgənin ziyalıları, tanınmış mülk sahibləri məhv edilirdi. Özü də bu mesaj Mikoyan, Şaumyan, Akopyan, Abramyan kimi daşnaklardan gəlirdi. Nəhayət, bu kommunist-daşnak avantürasına son vermək üçün Bəhlul Əfəndi özünün çevik dəstələrinin qısamüddətli əməliyyatı nəticəsində demək olar ki, Xanlıq da daxil olmaqla bölgədə Sovet hökumətini devirdi.

Bakıdan bolşeviklərin köməyə gəlməsini gözləyən yerli satqınlar çaşqın vəziyyətdə qalmışdılar. Nəzər Heydərov yazır ki, yerli bolşeviklər qaçıb Gorusa gedərək oranın daşnak-bolşevik rəisləri – Ter-Ayrapetyan, Nikolay Konstanyan, Avanes Akopyan, Aşot Abramyanlardan kömək istəyirlər. Beləcə, Gorusda qəza icraiyyə komitəsinin sədri Baqrat Aryutyunyanın rəhbərliyi ilə müşavirə keçirilir və erməni-daşnak dəstələri ilə birləşən Azərbaycan bolşevikləri Bəhlul Əfəndinin dəstəsinin üstünə yeriyir.

Karyaqin (indiki Füzuli) sərhəd qoşunlarının süvari polkundan bir eskadron əsgər də Bəhlul Behcətin vətənpərvərlərini məhv etmək üçün əməliyyata başladılar. Qeyri-bərabər döyüşdə Bəhlul Əfəndinin döyüşçüləri şücaətlə vuruşurdular. Amma tezliklə xəbər gəldi ki, cəza dəstələri keçdikləri kəndlərdə dinc sakinlərə divan tutur, qırğınlar, talanlar törədirdilər. Böyük humanist olan Bəhlul Əfəndi dəstəsinə Araza doğru çəkilmək əmri verdi. Axşama yaxın üsyançılar Xudafərini keçmişdilər. Düz bir il Cənubi Azərbaycanda yaşamaq məcburiyyətində qalan Bəhlul Əfəndi burada da boş dayanmır. «Məhəmməd Peyğəmbərin ailəsinin tarixi» əsərini çap etdirir. Hətta burda jurnal buraxdığı və «Qarabağnamə” adlı əsər yazdığı da deyilir. Lakin vətən, yurd həsrətinə dözməyən bu vətənpərvər ziyalı 1923-cü ilin payızında geri qayıdır və həbs olunaraq on il azadlıqdan məhrum edilir.

***

Bəhlul Əfəndinin əzablı 10 illik həbs və sürgün həyatı başlayır

Əzablı həbs və sürgün həyatını başa vurduqdan sonra Stalinə müraciət edir və bildirir ki, mən cəzamı çəkmişəm. Mənim Vətənə qayıdıb işləməyimə yardım edin.

Stalin M.C.Bağırova tapşırır və Bağırov Bəhlul Əfəndiyə yataqxanada yer, Azərnəşrdə korrektor işi verir.

***

Hüseyn Cavid, Hənəfi Zeynallı, Salman Mümtaz, Əmin Abid, Əliağa Vahid, Əhməd Cavad, Mikayıl Müşfiqlə dostluq edən Bəhlul Əfəndinin yaradıcılığının II dövrü başlayır. Nəbatinin əsərlərini toplayıb nəşr etdirir. Sarı Aşığın bayatılarını, «Qaçaq Nəbi» dastanını toplayır və nəşrə hazırlayır. Firdovsinin «Şahnamə»sini Əmin Abidlə birlikdə tərcümə edir. «Nizami və folklor mövzusunda əsər yazır.

Sual olunur: niyə məhz «Qaçaq Nəbi» dastanını toplayıb? Niyə məhz Sarı Aşığın bayatılarını?

Cavab sadədir: silahla imperiyaya qalib gələ bilməyən böyük ziyalı bu dəfə qələmə sarılır. Qaçaq Nəbinin hədəfi əsasən çar çinovnikləri və onların yerli nökərləri deyildimi? Qaçaq Nəbinin və silahdaşlarının qəhrəmanlıqlarını yada salmaqla o, sanki soydaşlarını qəflət yuxusundan oyanmağa, düşmənə boyun əyməməyə çağırırdı.

O ki qaldı Sarı Aşığa, bunun da iki səbəbi vardı. Biri o idi ki, Bəhlul Əfəndi də Sarı Aşıq kimi, Qaraman boyundan idi. Orta Asiyadan Əfqanstana, Hindistana, Anadoluya, Qafqaza yayılan Qaraman türkləri həm döyüşkənliyi, həm də elmli, bilikli olmaları ilə həmişə seçiliblər. Bəhlul Əfəndinin tədqiqatından bəlli olur ki, «Qaraman oğulları», yaxud «Qaraman bəylərbəyiliyi» adlanan, mərkəzi Konya şəhəri olan bu dövləti Osmanlı imperiyası məhv etdikdən sonra Qaramanlar – bu üsyankar türklər müxtəlif yerlərə səpələnirlər. Bəhlul Əfəndi yazır: «Osmanlı dövləti ixtiyarında olan Anadolu əyalətlərində olan vəziyyət ilə əlaqədar olaraq oradakı müəyyən cərəyanlara mənsub olan təriqətçilər öz yurdlarını tərk edib başqa yerlərə hicrət edirlərdi. Belə hicrət edənlərdən bir dəstədə də bizim tərcümeyi-halını yazmaq istədiyimiz bayatı şairi Sarıca Nəbi gəlirdi.”

Aşiq Qaramanlıdır,

Xalın Qaramanlıdır,

Yarın soyuq üzündən

Yenə qar amanlıdır.

***

Bəhlul Əfəndini gözü götürməyənlər get-gedə çoxalırdı. «Korrektor» akademik kimi yazıb- yaradır. Özü də yazısında elə həmən Bəhlul Əfəndidi ki, var. Tək bircə şey dəyişib. Bəhlul Əfəndi əyin-başına saç-saqqalına heç fikir vermir. Üz-başını tük basıb. Anasının əmcəyini kəsənin biri soruşur:

- Bəhlul Əfəndi, üzünə-başına niyə qulluq eləmirsən?

Bəhlul Əfəndi sövq-təbii deyir:

- Bu baş düşmənə xidmət edir, mən bu başa qulluq edə bilmərəm…

Və həmin gün bu aforizm kimi deyim yerinə çatdırılır. Bu gözəl qələm sahibini, nəcib üləmanı və qorxmaz qazini yenidən həbs edib güllələyirlər.

Şöbənin əməkdaşı Məmmədov 824 №-li orderlə Bəhlul Əfəndinin evində axtarış aparıb. Protokolda göstərilir ki, evdən 16 müxtəlif kitab, 4 qovluq müxtəlif əlyazması, 3 ədəd fotoşəkil, bir çamadan müsadirə olunmuş kitab və əlyazmalar tapılıb. Həmin əmanətlər qonşusu olam bir rusa verilir. Göründüyü kimi bu böyük insanın vəzncə yüngül, məzmunca ağır olan əmlakı, daha doğrusu əlyazmaları yad millətdən olanları ixtiyarına buraxılıb. Görəsən o əlyazmaların içində indi itkin hesab olunan Əfəndinin «Qarabağnamə»si də var idimi?

Bir haşiyə

Səksəninci illərin ortaları idi. Qubadlının Dəmirçilər (Dondarlının qonşuluğundakı kənd) kəndinə gedirdik. Üç yaşlı qızım ətir şüşəsini sındırıb, bir parçasını udmuşdu. Həkimə apardıq, dedi, durmayın, qaçın Dəmirçilərə, Şəkil arvadın yanına!

Yarıkönül uşağı Kamran əminin köhnə QAZ-53 maşınında apardıq Dəmirçilərə. Yolüstü Mahruzludan ailə dostumuz Əli kişigilə döndük. O rəhmətlik bizi özünün «Jiquli»si ilə apardı Dəmirçilərə.

Adi bir kənd qadını olan Şəkil arvad uşağın ağzını açdı, iki barmağını qoşalayıb saldı ağzına və qiyyə çəkdi. «Ay nainsaflar, bu şüşüyü bu tifilə niyə vermisiniz?!» (Biz uşağın şüşə udduğunu deməmişdik).

Əli kişi yol boyu danışırdı:

«Müəllim, bu Dəmirçilər, Dondarlı başdan ayağa möcüzədi. Müharibədən qabaq (yəni 41-45-dən irəli) burda bir Bəhlul Əfəndi yaşayıb… Əşi, ayrı aləm olub e… And içirdilər ki, başdan ayağa sirr imiş… Həm elmli olub, həm qazıymış, həm də əlləri şəfalıymış».

***

Bəhlul Behcət sözün əsl mənasında intibah adamı idi. Dünya ədəbiyyatının, mədəniyyətinin, iqtisadiyyatının, siyasətinin ən mütərəqqi nümunələrini mənimsəyən, onları xalqının övladlarına da aşılamağa çalışan bu böyük insanı qanlı Sovet rejimi məhv etdi. Bəhlul Əfəndinin yaxşı tanıdığı, dostluq etdiyi şair Gültəkin o vaxt Türkiyədə nəşr olunan “Buzlu cəhənnəm” adlı şeirlər kitabında yazırdı:

Qaldıqca ruslarda diyarım mənim,

İntiqam olacaq şüarım mənim.

“İntiqam şüarı” o zamankı mütərəqqi ziyalıların çoxunun qəlbinə hakim kəsilmişdi-o cümlədən Bəhlul Behcətin də!

news-inner-user

15807 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020