news-inner
clock12:21 calendar-gray 23 Oktyabr 2013 view-gray1937 dəfə oxunub
view-gray1937 dəfə oxunub

İzmirli Məsih – Sabetay Sevi

XVII əsrin birinci yarısında yəhudilər çox böyük çətinliklərlə rastlaşır, təqib olunur və soyqırımı ilə üzləşirdilər. Həmin ərəfədə Polşada və Rusiyada yəhudilərə qarşı böyük qətliamlar törədilmiş, eyni zamanda dünyada antisemitizm meylləri güclənmişdi. Yəhudilər xilaskar, Məsih intizarında olduğu ərəfədə Osmanlı torpaqlarında – İzmirdə musəvi ailəsində bir oğlan uşağı dünyaya gəlir. Sonralar özünü Məsih elan bu oğlana ailəsi Şabbetay Zvi adını verir. Osmanlı mənbələrində Sabetay Sevi, Müqəddəs Məhəmməd Əfəndi adları ilə xatırlanan bu din adamı tarixdə önəmli bir mövqeyə sahib olub.

Sabetay Sevi 1 avqust 1626-cı ildə doğulub. Doğum tarixi yəhudi təqvimi ilə 5386-cı ilin Ab ayının 9-cu gününə uyğun gəlir. 9 Ab yəhudilər üçün çox önəmli günlərdən biri hesab olunur.

Məsələn yəhudi məbədləri 9 Ab günü romalılar tərəfindən dağıdılmışdı. Eyni zamanda yəhudilər onları xilas edəcək məsihin 9 Ab günü doğulacağına inanırdılar. Şənbə günü doğulması da xüsusi bir işarə kimi qəbul edilirdi. Yəhudilər şənbə gününə xüsusi önəm verirlər. Türklərin Sabetay şəklinə saldıqları Şabbetay adı da şənbə günü ilə əlaqəlidir.

22 yaşında Məsihlik iddiası

Qısa vaxt ərzində qəribə hərəkətləri və söhbətləri ilə seçilən Sabetay İzmirdəki yəhudilər arasında məşhurlaşmağa başlayır. Xüsusilə gənclər Sabetaya daha çox maraq göstərir, ondan Talmut elmini (gizli yəhudi təlimi) və mistizmi öyrənirdilər. Gənc olmasına baxmayaraq həmyaşıdları dəstə-dəstə onun ata evinə gəlir, ondan dərs alırdılar.

Erhan Afyoncu “Sabetay Sevinin saxta məsihliyi” kitabında yazır: “Dərslərdən sonra Sabetay və tələbələri sahilə enir, birlikdə yuyunurdular. Dəstə-dəstə İzmirdə dolaşır, qəribəlikləri və sirləri çözməyə çalışırdılar. Sabetay Sevi “ilham sahibi olan şəxsiyyət” kimi tanınırdı”.

22 yaşında məsihlik iddiasına düşən Sabetay bütün yəhudiləri xilas, onları yenidən İsrailə qaytarıb məbədlərini bərpa edəcəyinə inanırdı. Onun iddiaları yəhudiliyi iki yerə parçaladı. Sabetayın hər qitədə minlərlə müridi, ardıcılı yetişməyə başladı.

Talmutla bağlı bilgilərini baş xaxam Rav Eskapadan və Alba Torahdan almışdı. Elmə olan marağı və uğurlarını nəzərə alaraq ona çox erkən yaşında “xaxam” dini rütbəsi verilir. 15 yaşına qədər yəhudiliyin təməl prinsiplərini, “Tövrat”ı, öyrənən Sabetay Sevi 15 yaşından sonra “Kabbala” təlimi ilə məşğul olmağa başlayır. Mistik dünya görüşü və melanxolik bir şəxsiyyət olması ona əlavə üstünlüklər qazandırırdı. Ətrafındakılar onu sirli və kəramət sahibi bir adam kimi tanıyırdılar. Tərəfdarlarını heyrətləndirməyi bacarırdı. Tez-tez oruc tutur, həddindən çox yuyunur və tez-tez təkliyə çəkilirdi.

Məsih sürgündə

Sabetayın özünü Məsih elan etməsi yəhudi xaxamlarını narazı salır. Baş xaxam Rav Eskapa iki köməkçisi ilə birlikdə keçmiş tələbəsinin yanına gedir və onu fikrindən döndərməyə çalışır. Bütün bunlara baxmayaraq İzmirdə böyük tərəfdar toplayan Sabetay Sevi tərəfdarlarına özünün Məsih olduğunu qəbul etdirə bilmişdi. Mübahisələrin qızğın çağında qəribə bir hadisə baş verir; Sabetay Sevinin bədənindən ətrafa xoş qoxu yayılmağa başlayır. Bundan narahat olan və bunu fırıldaq hesab edən tərəfdarları onu bir həkimin yanına apardılar. Məsihin əlamətlərindən biri olan bu detal Sabetay tərəfdarlarını çox həvəsləndirdi və bunu bayram kimi qeyd etdilər. 23 yaşında yəhudilərə görə tələffüz edilməsi qadağan olan tanrının adlarından birini – “Yehova”nı dilə gətirdi. Baş xaxamlıq Sabetayın bu hərəkətindən narahat oldular və onu dini pozduğu üçün edam etməyə qərar verdilər. Lakin sonradan bu edam qərarı Osmanlı sarayına Sabetayla bağılı məlumat ötürülməsi və onun İzmirdən sürgün edilməsi ilə əvəzləndi.

İzmirdən uzaqlaşan Sabetay İstanbula üz tutur. 1650-ci ildə İstanbula gələn Sabetay burda Avraham Yəqini adlı bir yəhudi xaxamla tanış olur. Avrahamda “Mezamirli Süleymanın təfsiri” adlı Kabbala sənədləri var idi və bu sənədlər Sevinin Məsih olduğunu isbat edirdi. Sənədi əldə edən Sabetay onu özü ilə gəzdirməyə və Məsihliyinin isbatı kimi hamıya göstərməyə başlayır. Çox qədim olduğu iddia edilən sənəddə Sabetay Sevi adlı Məsihin doğulacağını xəbər verilirdi. Həm köhnə, həm də təzə sənədlərlə Sabetay Sevi İstanbulda yəhudilər arasında böyük şöhrət qazanır. Amma bu şöhrət də uzun sürmür. İzmirli xaxamlar istanbullu xaxamlara “Sevidən uzaq durun” mesajını göndərdikdən sonra Sevi Selanikə getməyə məcbur olur.

Selanikdə Məsihlik iddiasını bir müddət gizli saxlaya bilir. Evində qaldığı bir yəhudinin hörmətini qazandığı üçün ev sahibi onu öz qızı ilə evləndirir. Amma “Mən “Tövrat”la evliyəm” deyib, arvadı ilə cinsi əlaqəyə girməkdən boyun qaçıran Sevinin Məsihlik iddiası burda da meydana çıxır. Xaxamların qəti etirazı və onu sıxışdırmasına dözə bilmədiyi üçün əvvəlcə Afinaya, sonra İzmirə, ordan da İstanbula gedir. Amma İstanbulda xaxamlar ona şərait yaratmadığı üçün yenidən İzmirə qayıdır.

İzmirdə, İstanbulda, Selanikdə istədiyi diqqəti görə bilmədiyi üçün Fələstinə getməyə qərar verir. 1662-ci ildə bir neçə tərəfdarı ilə gəmiyə minən Sevi İskəndəriyyə limanından birbaşa Qahirəyə yollanır. 1663-cü ildə Nathan adlı bir gənc yəhudi ilə tanış olan Sabetayın həyatında önəmli yeniliklər baş verir. Nathan Sabetaydan da savadlı və istedadlı idi. O, müəllimi üçün 20 yaşlı “Məsihin müjdəçisi” rolunu oynayır. Qəzzalı Nathan İsrailin azad ediləcəyini, Sevinin qələbəsinin çox yaxında olduğunu car çəkir, tərəfdar toplayırdı. Nathan Kabbala təqviminə əsasən hesablamalar apararaq 1666-cı ili Qiyamət günü elan etdi.

“Qüdrət Qalası”nda dustaqlıq

Sabetay Qüdsə gələndə özünün Məsihlik iddiasında olduğunu gizlətmədi. Xaxamlar etiraz etsə də onun tərəfdarları gündən-günə artırdı. Misirə, İstanbula, İzmirə və dünyanın müxtəlif yerlərinə tərəfdarlarını göndərdi. Sinaqoqlarda oxunan duaları və bir çox dini mətnləri dəyişdirməyə cəhd etməsi onun vəziyyətini yenidən çətinləşdirdi. Təzyiqlərə dözməyən Sevi Qüdsdən Hələbə, 1665-ci ildə isə yenidən İzmirə gedir. Bir neçə il ərzində sabetayçılıq genişlənərək Amsterdam, Paris, London, Venesiya kimi böyük şəhərlərə yayılır. Sevi özünü “krallar kralı” hesab edirdi və dünyanı 38 krallığa bölüb yaxın adamlarını, qardaşlarını kral təyin etmişdi. O artıq Osmanlı imperiyasına qarşı çıxışlar edirdi və 1666-cı ildə İstanbula doğru səfərə başlayanda müridləri elə düşünürdü ki, o imperatorluğu IV Mehmetdən təhvil almağa gedir.

Yəhudilərin heç vaxt bu cür addım atacağına inanmayan Osmanlı sarayı, məsələni ciddiyə almırdı. Lakin İzmirli xaxamların saraya göndərdiyi məlumatlar vəzi Fazil Əhməd Paşanı hərəkətə keçirir. Sevinin gəmisi Çanaqqala boğazında saxlanılır. Sevi əl-ayağı zəncirli vəzirlin sədrliyində məhkəmə qarşısına çıxarılır. Girit səfəri öncəsi sakitliyi pozmamaq üçün Sevini Geliboluya dustaqxanaya göndərirlər.

Geliboluda Abydos qalasında dustaq həyatı yaşayan Sevinin tərəfdarları qısa müddət ərzində həbsxananı saraya çevirirlər. Dünyanın hər yanından gələn ipək parçalar, zinyət əşyaları və xalılar zindanı saraya çevirir. Sabetayçılar bu qalanı “Miqdal Oz” – “Qüdrət Qalası” adlandırır.

Məsih müsəlman olur

İzmirli yəhudilər Sabetayı dinlərini pozduğu üçün ölümə məhkum edirlər. Amma bu qərar icra olunmur və Osmanlı sarayına şikayət ünvanlayırlar. Əvvəlcə Osmanlı dövləti onu ciddiyə almasa da, yəhudi din adamlarının şikayətləri çoxaldıqca narahatlıq başlayır. Nəhayət ki, Sabetay həbs olunur və Ədrinədə IV Mehmetin qarşısına çıxarılır. Sabetay Sultandan onu Məsih kimi tanımasını və İsrail torpaqlarının ona verilməsini tələb edir.

Qarmaqarışıqlığı nizama salmaq üçün Fazil Əhməd Paşa Sabetayın İstanbula göndərilməsini tələb edir. Ədrinədə padşaha meydan oxumaqda günahlandırılan Sabetayı vəzir Mustafa Paşa, Şeyxülislam Minkarizadə Yəhya Əfəndi, padşahın imamı Vani Əfəndidən ibarət məhkəmə heyətinin qarşısına çıxarırlar. Padşah IV Mehmet məhkəməni pərdə arxasından izləyirdi. Sabetay türkcə bilmədiyi üçün yəhudidən dönmə həkimbaşı Həyatizadə Mustafa Fevzi Əfəndi tərcüməçilik edirdi. Məhkəmə Sabetaydan möcüzə göstərməsini istəyirdi. Bu təklifi eşidən Sabetay titrəməyə başlayır və möcüzə göstərməyinin mümkün olmadığı ortaya çıxır. Bunu görən Həyatizadə ona müsəlman olmağı təklif edir. Sabetay “Bu can bu bədəndə olduğu müddətcə” müsəlman olacağına and içir və kəlmeyi-şəhadət gətirir. Padşah ona 150 axça maaş təyin edir və Qapışıbaşı vəzifəsini verir.

Sabetayçılar Sevinin müsəlman olmasını belə izah edir: “Musa Fironların sarayında bir misirli kimi yaşamışdı. Sabetay da öz xalqını xilas etmək üçün müsəlman olmalı və bir türk kimi yaşamalı idi.” Sevinin özü isə belə açıqlama verir: “Tanrı məni İsmaili, yəni müsəlman etdi. Mən qardaşınız Qapıçıbaşı Məhəmmədəm. O əmr etdi. Mən itaət etdim”.

İslaholunmaz Məsih

Sabetay Sevinin müsəlman olması bütün yəhudi dünyasında şok effekti yaratdı. Xaxamlıq bunu sevinclə qarşıladı və müsəlman olduğu üçün onu dindən çıxmış elan etdi. Tərəfdarlarının böyük bir qismi onun Məsih olmadığına inandı və ortadoks yəhudi inancına qayıtdı. Təxminən 200 ailə isə onunla birlikdə islamı qəbul etdi. Bu hadisədən sonra onun tərəfdarlarını “avdeti”, “dönmə” adlandırmağa başladılar. 8 ilə yaxın sarayda qalan Sevi IV Mehmetin hörməti qazanır, sərbəst şəkildə Selanikə və İstanbula gedib-gəlir. Həmin dövrdə onun bir bektaşi təkkəsinə yaxın olduğunu deyirlər. Yəhudilər onun Kabbala ilə bektaşilikdən təsirlənərək öz düşüncə sistemini ortaya çıxardığını düşünürlər.

Sarayda hörmətli bir şəxsə çevrilməsi Sabetayı həvəsləndirir və yenidən öz dini ayinlərini icra etməyə başlayır. Hadisələrin üstü açıldıqdan sonra onu Qərbi Trakyaya sürgün qərarı çıxarılır. Sultana dil töküb yalvardıqdan sonra, sultan yenidən onu əfv edir. Amma vəzirin adamları onu təqib etməyə davam edir. Nəhayət Sevi tərəfdarları ilə bilikdə, Boğaziçində bir evdə ibranicə dua edərkən yaxalanır.

Fazil Əhməd Paşa əsəbiləşir və onun Albaniyaya sürgün edilməsinə qərar verir. Maaşı azaldılaraq Albaniyaya sürgün edilən Sabetay Sevinin ölümü də sirlidir. Dəfn olunduğu yer də məlum deyil.

Sirli həyat yaşayan Sevi ailəsi tərəfindən 2-3 dəfə evləndirilib. Birinci evliliyində arvadı ilə cinsi əlaqədən imtina edən Sevini ailəsi yenidən evləndirir. Sevi bu dəfə də cinsi əlaqədən imtina edir. Daha sonra Polşada yəhudi qətliamından sağ çıxan Sara adlı bir yetim qızla evlənir. Bu evlilik onun təriqətinə xeyli sayda tərəfdar qazandırır. Sevi müsəlmanlığı qəbul etdikdən sonra Saranın da adı Fatma xanıməfəndi olaraq dəyişdirilir. Qapıçıbaşı təyin edildikdən sonra, saray hərəmxanasından ona bir qadın da verilir. Sonuncu həyat yoldaşı Ayişə Xatun isə selaniklidir.

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq mükafata layiq görülüb
16:03 23 İyun 2021
Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021