news-inner
clock15:18 calendar-gray 11 Sentyabr 2013 view-gray1376 dəfə oxunub
view-gray1376 dəfə oxunub

Firəngiz Əlizadə: “Artıq musiqi susur...”

Kulis.az-ın suallarını Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri, musiqişünas, pianoçu bəstəkar Firəngiz Əlizadə cavablandırır.

- Firəngiz xanım, ittifaqın vəziyyəti necədir? Görə bildiyi və görə bilmədiyi işlər hansılardır?

- Gələn il Bəstəkarlar İttifaqının 80 yaşı tamam olur. 1934-cü ildə Üzeyir Hacıbəyovun xeyir duası ilə yaranmış, özünü isbat etmiş, nüfuzlu bir qurumdur. Vaxtilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev ittifaqın sədri olub. Mən 1979-cu ildən burada işləyirəm. Ən gənc katib olmuşam. 2007-ci ildə sədr seçildim.

Bura musiqişünasların, bəstəkarların, ifaçıların ikinci evidir. 90-cı illər bizim ittifaq üçün də ağır oldu. Ölkədə durum pis idi. Komendant saatı var idi-konsertlər keçirə bilmirdik, festivallar təxirə salınırdı. “Səadət sarayı”nda iki otağa yerləşmişdik, soyuq otaqda soyuqdan büzülmüş Tofiq Quliyevi görəndə sarsılırdım, üzülürdüm. Şükür ki, indi vəziyyət dəyişib. Prezidentin sərəncamından sonra bina təmir olunub bizə qaytarıldı, lazımi aparatura ilə təmin olundu. İndi işimiz çox qaynardı. İldə neçə-neçə beynəlxalq səviyyəli tədbirlər keçiririk. 2009-cu ildən Beynəlxalq Muğam Festivalı keçiririk. Festival çərçivəsində isə üç böyük tədbir keçirilir. Birincisi, konsertlərdir, ora yeddi əsas muğam dəsgahı daxildir. Onu ən yaxşı xanəndələrimiz təqdim edir, muğam operaları, muğamla bağlı simfonik əsərlər sərgilənir. İkincisi, elmi simpoziumlardır ki, Amerikadan tutmuş Çinə qədər alimlər muğam haqda çıxışlar edirlər. Biz muğama böyük bir irs kimi baxırıq və “bu bizimdir, heç kim buna toxunmasın” demirik. İspaniyanın Əndəlüsündəki makamdan uyğurların mukamlarınadək böyük bir ərazini əhatə edən muğamın ən inkişaf edən mərkəzi Azərbaycandır. Təsəvvür edin ki, bizim simpoziumlarımızda YUNESKO-nun ekspertləri iştirak edir. Bildiyiniz kimi onların da Mugam-Makam qrupu var.

Üçüncüsü beynəlxalq muğam müsabiqələridir. Bunlar Heydər Əliyev Fondunun, şəxsən birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilir.

Bir də bizim özümüzün hər il keçirdiyimiz “İpək yolu” beynəlxalq festivalıdır ki, bu yay dördüncü dəfə Şəkidə keçirildi.

- Bunlar irimiqyaslı tədbirlərdir. İttifaq olaraq yubiley tədbirləri də keçirilir, xəbərimiz var. Bəs ittifaq sıravi üzvünə nə verə bilir?

- Bu sadalananlar həm də o sıravi üzvlər üçündür. Bəstəkarlar və musiqişünaslar nə istəyə bilərlər? Festivallarda onların əsərləri çalınır, iştirak edirlər, əsərləri təbliğ olunur. Yaradıcı insanlar üçün bunlar çox vacibdir. Musiqi həyatında canlanma olduqca onlar yaradıcılıq üçün təkan alırlar. Əks halda, yəni durğunluq olarsa, onlar özünü lazımsız hiss edə bilər. Bundan başqa alğı-satqı həyata keçiririk, onların əsərlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edirik. Yaxşı əsərlərin həm də xaricdə ifa olunmasını təmin edirik.

2007-ci ildən sonra, 80 ildə ilk dəfə olaraq bizim bəstəkarlarımız üzvlüyə görə illik təqaüd alırlar.

- Bu, bütün üzvlərə şamil olunurmu?

- Yaşlı, təqaüdə çıxmış bəstəkarlara və gənc bəstəkarlara verilir. Çalışırıq ki heç kim kənarda qalmasın. Hər il eyni insana təqaüd verə bilmərik, vəziyyəti nəzərə alırıq, xəstə olan var, çox ehtiyacı olan var. İşləməyənlərə hər il verməyə çalışırıq. Çalışırıq ki, bir sistem olsun.

Çalışırıq ki, üzvlərimiz ünsiyyətdə olsunlar-musiqi və elm müstəvisində təbii ki. Bu, musiqidə canlanma yaradır. İttifaqın qapıları musiqiyə rəğbət bəsləyən hər kəs üçün açıqdır. Bizim konsertlərimizə hər kəs gələ bilər.

- Ölkədən kənarda ən çox olan bəstəkar sizsiniz. Hazırda ölkəmizdə mahnı janrının klassik, ağır janrları üstələdiyini görürük. Və bununla paralel bayağı, həvəskar musiqi, peşəkar musiqini kölgədə qoyur. Bütün dünyadamı belədir?

- Bütün dünyada bu proseslər gedir, hətta klassik musiqinin beşiyi sayılan Almaniya və Fransada da. Çox maraqlıdır ki, dediyiniz problem haqda bir-birindən xəbərsiz üç böyük kitab çıxdı. Bunlardan biri Aleks Rossun Amerikada çap olunmuş “Daha sonra sükut...” kitabıdır. Kitabın adı “Hamlet”in son sözlərini iqtibas edir. Müəllif demək istəyir ki, artıq musiqi susur. İkinci kitab Martınovun Rusiyada çap olunan “Bəstəkarlar dövrünün sonu” kitabı idi. Üçüncüsü də Fukuyamanın bu problemə həsr olunmuş kitabıdır. Zamanla bu problemlər böyüyür.

Herman Hessenin “Muncuq oyunu” əsərində intellektualların yığıncaqları təsvir olunur, onların həyatının necə məişətləşdiyini görürük. O, bu prosesləri görürdü - fəlsəfə jurnalistlərin predmetinə çevrilib, iqtisadiyyat haqda artistlər danışır, elm kiməsə lazım deyil, klassik incəsənət öz yerini kütləvi mədəniyyətə verib. O, gələcəyi belə təsvir edirdi. Bu gün biz görürük ki, “Anna Karenina” dörd səhifəlik komiks şəklində çap olunur, çünki insanların o romanı oxumağa vaxtları yoxdur. Filmlər bəsitləşir... Elə proseslər var ki, onları dayandıra bilmərik. Ona görə də Amerikada da, Almaniya da, Rusiyada da bu haqda yazırlar. Zamanının məhdudlaşması problemdir. Artıq insanların uzun yol gedib nəyisə dinləmək və ya baxmaq üçün vaxt xərcləməsi mümkünsüzdür.

Amma buna baxmayaraq, Avropada “Vaqner” festivalları hələ də keçirilir. Biz öz işimizi yüksək səviyyədə görməliyik. Bizim çox böyük musiqi irsimiz var – muğam, xalq mahnıları, aşıq musiqisi və s. Onu təbliğ etməliyik. Bizim musiqi irsimiz çox zəngin olduğu üçün qeyri-peşəkarlığa daha çox müqavimət var.

Həm də, unutmamalıyıq ki, Avropada peşəkar klassik musiqinin tarixi XIII, Azərbaycanda isə XX əsrdən başlayır. Bu yeddi əsri birdən adlamaq asan məsələ deyil. Qara Qarayev deyirdi ki, Avropa musiqisinin yüzilliklərlə keçdiyi yolu biz onilliklərlə keçmişik. O haqlı idi, bəstəkarlar keçə bildi, amma insanlar, dinləyicilər keçə bilmədi. İfaçılarımız o bəstəkarlarla ayaqlaşa bilmədi. Bax, problem budur!

- Musiqi tərbiyəsi, təhsili zaman-zaman hansısa imtiyazlı, elit təbəqənin lüksü olub. İndi yetişən nəsillərin musiqi tərbiyəsi, təhsilində problemlər hansılardır?

- Təhsildə çox böyük işlər görülür. Musiqi məktəblərində müasir bəstəkarların əsərləri tədris olunur. Professor Oqtay Rəcəbovun kitabları çox dəyərli dərsliklərdir. Siyasətdə də, mədəniyyətdə də böyük işlər görülür. Amma dialoqun yaranmasında problemlər ortaya çıxır. Yadınıza salıram Angela Merkelin fikrini: “Biz istəyirik ki, Almaniyada multikulturalizm olsun, amma görürük ki, bu məsələ axsayır”. Deməli çətinliklər var və bunu inkar etmək olmaz. Hələ Azərbaycanın vəziyyəti çoxlarından yaxşıdır. Çünki ölkədə sabitlik əldə olunub və biz işimizi görə, musiqimizi inkişaf və təbliğ edə bilirik. Elə son hadisələri xatırlatmaq istəyirəm; Los-Ancelesdə “Arşın mal alan” operası tamaşaya qoyuldu,Mədəniyyət Fondunun dəstəyi ilə Fransada mədəniyyət günlərimiz keçirildi. Orada simfonik musiqimiz də, aşıq musiqisi də, caz da təqdim olundu. Azərbaycan mədəniyyət sahəsində oazis kimidir.

Əlbəttə, mən razıyam, insanların musiqi zövqünü qorumaq lazımdır, uşaqların televiziyadan və ya toydan eşitdiyi musiqidən zövqü korlanır. Toyda o qədər yeyib-içən insanların dinləyici zövqü necə olacaq ki? İnsanlar kitab oxumalı, mədəni həyatlarını düşünməli, uşaqlarını muzeylərə, teatrlara, simfonik konsertlərə aparmalıdırlar. Baxın, Uorholun sərgisi keçirildi. Bu gözəllik ayağımıza gəlir. Bizə yalnız qoşulmaq qalır.

- Firəngiz xanım, zövqü hələ formalaşmayan uşağın bayağı musiqiyə müqaviməti üçün hansı imkanları var?

- Valideynlər uşaqları düzgün tərbiyə etməlidir. Əgər valideyn uşağı kompüter arxasında qoyub nəyə baxdığı ilə maraqlanmırsa, laqeydlik göstərirsə, uşaq korlanacaq.

- İki üç-məşhur operadan başqa opera görmürük. Bu janrda daha az yazılır?

- Yox niyə ki... Yazılır. Gözəl operalarımız var. Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasını çox yüksək qiymətləndirirəm. Ramiz Mustafayevin “Vaqif” operası var. Məmməd Quliyevin “Aldanmış ulduzlar” operası var. Hyuston Qrand Operada “Mənim adım dənizdir” adlı bir operam tamaşaya qoyulub.

- Hər hansı bir musiqinin xarakteri var-inqilabi musiqi, etirazçı musiqi, lirik musiqi... Bəs muğam haqqında nə demək olar? “Muğam musiqisi ətalət oyadır” kimi yayğınlaşan fikrə qarşı nə deyə bilərsiniz?

- Muğam saray sənətidir. Padşahların, Osmanlı sultanlarının, şahların sarayında ifaçılar şairlərin qəzəllərini, əsərlərini təqdim ediblər. O çevrədə saray adamları, elitar insanlar olublar. Biz indi muğamı xalq musiqisi kimi təqdim edirik. Çünki, xalq bunu sevib və mənimsəyib. Amma musiqinin xarakteri dəyişməyib. Muğam qədər sərt qaydaları, strukturu olan musiqi tapmaq çətindir. Bu, mürəkkəb musiqidir - həm də qulaqdan qulağa, ağızdan ağıza, ustaddan şəyirdə mənimsənilib bu günə gəlib çıxıb. Fəxr etmək lazımdır ki, bu elit musiqini ziyalı da, sadə xalq dərk edir, sevir, dərindən hiss edir.

Qaldı o fikrə, bütün muğama bunu aid etmək olmaz. İnsanın münasibətindən asılıdır. Azərbaycan muğamına nifrət edirsinizsə, o sizə bədbinlik gətirəcək. Bu, vətənpərvərlikdən uzaq insanın fikri ola bilər. Azərbaycanın dərinliklərindən xəbər verən hər şeyə nifrət hissi olan insanlar bunu deyir. Mən uzun müddət xaricdə yaşamışam, amma belə hissləri anlamıram.

Hər muğamın öz xarakteri var-səhərdən axşama kimi “Humayun” dinləsəz, sizi bədbin əhval bürüyəcək, “Şüştər”in də modusu elədir. Amma “Rast”, “Şur” başqa əhval-ruhiyyə ötürəcək. “Çahargah”da isə bir mübarizlik var. Həm də muğamı kimin və necə oxumasından çox şey asılıdır. “Bayatı-Şiraz”ın “Şur Şahnaz”ı insanı göylərə uçurur az qala...

- Kinoda klassik musiqiyə qəribə münasibət var. Qatil qəhrəmanlar klassik musiqisevərlər olurlar-məsələn, “Leon”, “Mexaniki portağal” filmlərində olduğu kimi... Və yaxud Hitler Almaniyasında insanları kütləvi şəkildə öldürərkən bunu möhtəşəm klassik musiqi sədaları altında həyata keçirilər...Qəddarlıq və klassik musiqi... Bu klassik simfoniyaların mahiyyətində nə var ki?...

- Vaqner haradan biləydi ki, Hitler gəlib onun musiqisini “Faşizmin musiqisi” elan edəcək? Bilirsiniz, musiqi çox nəhəngdir, hər insan orada daxilinə uyğun nələrsə tapır. Klassik musiqi papuas musiqisi deyil. Püxtələşmiş, əsrlərlə inkişaf etmiş musiqidir. Musiqi okean kimidir. Ora daxil olmaq asan deyil. Həssas insanlar onu duyur. Kimsə bu musiqini dinləyə-dinləyə adam öldürürsə, bu musiqinin qəddarlığı anlamına gəlmir. İnsan ziddiyyətli məxluqdur. Onun içində həm işıq, həm də qaranlıq var. Lars fon Trierin “Melanxoliya” filminin musiqisi o filmin əsas təsir gücüdür – o filmdə Vaqnerin “Tristan və İzolda” əsərinin uvertürasından istifadə olunub. Bu filmin ən gözəl tərəfi bu seçimdir.

Bəstəkarlar başqalarının görmədiyi, duymadığı eşitmədiyi şeyləri hiss edirlər. Mən kompüterdə musiqi yazanları yox, Bax kimi, Motsart kimi, Qara Qarayev kimi, Üzeyir Hacıbəyli kimi böyük bəstəkarlardan danışıram. Bu qəlb genişliyi həssaslıq istəyir. İnsanlar müxtəlifdir, elə milyonçu var ki, qızıldan qapısı olmaqdan həzz alır, eləsi də var bir kimsəsiz çocuğu sevindirməkdən. İnsan ömrü boyu özü-özünü tərbiyə etməli, insaniləşdirməlidir...

news-inner-user
Aliyə

989 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti