news-inner
clock08:30 calendar-gray 15 Avqust 2013 view-gray2272 dəfə oxunub
view-gray2272 dəfə oxunub

İlyas Əfəndiyev: “Həmişə qadınlar mənə zəng eləyib” MÜSAHİBƏ

Kulis.Az 1992-ci ildə “Xəzər” jurnalında Xalq Yazıçısı İlyas Əfəndiyevdən alınmış müsahibədən maraqlı hissələri təqdim edir. Müsahibəni böyük şair, jurnalın baş redaktoru Vaqif Bayatlı Odər alıb.

Söhbətimiz ədəbiyyatımızın bugünkü mənzərəsindən başladı.

İlyas müəllim:

- Hamı yazır, hamı da eyni şeyi yazır. Nə qədər “Vətən”, “Vətən” demək olar. Vətəni təriflə e... Amma elə bir poetik ifadə işlət ki, indiyəcən deyilməmiş olsun, səni çəksin. Bir sözlə uzun məsələdi...

- Başlayaq da deyirsiniz? İlyas müəllim, bu söhbətimizdə daha çox sizin şəxsi həyatınız, düşüncələriniz, necə yaşamağınız, necə dolanmağınız, hətta yeyib-içməyinizlə bağlı suallar vermək fikrindəyik. Düşünürük ki, oxucularımız, tamaşaçılarımız şəxsi həyatınıza nisbətən əsərlərinizlə daha çox tanışdırlar. Bizim bu söhbətimiz, fikrimizcə onların sizin əsərlərinizə yeni bir gözlə baxmasına, indiyə qədər diqqət etmədikləri “nəyisə görmələrinə” səbəb olacaq. Birinci sualımız soyadınızdakı “əfəndi” kəlməsi haqqındadı. Bu hardan gəlir?! Ümumiyyətlə, qısaca dədə-babanız, indi deyildiyi kimi soy-kökünüz haqqında bildiklərinizdən, eşitdiklərinizdən bir neçə kəlmə söyləmənizi xahiş edirik.

- Mənə danışıldığına görə Qarsdan, Ərzurum tərəfdən Əhməd Xoca adlı bir adam gələr Qarabağa. İndiki Füzulinin Sarıcıq kəndi var, ora. Bu Sarıcıq kəndində o evlənər. Evlənər, övladları dünyaya gələr. Bunu övladlarından biri də o zaman çox oxumuş Hacı Mustafa Əfəndi olur. Əfəndi də yüksək dərəcəli ruhani hesab edilirdi.

Hacı Mustafa Əfəndinin də dörd oğlu olur. Bunlardan biri Abdulla Əfəndi atası kimi bütün Qarabağda tanınır. Sonra bunun da qardaşı Molla Ağamməd, demək, mənim atamın atasıdır. Molla Ağamməd də ruhani olur, amma Abdulla Əfəndi dərəcəsində yox. Onun da dörd oğlu olur. Bir də bir qızı. Bu mənim, demək, ata tərəfimdi. Ana tərəfim isə yarı tərəkəmədi, yarı oturaqdandı. Anamın atası Bayram bəydi. Şəkli də durur. Elçindədi. Çox yaraşıqlı kişi idi.

- İlyas müəllim, deyəsən elə belə nəslə görə sizi partiyaya üzv olmağa qoymayıblar. Ya özünüz üzv olmamısınız?

- Yox, əvvəla özüm istəməmişəm. Niyə istəmədim? Çünki bu komsomol zad meydana çıxanda mən də istədim komsomola girəm. Məni, deməli, götürmədilər.

- Nəslinizə görə götürmədilər?

- Görünür ki, eləymiş. Hə, komsomola götürmədilər. Mənim də elə zəhləm getdi. Elə bundan sonra partiyaya girmək fikri də heç ağlıma gəlmirdi.

- Elə həmin dövrlə əlaqədar bir sual. Gənclik dostlarınızdan indi qalan varmı? Varsa, əlaqə saxlayırsınızmı?

- Mənim gənclik dostlarımdan Əlizadə ilə o vaxt söz qoymuşduq ki, məktəbi qurtaran kimi qaçaq gedək İstanbula. Çünki bizi ali məktəbə götürmürdülər. Onun da atasının səsi alınmışdı, mənim də. Sizin kənddə Hacı Fərhad vardı, onun da səsi alınmışdı. Bilməmiş olmazsan.

- Bilirəm, həm ana tərəfdən, həm də ata tərəfdən bizə qohumluğu çatır.

- Hə, görürsən. Bizi ali məktəbə götürmədilər. Bu dedi ki, bəs atam da getmək istəyir, dayılarım da. Qaçmaq istəyirik. Gəl, sən də bizimlə gedək. Heç nə götürmək lazım deyil. Çünki özü dövlətli oğluydu. Dedi ki, mən Zəngilanın Ağəli kəndində gözləyəcəyəm səni. Getməyə bir on gün qalmış məktub yazacam, qonaq adıyla gələrsən bizə, ordan da keçərik o taya. Sonra bu mənə məktub yazanda, atama da məktub yazmışdı ki, məni qonaq çağırır, birdən-birə nə təhər şeydisə, mənim ürəyim yuxaldı, öz-özümə dedim: anamı, bu kiçik bacı-qardaşları qoyub hara gedirəm. Amma o getdi. O gedir, gedib çıxır İstanbula. İstanbulda Tibb İnstitutunu qurtarır, Fransada Hərbi Tibb Akademiyasını da bitirir, qayıdır təzədən İstanbula. İndi məlum olur ki, o İstanbulda Məhəmməd Aran adıyla tanınır, “Amerikanın səsi” radiosuyla dəfələrlə çıxış edib, indi deyilənə görə Türkiyədə “Müsavat” partiyasının rəhbərlərindən biridir. Hər halda mənə gələn məlumat belədir. Tam təfərrüatını bilmirəm.

- Əlaqəniz var indi onunla?

- Yox, əlaqəm yoxdu. Bu yaxınlarda ki, mənə Türkiyənin mükafatını verdilər. O mükafatı gətirən Əhməd Qaraca dedi, Məhəmmədi yaxşı tanıyır. Dedi ki, Məhəmməd hamımızın ağsaqqalıdır. Məktub yazdım verdim. Bilmirəm məktubu verə bilib, yoxsa yox. Deyirdi ki, xəstədir...

- İlyas müəllim, indi həyatınızda elə bir şey varmı ki, onu eləmədiyinizə təəssüflənirsiniz? Lap uşaqlığınızdan bu günə qədər.

- Lap düzünü axtarırsan, çox təəssüflənirəm, onda gərək mən də Məhəmmədlə çıxıb gedəydim. Onunla getmiş olsaydım, orda azadlıqda yazardım, istədiyimi də yaza bilərdim. Amma burda ürəyimizdə olan əsl mətləbi, əsl dərdləri yaza bilmədik, yazdıqsa da yarımçıq qaldı. Hisslərimiz elə bil içəridə qaldı, tamamilə ortaya çıxa bilmədi. Yalançı romanlar, yalançı şeirlər içərisindən baş qaldırıb əsl həqiqəti demək çətin idi. Hisslər elə qövr eləyir ki! Yaş da xeyli keçib, mənə elə gəlir indi-indi yazmağa başlayıram. Bir də ki, vətən, əlbəttə, başqa şeydir...

- Nə vaxt qalxırsız, yatırsız, necə işləyirsiz, nə yeyirsiz-içirsiz. Hər halda oxucularımız üçün bunlar maraqlı olar. Əgər bunda sirli, demək istəmədiyiniz bir şey yoxsa.

- Heç bir sirli şey yoxdu. Yazanda plan-zad qurmuram. Birnəfəsə yazdım, yazdım, yazmadımsa qaldı. Elçin şahiddir. Pyeslərimi ən uzağı 25 günə yazmışam.

- Nə vaxt yazırsız? Səhər, axşam, günorta?

- Onun mənə dəxli yoxdu.

- Bir az poetik sualdı. İndiyə qədər yaşadığınız, ömrünüzü, desəydilər, bir cümləylə, misrayla ifadə eləyin, necə eləyərdiniz. Yaradıcılıq da içində, həyatınız da, uşaqlarınızı böyütməniz də. Hər şey, bütün olub bitənlər.

- Lermontovun əsərində bir misra var:

Bir də ki, ürəkdə hər nə ki, var.

Həpsini açıb deməkmi olar?!

- İlyas müəllim, yaxşı yadıma düşdü, vaxtilə Yazıçılar İttifaqının katibi olmusunuz. Sonra özünüz katiblikdən imtina eləmisiz. Nə səbəbə?

- O vaxt yazıma görəydi, Mərkəzi Komitənin də birinci katibi Mustafayevdi, dedilər gərək katibin biri İlyas olsun. Hə, mən oldum katib. Büro bizi təsdiq eləyəndə Mərkəzi Komitənin katiblərindən biri dedi: “- Ay yoldaşlar, bu necə işdi, bitərəfi katib qoyuruq?” Mustafayev də zarafatla: “- Ay filankəs, indi hər adamın bir yeri var. İlyas partiyanın üzvü olmasa da katib ola bilər” – dedi. Hə, mən beləcə oldum katib. Orda qəribə aləmlə rastlaşdım. Bu gəlir ondan deyir, o gəlir bundan deyir. Mən katib olmağa niyə razılıq vermişdim? Axı, mənim də ədəbiyyat haqqında öz fikirlərim vardı. Fikirləşirdim ədəbiyyat kolxozu tərifləməkdən ibarət deyil. Ədəbiyyatın dərdi var. Fikirləşirdim, çıxış eləyərəm, çalışaram əsl dərdləri, həqiqəti çıxardaram ortaya. Baxdım gördüm ki, bunların heç birisi baş tutan əhvalat deyil. Ya gərək ürəyindəki sözü deyəsən, ya da bəs nə təhər olsun? Bir zəif əsəri tənqid eləyən kimi, qarğa-quzğun kimi tökülüşürdülər üstümə. Gördüm illər keçir, heç bir şey də eləmək mümkün deyil. Bir gün getdim, şey-şüyümü də yığışdırdım, papağımı da götürdüm qoydum başıma, çıxdım. Mehdi Hüseyn rəhmətlik gündə zəng eləyirdi: “- Niyə gəlmirsən işə?”. Sonra Mərkəzi Komitənin birinci katibi Vəli Axundov zəng vurdu. Dedim, yox qayıtmayacağam, yazmaq istəyirəm. Əsas yazdıqlarımı da işdən çıxandan sonra yazdım.

- Siz Mircəfər Bağırovun, Mustafayevin, Axundovun, Əliyevin, Kamran Bağırovun, Vəzirovun dövrlərində (əgər belə demək mümkünsə) yaşamısınız. Onlardan hansı mədəniyyətin inkişafına çox fikir verirdi?

- Bilirsən, mən işdən getmiş vəzifə sahibinin dalınca danışmağı qəti xoşlamıram. Nə iş başında olanda onlara məddahlıq eləmişəm, nə də sonradan-sonraya onları “ifşa” etmişəm. Amma sən dedin, bir hadisə yadıma düşdü.

“Söyüdlü arx” romanım “Azərbaycan” jurnalında hissə-hissə çap olunurdu. Bir gecə saat 11-də mənə zəng oldu. Dəstəyi götürdüm, soruşdum: “Kimdi?” Dedi: “Mustafayev”. Ağlıma gəlmədi bu katib Mustafayev olar. O vaxt birinci katiblərin çox böyük adı vardı. Soruşdum: “Hansı Mustafayev” Dedi: “İman Daşdəmiroviç. Nə var, nə yox?” Sonra məlum oldu ki, romanı jurnalda oxuyur. Bir qeydi vardı onu dedi. Hər halda bu hadisənin özü göstərir ki, oxuyurdu.

Sonra mən sənə deyim ki, Heydər Əliyev özü də əsərləri oxuyurdu həmişə. “Məhv olmuş gündəliklər”ə görə Mərkəzi Komitənin o vaxtkı mədəniyyət şöbəsi müdiri Azad Şərifov məndən şikayət eləmişdi. Pyesin məşqləri gedir. Qurtarır. Baxış olur. Bu da gəlib ictimai baxışa (İlyas müəllim ortaya konyak gətirir). Gəlsənə bunu vuraq. Götür o peçenyedən də, məşğulat elə... Hə! Deməli bu gəldi baxdı. Orda da, yadındadı da, Cənubi Azərbaycan məsələsi.

- İlk dəfəydi ki, Cənub məsələsi səhnəyə çıxırdı. Mən onda tələbəydim.

- Bu gəldi baxdı. Dedi ki, “Net, nado vozderjatsya! Hələ afişanı vurmayın. Tamaşanı saxlayın”. Dedim: “Niyə?”. Dedi: “- Bəzi şeylər var, düzəldilməlidi”. Dedim: “Məsələn, nə?” Dedi: “Orda tez-tez Cənubi Azərbaycan, Azərbaycan deyirsən. Yaramaz bu!” Bu dedi, mən dedim, dalaşdım bununla. Dedim: “- Sən Azərbaycan dilini bilmirsən, Azərbaycan ədəbiyyatından xəbərin yoxdu. Sən mənə nə göstəriş verirsən?”. Bu acıq elədi, çıxdı getdi. Cəfər Cəfərov da ideoloji katib idi. Biz də Tofiq Kazımovla getdik Mərkəzi Komitəyə, əhvalatı Cəfər Cəfərova danışdım. Cəfər zəngi basdı, qıza dedi, o şöbə müdirini çağır. Hə, o şöbə müdiri gəldi oturdu. Cəfər mənə dedi: “İlyas, bir neçə dəfə gəlib məşqlərə baxmışam. Sən əla iş görmüsən ki, Cənubi Azərbaycan mövzusunu teatra gətirmisən. Yaxşı eləmisən”. Həqiqətən də gəlib məşqlərə baxmışdı. Dedi: “- Gedin, afişanı vurun”. Bu da gedər birinci katibə şikayət eləyər. Birinci katib də təzə olubdu Heydər Əliyev. Bir üç-dörd tamaşadan sonra mən xəstələnmişdim.

Teatrdan zəng elədilər ki, yoldaş Əliyev gəlib tamaşaya baxmağa, yaxşı olar sən də gələsən. Dedim ki, xəstəyəm, gələ bilmirəm. Hə, Heydər Əliyev də baxır, baxır, deyir: “- İlyasa deyin, çox yaxşı əsərdi. Cənubi Azərbaycan da yazıb, yaxşı eləyib”. Ancaq orda bir söz var: “Bir vaxt gələcək ki, Amerika hinduları da biləcəklər Azərbaycan hardadı, azərbaycanlılar kimdi”. Əliyev deyir ki, İlyasa deyin artıq Amerika hinduları bilirlər Azərbaycan hardadı, azərbaycanlılar kimdi.

- Yadınızda yazıçılardan hansı daha çox qalıb?

- Hamıdan çox Mehdi Hüseyn.

- Nəyinə görə?

- Şəxsiyyətinə görə. İntellektual səviyyəsinə görə. Çox mədəni adam idi. Sərt adam idi, amma kimə qarşı? Yaxşı zövqü vardı. Mərdanə adam idi, ona bel bağlamaq olardı.

- İlyas müəllim, əsərlərinizdə çoxlu qəribə qadın obrazları var. Bunlar nəylə bağlıdır?

- Mənə tez-tez zəng eləyirlər. Xüsusən qadınlar. Cürbəcürə əhvalatlar, tarixçələr danışırlar mənə. Bəzən öz adlarını demirlər, amma danışırlar filan nazirin qızı belədi, filankəs elədi. Ondan sonra filan. Bu qadınlar məndən çox vaxt soruşurlar, siz kişisiniz, ancaq necə olur qadınların intim hisslərini bu qədər dürüst bilirsiz. Mən də deyirəm, yazıçı gərək bilsin də. Bizdə sözün düzü qadın obrazı bir qadın olaraq təbii verilmirdi.

Bu bir həqiqətdi ki, qadın obrazları mənə kişi obrazlarından daha yaxın olub. Mən heç vaxt zəng eləyib bir qadınla tanış olmamışam. Həmişə mənə zəng eləyiblər. Bütün bu münasibətlərdə mən qadınların xarakterindəki zəif cəhətləri də, ideal, romantik, cəhətləri də hiss eləmişəm. O qəribə qadın obrazları ordan gəlir...

- Oğlunuz Elçinin ən çox hansı əsərini bəyənirsiz, hansını bəyənmirsiz?

- Yox, sözün düzü mən Elçini həm çox istedadlı, həm də intellektual adam hesab eləyirəm. Əsərlərimə onun sözü qədər heç kəsin fikrini qiymətləndirmirəm. Onun balaca bir qeydi olsa, mən o əsəri üzə çıxartmaram. Yazıçılığı da ki, məlumdu.

- Səfərə çıxsaydınız kimlə yol yoldaşı olmaq istərdiniz?

- Mehdiylə.

- Yol yoldaşlığı da yaxşıydı?

- Hə, çox yaxşıydı.

- Əsərlərinizin adlarını necə qoyursunuz?

- Tofiq Kazımov pianoda “Qaragilə” çalırdı. Mən qulaq asırdım. Birdən hiss elədim ki, “Sən həmişə mənimləsən”in rüşeymi yaranır. Ad qoymaqda həmişə əziyyət çəkirəm. Nə təhər şeydisə ürəyimə yatmır. Məsələn, birdən elə olur ki, yüz ad yazıram. Heç biri də xoşuma gəlmir. Görürəm ki, məsələn, vermək istədiyim ad qəhrəmanın təbiətinə uyğun gəlmir. Məsələn, Elçin qabağına nə ad gəldi yazır.

- Jurnalistlər, yanınıza gəlib-gedənlər arasında sizin konyakınız məşhurdur.

- Araq da içmişəm. Yox, elə bir konyakpərəst deyiləm. Düşəndə araq da içirəm. İndi day çox içmək yoxdu. Qabaqlarda çox içirdik. Odu ki, indiki cavanları qınamıram. İntəhası piyaniskə olmadıq. Qranyonnı stəkanla tut arağı içdiyim vaxtlar olub. Özü də bir yox, iki stəkan, üç stəkan.

- Dünya ədəbiyyatında ən çox sevdiyiniz yazıçı kimdi?

- Ən çox sevdiyim ruslardan...

- Yox, ümumiyyətlə, bütün dünya ədəbiyyatını nəzərdə tuturam.

- Çexov, bir də Tolstoy. Mənə elə gəlir ki, Şekspir kimi insanın daxilinə, insanın təbiətinə nüfuz eyləyən ikinci bir sənətkar olmayıb. Onu çox sevirəm, ondan sonra... Heminqueyi də ona görə ki, Heminqueydə heç bir hoqqabazlıq-zadlıq yoxdu, onda hər şey təbiidi, hər şey həyatda olduğu kimidi və hər şeyin, həyatda olan şeyin, hamısının dərinliklərindən qidalanıb veribdi. Onu çox sevirəm. Fransız ədəbiyyatından ən çox sevdiyim Floberdi. “Madam Bovari”. Bir də Stendal. Onun bir Julyeni var e, qəhrəmanı, son dərəcə yüksək səviyyəli sürətdi. Bir də ən çox sevdiyim əsər “Robinzon Kruzo”du. Mənə elə gəlir ki, Balzak da bir vaxt gələcək ki, oxunulmaz olacaq, ondan sonra Dikkens də, amma “Robinzon Kruzo” həmişə yaşayacaq.

Hazırladı: Fərid Mirzəyev

news-inner-user

16489 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Karyerasına atası son qoydu, dostları nankor çıxdı... – Kinomuzun Sərvərindən maraqlı faktlar
15:02 21 Sentyabr 2020
Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
14:18 21 Sentyabr 2020
Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020