writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

544
clock11:08 calendar-gray 13 Avqust 2013 view-gray2315 dəfə oxunub
view-gray2315 dəfə oxunub

Şadlıq evinin qarşısında söyüş söyən oğlan

Mirmehdi Ağaoğlu yazır...

Xalaoğlu təzə “Ramazan da qurtardı, toylar başlamadı” demişdi ki, bir də gördük düz şadlıq evinin qabağındayıq. Özü də girmişik bir topa adamın içinə.

Daha bundan sonra durum ona nə deyim? Kor-kor, gör-gör, bu da toy.

Maşının yanında beş altı adam yığılmışdı. Qışqırışırdılar. Kiminsə ürəyi getmişdi.

Adamların çiynindən boylandıq.

Cavan oğlan idi. Qara şalvar, qara köynək geyinmişdi.

Başının üstündə qadınlı-kişili beş-altı adam vardı. Sayları on olmazdı. Kimsə qışqırdı ki, tez su verin. Bir cavan qız da əl-ayağa düşmüşdü, elə deyirdi şillə vurun. Hətta əyildi, vurdu da. Sonra “su” deyən oğlana bir butulka uzatdılar.

Tərxun butulkası idi. Olur belə. Toyda “medlenii” vaxtı işıqlar sönəndə təkcə ofisiantlar tumbalara sok zad doldurmurlar, elə yaşlı qadınlardan da bəzən çantasına əlinə keçəndən dolduran olur. Bu da o sulardan idi.

Butulkanı oğlanın başına, sinəsinə əndərdilər. Oğlanda tərpəniş yox idi. Amma üst-başı tamam su olmuşdu.

Bizim yerimizdən oğlan yaxşı görünürdü.

Kömək etmək istəsək də ehtiyat edirdik. Gözünün qabağında insan huşsuz uzanıb. Hər an ölə bilər. Amma yaxınlaşıb kömək etməyə qorxursan. Allah eləməmiş bir şey olsa, gəl çıx altından...

Oğlanın başına yığışan qohum-əqrəba da tərpənmirdi. Bir yandan da onların laqeydlikləri. Biri telefonun çıxarıb deyirdi: “Zəng edək, təcilli yardıma”. Zəng edən isə yox idi.

Elə bircə o yöndəmsiz qız özünə əl qatmışdı: “Şillə vurun”. Arada əyilib özü də şillələyirdi.

Kimsə oğlanın yaxasını açanda bayaqdan başının üstündə dayanan yaşlı qadın əllini üzünə atıb çığırdı: “Vay öldü, qoymayın. Evim yıxıldı”. O bayaqdan birinci dəfəydi belə özündən çıxmışdı. Onun səsi başqa qadınlar üçün də siqnal oldu.

Elə bil indi hamıya çatdı ki, oğlan ölür. Tez iki cavan yerə əyildi. Ətrafdan səs-səda ucalmışdı: “Əlini ağzına apar. Dili qatdalanıb. Dilini çıxar. Su tök”.

Bu dəm bir oğlan Lenin kimi əlini qabağa uzadıb “Ayə su verin, su” bağıra-bağıra şadlıq evinin həyətinə qaçdı.

Kənarda da iki-üç qadın və bayaqkı ataman qız bir qadını sakitləşdirirdilər.

Oğlanın ağzını açıb dilini çıxaranda başı titrədi, elə bil özünə gəldi. Kimsə qışqırdı ki, ədə, oğlanı boğma. Dil çıxaran oğlan ayağa qalxdı. Hələ də o biri oğlan əlində telefon gözləyirdi.

Bu arada şadlıq evinin həyətindən içi adamla dolu bir maşın laqeydliklə gəlib yerə sərili oğlanın yanından keçib getdi.

Bayaqkı oğlan bu dəfə qolunu qəssab kimi çırmalayıb yenə əlini oğlanın ağzına apardı. Dilini çıxardılar. Oğlan özünə gəlməyə başlayırdı.

Güc-bəla ayağa qaldırıb yenə başına bir butulka su əndərdilər. Kimsə qışqırdı: “Skoru çağırın”. Ona diqqət edən yox idi.

Oğlan deyəsən özünə gəlirdi. Qollarını buraxan kimi səntirləyə-səntirləyə qışqırdı. Affekt halında idi, bilmirdi nə deyir. Elə havaya əl-qol ata-ata “s....m”, “s...m” çığırırdı.

Bu söz elə bil hamını hövsələdən çıxardı. Qardaşı olduğu hiss olunan bir oğlan gədənin yaxasında yapışıb sirkələdi. Üstünə bağırdı. Dolu bir gəlin də gəlib oğlanı şillələdi: “Bəsdi özünü vəhşi kimi apardın, arvadın orda ölür”. Bu qadın oğlanın yaxasından yapışıb sinəsini yumruqladı.

Məlum oldu ki, kənarda vay-şivən salmadan hönkürən qadın yoldaşıdı.

Hələ ki, oğlanı sakitləşdirən yox idi, əksinə döyüş iti kimi hirsləndirib necə deyərlər “draznit” edirdilər. Qohum-əqrəba yenə dövrəyə alıb deyinirdi; “bizi biabır etmisən”, “özünü apara bilmirsən”, “heyvana oxşayırsan”....

Bu dəm oğlanın yenə ürəyi getdi.

Daha bu məzhəkəyə baxa bilməyib başımı göyə qaldırdım. Havada bəylə gəlinin xoşbəxtliyi üçün, toya gələnlərin sevincini, şadyanalığını ifadə edən ağ rəngli mini şarlar uçuşurdu.

Yazını bu cümləylə qurtarmaq olardı: “Balonlar göylərdən insanlara istehza ilə baxıraq sanki deyirdilər: Bizim bir neçə dəqiqəlik ömrümüz belə sizinkindən mənalıdır”.

Əgər üç yüz metr sonra avtobus dayanacağında gözləyəndə yanımızdan keçən təcili tibbi yardım maşının arxa qapısının pəncərəsindən bayaq üzünü cırmaqlayıb “oğlum öldü” deyib vay-şivən qoparan yaşlı arvadı görməsəydim.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti