news-inner
clock08:00 calendar-gray 07 Avqust 2013 view-gray1535 dəfə oxunub
view-gray1535 dəfə oxunub

İnsanlar necə özləri haqda yüksək fikrə düşürlər? ARAŞDIRMA

Narsizm ifrat dərəcədə özünəvurğunluğu ifadə edən xarakter əlamətidir. Narsizm termini adətən şöhrətpərəstlik, özü haqqında yüksək fikirdə olma, eqoizm və ya sadəcə özünəvurğunluğun mənfi çalarlarını ifadə etmək üçün istifadə olunur. Biz hər birimiz bir qədər “narsistik”. Lakin əgər narsizm komponenti şəxsiyyəti əhəmiyyətli dərəcədə işğal edirsə o zaman problemlər başlayır. Psixologiya və psixiatriyada ifrat narsizm ciddi şəxsiyyət disfunksiyası və ya şəxsiyyət pozuntusu hesab olunur.

“Narsist” adı hardan gəlir?

Bu ad sudakı əksinə vurulan və bu məhəbbətdən ölən Nərgiz adlı gənc haqqındakı yunan mifindən gəlir. Məhz bu mif Freydi bu patalogiyaya narsizm adı verməyə ruhlandırmışdır. Çay allahının və nimfasının oğlu Nərgiz ilahi gözəlliyə malik imiş, amma həm də ifrat dərəcədə soyuq biri imiş. O, öz gözəlliyinə valeh imiş və başqa heç kimin heyranlığına ehtiyac duymurmuş; o, ümumiyyətlə əvvəlcə heç kimə ehtiyac duymurmuş. O, çox gözəlin, eyni zamanda nimfa Exonun qəlbini qırır, yazıq qız yalnız onunla danışanın sonuncu sözünü təkrar edə bildiyi üçün məhəbbətini Nərgizə danışa bilmir. Bundan hiddətlənən məhəbbət ilahəsi Afrodita Nərgizi cəzalandırır. Bir dəfə ov zamanı su içmək üçün çaya əyilən Nərgiz orda öz əksini görür və ona vurulur, hər dəfə suda gördüyü əksinin dodaqlarından öpmək istədikdə əski suda yoxa çıxır. Nərgiz özünə baxmaqdan doymur və çayın kənarından çəkilə bilmir. O yemir, içmir, yatmır, durmadan özünə tamaşa edirmiş. Və əlbəttə ki, sonda dözə bilməyib ölür. Nimfa Exo sonuna qədər onun yanında olur, digər nimfalar da onun üçün yas saxlayır. Lakin onu basdıra bilmirlər, çünki bütün bədəni ölüm gülü – nərgizə çevrilir.

Narsist insanın əsas əlamətləri

Heç bir halda narsist insana “adi biri” olduğunu demək olmaz. Onsuz da zəif olan özünəhörmət hissi bununla daha da dərin travma alar və dərhal aqressiv reaksiya verər. Məsələ burasındadır ki, əslində narsistlərin problemi özünüidentifikasiya ilə, “Mən”lərinin şikəst olması ilə bağlıdır. Belə ki, genetik cəhətdən əsası qoyulmuş “Mən” mövcud şəraitin təsirilə ilkin, anadangəlmə vəziyyətində qalır, əvəzində isə ətrafdakılar tərəfindən təlqin olunan, bu və ya digər dərəcədə zərərli olan şiş – yalançı “Mən” inkişaf edir.

Əlbəttə ki, biz hər birimiz öz fərdiyyətimizi, “Mən”imizi xarici həyat şərtlərinin təsirilə formalaşdırıb inkişaf etdiririk. Təbiətən diribaş və təşəbbüskar uşaq XVII əsrdə muşketyor olacaqdısa, XXI əsrdə biznesmen olur. Əlbəttə ki, valideynləri onu sevsə, anlasa və bacardıqca müdafiə etsə. Lakin əgər XVII əsrdə yaşayan valideynlər bu uşağı ciddi qayda-qanunları olan monastıra versələr və ya XXI əsrdə yaşayan valideynlər alkoqolik olduqları üçün onu evdən qovsalar o zaman bir ehtimal var: birinci halda uşaq inkvizitor tipli fanatik dindar, ikinci halda isə sosiopat (antisosial şəxsiyyət pozuntusu) olacaq. Burda heç bir narsizmdən söhbət gedə bilməz, uşağın öz təbii “Mən”i inkişaf edib (mənfi istiqamətdə olmasına baxmayaraq).

Narsistlər isə daha yumşaq şəraitdə böyüyürlər. Əgər valideynlər və ya onları əvəzləyən şəxslər yuxarıda misal göstərdiyimiz diribaş, cəld uşağa yavaşca, lakin durmadan təlqin etsələr ki, qaçmaq və səs salmaq çox pisdir, böyüklərə çoxlu sual verib onları narahat etmək yaxşı şey deyil və o, vaxtını oynamağa yox, oxumağa, oxumağa və yenə də oxumağa sərf etməlidir, onda bu valideynlərin əməyi nəticəsiz qalmayacaq, onların uşağı iki hissədən ibarət kentavra çevriləcək. O, özünün yalnız bir yarısını (narsistin insani hesab etdiyi yarısı – yalançı “Mən”i) başqalarına göstərə biləcək. Buradan da narsisti idarə edən affektlər (güclü emosiyalar) – öz xarici və daxili “Mən”inin uyğunsuzluğundan duyulan utanc hissi və bu mövzuda təbii bütövlüyə malik insanlara duyulan paxıllıq hissi yaranacaq. Əlbəttə ki, narsist özü bu hissləri inkar edəcək, əksinə o, iddia edəcək ki, ətrafdakılar ona paxıllıq edir və buna görə də onu qaralamağa çalışırlar və bu, çox alçaq hərəkətdir. Lakin şüurlu və ya şüursuz olmasından asılı olmayaraq bu utanc və paxıllıq affektləri narsistin özünüqiymətləndirməsi üçün o qədər dağıdıcı təsirə malikdir ki, o, özünüqiymətləndirməsinin heç olmasa mövcud səviyyəsini qorumaq üçün müdafiə olunaraq bu affektləri inkar etməli olur.

Narsistlər üçün xarakterik müdafiə formaları – dəyərsizləşdirmə və idealizasiyadır. Eyni zamanda bu dəyərsizləşdirmə və idealizasiya üçün narsist heç bir arqumentə ehtiyac duymur. Hər şey birdən bir onun üçün agah olur! Amma yaxından nəzərdən keçirdəndə idealizasiya olunmuş da qüsurlu görünür və dərhal dəyərsizləşir. Bir çox narsistlər üçün bu xəyal qırıqlığı heç də əhəmiyyətli deyil, əksinə onlar dərhal yeni idealizasiya obyekti axtarmağa başlayırlar. Narsistin özünəyanaşması da belə sıçrayışlarla doludur: fasiləsiz olaraq möhtəşəmlik və rəzillik hissi bir-birini əvəz edir.

Narsistlə ünsiyyət sferasına daxil olan insanlara, hətta psixoterapevtlərə belə bu ünsiyyət çətinlik yaradır. Narsistlə ünsiyyət soyuqluq və boşluq hissi ilə müşayiət olunur, bu isə insanlara narahatlıq yaşatdığı üçün narsist insanlardan qaçırlar. Amma narsistlər özləri heç də insanlardan yayınmağa çalışmırlar. Görəsən niyə?

Narsistlər amansızca öz self-obyektlərini, yəni hisslərimizi öz tərifləri və təsdiqləri ilə qidalandıran digər insanları sömürürlər. Narsist daxilən boş, onun “Mən”i isə ilkin doğulduğu vəziyyətdə olduğu üçün yalnız öz yalançı “Mən”ini həqiqi kimi hiss edəndə özünü insan hesab edir. Məsələn, əgər süni ayağa paltar geyindirib güzgünün önünə keçsək həqiqətən də normal iki ayağımızın olması görüntüsünü alarıq. Narsistlər üçün də özündən başqa insan mövcud deyil, digərləri onun üçün sadəcə mövcudluğunu təsdiq edən güzgüdür.

Kimlərdə daha çox olur?

Uzun müddət belə hesab olunurdu ki, narsizm ancaq kişilərə məxsus xüsusiyyətdir. Lakin bu fikrin yanlışlığı artıq sübut olunub. Hal-hazırda qadınlar kişilərdən daha çox narsizmdən əziyyət çəkirlər. Məşhur amerikan psixiatrı J.Frenk hesab edir ki, narsistlər üçün ən münbit yer bloqlar, forumlar və sosial şəbəkələrdir. Daima diqqətə və komplimentlərə ehtiyac duyan insan real həyatda buna heç vaxt nail ola bilməsə də sosial şəbəkələrdə asanlıqla bunları əldə edə bilər. Sağlam insan onun doğruluğunun və ya möhtəşəmliyinin başqaları tərəfindən təsdiqinə ehtiyac duymur, bu, yalnız narsistlərə lazımdır.

Narsizmin səbəbləri

Narsizmin inkişafı zəmini hamıda eynidir – ailə. Bu və ya digər xarakter tipinin inkişafı üçün genetik meyllilik olsa da onların formalaşmasına təsir göstərən əlverişli və yararsız zəminlər də olur. Bunun üçün valideynlərin özlərinin narsist olması heç də zəruri deyil. Narsist xarakterin formalaşmasının əsas şərti odur ki, valideynlər real uşağı, bu həyata daxil olan yeni “Mən”i görmürlər (görmək istəmirlər) və əvəzində öz qorxuları, istəkləri, arzuları, uğursuzluqlarını onun timsalında cəmləyirlər. “Mən istəyirəm ki, o, həyatda mənim nail ola bilmədiklərimə nail olsun” – valideynin “Mən”i bunu diktə etdiyi halda uşağın “Mən”i necə inkişaf etsin? Nəticədə də uşaq kimin həyatını yaşamalı olduğu haqda düşünərək çaşqınlıq içində böyüyür.

Bernqard Trenklenin “Psixoterapiya dərsliyi” kitabında belə bir dialoq var. Bir qadın yanında iki uşaq olan digər qadından onların yaşını soruşur. Ana isə cavab verir:

- Vəkilin 3 yaşı var, həkim isə 4 yaş yarımlıqdı.

Belə ailələrdə uşaq həqiqətən də olduğu insan kimi qəbul edilib sevilmir, məhz müəyyən funksiyanı yerinə yetirdiyi üçün dəyərlidir. Buna görə də uşağın öz “Mən”i inkişaf etmir, boş insana çevrilir, özünəhörmətini saxlamaq üçün isə o, yalançı “Mən”i inkişaf etdirməyə məcburdur və onu müdafiə etmək üçün isə yuxarıda qeyd etdiyimiz dəyərsizləşdirmə-idealizasiya cütlüyündən istifadə edir.

Oxşar ailələrdən ən şiddətli narsistlər daha çox qiymətləndirmə atmosferinin güclü olduğu ailələrdən çıxır. Müəyyən məqsəd üçün böyüdülən uşaq bu məqsədə müvafiq olmadıqda həmişə birbaşa və ya dolayı yola qiymətləndirilib tənqid olunacaq. Nəticədə yetişkin narsist qətiyyən tənqidə dözümlü olmur və rasionallaşdırmadan onu tənqid edən və ya tənqid etdiyini düşündüyü adama özü də tənqid atəşi ilə, qeyri-ixtiyari inkar reaksiyası ilə cavab verir. Bunun üçün də valideynlərinə minnətdar olmalıdır.

Bəs valideynlərin təlqin etdiyi gözləntilərin təzyiqi ilə böyüyən, eyni zamanda onlardan asılı olan balaca insancığaz nə etməlidir? O, yalnız təbiətdən gələn daxili resurslarına, psixoloji çevikliyi və ya sərtliyinə güvənə bilər. Bunlar nəticəsində təsirdən xilas olub öz “Mən”ini inkişaf etdirə bilər. Belə güman edilir ki, qeyri-verbal informasiyalara həssaslıq (yəni uşaq valideynin onun kim olmalı olduğu haqda yalnız dediklərini deyil, özü də bilmədən demək istədiklərini və düşündüklərini də hiss edir) təbiətən narsizmə meyllilikdə zəif nöqtə hesab olunur. Digər əlamət isə təbiətən aqressiyaya dözümsüzlükdür, çünki öz “Mən”inin boğulması aktı özü aqressiya ilə müşahidə olunur və gələcəkdə narsist bu yığılmış aqressiyanı başqalarına istiqamətləndirir.

Aradan qaldırmaq mümkündürmü?

Bu xeyli çətin məsələdir, çünki bir çox narsistlər siyasət, maliyyə və digər sahələrdə nailiyyət qazanmış uğurlu insanlardır. Onlar öz arzularının zirvəsində olduğu müddətdə hər şey yaxşıdır. Lakin bu halda belə onların vəziyyəti acınacaqlıdır, çünki daxili aclıq hesabına əldə olunan bu nailiyyətlər narsistin əzablarını azaltmır. Narsistlər təbiətən kömək istəməyə meylli olmadıqları üçün (yalançı “Mən”ləri ilə real “Mən”ləri arasındakı uçurumdan duyulan utanc onlara mane olur) onların xarakterindəki bu əlamətin korreksiyası çətinləşir.

Qeyd: Yazıdakı italiyalı rəssam Caravaggionun 1594-1596-cı illər arasında tamamladığı "Narcissus" (“Özünə Vurğun Adam") adlı yağlıboya tablosundan istifadə olunub. Əsər Romadakı "Galleria Nazionale d'Arte Antica"da saxlanılır.

Oxşar xəbərlər

Xəbər lenti

Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020