Qızımın şairliyi

Qızımın şairliyi
28 iyun 2013
# 07:45

Rəbiqə

Damalı şagird dəftərini götürüb tərəddüdlə qarşıma keçir.

- Hə, nədi, qızım?

- Sözüm var sənə.

- Eşidirəm.

- Şeir yazmışam.

- Şeir?.. Sənə deməmişəm? Nə isə... oxu...

Oxuyur. Uşaqdı da, 12 yaşında uşaq. Maraqlı detallar var. Kaş olmayaydı...

- Qızım, bax, mən istəyirəm sənin sənətin olsun. Demirəm, təhsil al. Amma nəsə sənətin olsun. Məsələn, lap yaxşı dərzi ol...

- Ana, bu hobbidir. Sadəcə, hobbi...

Hə, hobbi... Hər şey elə belə başlayır. Bu hobbindən kiminsə xəbər tutmasını istəyirsən. Biri tərifləyir, sevinirsən. O biri pisləyir, inada düşüb daha yaxşısını yazırsan...

- Ana, sən bəyənmədiyin şeirləri cırıb tulladım.

- Niyə?

- Daha yaxşılarını yazmışam...

Başladı... Bu da... Axı demişdim, yazsa, barmaqlarını sındıraram... Barmaqlarını, balaca, qəşəng, sevimli barmaqlar... Doyunca oxşaya bilməyən, doyunca oxşanılmayan barmaqlar...

Bir neçə il əvvəl başlamışdı əslində. Şairləri dinləyib, heç kəsi bəyənmirdi. Hamıya da bir yarlığı yapışdırırdı: "Mənasız yazır"... Bilirdim, bu "mənasız" sözü haradan keçib ona. Yox, məndən, yox...

Neçə dəfə danladım, dedi, ana, vallah, o kişinin oxuduğu qurbağa şeirində heç nə yox idi. Əvvəlcə susdum. Düz deyirdi. Amma nəsə demək lazım idi... Məsələn, belə: “Sən hələ üç kitab üzü açmamısan, nə bilirsən, şeir nədi” və ya “adam böyük-böyük danışmaz”...

Sonra hekayəsini göstərdi. Bilmirəm niyə, Səməni idi qəhrəmanının adı. Şıltaq, küsəyən, dəcəl, ərköyün Səməni... Həyat onu cəzalandırmışdı, dostlarına münasibətə görə... Bütün nağılda ən maraqlı səhnə Səməninin öz uzun saçları ilə çobanın əl-ayağını bağlaması idi. Bu, detaldı . Bu, artıq ədəbi cücərti idi. Və ilk dəfə onda qorxdum...

Sonra... mənim etirazlarıma rəğmən, nağılın ikinci hissəsi "peyda oldu". Burada azadlıq və çıxılmazlıq duyğuları vardı... On yaşlı uşaq bunları haradan bilirdi? Onun yanında Kafkadan danışmamışam, azadlıq barədə susmuşam... Sarsıldım. Bu dəfə sarsıdan ədəbi cücərti deyildi... Bu dəfə qorxudan qızın özü, onun balaca ürəyi idi...

O ürəyi qırıb, yenisini qoymaq istərdim yerinə. Daha güclüsünü, daha laqeydini, etinasızını... Şeirə güləcək ürək yerləşdirmək istərdim ora...

Şairlik qadın işi deyil... Xüsusən bizdə... Mən bunu ona danışmaq istəmirəm. Ona ədəbiyyata quş ferması kimi yanaşanlardan danışmaq istəmirəm, ona həyatın hər üzünü göstərmək istəmirəm, mən onun bu gün ən böyük mükafat sayılacaq "Nobel"i gətirməsini də istəmirəm... Mən onun adam kimi yaşamasını istəyirəm...

"Normal adam kimi yaşayan normal bir şair göstər mənə... Tapsan" demək istəyirəm... Hələ qadına-kişiyə bölmürəm şairləri... Hərçənd, bölsəm... vəziyyət daha pis olacaq...

Aynur isə bilmir, Aynur hələ mənə mesaj yazır:

- Ana, bu gün tez gəl, sənə təzə şeirlərimi göstərəcəm...

# 2458 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #