writer1

Kənan Hacı

Məqalə sayı

193
clock11:36 calendar-gray 27 İyun 2013 view-gray590 dəfə oxunub
view-gray590 dəfə oxunub

Taleyində qandalı görmək varmış...

Fərid Hüseynin “...qandalı görməsin” kitabı haqqında qeydlər

Fərid Hüseyn poeziyanın yolunu “Əlifba sırası”yla getməyə başladı. Bəzən yavaş-yavaş, bəzən tələsik... Yol getmək də ibadətin bir formasıdır. O, bu yola çıxanda heç ağlına gəlməzdi ki, sakit, lakin qətiyyətli addımlarla irəlilədiyi bu yol onu Təbriz zindanına aparıb çıxaracaq. Onun şair taleyində gənc ikən qandalı görmək də varmış...

O, İranda qələm dostu Şəhriyar Del Gerani ilə birlikdə həbs olunandan azad olduğu günə qədər bu taydakı qələmdaşları çox narahat, üzüntülü, səksəkəli günlər yaşadı. Hər gün xoş xəbər gözləyirdik. Onların azad olunacağına inanırdıq. Bəzən ümidsizliyə qapılanlar, onların edam olunacağını deyənlər də olurdu. Amma biz onların həbsiylə bağlı müəmmalara içimizdə min bir yozum, izahat verə-verə azad olunacaqları günü gözləyirdik.

İndi artıq o üzüntülü, narahat günlər geridə qalıb. Fərid Hüseyn zindandan qayıdandan sonra isti-isti həbsxana xatirələrini yazdı. “Qandalı görməsin” adlı bu kitab indi böyük maraqla oxunur və yəqin ki, Təbrizdə həbs olunan ilk Şimali Azərbaycan şairinin yazdığı bu sənədli kitab ədəbiyyat tariximizin ən əhəmiyyətli faktı olaraq qalacaq.

Bu kitabın əhəmiyyəti bir də ondadır ki, İran həbsxanası haqqında Azərbaycan oxucusuna ilk dəfə dolğun, müfəssəl bilgilər verir. Mən bu kitabı çox böyük həyəcanla oxudum, bəzi məqamlarda qəhərləndim, içimə ağırlıq çökdü. Özümü bir anlıq həbsxana divarları arxasında hiss etdim... Fərid kitabın əvvəlində yazır:

“Şəhriyarın da eyni həbsxanada olduğunu bilmək üçün qəsdən verilən yeməkləri yemirdim ki, nəzarətçilər gələndə söz soruşmaq fürsəti əldə edim:

- O da mənim kimi iştahasızdı, heç nə yemir?

Nəzarətçi də deyirdi ki, “özünə baxma, ona daşdan yumşaq nə versən, o saat ötürür”. Beləcə, özüm üçün dəqiqləşdirirdim: hə, yeyirsə və nəzarətçilər onu görürsə, deməli, salamatdı və yaxınlıqdadı. Bir neçə gün sonra başqa bir üsula da əl atmışdım, yemədiyim halvanı nəzarətçiyə verirdim ki, Şəhriyara çatdırsın, bu da Şəhriyarın yaxınlıqda olmağını öyrənməyin bir yolu idi”.

“Qandalı görməsin” kitabı başdan-başa beləcə, ürək göynədən səhnələrlə doludur. Fərid bu kitabı ürəyinin qanıyla yazıb. Mən Fəridin eyni vaxtda çıxan digər kitabı – “Dözmək üçün məşq”ı həbsxana xatirələrindən əvvəl oxumuşdum və düşünürdüm ki, məhz bu kitab haqqında yazacağam. Amma bu yazını yazmağa başlayanda “Qandalı görməsin”i də oxumaq ehtiyacı hiss etdim. Düşündüm ki, bu kitabı mütləq oxumalıyam. Və nə yaxşı ki, oxudum!

Fərid kitabın sonunda məhbəs həyatı yaşamış mərhum yazıçımız Çingiz Ələkbərzadənin “Zindan” romanının ön sözündən maraqlı bir sitat gətirir: “Həbsxanadan çıxandan bir il sonra bu əsəri yazmağa başladım. Birinci cümləni başlayan kimi elə bil məni təzədən tutub o cəhənnəmə saldılar, romanı qurtarana qədər, elə fərz eləyin ki, mən yenidən ikinci zindanda qaldım”.

Fərid bu kitabı yazmaqla könüllü olaraq ikinci dəfə “zindan həyatı” yaşamalı olub. İkinci dəfə Təbriz zindanında “yatmağa” məcbur olub. Amma zindan indiyə qədər hansı şairin iradəsini sındıra bilib, hansı şairin sözünə qandal vura bilib?! Məhbəs Xaqaniyə “Həbsiyyə”ni yazdırdı. Musa Cəlilə “Moabit dəftəri”ni, Nazim Hikmətə “İnsan mənzərələri”ni, Əziz Nesinə “Bir sürgünün anıları”nı, Xəlil Rzaya “Lefortovo gündəliyi”ni yazdırdı. Bu siyahını xeyli artırmaq olar. Bu yazını yazarkən və elə Fəridin kitabını da oxuya-oxuya tez-tez dəyərli şair dostumuz Adil Mirseyidin misralarını xatırlayırdım:

Yenə də Şərq şeirində gözəllərə xal yaraşır,

Dünyanın hər bir yerində şairə qandal yaraşır.

Şairin qoluna qandal vuranlar heç vaxt anlaya bilmədilər ki, onun düşüncəsini, təfəkkürünü, zehnini heç zaman buxovlamaq mümkün olmayacaq.

Mən Fəridin “Dözmək üçün məşq” kitabı haqqında yazacaqdım, amma gözlənilmədən həbsxana xatirələrini bir göz qırpımında oxudum və kitab məni silkələdi. Fəridin həbsxana həyatı da bir növ dözmək üçün məşq imiş... O, bu sınaqdan üzüağ çıxdı.

Gənc yaşda gözlənilmədən azadlığı əlindən alınmış insanın, şairin keçirdiyi sarsıntıları, ağrı-acıları yenidən yaşamaq və bu ağrıları sözə çevirmək ikiqat qəhrəmanlıqdır. Fərid özündə güc tapıb ədəbiyyatımızda unikal bir hadisə olan həbsxana xatirələrini yazdı.

Şairlər dünyanın ən azad insanlarıdır. Qoy dünyanın heç bir yerində şairlər qandal görməsin!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qabyuyanlıqdan Nobel mükafatına – Con Steynbekin həyatı
21:00 27 Fevral 2020
Elçinin pyesi əsasında hazırlanan tamaşa təqdim olundu
19:06 27 Fevral 2020
Kukla teatrının direktoru beynəlxalq festivalda
18:39 27 Fevral 2020
Seçilmişlər həmişə müqəddəs olmurl! - Orxan Fikrətoğludan yeni hekayə
18:00 27 Fevral 2020
Yeni şeir kitabı: “Sevgi tozu”
17:21 27 Fevral 2020
Çəkiliş zamanı məşhur sənətçinin ayağı qırıldı
16:42 27 Fevral 2020
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
16:07 27 Fevral 2020
Şpilberq "İndian Cons"un beşinci filmini çəkməkdən imtina etdi
15:28 27 Fevral 2020
İçərisindəki “Microsoft”u təzələməlidir - Yazıçılar Cavid Zeynallının hekayəsindən danışdılar
14:58 27 Fevral 2020
Xalq artisti haqqında sənədli film çəkilir
14:09 27 Fevral 2020
Mentalitetimizin iyrənc üzü: zorla, evlən, sonra güllələ!
13:30 27 Fevral 2020
Fransa dövlət arxivindən Azərbaycanlı yazıçının kitabı tapılıb – Foto
12:52 27 Fevral 2020
Qorxusundan qadın soyadı götürən Əməkdar artist - Maraqlı faktlar
12:25 27 Fevral 2020
Plagiat onun ruhuna hopub – Gənc yazıçını sərt tənqid etdilər
11:44 27 Fevral 2020
Qadınlarımızın Vatsap biabırçılığı
11:10 27 Fevral 2020
Allah məni qəbul edər, Leylası? - Rəşad Nağı Mustafanın yeni şeiri
10:40 27 Fevral 2020
Zorlamada günahlandırılan məşhur sənətçiyə qadağa qoyuldu
10:20 27 Fevral 2020
Əlillik mövzusunda kitab təqdim olunacaq
09:53 27 Fevral 2020
Müəlliməni şagirdlərinin intim videosu ilə şantaj etdi...
08:59 27 Fevral 2020
Murad Boz Xocalını belə andı
19:11 26 Fevral 2020