news-inner
clock21:00 calendar-gray 25 Yanvar 2021 view-gray9837 dəfə oxunub
view-gray9837 dəfə oxunub

Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...

“Mən nə oyam, nə də bu. Mən nə qadınam, nə də kişi”

“Yuxulara bənzəyən, sevgisiz, ürəksiz, ehtirassız, sekssiz ədəbi obrazların dumanlı dünyası mənim çox xoşuma gəlir. Ancaq bu dünya mənə maraqlıdır”.

“Mən ilk resenziyamla bir funt on şillinq qazandım və bu pula İran pişiyi aldım. Sonra lovğalandım. Mənə pişik azdır, mən avtomobil istəyirəm”.

Virciniya Vulf

Qadın yazdığı məktubu masanın üzərinə qoydu. Sonra paltosunu geyinib çaya doğru getdi. Sahildə bir neçə iri daş tapıb cibinə qoydu. Axşam qaranlığı Ous çayının üzərinə çökürdü. Qadın sakit sulara girdi…

Onun cəsədini iki həftədən sonra sahildə oynayan uşaqlar tapdılar. Bu müddət ərzində bütün İngiltərə yeni ədəbi epoxanın simvollarından birinə çevrilmiş Virciniya Vulfun intiharından və qeybindən danışırdı… İkinci Dünya savaşının qızğın vaxtında İngiltərə Virciniya Vulfun ölümü ilə şok olmuşdu…

İlk depressiya

1895-ci il. Yeni ingilis ədəbiyyatının simvollarından biri olacaq 13 yaşlı yeniyetmə Virciniya Stevens gecə yarısı xələtini çiyinlərinə atıb kitab götürmək üçün atasının kitabxanasına yüyürür. Kitabxanada onların evində daim qonaq olan iki dayısı oğlu içki içirlər. Yarıçılpaq halda olan balaca Virciniyanı görən dayısı oğlanları onun üstünə atılırlar. Virciniya imkan tapıb var gücüylə bağırmağa başlayır və bütün evi ayağa qaldırdığına görə dayısı oğlanları onu zorlaya bilmirlər…

Səhəri gün anası Virciniyanı yanına çağırır və ağır şəkildə tənbeh edir. Məlum olur ki, baş verənlərə görə günahkar olan balaca Virciniyadır. Hər halda Britaniyanın kübar qaydalarına görə yeniyetmə bir qız yarıçılpaq bir şəkildə «centlmenlərin» yanına getməməliydi…

Bir qədər sonra məlum olur ki, 6 yaşından bəri dayısı oğlanlarından biri onun ən məhrəm yerlərini davamlı olaraq əlləyib və Virciniya bu səhnələri ölümünə qədər xatırlayacaq, hətta hallusinasiyalarında məhz bu səhnələr onu dəhşətə gətirəcəkdi…

Bu hadisədən sonra Virciniya ilk depressiyasını yaşayır. Artıq şən və “şeytan” Vircini yoxa çıxacaq. Bu depressiyadan sonra o uzun müddət kişilərə nifrət edəcək və onlarla yaxınlıqdan qorxacaqdı. O bundan sonra kitablara tapınacaq və tək əyləncəsi oxumaq olacaqdı.

Bir neçə aydan sonra anasının vəfatı isə Virciniyanın yaşamaq ümidlərini öldürür və gələcək yazıçı 13 yaşında ilk dəfə intihar etməyə cəhd edir. Daha sonra o, bir neçə dəfə özünü öldürməyə çalışacaq, amma hər dəfə uğursuzluğa düçar olacaqdı. Vulf yaşamağa və ingilis ədəbiyyatını yenidən yaratmağa məhkumdu…

Ancaq 1941-ci il martın 28-də artıq yorulmuş və dəli olmaq həddinə çatan Vulfun göstərdiyi son cəhdi uğurlu olacaqdı…

Vulfda yaxşı nə varsa, atasına və kitablara borcludur

Virciniya Edellin Stefens İngiltərənin aristokrat və ən varlı ailələrindən birində dünyaya göz açmışdı. Atası Lesli Stefens tanımış yazıçı, filosof və tənqidçi idi. O həmçinin ingilis aristokratiyasının modernizmə açılan qapısı hesab olunurdu. Virciniya özünə məxsus zərif və zəif olduğu qədər də böyük olan istedadını məhz atasından miras almışdı.

Titrək və möhtəşəm gözəlliyi, kübar duyğuları, zəif və həssas əsəb sistemi ona anasından keçmişdi və bu dəyərlər onun yaradıcılığında “qızıl sap” olacaqdı. Həddindən artıq həssas olan Virciniyanın yaratdığı ədəbiyyatda zərif və həssas idi.

İngiltərənin ən varlı aristokrat ailələrindən birinə mənsub olan anası ledi Culiya Dakvort kübar aləmin ulduzlarından biri hesab olunurdu. Stefenslərin malikanəsi Londonun ən varlı və modabaz rayonlarından biri olan Kensinqton rayonunda yerləşirdi və Stevenslərin salonu Londonun ədəbi salonu hesab olunurdu. Lesli və Culiyanın 4 uşağı fəlsəfə, incəsənət və ədəbi mübahisələr atmosferində tərbiyə alırdılar və onlar hər bir nəfəsi Uilyam Tekkerey, Henri Ceyms, Devid Herbert Lourens kimi ingilis ədəbiyyatının əfsanələri ilə alırdılar.

Stefenslərin salonunda amerikan psixoloqu Uilyam Coysun və Ziqmund Freydin, Karl Yunqun teoriyaları müzakirə edilir, modernist ədəbiyyatının əsasını təşkil edən “şüur axını” janrı davamlı olaraq mübahisələrə səbəb olurdu. Və Stevenslərin dörd uşağı bu ədəbi-fəlsəfi mühitdə formalaşırdılar.

Stefenslərin evindəki böyük kitabxana London ailələrinin ən varlı kitabxanalarından biri hesab olunurdu, uşaqlar bütün günlərini demək olar ki, kitabların arasında keçirirdilər. Kitabxanada gecə yarısı baş verən o hadisəyə qədər Virciniya çox sərbəst, qayğısız və xoşbəxtdi…

Bütün gözəl nağıllar üç ay içində darmadağın oldu. Öncə balaca Vircinini öz qohumları zorlamağa cəhd etdilər. Həmin gecə Virciniyanın ruhi vəziyyəti dəyişdi. Zaman-zaman dəli olmaq həddinə çatması da məhz həmin gecə aldığı psixoloji zədə ilə bağlı idi…

Virciniya bir daha heç bir zaman kişilərə inanmayacaqdı. Bəlkə də tək inandığı və sevgidən daha çox dostluq bağları ilə bağlı olduğu tək kişi əri Leonard Vulf idi.

Bir neçə aydan sonra anası Culiya ikitərəfli sətəlcəmdən öldü. Anasının ölümü Virciniyada yeni depressiyaya yol açdı və 13 yaşlı qızcığaz ilk dəfə intihara cəhd etdi…

Blumsberi qrupunun lideri

1904-cü ildə Lesli Stefens öldü. Virciniyanın 22 yaşı vardı. O demək olar ki, bütün zamanının atasının kitabxanasında keçirir və oxuyurdu. Atanın ölümündən sonra tək qalan uşaqlar qərara alırlar köhnə evlərini satıb yeni ev alsınlar. Virciniya özünün yeni ədəbiyyat salonunu açmaq və burda gənc və modernist yazarları toplamağı arzulayırdı.

Stefenslər London modabazlarının yaşadığı Kensinqtondan kübar cəmiyyətin son dönəmlərdə daha çox üstünlük verdiyi başqa bir rayona, Blumsberi rayonuna köçdülər. Bir ildən sonra Londonunu mədəni mühiti Virciniya Stefensin evində formalaşan «Blumberi qrupu» ilə nəfəs almağa başladı.

1905-ci ildən başlayaraq 23 yaşlı Virciniya «Tayms»ın ədəbiyyat əlavəsində davamlı olaraq çıxış etməyə başlayır. Onun tənqidi fikirləri yeni ingilis modernist ədəbiyyatın yaranmasında müstəsna rol oynayır. Virciniyanın salonunda «Blumsberi qrupu»nun demək olar ki, bütün qaymaqları - şair Tomas Eliot, ədəbiyyatşünas Rocer Fray, yazar Eduard Foster, filosof Bertran Rassel, həmçinin İngiltərənin aparıcı incəsənət adamları, iqtisadiyyatçıları toplaşırdı. Bu qrupdakı adamların böyük əksəriyyəti homoseksual idi və Virciniya kişilərə olan inamsızlığına görə homoseksualların içində özünü daha rahat və təhlükəsiz hesab edirdi.

«Blumberi qrupu»nun nüvəsini Kembric Universitetinin məzunları təşkil edirdi və Vulfun iki qardaşı məhz bu universitetdə təhsil aldıqlarına görə onların evi qrupun mərkəzi qərargahı halına gəlmişdi. Filosof Edvard Murun ideyalarının təsiri altında olan qrup hesab edirdi ki, səmimiyyət və azadlıq ikiüzlülüyə və məddahlığa qarşı mübarizədə ən doğru vasitədir. Qrupun əsas devizi “Ünsiyyəti heç nə əvəz edə bilməz” idi. Qrupun əsas liderlərindən biri isə gənc Virciniya Stevnsdi.

1906-cı ildə Virciniya daha bir dəhşətli depressiya keçirir. Qardaşı Tobias hərbi qulluqda həlak olur. Bir daha intihar etməyə cəhd edir, amma yenə də onu xilas edirlər…

Bacısının “xəyanəti” və Virciniyanının “lesbian” duyğuları

İkinci intihara cəhddən sonra Virciniya uzun müddət bərpa prosesi keçirir. Bacısı Vanessa onun başının üstündən çəkilmir. Ancaq 1907-ci ilin qışında Virciniyanın səhhəti normallaşmağa başlayır. Lakin həyat onun üçün daha bir sürpriz hazırlayır. Gözlənilmədən Vanessa ərə gedir. Dünya yenidən Vircini üçün qara rəngə çevrilir.

Məsələ orasındaydı ki, 1895-ci ildə Vircini zorlanmağa cəhd olunduqdan sonra bacılar heç bir zaman ərə getməyəcəkləri barədə bir-birilərinə söz verirlər. Vanessanın öz andına xəyanət etməsi Virciniyada yeni depressiya yaradır. Vanessanın Virciniya ilə sevgili olmaları barədə dedi-qodulara inansaq, o zaman bu Vircininin ilk sevgini qeyb etməsi anlamına gəlirdi və Virciniya bu «xəyanəti» çox çətinliklə qarşılaya bilir…

Lakin tezliklə Vircini özünə yeni “sevgilər” tapa bilir. Bacısını “dəlicəsinə sevən” Vircini bu “sevgini” Mec Van və Vayolet Dikkinsonun ağuşunda öldürür. Ən böyük sevgisini isə 40 yaşında yaşayır. Bundan əvvəl o tam on il Vayolet Diksonla “böyük sevgi” yaşayır.

Gənc yazar, kübar cəmiyyətdə lesbiyan “sevdaları ilə” ün qazanan 30 yaşlı ledi Vita Sekvill Uest modernist ədəbiyyatın lideri olaraq tanınan Virciniya Vulfa vurulur və qarşılıqlı münasibət görür. Tezliklə Virciniya Vitanın əsirinə çevrilir. O yazdığı məktublarında açıq şəkildə Vitaya sevgisindən bəhs edir. Məktublarının birində Virciniya yazır: “Sən gecələr oyandığın zaman yəqin ki, mənim səni necə qucaqladığımı hiss edirsən…”. Vitaya yazdığı başqa bir məktubunda isə Virciniya özünü onun “xacəsi” adlandırır.

Vitaya olan sevgisi onun doğurdan ən böyük sevgisi olur və ledi Vita Sekvill Uest onu tərk edib Vayolet Trefusislə yeni eşq həyatı yaşadığı zaman yenidən böyük depressiyaya girir. Vitanın xəyanətinə dözə bilməyən Virciniya bir daha özünü öldürməyə cəhd edir. Bu dəfə onu əri Leonard Vulf xilas edir. Məhz Leonardın qayğısı nəticəsində o yenidən ayaq üstündə durmağı bacarır. Bir qədər sonra isə bəstəkar Etel Smitə vurulur, lakin ondan qarşılıq ala bilmir.

Virciniyanın sekssiz ailə həyatı

1909-cu ildə Blumsberi qrupunun üzvü ser Litton Streyçi Virciniyaya evlənmək təklifi edir. Littonun homoseksual olduğunu bilən Virciniya bu təklifi qəbul edir. Bu Virciniya üçün seks olmadan intellektual bir kişi ilə ailə qurmaq imkanı idi. Amma səhəri gün Litton təklifini geri alır. O bu addımı ilə bağlı dostlarına sadəcə bunu deyir: “Onun bir gün məni öpməyə can ata biləcəyi fikri məni dəhşətə gətirdi”.

Buna baxmayaraq onlar dost olmaqda davam edirlər. Bir neçə aydan sonra isə Litton Virciniyanı Leonard Vulfla tanış edir. 1912-ci ildə 30 yaşlı Virciniya Leonard Vulfa ərə gedir. Onların seksual həyatı bal ayında bitir. İlk və son cinsi təmasdan sonra Virciniyaya kişi ilə seks yaşamaq iyrənc gəlir və ərindən bir daha seksual əlaqədə olmamağı xahiş edir. Onun bu xahişi Leonard tərəfindən anlamlı qarşılanır.

Virciniya ərə getməmişdən əvvəl ana olmağı xəyal etsə də, ilk seksdən duyduğu iyrənclik onu bu arzudan vaz keçməyə məcbur edir. Bununla belə o bacısı Vanessanın uşaqlarını, xüsusən də Vanessanının böyük oğlu Culianı əsil ana kimi sevir.

Qəribədir, seks həyatları olmamasına baxmayaraq cütlük tam 28 il xoşbəxt həyat yaşayır. Bu xoşbəxtliyi onlar sözün həqiqi mənasında hər şeylərini intellektual olaraq paylaşmağı bacarmaları ilə əldə edə bilmişdilər. Virciniya hər zaman bildirirdi ki, Leonardı həyatda hər kəsdən artıq sevir. O həmçinin bildirirdi ki, bəlkə eyni sevgini ancaq bacısı Vanessaya bəsləyib. Halbuki o, Vanessanın qadınlığına hər zaman qısqanclıqla yanaşırdı.

Leonadr Vulfun yaratdığı Virciniya Vulf

Ərə getdikdən sonra Virciniya özünü tamamilə ədəbiyyata həsr edir. Leonard həyat yoldaşının ədəbi yaradıcılığına bütün səyi

ilə yardımçı olmağa çalışır. Gözəl ədəbiyyat tənqidçisi olan Leonard Vulf Virciniyanın istedadını hər kəsdən yaxşı hiss edir. Elə buna görə də onu böyük yaradıcılığa sövq edir. Ər-arvad birlikdə “Hohard Press” nəşriyyatını təsis edirlər və rus klassik ədəbiyyat nümunələrini tərcümə edərək nəşr edirlər.

Virciniya Vulfun ilk romanı “Səyahət” uğurlu olur. Romanı yazarkən Vulf bir daha intihar etməyə çalışır. 1919-cu ildə Birinci Dünya savaşı bitdikdən sonra Vulfun “Səyahət” romanı nəşr olunur. Elə həmin il «Gecə və gündüz» romanı işıq üzü görür. 1922-ci ildə “Yakobun otağ”ı romanı nəşr olunur və 1925-ci ildə ingilis ədəbiyyatının incilərindən biri hesab olunan “Missis Dellouey” romanı Vulfu İngiltərənin bir nömrəli yazarı edir.

Vulf “yeni roman”ın, modernst ədəbiyyatın yeni üslubunu yaradır. Onun romanlarında süjet birdən-birə yoxa çıxır, sadəcə “qəlblər danışır” və bu zaman yazarın ustalığı adamı heyran edir. Virciniya Vulf baş verənləri öz qəhrəmanlarının içində sücgəçdən keçirib əks etdirir. Onun yaradıcılığı doğurdan dünya ədəbiyyatının qızıl dövrü olan Birinci və İkinci Dünya Savaşları arasındakı dönəmdə modernist ədəbiyyatın qızıl fonduna aid olunur və Virciniya Vulfun müasirləri ona olan heyranlıqlarını gizlətmirlər.

Buna baxmayaraq şöhrətin zirvəsinə yüksəlməsi Virciniyanı sevindirmir. Ancaq ərinin və bacısının təkidləri ilə o yazmağa davam edir.

Vulfun ədəbi mirası həddindən artıq böyükdür. Onun 11 romanından başqa onlarla hekayəsi, essesi, tənqidi məqalələri, 5 min səhifəlik gündəliyi, minlərlə məktubu ədəbi mirasına aid olunur. Vulfun yaradıcılığının ən parlaq səhifələri isə “Missis Dellouey”, “Orlando”, “Flaş”, “Dalğalar” “İllər”, “Aktlar arasında” romanlarıdır.

Bu romanlar bu gün belə ingilis ədəbiyyatının yeni ədəbi epoxasının təməlində durmaqda davam edir. Fantastik janrda olan bioqrafik “Orlando»” romanında yazıçı ledi Vita Sekvill Uest ilə münasibətlərindən bəhs edir. “Flaş” adıl bioqrafik povest isə bir itin iç duyğularının insanlarla olan münasibətini əks etdirir. Vulfun yaradıcılığında adamı heyran edən əsas şey qəhrəmanın iç dünyası ilə xarici aləmin tam kontekstdə olmasıdır.

Virciniya Vulf Ceyms Coysu qəbul etmir. Coysun “şüur axını” Vulfa görə reallığı əks etdirmir. Coysun ədəbiyyata gətirdiyi üslubu Vulf həmçinin anlaşılmaz hesab edir, lakin onun yaradıcılığını “yeni romanın” inkişafında yeni mərhələ hesab edir.

Virciniya Vulf həmçinin feminist ədəbiyyatın başlanğıcını qoyur. Onun məşhur “Öz otağım” essesi bu gün belə feminist ədəbiyyatın ən böyük nümunələrindən biri hesab olunur.

Tənqidçilər Vulfu daim tənqid etsələr də, onun yaradıcılığı həmişə İngiltərədə müzakirə mövzusu olur. Onun yaradıcılığını həddindən artıq çətin oxunaqlı və həddindən artıq intellektual hesab edirlər və bu da zaman-zaman Vulfu özündən çıxarır. Tənqidçilər hardasa haqlıdırlar. Vulfun ən kiçik hekayəsini oxuduğun zaman belə hiss edirsən ki, hər bir sətirdən sənə doğru zərif bir intellekt süzülür…

Virciniya Vulfun yaradıcılığında hərəkət demək olar ki, çox azdır. Buna baxmayaraq hisslər və söylənməyən fikirlər həddindən artıq çoxdur. Bu onun üslubunun əsas özəlliyi idi və o, öz qəhrəmanlarının sirli dünyasının qaranlıq döngələrində oxucularını gəzdirməyi çox sevirdi. Təbiidir ki, bu gün Virciniya Vulfun tənqidçilərini heç kim tanımır, amma Virciniya Vulfun tarixə keçdiyi heç kimdə şübhə doğurmur.

Vulfun qorxulu röyaları və son akkord

Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra Virciniya Vulf qorxu içinə girir. İkinci Dünya savaşı başladıqdan sonra bu qorxu kabusa çevrilir. O tez-tez dəhşətli yuxular görür, ayıq vaxtında müxtəlif səslər eşitdiyini söyləyir və hallüsinasiyalar görür. Virciniya Vulfun qorxusunun əsas səbəbi yəhudi olan əri Leonard idi. Nasistlərin Leonardı ələ keçirməsi Virciniyanın ən dəhşətli kabusuna çevrilir və o tez-tez bu barədə dəhşətli hallüsinasiyalar görür.

O davamlı olaraq psixiatriya klinikalarında müalicə alır. Bəzən iki-üç ay xəstəxanada yatır. Lakin kabus onu tərk etmir. Yorğun və tamamilə ümidsiz Vulfu daha bir dəhşətli xəbər sındırır. 1938-ci ildə Vanessanının oğlu, Virciniyanın öz oğlu kimi sevdiyi və Leonardla birlikdə böyütdüyü Culian İspaniyada həlak olur. Bu depressiyadan onu ancaq Leonardın böyük sevgisi xilas edir. İntihar etməsindən qorxduqları üçün onu gecə-gündüz qoruyurlar.

Vircinya “Aktlar arasında” adlı novellalardan ibarət son romanını demək olar ki, dəli vəziyyətində yazır. Davamlı olaraq kabuslar onu təqib edir. 1941-ci ildə Vulfların evinə bomba düşür. Leonard göz qırpımında ölümdən qurtulur. Virciniya Vulfun kitabxanası bombardman zamanı yanır. Vulfun sinirləri tamamilə gərilir…

Bombardmandan sonra onlar Suasseks qraflığındakı malikanəyə köçürlər. 18 aprel 1941-ci ildə Virciniya axşam saatlarında ərinə sonuncu məktubunu yazır:

“Əzizim, mən əminəm ki, yenidən dəli oluram. Mən hiss edirəm bunu bir daha yaşaya bilmərəm. Ona görə də mən ən doğru olanı seçirəm… Səninlə mən tam xoşbəxt oldum. Sən mənim üçün xəyal etdiyim hər şey oldun. Əminəm ki, heç bir iki insan bizim kimi xoşbəxt ola bilməz. Amma mən artıq mübarizə apara bilmirəm... Həyatımda olan yaxşı hər şey üçün sənə borcluyam. Sən mənə həmişə dözdün və həddindən artıq xeyirxah oldun. Bunu hər kəs bilir. Məni xilas edə biləcək tək adam da səndin. Ancaq mən bundan sonra səni sənin həyatını ağırlaşdıra bilmərəm. Mən sənin xeyirxahlığına olan inamımdan başqa bütün ümidlərimi itirdim… Hesab eləmirəm ki, bu dünyada bizi kimi xoşbəxt olan ikinci bir cütlük vardı”…

İki həftədən sonra dünya ədəbiyyatının ən böyük qəhrəman qadınının cəsədini çayın sahilində oynayan uşaqlar tapdı. Leonard Vulf onu Suasseksdəki malikanənin bağında dəfn etdi.

“Vircinya Vulfdan kim qorxur?”

İkinci Dünya savaşının yaratdığı xarabalıq ədəbiyyata marağı nisbətən öldürdüyünə görə Vulfun yaradıcılığına maraq ötən əsrin 60-cı illərindən sonra yenidən böyüdü. 1966-cı illərdə amerikan dramaturqu Edvard Olbi “Vircinya Vulfdan kim qorxur?” adlı pyes yazır. Pyes bestsellərə dönür və Hollivudda eyni adlı film çəkilir. Tamamilə bədbəxt Virciniya Vulfu o zamanın parlayan ulduzu Elizabet Teylor oynayır. 60-cı illərdə Virciniya Vulfun psixoloji dramı hər kəsi təsirləndirir və onun əsərləri yenidən dünya ədəbiyyatının bir nömrəli müzakirə obyektinə çevrilir.

2002-ci ildə Virciniya Vulfun faciəvi taleyi yenidən ekranlaşdırılır. “Saatlar” adlanan filmdə Vulfu Nikol Kidman canlandırırdı.

news-inner-user

18049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:37 28 Fevral 2021
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021