O atasını, oğlu onu öldürməli idi

O atasını, oğlu onu öldürməli idi
29 may 2013
# 07:00

Tural Ağarzayev

İlahi tapşırıq

İşdən çox yorğun gəlmişdi. Bir kəlmə söz belə deməyə taqəti yox idi. Min bir əziyyətlə qapının zəngini basdı. Bir neçə saniyə sonra xanımı qapını açdı. Ağızucu salamlaşıb evə girdi. Həvəsi olmasa da əynini dəyişdi, sonra vanna oyağına keçib suyu açdı. Ovcunu su ilə doldurub üzünə çəkdi, sanki qəlbinə də sərinlik gəldi bir anlıq.

Aynaya baxdı...illərin kədəri, illərin qəmi var idi üzündə. Bəlkə də ömründə ilk dəfə idi fikir verirdi ki, saçlarının çox qeyri-adi rəngi var – bozumtul, bulanıq bir rəngi.

Sonra əllərinə baxdı və o əllərini indi özünün ən yaxın, ən qəddar düşməni hesab edirdi. Əllərini kəsmək, doğramaq, yox etmək, itirmək istədi, ancaq edə bilməzdi bunu. Çünki sabah bu əllər öz missiyasını yerinə yetirməli idi!

Qanadlarına baxdı sonra... Onların da nuru, şöləsi azalmışdı, öləzimişdi elə bil.

Xanımının səsinə xəyallardan ayıldı:

- Yemək yeyəcəksən?

Səhərdən ağzına bir tikə çörək belə dəyməsə də ac deyildi və -“Yox, yeməyəcəm!” deyib yan otağa keçdi.

Oğlu yatmışdı. Oğlunun çarpayısına yaxınlaşdı. Gülümsəyərək uşağa baxdı. O dünyanın bütün dərdi-sərindən xəbərsiz, qayğısız halda öz qanadlarına sarılıb mışıl-mışıl yatırdı. Bir gün gələcək o da öz övladının çarpayısına beləcə yaxınlaşacaq, öz sabahkı ağır, amma həyata keçirilməsi mütləq olan missiyası haqqında düşünəcəkdi...İndi isə o uşaq məsumluğu ilə nağıllı yuxuların qoynunda idi.

O yan otağa keçib qorxa-qorxa telefona yaxınlaşdı. Əlini telefona uzatmaq istədi və özündən asılı olmayaraq əti ürpəndi, diksindi. Sonra bu diksinməyinə özünü də gülməyi tutdu. Hamı ondan qorxarkən o da nədənsə qorxmuşdu.

Özündə cəsarət toplayıb dəstəyi qaldırdı, dərin iztirablar içində atasıgilin nömrəsini çevirdi. Üçüncü zəngdən sonra telefonu anası götürdü. Salamlaşdılar. Ovqatının təlx olmağından bildi ki, kişinin ağrıları daha da artıb, ölüm yatağında çırpınır. Vaxtasa hələ var idi, hər şey saniyəsinə, dəqiqəsinə qədər uyğun olacaqdır, nə tez, nə də gec...

Anası ilə danışıb sağollaşdıqdan sonra yenə öz xəyal dünyasına qayıtdı. Gözünün önündə uşaqlığı canlandı. Yaşlı atası onda hələ cavan idi, onu qanadlarının üstə gəzdirir, əzizləyir, hər nazını çəkir, hər istəyini yerinə yetirirdi... O da atasını çox istəyirdi, lap çox. Təsəvvür edilməyəcək qədər bağlı idi ona, onu özünə arxa dayaq bilirdi, alınmaz qala hesab edirdi onu.

Ancaq indi dünyalar qədər sevdiyi atası ölüm yatağında onun yolunu gözləyirdi...

O, bunları xatırladıqca sabahın açılmasını heç istəmirdi. Zaman isə saatın yeknəsəq tıqqıltı sədaları altında amansız addımlarla sabaha doğru irəliləyirdi.

Əzrail bütün bunları düşünə-düşünə elə yerindəcə yuxuya dalmışdı. Sabah isə o Tanrı tərəfindən ona verilmiş növbəti tapşırığı yerinə yetirəcəkdi - öz atasının, qoca əzrailin canını alacaqdı. Nə qədər ağır olsa da bu ilahi tapşırıq idi və əzrail mütləq o tapşırığı yerinə yetirəcəkdi!!!

Sabah açılmış, gün günortanı keçmişdi. Əzrail növbəti ölüm siyahısını alıb Tanrının dərgahından qayıdırdı. Özündə bir yüngüllük, bir rahatlıq hiss edirdi...

Yenə körpəsi yadına düşmüşdü. Nə vaxtsa o da özü üçün ağır və mümkünsüz görünən ilahi tapşırığı yerinə yetirdikdən sonra beləcə yüngülləşəcəkdir.

# 1509 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #