“Bilirəm ki, siz arvadımı Yeseninlə görüşdürürsüz. Belə etməyin”

“Bilirəm ki, siz arvadımı Yeseninlə görüşdürürsüz. Belə etməyin”
17 may 2013
# 07:15

“Otello”nu hazırladınız, rekviziti-

Yaşıl çəməndə dəsmal idi

İrişir altdan-altdan sərxoş Yaqo

“Yenəmi merixlyundiya Meyerxold?”

göz yaşıyla islanmış dəsmal əzik

Vseviolod... Meyerxold...Emilyeviç...

A.Voznesenski (“Meyerxolda” seiri)

Necə yəni “şərti teatr”?

Bu termini ilk dəfə eşidən təəccüblənə bilər-teatr onsuz da şərti bir şeydir, görəsən şərti teatr necə olur?

Əlbəttə işin içində olmayanlar belə düşünər. Amma teatrın tarixini, ifadə vasitələrini, bizimkilər demişkən cikini-bikini bilən üçün bu terminin yeri başqadır. Onlar Meyerxoldun da adını çəkəcəklər.

Bu şərti teatr elə bir mövzudur, söhbəti haradan başlayacağını bilmirsən, amma söhbəti başlamaq da şərtdir yəni.

Teatr binə olandan onun bir qayğısı var-təsirləndirmək, tamaşaçını oyuna qoşa bilmək və bunun üçün də inandırmaq! Daha bunu oyun-bayrama çevirirsən, ya nə hoqqa çıxarırsan bu öz yolundu...

Yəni həqiqətləri elə göstərmək lazımdır ki o həqiqətə hər şeydən çox oxşasın. Asan məsələ deyil...

Ona görə də inandırmaq deyəndə ağıla detallaradək təbiiliyi qorumaq, rekvizitlərdə, aktyor oyununda, dekorda maksimum naturalist olmaq gəlirdi.

Bu naturalist teatr yanaşması bəzən o qədər primitiv ola bilirdi ki, tamaşaçılar inanmağa yox, inanmamağa köklənirdi.

Şərti teatr realist teatr naturalist teatra qarşı çıxarkən meydana gəldi. Bu iki məşhur rejissorun-ustadın və şəyirdin toqquşduğu məqam idi. Meyerxold Stanislavskinin psixoloji realist aktyor tərbiyə üsulunu sistemini kəskin tənqid etdi. Bu həmin sistem idi ki Meyerxold özü də ona illərini vermişdi.

Bu toqquşmada şərti olaraq “Meyerxoldun şərti teatrı” dediyimiz nəzəriyyənin əsas prinsipləri yarandı.

Bu barədə bir az sonra...

Meyerxold alman ailəsində doğulmuşdu və onun əsl adı Karl Kazimir Teodor Meyerqold idi. Üç il kursda qalan Meyerqold gimnaziyanı bitirib

Moskva hüquq fakültəsinə qəbul oldu. Ailəsi ilə münasibətlərinin kəskinləşməsi onun protestantlığı bir kənara atıb pravoslavlığı qəbul etməsinə gətirib çıxardı və Meyerqold Vsevolod Meyerxold adını götürdü.

Universiteti yarımçıq buraxıb Moskva Musiqili Dram Məktəbinə daxil oldu. Buranı bitirəndə Moskva Bədaye Teatrına dəvət aldı.

Burada müxtəlif tamaşalarda xarakterik rollar oynayan Meyerxold 1902-ci ildə MXAT-dan çıxmağı haqqında bəyanat verdi. O vaxtdan onun müstəqil rejissor fəaliyyəti başladı.

Onun teatr haqqında fikirləri başqa idi-onun teatrı bir az futurizmə meylli idi: məsələn onun tamaşalarında da kütləvi əhval-ruhiyyənin ifadəsi

vardı. 1902-ci ildən -1905-ci ilə qədər Meyerxoldun artıq rejissor kimi üslubu yaranmış, şərti teatrın prinsipləri özünü bəlli etmişdi. 1906-cı ildə o Komissarjevskaya Teatrının baş rejissoru idi. Bir mövsümə 13 tamaşa hazırlayan Meyerxold (bunların arasında Meterlinkin, Blokun, İbsenin əsərləri var idi) daha sonra imperator teatrlarında-Aleksandrinski və Marinskidə işlədi. 1913-cü ildən isə öz studiyasını yaratdı. Bu zamanlar isə onun aktyor üçün biomexanika sistemi artıq öyrədilirdi: aktyor hərəkətini, səsini rejissorun istədiyi ritmdə, tempdə tənzimləməyi bacarmalı idi. Və bu elə sistem idi ki, aktyor bunu anındaca etməli idi. Meyerxold Stanislavskinin yaşama məktəbini tənqid edirdi-bu məktəbdə rola daxildən yönəlmə ona səhv görünürdü. Meyerxold rolun məzmununa içindən-daxilindən yox-zahiri tərəflərdən (jest, hərəkət, poza və s. kimi ifadələr) yanaşmağı təklif edirdi. Bu bədənin illərlə saxladığı hərəkətlər toplusundan daxili məzmunu oyadacaq.

Meyerxold aktyorun rola intuitiv yanaşmasının mərhələyə keçməsini nəzərdə tuturdu: Məqsəd-gerçəkləşdirmə və reaksiya. Biomexanika bir sistem kimi yalnız Meyerxoldun yaradıcılığı ilə məhdudlaşmadı. Biomexanika indi də aktyor tərbiyəsinin ayrılmaz bir elementidir. Meyerxold bu barədə “gələcəyin aktyoru” sözünü boş yerə yazmamışdı.

Biomexanika və şərti teatr nəzəriyyələrini Meyerxold 1913-cü ildə “Teatr haqqında” kitabında yazıb nəşr etdirdi. 1915-ci ildə Meyerxold Oskar Uayldın əsəri əsasında “Dorian Qreyin portreti filmini çəkdi. Özü də bu filmdə lord Henrini oynadı.

1917-ci il inqilabı Meyerxodun alqışladığı bir hadisə idi- bu küləklə sovrulacağı Meyerxoldun ağlına da gəlməzdi. (Yesenin də Mayakovski də intihar etdi. Meyerxold öldürüldü. Onun kimi onlarla başqaları da... )

Meyerxold yeni hakimiyyətin maarifləndirmə işlərində iştirak etdi. Müəyyən vəzifələrdə çalışdı. Həmçinin İnqilab Teatrına da rəhbərlik etdi. Malıy və Petroqrad teatrında tamaşalar hazırladı. 20-ci illər Meyerxold adına Dövlət Teatrında tamaşalarla məşğul oldu. Bu, onun yaradıcılığının ən qızğın vaxtları idi. Həyatında və yaradıcılığında bir ulduz parlamışdı-Zinaida Rayx.

Yesenin – Rayx- Meyerxold: Ağır Roman

Zinaida Rayx ilə teatr emalatxanasında tanışlığı Meyerxoldun həyatını dəyişdi. Bu zaman Meyerxoldun 47 yaşı var idi, Olqa Muntla evli idi və üç qızı vardı. Zinaidanın da dolğun bir həyat tarixçəsi vardı - o, bir başqa qadın idi. Savadlı fəhlə qızı idi, gimnaziyanı bitirmişdi. 1917-ci ilin yazında hələ o qədər də məşhur olmayan Yeseninlə bir solçu qəzetin redaksiyasında tanış olmuşdular. Ölkədə qarışıqlıq, özbaşınalıq baş

alıb gedirdi. Yemək növbələri, atışmalar, hətta narkomanlar... bu qarmaqarışıq dövrdə Yeseninlə Zanaida Rayxın sevgi romanı başlamışdı. 1917-ci ilin avqustunda onlar evlənirlər. Yeseninlə nikahdan iki uşaq doğulur- Tatyana və Konstantin. Amma onların münasibətləri əvvəlki kimi deyildi.

Bu arada dünyada və ölkədə baş verənlər də Zinaidanın vecinə deyil. Ailə Yesenini bezdirməyə başlayır. Bir gün hətta dostu Marionqafdan xahiş edir ki Rayxa sözarası Yeseninin başqası ilə görüşdüyünü desin. İnqilabdan sonrakı xaos dövründə Rayxın da həyatı qarışıq olur. Zinaidanbın sonrakı həyatı barədə bir iki sətirlik məlumat tapmaq olur-oğlu doğulur, başqa yerə köçür, heykəltəraşlıq öyrənməyə başlayır. Amma onların münasibətlərinin ən kəskin nöqtəsini bioqraf hardasa qeyd edir: bu, Konstantin doğulandan sonra baş verir-Yesenin uşağı görər-görməz bəyan edir: “Fu! Yeseninlər qarabuğdayı olmur!” . Yesenin Rayxın həyatından gedir.

Bu arada Zinaida tifə tutulur, ağlını itirir və psixotrik xəstəxanaya düşür. Rayx ordan başqa bir adam kimi çıxır. Ayıq və nə istədiyini bilən biri. Az sonra o Meyerxoldun rejissor kursuna daxil olur. Meterxold ondan aktrisa yaradır. İstedadı vardımı, yoxdumu? Yazılanlara görə Meyerxoldun istedad məsələsinə münasibəti başqa idi: Rayxın istedadsız olduğunu deyəndə istehza ilə gülürmüş: “İstedad? Bu, boş

sözdür”.

Rayxı istedadsız hesab edən çox olur-amma heç nə Meyerxolda mane olmur. O öz aktrisasını yaradır. Rayxa görə neçə aktrisa teatrı tərk edir.

Onlar 1922-ci ildə evlənirlər. 1923-cü ildə Yesenin Rusiyaya qayıtdıqda (bu müddət ərzində o Aysedora Dunkanla evlənmiş və Qərbi gəzmişdi) məlum oldu ki onların münasibətinə hələ nöqtə qoyulmayıb-Yesenin içmiş şəkildə keçmiş arvadını görmək üçün Meyerxoldun evinə gəlir, uşaqlarını göstərməyini tələb edir və həmin gecə mütləq qalmaqalla bitirdi.

Amma Meyerxold bilirdi ki, Zinaida onunla gizlində, rəfiqəsi Qeymanın evində görüşür. Sonralar Qyman Meyerxoldun xahişini xatırlayır: “Mən bilirəm ki siz onlara görüşməkdə kömək edirsiniz, xahiş edirəm buna son qoyun!”


Görünəni, Meyerxold Rayxı ağlagəlməz qədər çox sevirmiş...

1925-ci ildə Yeseninin tabutu önündə Zinaidanı yıxılmamaqdan saxlayan da Meyerxold olur. Yeseninin anası isə Zinaidanı ittiham edir:

“Sənin ucbatından oldu!” Onun ölümü Zinaidaya pis təsir edir, hətta xəstə yatır. Bu günlərdə yanında olan Meyerxold ona qulluq edir.

Özgə teatr

Zinaida bir müddət ərinin uydurduğu-qurduğu dünyada (bu illərdə Meyerxoldun “Ağıldan bəla”, “Kameliyalı qadın”, “Müfəttiş” tamaşalarında oynayır) yaşayır, nəfəs alır, sevir, əzab çəkir, ölür.

Tənqidçilər onun qeyri-insani səslər çıxardığını yazırdılar, amma Rayx həyatda da belə bərk və əcaib çığırırdı. Əsəb xəstəliyi baş qaldıranda da o eynən belə qışqırırdı. 1938–ci ilədək

Meyerxold adına Teatra müasir rəhbərlik edən rejissor müasir dramaturqların əsərlərini hazırladı. Mayakovskinin “Misteriya Buff”, Erdmanın “Mandat”, Qoqolun “Müfəttiş” əsərlərinin tamaşaları böyük şöhrət qazandı. Amma bununla bərabər teatr sonradan xalq düşməni olan yazıçılara meyl etməkdə də ittiham olundu. Bir məqalə ilə fitva verilən zamanlar idi və 1937-ci ilin dekabrında “Özgə teatr” adlı bir məqalə dərc olunmuşdu....

1938-ci ilin yanvarında Meyerxold adına Teatr “sovet sənətinə yad, formal burjua mövqeli” hesab edilərək ləğv edildi. O zaman Stanislavski Meyerxoldu bir növ xilas edir və onu Opera Teatrına çağırır. 1938-ci ildə Stanislavski də öldü və artıq Meyerxoldu xilas edəcək kimsə qalmadı. Hətta Zinaidanın Stalinin adına məktub yazıb sənətdən anlamayan adamlara inanmamaq barədə eyham vurması, Stalini evlərinə dəvət etməsi də işə yaramır.

Zina, məni tərk etmə!

1939-cu ildə Meyerxoldu həbs edirlər. İyunun 20-də güllələyirlər. Zinaida belə vəziyyətdə uşaqların burada qalmasını mümkünsüz hesab edir və ağılla hərəkət edib onları rəfiqəsigilə göndərir. İyulun 15-də gecə Zinaida Rayxı çoxsaylı bıçaq zərbələri ilə ölümcül yaralayırlar. Rayx xəstəxanaya gedən yolda vəfat edir. Qatillər evdən heç nə aparmamışdı, qızıllar, bahalı əşyalar yerində idi. Ev xidmətçisi də öldürülmüşdü. Məqsəd aydın görünürdü- Zanaidanı öldürmək. Bəziləri KQB-nin Rayxın xarici mətbuatla əlaqələrindən qorxduğu üçün bunu etdiyini yazdı. Oğruların səs-küydən qorxub qaçdığı versiyası da səsləndi. Hərçənd Rayxın qışqırığına qonşulardan heç kim gəlmir. Onlar Zinaidanın qışqırıqlarına öyrənmişdilər.

Meyerxoldların yaşadığı evi uşaqları-filanı nəzərə almadan böldülər, ora Beriyanın sürücüsünün və katibəsinin ailəsi yerləşdirildi. Bu qədər dəhşətli final bəzən filmlərdə belə olmur. Dəhşətli final. Amma bu əhvalatı belə bitirməyə qıymır adam. Dəhşətli ayrılıqla bitməməlidi heç nə. Meyerxold Zinaidaya yazdığı məktub sanki bu fikri təsdiq edir- belə bitə bilməz heç nə:

Zina! Əzizim! Sevimlim! Tezliklə görüşəcəyik, bir alma kimi bütöv olacağıq. Sənsiz mən gözlüksüz kor kimiyəm. 13-ü mən Qorinkaya gəldim, ağcaqayınlara baxdım və ah çəkdim. İntibah dövrünün hansı zərgəri onları belə düzüb? Bunlar qızıl yarpaqlarıdır ki! Bax, bu yarpaqlar havada uçuşur. (Yadındadı belə yarpaqlarla biz yunan qozunun dalğalı qabığını örtürdük, onu bəzəməyə hazırlaşırdıq?) onlar sanki dağılmaqla keyiyiblər, donublar...

Onların həyatının son saniyələrini ölən adamın döyüntüləri kimi saydım.

Ayın 13-də bu qızıl payızın nağıl dünyasına, möcüzəsinə baxanda fikrən pıçıldadım: Zina, Zinaciğazım, bu payıza bax... və məni heç vaxt tərk etmə. Səni sevəni tərk etmə... Səni – arvadımı, bacımı, anamı, dostumu, sevgilimi . qızılım, sən möcüzə yaradan təbiət kimisən!

Zina , məni tərk etmə!

Dünyada tənhalıq qədər qorxulu bir şey yoxdur!

Niyə Təbiətin “möcüzələri” məndə ayrılıq kimi dəhşətli bir fikir oyatdı? Axı, belə şey yoxdu? Axı tənhalıq qısamüddətlidir, elə deyil?...

15 oktyabr. 1938-ci il”.

# 4880 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #