“Bunu başa düşdüm və ədəbiyyatdan getdim”

“Bunu başa düşdüm və ədəbiyyatdan getdim”
6 may 2013
# 12:33

Kulis.az-ın suallarını şair Mətləb Ağa cavablandırır.

Dosye: Mətləb Ağa 1975-ci ildə Salyan rayonunda doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşıdır.

İlk şeiri 1990-cı ildə "Gənclik" jurnalında nəşr olunub. Müxtəlif illərdə şeirləri "Qobustan", "Xəzər", "Ulduz" jurnallarında, "Yol", "İlham", "Rezonans", "525-ci qəzet" və s. qəzetlərdə, "Ağ yol", "Qar çiçəyi", "Muğanın səsi" və s. almanaxlarda dərc edilib.

- Sizin ədəbiyyata gəlişiniz 90-cı illərə təsadüf edir. İstərdik əvvəlcə bu dövrün ədəbi mühiti haqqında geniş məlumat verəsiniz. O dövrdə ədəbi mühitə can atan, özünü təsdiqləmək istəyən gənclərə münasibət necə idi? O dövrün gəncləri kimlərin təsiri altında yazırdılar. Siz özünüz kimdən öyrənmiş, təsirlənmişdiniz?

- Bu mənim şəxsi fikrimdir ki, 90-cı illərdə ədəbiyyata gəlmiş gənclik, kifayət qədər maraqlı ədəbi gənclik idi və bu gənclik 60-cı illərin ədəbi nəsli qədər maraqlı olmasa da, hər halda, maraqlı olmağı bacarmışdı. Bu maraqlılıq ondan ibarət idi ki, 90-cı illərin ədəbi gəncliyi, 60-cı illərin ədəbi rezonansını bir qədər özlərinə məxsus şəkildə, onun təsiri altında olmaqla, hadisələrlə və yeniliklərlə dolu olan 90-cı illərin ab-havasına uyğun şəkildə ifadə edirdilər və buna görə də müəyyən maraq doğura bilmişdilər.

Həmin dövrün ədəbi gəncliyini fərqləndirən əsas cəhət, mənim fikrimcə, budur ki, onlar, fərd olaraq fəaliyyət göstərirdilər, Facebookda, ”Ulduz”un hər hansı bir nömrəsindəsə, qrupbazlıq edib bir-birlərini tərifləmədən, like etmədən də, istedadları ilə özlərini tanıtmağı bacarmışdılar. Halal ədəbi gənclik idilər, heç kəsə yaltaqlanmırdılar, istedadlarına arxalanırdılar, öz işləri ilə, daha dəqiq ifadə etməli olsaq, yazmaqla məşğul idilər. ”Dahiyanə” fikirlərlə, hamının ürəyindən keçə bilən, lakin, mənəvi və əxlaqi kriteriyalarla mütləq məhdudlaşdırılmalı olan hisslərlə dolu olan “publisistik” yazılarla, özlərini guya başqalarından fərqləndirən və onların “dahi” olmasını “sübut edən” fikirlərlə internetdə və qəzet köşələrində meydan oxumurdular.

Fikrimcə, istedadı olan gənclərə, o dövrdə, münasibət normal olub. Bizim ədəbi mühitdən, 90-cılardan, əsas, Salamın, Qulu Ağsəsin, Səhərin-bu sıradan, bir-neçə başqaları da var-adını çəkə bilərəm. Sonradan, modernistlər, postmodernistlər gəldilər. Bunu bir daha vurğulayıram ki, fikrimcə, 90-cı illərin ədəbi gəncliyi fərd olaraq ortalıqda idilər, hansısa qruplar yox idi, onlar, özlərini fərd olaraq ifadə edir və belə tanınırdılar, hansısa qrupun özündənrazı və “dahiliyə iddialı olan” nümayəndəsi kimi yox. Şəxsən, mən, həmin dövrdə, 90-cıların digər nümayəndələrini şəxsən belə tanımırdım, çünki, hərə öz işi ilə məşğul idi. Kiminsə təsiri altında yazmağa gəldikdə isə, 90-cı illərin ədəbi nəsli, birmənalı olaraq, özlərinin mənəvi “rəhbərləri” olan 60-cı illərin yazarlarının təsiri altında idilər. Konkretləşdirsək, şeir yazan 90-cılar Ramiz Rövşənin, müəyyən qədər də, Vaqif Bayatlı və Vaqif Səmədoğlunun təsirində olublar, bunu, hesab edirəm ki, heç kəs inkar edə bilməz.

- Bildiyimizə görə sizə uğurlu yol yazanlardan biri Əlisəmid Kür olub. Başqa kimlər sizin və dövrün gənclərinin yaradıcılığını diqqətdə saxlayıb?

- Məni Azərbaycan mətbuatında ilk dəfə şair Məmməd İsmayıl çap edib. 16 yaşımda. 11-ci sinifdə oxuyurdum. Həmin vaxt “Gənclik” jurnalında işləyən şair, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin hazırki rəhbəri Sabir Sarvan təmənnasız-filansız əlindən gələni etdi ki, məni ədəbi mühitə təqdim etsin. 1991-ci ildə ”Gənclik” jurnalında çap olunan həmin şeirlərimə Sabir Sarvan jurnalın adından ön söz də yazmışdı. Həmin illərdə, ”Gənclik” jurnalı böyük tirajla çap olunurdu, jurnala maraq böyük idi, yəqin ki, sovet dövlətinin bitməsi, yeni, fərqli fikirlərin ortaya çıxması səbəbindən. Müqayisə üçün, indi heç TV-lərin populyar, lazımsız şou verilişlərinin o qədər tamaşaçısı yoxdur. Konkretləşdirsəm, “Gənclik”in mənim şeirlərim də çap olunan 1991-ci ilin may nömrəsi, 89 min tirajla buraxılmışdı. Bundan başqa, o vaxtlar, 1991-ci ildə, Azərbaycan televiziyasında, bir ədəbi verilişdə, Sabir müəllim, mənim ədəbi gələcəyim barədə olan ümidlərini yenə də ifadə etdi, bu isə o dövrdə, mənim üçün böyük bir xeyirxahlıq idi. Xatırlayıram ki, 1991-ci ildə, hardasa fevral ayı idi, Sabir Sarvan “Gənclik” jurnalının redaksiyasında, öz iş otağında, mənimlə bir xeyli, söhbət etdi, yeri gəlmişkən, xatirimdədir ki, onunla bir otaqda Hüseyn Əfəndi, Çingiz Sultansoy da otururdu, sonra, irəli düşüb, məni jurnalın baş redaktoru Məmməd İsmayılın yanına apardı, Məmməd İsmayıl mənim bir şeirimə öz dilimdən qulaq asdı, söhbət elədik və sonra qərara gəldilər ki, “podborka”mı “Gənclik”də çap etsinlər. Bundan sonra, həmin gün, Sabir Sarvan “Azərbaycan” nəşriyyatının birinci mərtəbəsində məni liftə mindirdi, 16 yaşlı mən kənd yeniyetməsinə liftdən necə istifadə etmək qaydalarını izah etdi və o nəşriyyatın doqquzuncu mərtəbəsində yerləşən (səhv etmirəmsə) “Ədəbiyyat və İncəsənət” qəzetinin redaksiyasının poeziya şöbəsinə yola saldı. Həmin şöbənin o zamankı müdiri, sonradan avtomobil qəzasında rəhmətə getdi, ona görə də adını çəkmirəm, rəhmət eləsin, mənimlə bir xeyli söhbət etdi, tezliklə məni o qəzetdə çap etdirəcəyinə söz verdi, lakin bu, nədənsə, heç vaxt gerçəkləşmədi. Əlisəmid Kürə gəldikdə isə, o, məni 1991-ci ildə Əmir Pəhləvanın çap etdiyi “İlham” qəzetində ön söz yazmaqla çap etdirmişdi. ”Gənclik” jurnalından, hardasa bir-iki ay sonra. Sonradan, həmin dövrdə, yazıçı Elçin də bu barədə demişdi ki, artıq, Əlisəmid özündən sonra gələn nəsli oxuculara təqdim edir.

Bundan başqa, mənim və dövrün gənclərinin yaradıcılığını diqqətdə saxlayanlardan biri kimi, mən Vaqif Bayatlının adını çəkərdim. Hər halda, mənə münasibətdə, Vaqif Bayatlının çox yaxşı münasibətini görmüşəm. Bilmirəm, Vaqif müəllim bunu xatırlayır, ya yox, mən Vaqif müəllimdən o qədər diqqət görmüşəm ki, o vaxtlar, konkret olaraq, 1996-cı,1997-ci illərdə, ürəyimdə nəsə bir sözüm, sirrim olsaydı, çəkinmədən ona deyə bilərdim və deyirdim də.

- Şair kimi parlayandan bir müddət sonra Bakıdan uzaqlaşmısınız. Bu sırf işinizlə, peşənizlə bağlı addım idi, yoxsa başqa səbəblər də vardı?

- Həmin dövrdə, mən Bakı Dövlət Universitetinin hüquq fakültəsini qurtardım və yaşadığım Salyan rayonuna qayıtdım. Bir müddət sonra, elə həmin dövrdə, Anar “Ulduz” jurnalının baş redaktoru Ələkbər Salahzadənin xahişi ilə, o vaxt Salyanın hakimiyyətinin başçısına müraciət etdi ki, məni işlə təmin etsin. Lakin, icra başçısı nədənsə, buna diqqətsiz yanaşdı. İndi burdan öz minnətdarlığımı bildirirəm, Ələkbər Salahzadəyə ki, o vaxt heç bir təmənnasız–zadsız, bunu etmişdi. Eləcə də, Anarı minnətdarlıqla xatırlayıram ki, o da, heç bir təmənnasız bunu etmişdi. Sonra isə, müəyyən müddət işləmədim, eləcə də, başqa səbəblər də vardı.

- Gəlin bu səbəblərdən danışaq. Ümumiyyətlə sizin ədəbiyyatda tez parlayıb, tez də söndüyünüzü deyirlər. Bu fikirlə razınızmı? Özünüzü 90-cı illərin itkin gəncliyi sırasında görürsünüzmü?

- Görürəm. Ancaq nə mənada? Fikrimcə, güclü yazmaq üçün adamın güclü mütaliəsi olmalıdır. Mən isə, Salyanda, kənd orta məktəbini 1991-ci ildə azərbaycanca bitirmiş adam, ancaq azərbaycanca, Azərbaycan yazıçılarının kitablarını oxuya bilərdim. O zamanlar, Azərbaycan dilində dünya ədəbiyyatının tərcüməsi də, demək olar ki, yox idi. İnternetin, lazımi informasiyanın olmamağı da aydındı, o dövrdə. Ona görə də, vaxtında başa düşdüm ki, mütaliəm çox zəifdir, 20 yaşa qədər yazdıqlarım, həmin yaş dövrü üçün maraqlı görünə bilərdi, ondan sonra isə, çətin ki, şeirlərimlə ədəbi mühitdə maraq oyada biləydim. Xatırlayıram ki, Fikrət Qoca “Qobustan” jurnalında mənim şeirlərimə ön söz yazmışdı, Tofiq Abdinin təqdimatı ilə, səhv etmirəmsə 1992-ci il idi, yazmışdı ki, Mətləb Ağanın şeirlərinin ən orijinal cəhəti onun çox gənc olmasıdır. Təxminən belə idi Fikrət Qocanın fikri. Həmin dövrdən sonra, düzdü, özümü ifadə etmək, “mən varam” demək üçün yazmağı davam etdirmək olardı, amma, bu, mənim fikrimcə, böyük çıxmasın, artıq ö dövrdə tanıtdıra bildiyim Mətləb Ağa imzasına hörmətsizlik etmək olacaqdı. Ona görə də, vaxtında bunu başa düşdüm və ədəbiyyatdan getdim.

- Gedəndə "dönüşüm möhtəşəm olacaq" demisiniz.

- “Dönüşüm möhtəşəm olacaq”, ifadəsini, mən səhv etmirəmsə, o dövrdə türk müğənniləri Özcan Dəniz və Kadir Tapucunun mahnılarında eşitmişdim. Bu sözü Səhərə demişəm. 1997-ci ildə, oktyabr ayında. Təsadüfən və zarafatla demişəm, elə bir iddiam olmadan. Həm də, həmin vaxtlar mən çox gənc və çox ümidli idim. Gənclik ümidləri, bəzən adama belə sözlər dedirdir. İndiki yaşımda olsaydım, yəqin, belə iddialı bir söz deməzdim. Səhər bacıma belə.

- Onda belə çıxır ki, "Şair ola bilərdi, prokuror oldu" fikri ilə razısız.

- Səhər deyib bunu. O, Nazim Hikmətin Mikayıl Rəfili haqda yazdığı şeirdən götürüb. Şeirdə belədir: “Şair ola bilərdin, professor oldun” ifadəsinə uyğunlaşdırıb məncə. Ancaq, mən bilən, bunlar başqa-başqa şeylərdi. Şeir yazmaq, ruh, ürək məsələsidir. Deyilmiş ifadə olsa da, bir də mən təkrar edim, şair olmaq olmaz, Allah, Yaradan adamı şair etməlidir, məncə. Adamın öhdəsinə düşən isə odur ki, bunu özündə, bir növ, “tərbiyə etsin”. Bəlkə də, ola da bilsin ki, bu da mümkün deyil. Yəni, bizlik deyil.

- Gözəl misralarınız çoxdur, ancaq sizin şeirləri oxuyanda belə təəssürat yaranır ki, şeiri yazır, daha o şeirin üzərinə qayıtmır, yenidən işləmirsiniz. Doğurdanmı belədir?

- Doğrudan da belədir. Bu yaxında, özüm üçün bir şeyi kəşf etdim. Yazmaq istəyirsənsə, şeir yazmaq da bu sıradandır, hökmən oturmalı və əlinə kağız və qələm götürməlisən. Bunsuz mümkün deyil. Ayaq üstə ədəbiyyat yaratmaq olmaz. Bu bir növ, “Fast food” olacaq.

- Şair ruhlu, şair təbiətli bir insanı prokuror kimi təsəvvür etmək çətindir. Şair Mətləb Ağa, prokuror Mətləb Ağaya mane olmur ki?

- Yox, mane olmur. Ən birincisi, özümü şair hesab etmirəm, yəni, bu məsələdə heç bir iddiam yoxdur, ona görə. Şair olmaq-bu müəyyən vaxt, dəqiqələr, saatlar üçün belə olur. Sonra isə, real dünyaya qayıtmalısan. Prokuror olmalısan, müəllim olmalısan, redaktor olmalısan və s. Başqa cür ola bilməz.

- Bildiyimiz qədər eyni dövrdə ədəbiyyata gəldiyiniz adamlarla bir yerə yığışa bilmir, əlaqə saxlamırsınız. Bu, işinizin çoxluğu ilə əlaqədar olan məsələdir, yoxsa kimdənsə incikliyiniz var?

- Heç kəsdən incikliyim yoxdur. Belə bir şey ola bilməz. Qətiyyən. Hamının başı çörək qazanmağa qarışıb. Yəqin buna görə vaxt çatdıra bilmirik. Bunu başa düşürəm. Bacardıqca, əlaqə saxlayıram. Axırıncı dəfə, Səhərlə və Namiq Hacıheydərliylə görüşüb dərdləşmişik.

- Bayaq gənc yazarlar haqqında bir-iki kəlmə dediniz. Onların yaradıcılığını izləməyə vaxtınız olurmu?

-Gənc yazarları oxumaq istəyirəm. Bir söz deyim. Bunlar elə bil kitab oxumurlar, dünyadan xəbərləri yoxdur. Dəhşətli dərəcədə yeknəsəklik, xor ifası var. Düzdür, özlərini elə təqdim edənlər var ki, guya, bunlar ancaq klassik musiqini dinləyirlər, Bethovenə, Baxa, Şopenə, Motsarta qulaq asmaqdan əldən-ayaqdan düşüblər, hardansa əzbərlədikləri misalları çəkməklə göstərmək istəyirlər ki, dünya ədəbiyyatını tamam oxuyub qurtarıblar. Demək olar ki, böyük əksəriyyəti belədir. Mənə elə gəlir ki, bu cavanlar, indi oturub kitab oxumaqdansa, özlərini reklamla, qruppazlıq yaradıb Facebookda bir-birlərini like etməklə məşğuldurlar. Bir şeyi istəyirəm, bilsinlər. Olduqları kimi görünsünlər. Bunu söz demək xatirinə söyləmirəm. Qətiyyən. Ağıllı olsunlar. Bu yaxında, yaxşı bir fikir oxudum Kulis.azda.Yazıçı Yaşarın fikri idi. Tam razıyam onunla bu barədə. Deyir ki, “Mənim üçün təxminən otuz-otuz beş yaşa qədər hər şey maraqlıydı. Bundan sonra inanmıram, məni nəsə heyrətləndirə bilsin. Amma mənə elə gəlir, həyat get-gedə daha maraqlı olacaq. Elə bil texnika inkişaf elədikcə insanlar sənətin ilkinliyinə daha çox meyllənirlər, bicləşməkdənsə daha çox məsumlaşırlar”.

Bu gənc balalarımız bir şeyi bilsinlər ki, ömür keçib gedir. Belə etməklə, başqalarını, Facebook, qəzet-jurnal, televiziya, internet istifadəçilərini yox, öz-özlərini aldadırlar. Sonra gec olacaq. Oturub kitab oxusunlar və bir çoxları öz layiq olmadıqları, bəlkə, özlərinin də inanmadıqları, bəlkə də, dünyagörüşü problemindən qaynaqlandığına görə inandıqları iddialarından əl çəksinlər. Son olaraq, bir söz deyim. Kulisin redaktoru Qan Turalını səmimi və eyni zamanda, intellektual bir adam hesab edirəm. Bunu deməliyəm. Ona görə də, Kulisə maraq bu qədər böyükdür. İstədiyiniz vaxt, baxın. Kulisdə online-də kifayət qədər oxucu görə bilərsən. Bu Qan Turalının, sənin, Kənanın, Cəlilin, Mirmehdinin ilk növbədə, səmimi adam olmağınızdan irəli gəlir. Qeyri-səmimiliklə, özünü dahi hesab etməklə, başqasını kiçiltməklə, səfeh və lazımsız, hamının bildiyi, lakin insanın ləyaqətli olmalı olması və özümüzə hörmət qoymalı olmamız səbəbindən deyilməməli və təbliğ edilməməli olan fikirlərlə ortalıqda özünü böyük tanıda bilmərsən. Bu mütləqdir. Həmin bu fikirlər, müəyyən dövr üçün maraqlı ola bilərdi, yalnız maraqlı. Ancaq, həvəsdir, bəsdir deyiblər. Bunu başa düşmək və artıq sakitcə çıxıb getmək lazımdır. Ən azından, sadəcə, ayıbdır.

- Bildiyimiz qədər kitabınız nəşr olunmayıb indiyədək. Bu nə ilə bağlıdır, maddi imkansızlıqla, yoxsa... Ümumiyyətlə kitab haqqında düşünürsünüzmü?

- Hələ ki, kitab çap etdirməməyimin səbəbi odur ki, istəyirəm o kitab yaxşı bir kitab olsun, yəni qısaca deyim, istəyirəm ki, o kitabı əlimə götürəndə, ürəyimdə qürurlana bilim. Yəni, gec olsun, güc olsun. Bir az da vaxt problemi var. Oturub hazırlamaq lazımdır.

Mətləb Ağanın şeirlərini buradan oxuya bilərsiniz:

Yenə min şükür adına, dodaqlarım qızınır...

Şair ola bilərdin, prokuror oldun...

# 3094 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #