Yenə bu şəhər, yenə zibil qoxusu

Yenə bu şəhər, yenə zibil qoxusu
23 aprel 2013
# 07:00

Namiq Zaman

Gəncliyini axtaran adam

Ətrafa yayılan səs-küy, hay-haray onu fikirlərindən ayırdı. Mənzil başına çatmışdı. Keyimiş ayaqlarını sürüyə-sürüyə avtobusdan düşdü. Dərindən nəfəs aldı. Buraları ilk dəfə görürmüş kimi, diqqətlə gözdən keçirdi. Hər şey dəyişmişdi. Adam və maşın əlindən tərpənmək mümkün deyildi. Sanki qarışqa qaynaşırdı. Avtobuslar da ağzınacan adamla dolu idi; əyləşənlərin çoxu başlarını aynaya söykəyib gözlərini yummuşdular. İlk baxışdan simalarındakı ifadəyə əsasən düşünmək olardı ki, onları buraya zorla dürtüblər və “gedər-gəlməz”ə yollayırlar.

Hamının üzündə kədər, hərəkətlərində yorğunluq hiss olunurdu. Elə bil, harasa tələsirdilər, kimsə qovurdu onları. Yerdəki və küləyin havada uçurduğu zir-zibil isə bu görüntüyə yeni bir rəng qatırdı. Şəhər bu vəziyyətdə – öz sakinləri və zibilləriylə birlikdə əldən düşmüş, pinti, cır-cındır içində itib-batan, ömrünün son günlərini yaşayan kimsəsiz, xəstə qocaya bənzəyirdi. Maşınların tüstüsü, yanmış ət qoxusu biri-birinə qarışmış, avazı bəlli olmayan musiqinin gur səsi aləmi başına götürmüşdü.

Yolun kənarındakı balaca dayanacağın hər iki tərəfində böyük aptek tikilmişdi. Vaxtilə bu dayanacağın yanında gül-çiçək mağazası və qəzet köşkü vardı. Rəngbərəng güllərə, çiçəklərə baxmaqdan doymaq olmurdu, ətirləri ətrafı bürümüşdü. Yolun o tayında isə qəzet köşkü, ətriyyat və kitab mağazası yerləşirdi. İndi onların da yerində balaca dayanacaq, onun bir yanında böyük aptek, digər yanında isə üzərinə kömürlə kobud şəkildə “Dönər” yazılmış, görkəmi o qədər də yaxşı təsir bağışlamayan balaca bir koma görünürdü.

Komaya güclə sığışan, əynindəki his və yağ ləkəli köynəyindən daha çox çirkabla işləyən fəhləyə oxşayan yekəqarın kişi əlindəki uzun, qılınca oxşayan xəncərlə önündəki fırfıra kimi fırlanan ütülmüş ət topasının üzünü soyub o biri əlində tutduğu çörək parçasının arasına doldurmaqla məşğul idi. Buradakı yeniyetmə və gənclər isə heç nəyin fərqinə varmadan, verdikləri pulun müqabilində onun hazırladığı “dönər”ləri alan kimi acgözlüklə yeməyə başlayırdılar. Komanın o tərəfindəki yaşıllıq zolağının yerində – elə yolun qırağındaca, toza-tüstüyə bürünmüş stolların ətrafında əyləşən adamlar, sanki dünyadan xəbərsizcəsinə öz keflərində idilər, – çay içən kim, çörək yeyən kim...

Camaatın davranışında və geyim tərzində bir neçə il əvvəl mövcud olan şəhər mədəniyyətindən əsər-əlamət belə qalmamışdı. Tüstü dumanı arasından çətinliklə seçilən arxa mənzərə də ürəkaçan deyildi: doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki mağazanı indi “Tibb mərkəzi” eləmişdilər. Apteklərdə olduğu kimi, oraya da girib-çıxanlar çox idi (Bir anlıq ona elə gəldi ki, burdakı adamlar xəstədirlər və elə müalicə almaq, şəfa tapmaq üçün buraya gəliblər). Sağ tərəfdəki növbənöv mineral sular və müxtəlif meyvə şirələri satılan balaca “köşkü” isə “puldəyişmə məntəqəsi” əvəz etmişdi. Sol tərəfdəki mədəniyyət ocağının – klubun uçulub-sökülmüş görkəmi, bir vaxtlar buradakı göz oxşayan parkın yandırılmış cəngəlliyə bənzəyən mənzərəsi uzun illərdən qalmış xarabalığı xatırladırdı...

Çox sıxıldığını hiss elədi. Dönüb, tezliklə buranı tərk etməyi qərara aldı. Pillələrlə aşağı endi. Üzbəüz binanın birinci mərtəbəsindəki böyük univermağın yerini “Mebel mağazası” tutmuşdu. Ömrünün ən bakirə çağlarında buradan dəftər-qələm aldığı vaxtlar xəyalından keçdi... Binanın tinindən dönərkən, bir qədər duruxdu. Qarşıdakı tramvay yolunun yerində yol boyu uzanıb gedən yanaşı tikilmiş mağazalar xoşagəlməz bir uyğunsuzluq, nizamsızlıq yaratmışdı. Tramvay çoxdan “başını götürüb qaçmışdı”... Təkcə ayağının altındakı səki öz görkəmində qalmışdı: bozarmış, səliqəsiz, çala-çökəyi ilə ona şirin gəldi.

Şəhərin əvvəlki özünəməxsus qoxusu burnuna doldu. Bayaqkı üzüntünün yerini yenidən xatirələr aldı. O günləri düşündü... Növbəti binanın yanına çatanda qeyri-ixtiyarı dayandı. Bu ikimərtəbəli yaşayış binasının o qədər də böyük olmayan həyətində həmişə sakinlərdən kimsə samovar qaynadardı. Hər dəfə burdan keçəndə, o mənzərəyə baxar, duyğulanardı. İndi o tüstülənən samovar yox idi, həyət zibilliyə bənzəyirdi, binaların da rəngi bir qədər solmuşdu...

Hündür hasarın doğma, həm də qərib duyğular yaradan divarları da əvvəlki görkəmində idi. Sadəcə, onun da rəngi solmuşdu, çox nimdaş görünürdü. Hasar boyu addımladıqca ayaqlarının taqətsizliyini hiss elədi. Dayandı. Geri qayıtmaq istədi. Nə fikirləşdisə, yenidən yoluna davam etdi. Sağa burulub qapıya yaxınlaşdı. Darvazanın şəbəkələri arasından tanış mənzərəni seyr etmək istəyirdi ki, elə bu vaxt qarşısında gülərüz, son dərəcə mehriban bir oğlan – gözətçi peyda oldu. Xüsusi qayğıkeşliklə: – Yəqin, siz də burda oxumusunuz? – deyə, soruşdu və cavab gözləmədən, özünün də bu məktəbi bitirdiyini söylədi, keçmiş məzunların tez-tez buraları ziyarət etməyə gəldiklərini dedi. Bayaqkı üzüntülərin fonunda bu cür isti qarşılanmağı onu ötəri də olsa, sözlə ifadə edə bilməyəcəyi məmnunluğa qərq etdi. Gülümsədi, təşəkkürünü bildirib, içəri – həyətə keçdi. Tətil vaxtı və axşamüstü olduğundan, orada başqa heç kəs yox idi. Gözətçi onu xatirələrlə baş-başa buraxdı...

Hər şey köhnə, hər şey keçmişdə olduğu kimi; həmin asfalt örtük, həmin skamyalar, həmin qoxu... Qapıdan girən kimi diqqəti cəlb edən, üzərinə dahilərdən birinin kəlamı yazılmış böyük lövhənin yeri indi boş qalmışdı. Oradakı – qarşısında balaca hovuz olan su kranını açdı. Suyun axdığını görüb sevindi. Əyilib, əl-üzünü yudu, su içdi. Ürəyinin yanğısı bir qədər azaldı. İrəli addımladı, ətrafı seyr etdi. Gəlib, tanış bir skamyanın yanında dayandı.

Diqqətlə oraya baxdı. Sanki bu dəqiqə həmişə burada əyləşib kitab oxuyan oğlanı – arzuları aşıb-daşan, gələcəyə həvəsli, ümidlərinin ətəyindən möhkəm yapışan o inadkar, çalışqan, qaynar təbli, hamını doğma bilən, hər kəsə yaxın olan, mehriban, qayğıkeş qara saçlı yeniyetməni görəcəkdi. Biixtiyar əyləşdi, əlini havada yellətdi. Ona elə gəldi ki, indi həmin oğlanın yanında əyləşib, onun saçlarını tumarlayır. Hətta onun nəfəsini, ürəyinin döyüntüsünü belə eşidirdi. Dodaqları tərpənir, nəsə danışırdı – söhbət edirdi.

Uzaq kəndlərin birindən buraya gəlmiş, qaynar şəhər həyatına düşən bu oğlanın çöhrəsindən bir məğrurluq, saflıq, sadəlövhlük oxunurdu. Nəfəsində kənd ətri vardı. Baxışlarında ayrılıb gəldiyi dağların əzəməti, vüqarı canlanırdı. Qəlbinin aynası olan gözləri də daşların arasından süzülüb gələn bum-buz bulaqların dumduru, saf sularını xatırladırdı. Baxmayaraq ki, çoxdankı arzusu idi, amma, birdən-birə bu süni şəhər mühitinə düşməyi ona heç də yaxşı təsir bağışlamamışdı.

İlk vaxtlar çox darıxmışdı. Qarşısına qoyduğu məqsədə çatmaq istəyi olmasaydı, çoxdan dönərdi kəndə. Amma, yolun yarısından qayıtmağı özünə sığışdırmamışdı. Düşünmüşdü ki, bu çətinliklər müvəqqətidir və yavaş-yavaş hər şey öz qaydasına düşəcək. İlk dəfə burda görmüşdü insanların paxıllığını, saxtakarlığını, ikiüzlülüyünü, yaltaqlığını, burda anlamışdı həyatın yaşamaq uğrunda mübarizədən başqa bir şey olmadığını.

Ziddiyyətlərlə dolu bu yaşam tərzini çətin də olsa qəbul edib, ona davam gətirməyə məcbur olduğunu dərk etmişdi... Canındakı qələbə ruhuydu onu yaşadan, irəli aparan.

Gecə-gündüz var gücüylə bu qələbəyə çalışırdı. Heç kəslə “işi olmayan”, ürəyitəmiz biri olduğu üçün onunla sirdaşlıq edən yaxşı yoldaşları da az deyildi. Hərdən, meydana çıxan mübahisələri də yoluna verməyi bacarırdı. Onunçün insanlıq hər şeydən uca idi. Savadın, elmin, təhsilin varsa, deməli kiməsə gərək olacaqsan, səni axtaracaqlar, yaşamaq səninçün heç vaxt çətin olmayacaq, yalnız vətəninə, xalqına xidmət etməklə – şərəfli həyatınla başqalarına da nümunə olacaqsan, deyə düşünmüşdü. Elə bilirdi ki, “halallıq” hamının amalıdır, hamı halallıq naminə elm oxuyur, savadlı olmağa can atır. Bu hisslər sonrakı ali məktəb illərində də onu tərk etməmişdi...

Yaxşı ki, ətrafda heç kəs yox idi, onun göz yaşlarını görən olmadı. Nədənsə, çox kövrəlmişdi. Alt-üst olan həyatınamı acıdı, heçliyə qovuşan o ümidlərin puç olduğunumu düşündü, yoxsa, o məsum gəncə gələcək fəlakətlərdən xəbər verdiyinəmi peşman oldu, bilmədi. Sarsıldı. Bütün gücünün tükəndiyini hiss elədi, qəhərləndi, vücudu titrədi. Ayağa qalxdı. Bir az tutuldu, ətrafa boylandı... Üz-gözündən köhnəlik yağan, şüşələri qırılıb-tökülmüş, içərisinin də əvvəlki təravəti itmiş oranjereyanın yanındakı qapıdan keçərək bir qədər təbii meşəliyi xatırladan ağaclığı görmək istədi.

O görkəmdən əsər-əlamət qalmamışdı. Ağacların çoxu kəsilib-götürülmüş, yerində qalanları quruyub əldən düşmüş, bağın əsas hissəsində isə üzü çöl tərəfə böyük bir bina tikilmişdi. Cadar-cadar olmuş torpaq buralara çoxdan su axmadığından, insan əli dəymədiyindən xəbər verirdi. Bir vaxtlar gəzib-dolandığı yerlərin bu hala düşməyi, xatirələrinin kökündən qazılıb itirilməyi – bu cansıxıcı mənzərə ona əzab verdi. Geriyə qayıtdı.

O gənclik təravətli, gülərüz oğlanın əyləşdiyi skamyanın qarşısından keçib, sola buruldu. Bir daha peşman halda məktəb binasının qarşısında dayanıb baxdı. Bu dəfə başqa bir duyğu onu çulğaladı: həyatında ilk dəfə gördüyü gözəlliyin, duyduğu səmimiyyətin təsirindən qəribə vəziyyətlərə düşdüyü günləri xatırladı. Sanki elə indicə doğma, gülümsəyib baxan o simanı görəcəkdi...

Heç vaxt hisslərə bu qədər qapılmamış, inanmamışdı. Bu gün isə əməllicə əsiri olmuşdu təzadlı duyğuların.

Arxaya döndü. Acılı-şirinli xatirələr içərisində xüsusi yeri olan, indi xeyli sönük görünən yeməkxananın ətrafını həsrətlə dolanıb, yataqxanaya baş çəkdi. Həmin o yeniyetmə ilə bir daha “qarşılaşmamaq” üçün orada çox dayanmadı. Amma hiss olunurdu ki, hər addımda əvvəlki izlərini axtarır vaxtiylə gəzdiyi, əyləndiyi yerlərdə.

Yataqxananın arxa tərəfində vəziyyət daha qəmgin idi: əvvəllər məktəbin tibb məntəqəsi olan bu hissədə həyatı, yurd-yuvası vəzifə, mal-mülk dəllalları tərəfindən hərraca qoyulmuş, düşmənlərə satılmış, zəngin keçmişi, şanlı tarixi, dəyərli şəxsiyyətləri, ziyalıları ilə tanınan böyük bir elin, səfil görkəmli məktəbi yerləşirdi. Məktəbin bu miskin siması ona öz halının güzgüdəki əksi kimi təsir bağışladı. Qopa bilmədi bu acı hisslərdən; illərdən bəri çəkdiyi əzab-əziyyət, didərginlik, həyatının tar-mar edilməyi, keçmişi, bu günü, gələcəyi işğal olunaraq əldə oyuncağa çevrilmiş bir məmləkətin ömrü-günü talan edilmiş günahsız adamları, onların taleyi, həyatı, kəsilən “başları”, sındırılan “dizləri”, gözüyaşlı körpələrinin üzündəki üzücü ifadə yenidən canlandı gözlərinin önündə.

Qəfildən çilik-çilik olub ətrafa səpələndi həmin güzgü. Parçalarının üzünə toxunduğunu, sifətini yaraladığını hiss etdi. Bir anda qırmaq, dağıtmaq istədi hər şeyi, ucadan bağırmaq istədi, axtardığını tapmaq, görmək istədi. Amma bacarmadı. Başını əlləri arasına alaraq, divara söykəndi və dondu...

Hava qaralırdı. Əsən külək, yağış yağacağından xəbər verirdi. Tozanağa qərq olmuş küçəylə bir adam ağır-ağır addımlayırdı. O, artıq heç nə düşünə bilmirdi. Hətta haraya gedəsi olduğunu da unutmuşdu...

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #