Tənqidçi qadın üsyan edir: “Mesajda xahiş, statusda təhqir”

Tənqidçi qadın üsyan edir: “Mesajda xahiş, statusda təhqir”
9 aprel 2013
# 10:38

Ədəbi prosesdə olduğum bu qısa müddət ərzində məni ən çox qıcıqlandıran məsələ yazarlarla tənqidçilərin “mehriban düşmənliyi”dir. Ümumi şəkildə tərəflərin heç biri o birindən razı deyil. Konkret münasibətlərə gəlincə isə yazarlarla tənqidçilərin çoxu öz aralarında dostdur və tədbirlərdə, məclislərdə görüşəndə bir-birinə qarşılıqlı iltifatlar edirlər. Tənqidçilər az qala hər gün yazarlardan məktublar alırlar: burada iltifat da olur, xahiş də, sifariş də... Bəli, yazarlardan tənqidçilərin ünvanına ən çox eşitdiyim ittiham budur: tənqidçilər muzdla çalışırlar. Bu ittihamı səsləndirən yazarlardan həmişə xahiş etmişəm ki, ad çəksinlər, konkret ünvanlara yönləndirsinlər ittihamlarını. Çünki bu gün üzdə olan tənqidçilərin hamısını bu və ya digər dərəcədə tanıyıram və hansısa birinin sifarişlə işlədiyini düşünmürəm.

Amma təəssüf ki, bu vaxta qədər bircə kərə olsun belə, konkret ad çəkildiyinin şahidi olmamışam. Yazarlar sosial şəbəkələrdə, əlinə fürsət düşdükcə köşə yazılarında, müsahibələrdə həmişə tənqidçilərin ünvanına tənqid və daha çox ittihamlar yağdırırlar. Amma tənqidçiləri müsahibə zamanı yaxşı və ya pis hesab etdikləri şair və yazarlar haqqında ad çəkməməkdə ittiham edənlər öz yazılarında bir dəfə də olsun, bir tənqidçinin adını çəkib sözünü konkret ünvanlı deməyiblər. Maraqlısı da budur ki, məsələ müzakirə olunanda yazarlar hər bir tənqidçiyə “bu fikirlərin konkret olaraq sizə aidiyyəti yoxdur, başqa tənqidçilərə aiddir” deyirlər. Amma o “başqa tənqidçilər” kimlərdir, bunu heç cür bilə bilmədik.

Məsələnin başqa bir tərəfi budur ki, bu gün ədəbi tənqidi daşlayan yazar sabah tənqidçidən yazı istəyir. Doğrudan da, tənqidin ədəbiyyata, bütövlükdə ədəbi prosesə təsirini və ümumiyyətlə, tənqidçiləri qəbul etməyən yazar bu müraciəti nə ilə əsaslandırır?

“Bu gün bizdə ədəbi tənqid ölüb, tənqidçi də yoxdur” deyən yazarlar başa düşmürlər ki, hansı səviyyədə bədii ədəbiyyat varsa, elə o səviyyədə də ədəbi tənqid var – nə artıq, nə də əskik. Ədəbi tənqidin funksionallığının bədii ədəbiyyatın praktikası ilə bağlı olduğunu unutmaq lazım deyil. Yoxsa bizdə markeslər, nabokovlar, kafkalar, kamyular... var, tənqidçilərin onlardan xəbəri yoxdur, onları dəyərləndirə bilmirlər?

Son zamanlar tənqidçiləri ədəbiyyata yeni imza gətirə bilməməkdə suçlayanlar da var. Bəyəm ədəbiyyat şou biznes, tənqidçi də prodyusserdirmi ki? İstedadlı yazar bircə mətni ilə ədəbi ictimaiyyətə özünü tanıda bilər. İstedadı ki gizləmək mümkün deyil: haqqında danışılsa da, danışılmasa da, o müəllifin ulduzu parlayacaq. Ədəbi tənqid yazılmış bədii mətnlər üzərində yaranır. Ədəbi prosesi yönləndirmək necə mümkündür ki, hər kəs öz istedadı və nəzəri hazırlığı səviyyəsində bədii mətn yazır.

Azərbaycanda (elə bir çox ölkələrdə olduğu kimi) ədəbi tənqidə geniş anlamda sosial sifariş yoxdur və əksər tənqidçilər yalnız əsas işindən əlavə, ƏDƏBİYYAT NAMİNƏ, bəli, məhz ədəbiyyat naminə vaxt və imkan tabıb ədəbi tənqidlə məşğul olur.

Bu gün “tənqid kimə lazımdır?” sualını eşitməkdən yorulmuşuq artıq. Hamını maraqlandırır ki, tənqid oxucuya daha çox lazımdır, yoxsa müəllifə? Halbuki tənqid hər kəsdən və hər şeydən çox ədəbiyyata lazımdır və ona xidmət edir, ayrı-ayrı şəxslərə, onların maraqlarına deyil. Ədəbi tənqidin ədəbiyyatı öz arxasınca aparmadığını deyən müəlliflər unutmasınlar ki, elə həmin müəlliflərin dahilik sindromu onları öz bildiklərindən başqa bir fikri qəbul etməyə imkan vermir və tənqidin yönləndirmələri onlar üçün elə bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, müəllif özü yazdığını şedevr hesab edir; özünü də nə Dostoyevskidən əskik yazıçı bilir, nə də A. Blokdan zəif şair. Bizim yazar üçün bizim olan nə varsa, hamısı pisdir, qüsurludur. O yalnız şəxsi məktublarda tənqidçiyə “sizə böyük hörmətim var, çox savadlı və istedadlı tənqidçisiniz” yazan, sosial şəbəkələrdə isə tənqidçilərin ünvanına hədyanlar yağdıran qəhrəmandır.

Tənqidçiyə məktub yazıb əsəri, kitabı haqqında “sanballı bir yazı” yazmasını istəyən yazar və şairlər onlarladır. (başqaları ilə işim yoxdur, konkret olaraq, özümə ünvanlanmış məktublar əsasında qeyd edirəm bu fikri) Müəllif gözləyir. Tənqidçidən xəbər çıxmadısa, onun “dəyərli” əsəri haqqında gözlədiyi “sanballı” məqalə yazılmadısa, başlayır hücuma keçməyə: sosial şəbəkələr, köşələr “tənqidçi yoxdur, yaza bilmir” fikirləri ilə dolub daşır, küyə gedən oxucu da “like” ha “like” deyə dəstək olur. Halbuki həmin dəstəkçi oxucudan soruşsan, tanıdığı iki şairin biri Səməd Vurğun, digəri də Nüsrət Kəsəmənlidir – nə müasir ədəbiyyatdan, nə də yazarlardan xəbəri var.

İttihamlar ad çəkilmədən ümumiyyətlə ədəbi tənqid və tənqidçilər adına ünvanlanır. Sonra isə konkret tənqidçi ilə üz-üzə duran müəllifin istisnaları başlayır. Halbuki ədalətli insan heç vaxt istisnalara aid olan ittihamları ümumun ünvanına yönləndirməz.

Təbiidir ki, ədəbi tənqid şərhləri bədii mətnlərin məzmunundan daha çox, strukturu üzərində qurmalıdır, müəlliflərdən deyil, mətnlərdən yazmalıdır, işini yalnız ayrı-ayrı mətnlər üzərində deyil, həm də bütövlükdə ədəbi proses üzərində qurmalıdır. Məgər bizdə bunlar ümumən belə deyilmi? Görülən işlərə göz yummaq yazara nə verir axı? Ən azı Tehran Əlişanoğlunun hər il dərc olunan “Tənqid. net” dərgisini oxuyun.

Elə təkcə son nömrəsini götürsəniz, özünüz görərsiniz ki, jurnalda müasir ədəbi prosesə nə dərəcədə ətraflı münasibət var? Heç kim demir ki, tənqidin işində qüsurlar yoxdur. Amma bəzi yazarların münasibəti elədir ki, sanki ümumiyyətlə, tənqidin aradan sıxışdırılıb çıxarılmasına çalışırlar. Bununla nə qazanmış olacaqsınız? Üzə çıxardığınız əsərlər haqqında 3-5 dostunuzun yazdığı tərifnamə tanıtım yazılarını oxuyaraq eyforiyaya qapılmaq, özünüzü dahi hesab etməkdən başqa nəyə nail olacaqsınız? Bu həqiqətdir ki, tarixdə dəyərli bədii əsərlər qalır, onların haqqında hansı səviyyədə yazılırsa yazılsın, tənqidi yazılar az yada düşür. Amma bu, yalnız bu günün gerçəyi deyil ki. Tarixdə qalmayan işləri görməkdən imtinamı edək? Onda köşə yazıları da yazılmasın, müsahibələr götürülməsin, tarixin yaddaşında iz buraxmayacaq heç bir bədii mətn üzə çıxarılmasın... Yoxsa siz – özünü dahi sayan yazarlar, tarixin ələyindən keçəcəyinizdən yüz faiz əminsiniz?

Ədəbi tənqid prosesində yeni imza olaraq görünməyə başlayan biri kimi deyə bilərəm ki, hər addımbaşı yazarların tənqidin ünvanına əksər halda əsaslandırılmamış, haqsız ittihamları ilə qarşılaşanda istər-istəməz düşünməli oluram: çox zaman müəllifinin bircə dəfə üzünü belə görmədiyim bədii mətn haqqında saatlarla, günlərlə çalışmağa, zəhmət çəkməyə və ümumiyyətlə, yazarların bu münasibətinin qarşımıza çəkilən şlaqbaum olduğu halda, bu prosesdə olub, bu ədəbiyyata xidmət etməyi arzulamağa dəyərmi?

Yaxşıdır ki, bizdə heç kəs deyiləni özünə götürmür: nə tənqidçi yazarın dediyinə fikir verir, nə də yazar üçün tənqidçi sözünün önəmi var... elə hərə öz bildiyini edir. Dəyirman öz işindədir, qalanı da məlum...

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #