Doktor Ziya: “Azərbaycanda 9 milyon idman şərhçisi var” MÜSAHİBƏ

Doktor Ziya: “Azərbaycanda 9 milyon idman şərhçisi var” MÜSAHİBƏ
9 aprel 2013
# 08:00

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı “Antenn” FM-də yayımlanan “Meqapolis”, “Overtime” verilişinin aparıcısı və AzTV-nin idman şərhçisi Doktor Ziyadır.

- Jurnalistikaya gəlişiniz barədə danışardınız...

- 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıram. Tibb Universitetini bitirmişəm. Ordinatura dövründə işləyirdim və işləyərkən tibb sahəsindəki xoşagəlməz məqamları görəndən sonra bu sahəyə qarşı çox böyük məyusluq yarandı. Gördüm ki, sən demə belə həkimlər də var imiş. 1999-cu ildə tibbə əlvida deyib, radio-televiziya jurnalistikasına keçdim. Belə deyək, jurnalistikaya maraq yaranmışdı. İlk çalışdığım telekanal ANS olub.

- Bizdə jurnalistika təhsili olmayan kifayət qədər jurnalist var. Sizin də jurnalistika təhsiliniz yoxdur. Necə düşünürsünüz, jurnalist olmaq üçün hökmən jurnalistika təhsili almaq vacibdir?

- Düşünürəm ki, yeni dövrdə jurnalistika peşə adlandırılmamalıdır. Çünki sosial şəbəkələr və bloqlar var. Artıq vətəndaşlar jurnalistika ilə məşğul olmağa başlayıb. Hər kəs jurnalist ola bilər. 20 il öncəyə baxanda indiki vəziyyətin cücərtilərini görürdüm. Jurnalistika fakültəsində oxumayanlar jurnalist kimi çalışıblar.

Əvvəllər bu daha çox dünyagörüşünə əsaslanan məsələ idi ki, bu adam çox bilir, çox görüb. Deməli, bir çox məsələyə obyektiv baxa bilər. Jurnalistika fakültəsində oxuyanların böyük bir qismi isə o fakültədə təsadüfən oxuyur. Onların içərisində çox az adam jurnalist kimi fəaliyyət göstərir. Jurnalistikada oxumasam da mən bunu həyata keçirtdim. 1995-ci ildən etibarən artıq 18 ildir ki, jurnalistikadayam. İnsanlarla ünsiyyət problemi olanlar jurnalistikada çox böyük çətinlik çəkəcək. Ola bilər bu məsələdə çətinlik çəkdikləri üçün onlarda alınmır. Jurnalistin informasiya mənbəyi insanlardır. Jurnalistikanı bitirənlər daha çox ofis işçisi, icraçı olurlar ki, tapşırıq verirsən, onu yerinə yetirib, bununla da işlərini bitmiş hesab edirlər. Jurnalist yaradıcı olmalıdır axı.

- İxtisasca uşaq psixonevroloqu olsanız da, indi daha çox böyüklərlə işləyirsiniz. Bu sizə çətinlik yaratmır?

- Çətinlik ilk saniyələrdə olur. Qeyd edim ki, ilk saniyələr həll edici olur. Əsas odur ki, efirə zəng vuran insanın açarını tapasan ki, o, nəyə gülə bilər. Tutdun tutdun, tutmadınsa o dinləyiciylə tez bir zamanda sağollaşmaq daha məqsədəuyğundur, nəinki onunla söhbəti uzatmaq. İlk illər mən də hər bir radio aparıcı kimi çətinlik çəkirdim, ancaq bir az ixtisasım, bir az da efir təcrübəm kömək oldu. İndi daha rahatdır.

- Populyar olmağınızda radionun, yoxsa televiziyanın rolu çox oldu?

- Mənim radio və televiziya sahəsində ayrı-ayrı auditoriyalarım var. Radioda populyar olmağım daha çox musiqili verilişlərlə bağlı olub. O zaman Azərbaycanda musiqi nöqteyi-nəzərdən desək hitparadlar dəqiq tərtib olunmurdu. Belə desək, proqramlar daha çox radiostansiyalarda işləyən insanların zövqünə əsasən tərtib olunurdu. İlk dəfə olaraq efirdəki mahnıların səslənmə sayını əsas götürdüm.

1998-ci ilin sonu, 1999-cu ildə proqramlar buna imkan verirdi ki, səslənmə sayı dəqiq hesablansın və səslənmə sayına görə hitparadlar tərtib olunurdu. Bu da nəticə etibarı ilə keyfiyyətinə görə musiqisevərlər arasında populyarlaşdı. Televiziyada isə tanınmağımda 1999-cu ildə ANS-də yayımlanan futbol üzrə “Çempionlar Liqası” səbəb oldu. “Çempionlar Liqası”nı şərh etmək üçün radiodan iki nəfəri - məni və Rahib Azərini dəvət etdilər. Və biz də oyunları şərh etməyə başladıq. Futbolsevərlər arasında məşhurlaşdım. Amma futbol şərhçiliyindən öncə televiziyada müxtəlif layihələrin - intellektual oyunların və səhər proqramının aparıcısı olmuşam. Sözün açığı, bu günə kimi də o verilişlərin auditoriyasından bixəbərəm.

- ANS-də “Çempionlar Liqası”nın oyunlarını fərqli formada şərh etdiniz. Bu da futbol aləmində, cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta veteran şərhçi Çingiz İsmayılov sizin oyunlara baxan zaman televizorun səsini 0-a endirdiyini açıqlamışdı.

- Şərhçiliyimizi yeniliklərə müsbət yanaşan insanlar müsbət qarşıladı, mühafizəkar fikirli insanlar bu məsələyə çox həssas yanaşdılar. Çünki onlar üçün müəyyən standartlar var ki, o standartlara alışmışdılar. Ancaq dövr dəyişir. Futbolu sovet dövründə olduğu kimi şərh edə bilmərik. Nəsillər dəyişirsə zövq də dəyişir.

Bu riskdir, amma mütləq həyata keçirilməli riskdir. Öz prizmamdan deyə bilərəm ki, mən çalışıram ki, maraqlı olum və tamaşaçılara tribunaların ab-havasını çatdırım. Bu iki əsas məqam olmalıdır. İndi nə dərəcədə alınır, bu daha çox tamaşaçıdan asılıdır. Amma mən düşünürəm ki, ən azı maraqlı olmaq və tamaşaçıya stadion havasını çatdırmaq lazımdır.

- İdman şərhçiləri ilə bağlı tənqidlər səngimək bilmir. Bu tənqidlər şərhçilərin savadsızlığından, efirə hörmətsiz yanaşmasından qaynaqlanmır ki?

- Televiziyada çalışan əksər insanlarda televiziyada işləmələrinə baxmayaraq müəyyən dərəcədə efir “utancaqlığı” yaranır. Onlar ya çəkinirlər, ya da özlərini toparlamağa çalışırlar. Şərhçi özünü çərçivəyə salanda onun fikirləri dağılmağa başlayır, bəzi məqamları itirir. Düşünürəm ki, bu birbaşa dünyagörüşü ilə bağlı olan məsələdir.

İnsanların dünyagörüşü nə qədər geniş olsa onlar bir o qədər çox məsələ haqda danışa bilər. Amma istənilən halda bu məsələlər şərh etdiyin matça aid olmalıdır və yaxud da ən azı həmin o matça dolayı yolla aidiyyəti olan məqamları əks etdirməlidir, amma maraqlı olmalıdır. Matçların şərhi zamanı oyuna aid olmayan məqamlardan danışılmasını yolverilməz hesab edirəm.

- Şərhçilərlə bağlı iztirablarımızın sonu olacaqmı?

- (gülür) İtaliyanın əhalisi 60 milyondan çoxdur. İtaliyada deyirlər ki, ölkədə 60 milyon şərhçi və 60 milyon baş məşqçi var. Bu deyimi qardaş Türkiyəyə də aid edirlər. Bizdə də vəziyyət belədir. İstənilən insanın şəxsi fikri var. Hər bir insan televizora baxanda Leo Messidən, Kriştiano Ronaldodan daha yaxşı bilir ki, hansı zərbəni hara vurmaq lazımdır (gülür). Olsun, bu məsələni qəbul edək. Amma məsələ iş görməyə çatanda şərhçilərdən narazılar gəlib şərhçilik etsinlər, baxaq görək necə şərh edirlər.

- Türkiyəli şərhçi Ertəm Şənər çox informasiya verir. “Mançester” Yunaytedin matçı zamanı Patris Evranın 23 qardaş-bacısı olduğunu deməyi düzgündürmü?

- Maraqlı məlumatdır, əgər bu belədirsə (gülür). Əgər bu onun tərzidirsə mütləq bunu qoruyub saxlamalıdır. Şərhçilər birinci növbədə şəxsiyyətdirlər. İstəyən insan baxar, istəməyən insan da dediyiniz kimi televizorun səsini alıb, görüntüsünə baxar. Ola bilər onun informasiyası doğrudan da bir adama maraqlı deyil, amma üç adam üçün maraqlı ola bilər. Bu sırf zövq məsələsidir. Lap tarixdən danışsın, əsas məsələ odur ki, informasiya maraqlı və xeyirli olsun. Tamaşaçı, azarkeş matçı izləyərkən bilik nöqteyi-nəzərdən bu informasiyadan nəsə qazansın, bilik “baqaj”ı dolsun. Əgər bu olsa müsbət yanaşıram.

- Yaddaqalan hansı səhvləriniz olub?

- Bir də görürəm ki, dinləyicilərim, pərəstişkarım facebookda yazırlar ki, filan vaxtı bu ifadəni demisən, filan ifadə unudulmaz olaraq qalır, filan ifadəyə doyunca gülmüşəm. Mənə çox xoşdur ki, illər öncə söylədiyim fikirləri, etdiyim səhvləri xatırladırlar. Amma əksər səhvlərim, çıxışlarım yadımda qalmır.

- “Lids”in futbolçusu Lukas Radebeyə niyə “səməni baş” demişdiniz?

- “Lids” Yunaytedin matçı çərşənbə gününə təsadüf etmişdi. Həmin matçda Radebenin saç düzümü ilk çərşənbə zamanı qoyulmuş səməniyə bənzəyirdi (gülür). Üst-üstə düşdüyünə görə yeri idi. Amma digər aylarda olsa təbii ki, Radebeyə “səməni baş” demək olmazdı. İfadələri yerində və zamanında işlətmək lazımdır.

- Tamaşaçılar AzTV-yə qayıdışınızı necə qarşıladı?

- Deyərdim ki, əksəriyyət bu qərarımı müsbət qarşıladı. “Antenn” də layihə aparıb AzTV-də futbol matçlarını şərh edirəm. Bu AzTV-də idman şərhçisi anlamından fərqlidir.

- ANS-dən sonra şərhçiliyə ara vermişdiniz. AzTV-yə qaydışınızı darıxmaqla bağlamaq olar?

- Bəli, mən darıxırdım. “Çempionlar Liqası”nın o zaman hüquqları ANS televiziyasından başqa kanala keçəndə sözün açığı gözləyirdim ki, dəvət edəcəklər. Gözlədiyim olmadı, yəni heç bir təklif almadım. İndi dövlət kanalı üçüncü televiziyadır ki, “Çempionlar Liqası”nın yayım hüququ onlara məxsusdur. AzTV-dən təklif gəldi, qəbul etdim. Onlar dəyişiklik etmək, yeni bir nəfəs istədilər. Bu da mənim istəyimlə üst-üstə düşdü. Bu baxımdan heç bir çətinlik çəkmədim. Əksinə orda çalışan gənclər daha çox maraqlıdırlar ki, mənimlə ünsiyyətdə olsunlar. Mənimlə ünsiyyətdə olmaq onlar üçün bir növ təcrübə mübadiləsidir. Matç zamanı onlar mənə, mən də onlara baxıram. Belə desək, bizim bacarığımız qarışır.

- Neçə ildir “Antenn” FM-də çalışırsınız?

- Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşadım. Ölkə xaricində yaşamaq istəyim yeni hədəfləri fəth etməklə bağlı idi. Yaradıcı insan olduğum üçün çalışıram daha maraqlı məqamları tapım. Dağa dırmaşmadım, alpinist də olmadım, xarici ölkədəki həyatı görmək üçün orda yaşadım. Çexiyada yaşayarkən “podkast” şəklində “Overtime” layihəsini həyata keçirdim. Əvvəl 2010-cu ilin dünya kuboku zamanı media FM-də yayımlanırdı. Bir aydan sonra layihə onlayna keçdi. Bu illər ərzində o proqram efirə gedirdi. Proqram efirdə gedən zaman xaricdə ola-ola “Antenn” FM və proqramın hazırkı sponsoru maraq göstərdi ki, proqram efirdə olsun. Proqramı Çexiyadan yaza-yaza, telefon bağlantısı ilə canlı efirdə aparmağa başladım. Sonradan yeni perspektiv açıldı, yenidən dəvətlər gəldi, gördüm ki, on il əvvəlki vəziyyətə nisbətən hazırda Azərbaycanın media məkanı daha perspektivli görünür. Çantalarımı toplayıb, ölkəyə qayıtdım. “Overtime” layihəsi həftənin 2-ci, 3-cü, 4-cü və 5-ci günləri axşam saat 7-8 arası yayımlanır. Həftənin 5 günü isə saat 8-10 arası “Meqapolis” verilişini aparıram. İşimdən məmnunam.

- Son zamanlar radio aparıcılar dinləyiciləri ələ salır…

- Dinləyicini ələ salmaq olmaz. Bu həmin insanı təhqir etməkdir. Lağ etmək yox, zarafat etmək olar. Aparıcı dinləyicidəki yumor hissini tutsa onunla zarafat etmək olar. Söhbət zarafatdan gedir. Bu çox incə sərhəddir. Bunu aşmaq olmaz. Bəli, sizinlə razıyam, əksəriyyət sərhədi aşır. İnsanları alçaltmaq olmaz.

- İstər radio aparıcılar, istərsə də şərhçilər Azərbaycan dilinə hörmətlə yanaşırlar? Misal üçün, Lempardın soyadının məhz ingiliscə tələffüz etmək nə dərəcədə doğrudur?

- Azərbaycan dilinin böyük bir problemi ondan ibarətdir ki, xarici ad və soyadların tələffüzünü rus dilində olduğu kimi edirik. Bəli, rusca Lempardır, ancaq rus dilinin fonetikasında “ə” hərfi yoxdur. İngilislərdə və bizdə “ə” hərfi olduğu halda nə üçün “e” hərfindən istifadə etməliyik? Rus dilində “hello” deyə bilmirlər, “xello” deyirlər. Bir çox dillərin fonetikası bizim fonetika ilə eyni olduğu halda niyə də orijinala yaxın olmayaq?! Bu sol qulağını sağ əllə qaşımağa bənzəyir.

- Televiziyada aparıcı kimi özünüzü sınamaq fikriniz var?

- İstənilən layihəyə açığam, indi daha çox idman layihələrinə üstünlük verirəm. Planda yeni bir layihə var. Onun ətrafında hazırlıq gedir və çox güman ki, yeni televiziya mövsümündə layihə efirə çıxacaq.

- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsdan müsahibə almaq istərdiniz?

- Böyük məmnuniyyətlə Foqtsdan müsahibə alardım. Amma onun əvvəlcədən nə cavab verəcəyini təxmin edib, bu təklifi etməmişəm. İspaniyanın “Baku Hellin Deportivo” futbol klubunun prezidenti Gülnarə Xanbabayeva ilə müsahibə etmişəm. Mənə maraqlı idi ki, İspaniya, xanım prezident və klubun adında Bakı sözü var. Həqiqətən də maraqlı fakt idi. Hər halda Foqts müsahibəyə hazır olmalıdır. Çünki onu tərifnamələr yox, tənqidi suallar gözləyəcək.

- Siz özünüz tənqidə dözümlüsünüz?

- İkiəlli, iki ayaqlı tənqidə dözümlüyəm (gülür). Müntəzəm olaraq tənqid olunmuşam, hətta bu günə qədər də tənqid olunuram. Tənqid yaxşıdır, kənardan səhvləri göstərirlər. Tənqidin böyük hissəsi doğru olur. Tənqid edənlərin çoxu klubların fanatları olur. Bir klubu azacıq tərifləyəndə digər klubun fanatları üçün olursan qatı düşmən.

“Barselona” azarkeşləri səni “Real”a, “Real” azarkeşləri isə “Barselona”ya azarkeşlik etməkdə ittiham edirlər. Ancaq kifayət qədər peşəkar tənqidlər də olur. Facebookdakı “Doktor Ziya” və “Meqapolis” səhifələrinin inboksunu açıq saxlamışam ki, istənilən insan ora yaza bilsin.

# 5912 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #