news-inner
clock08:00 calendar-gray 14 Mart 2013 view-gray6880 dəfə oxunub
view-gray6880 dəfə oxunub

Azərbaycanlı sufi: “Niyə siğə halal, musiqi haramdır?”

Fəxrəddin Salim: “Şah Abbas zamanında xalqın əlindən sazı alıb, əllərinə “şaxsey zənciri” verdilər

Müsahibim AMEA-nın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru ozan Fəxrəddin Salimdir. Fəxrəddin Salimlə AMEA-nın Folklor İnstitutundakı iş otağında görüşdük. Fəxrəddin Salimi tanıyanlar, onun təriqət yolunda olduğunu da yaxşı bilirlər. Söhbətimizin mövzusu da təriqətlər və sufizm haqqındadır.

- Azərbaycanda sufizm hansı dövrdə yaranıb və təşəkkül tapmağa başlayıb?

-“Sufizm” ümumi anlayışdır. Avropa tədqiqatçıları islamın batini cərəyanların ümumi olaraq “sufizm” adlandırıb. Əslində sufizm deyə bir cərəyan yoxdur. Kimlərəsə “sufi” demək doğru deyil və “sufi” ümumi anlayışdır. “Suf” ərəb dilində dəvə yunundan hazırlanmış xirqəyə deyilir. Bu xirqəni isti səhralarda geyinənlər öz nəfslərinə riyazət verərdilər. Riyazət-fiziki əzablar sayəsində ruhun paklaşması, qurtuluşa daha da yaxınlaşmasıdır. Sufilər - “dəvə yunundan xirqə geyinənlər” anlamına gəlir. Amma bu ümumi addır, bu ad altında yüzlərlə təriqət var. Bəzən yanlış olaraq deyirlər ki, hurufilər və sufilər ayrı-ayrı təriqətlərdir.

-Hürufilər də bir sufi təriqətidir...

-Əlbəttə. Hurufizm sufi təriqətlərindən yalnız biridir. Hurufilər də islamın bətnindən doğulub, amma şəriət sərhəddini aşmış mərhələdir. Şəriətdən sonraki

məqamlardan biridir. Şəriət, təriqət, mərifət və həqiqət dördlüsü var. Sufizm təriqətdən mərhələsindən başlayan yoldur. Lüğəti mənasına baxsaq məzhəblər də (məzhəb ərəbcə “zəhəbə”- yol sözündəndir) yol anlamını verir. Amma məzhəblər şəriətin içərisindəki yoldur. Təriqət isə eşq, irfan yoludur. Azərbaycanda sufi təriqətlərinin yaranması xilafət dövrünə gedib çıxır. Təxminən Abbasilər dövründə başlayıb. Azərbaycan dedikdə geniş coğrafi areal nəzərə alınmalıdır. Çünki Azərbaycanın həm Güneyində, həm də Quzeyində sufi təriqətləri geniş yayılıb.

Xorasan, Şiraz, Bistam, Abadan adlı ərazilər daxil olmaqla bir ucu da Qoçam türklərinin yaşadığı əraziləri yəni Türkmənistana gedib çıxır. Burdan da Əhməd Yəsəvinin vasitəsi ilə Orta Asiya türklərinə gedib çıxıb. Azərbaycan sufizmi bu geniş coğrafiyanın içərisində vaqe idi. Bunu ayırmaq mümkün deyil.

-Yəni xüsusi olaraq Azərbaycan sufizmindən danışa bilmərik?

-Bunu bir halda xüsusiləşdirmək olar: Azərbaycan mütəsəvviflərindən danışarkən. Azərbaycan dünyaya üç böyük sufi məktəbi bəxş edib. Biri məhşur xəlvətiyyə təriqətidir. Bu Azərbaycan türkü Yəhya Şirvanin yaratdığı bir təriqətdir. Hər təriqət sivilizasiya kimi bir şeydir. Hər təriqətin özünün dili, musiqisi, mental adətləri, ədəbiyyatı, etnoqrafiyası, folkloru olur. Bütün bunlara baxsaq xəlvətiyyə tam Azərbaycan təriqəti hesab olunmaya bilər. Amma Azərbaycan türkü Yəhya Şirvanin adı ilə bağlı olduğu üçün dünyada bu cür tanınır və ədəbiyyatlarda da Azərbaycan təriqəti olaraq yazılır. İkincisi hürufiyyə təriqətidir. Astarabadda Şeyx Fəzlullah Nəimi yaradıb. Təbrizdən Bakıya, Orta Asiyadan Hələbə qədər geniş ərazini əhatə edib. Hal-hazırda həm xəlvətiyyə, həm də hurufiyyə təriqəti mövcuddur. Azərbaycanda isə bu təriqətlər demək olar ki, qalmayıb. Rusiya işğalından sonra bu təriqətlər Azərbaycanda zəifləyib və tədricən uzaqlaşıb.

Azərbaycanda üçüncü böyük təriqət səfəviyyə təriqətidir. Bu təriqət sufizm tarixində yeganə təriqətdir ki, hakimiyyətdə olub. Səfəvilərdən əvvəl bir nümunə var. Şeyx Həsən Curinin tərəfdarları olan “sərbi daran” təriqətinin mənsubları da Xorasanda hakimiyyəti ələ almağı və bir il siyasi idarəetmə ilə məşğul olmağı bacarıblar.

-Amma səfəviyyə təriqəti uzun müddət siyasi hakimiyyətdə və idarəetmədə qaldı...

-Şah İsmayılın vəfatından sonra bu səfəviyyə təriqət olmaqdan çıxdı və daha çox siyasi bir sistemə çevrildi. Dövlət həm siyasi, həm də dini dövlətə oldu. Əslində səfəvilik bir təriqət və təsəvvüf yolu idi. Şah Abbasın dövründə isə sufilik qalmamışdı. Təriqətin yerini şiəlik adlı məzhəb tutdu. Şiəlik Şah İsmayılın yox, Şah Abbasın dünyaya bəxş etdiyi qara bir icaddır. Kim ki, Xətaini və səfəviləri şiəliklə bağlayır, böyük səhvə yol verir. Xətainin düşüncələri, mürşidləri, ata-babaları, yazdıqları, müridləri və hər şeyi şiəliyin əksinə idi. Şəriətdə haram olanlar, səfəvilikdə mübah, şəriətdə mübah olan bəzi şeylər səfəvilikdə qadağan idi. Məsələn musiqi. Bütün məzhəblər musiqini haram hesab edir. Amma sufi təriqətlərində musiqiyə xüsusi yer verilir. Şah Abbas dövründə səfəvilik geriyə addım atdı.

-Təriqətdən şəriətə doğru...

-Şah Abbas dövründə artıq “isna-əşərilik” gücləndi. Ərəb dilində bu “onikilik” anlamını verir. Bu məzhəb yaradıldı və sünni məzhəbinə qarşı qoyuldu. Bunun yaranmasında ingilis kəşfiyyatının rolu olduğunu deyənlər də var. Mənim yazılarımda işlətdiyim bir cümlə var; “Şah Abbas zamanında xalqın əlindən sazı alıb, əllərinə “şaxsey zənciri” verdilər”. Anadoluda bu gün də Həzrəti Hüseyn üçün saz çalıb yad edirlər. Şah Abbas türk dili olan dövlət dilini farslaşdırdı, paytaxtı Təbrizdən İsfaha köçürdü və farslaşdırma, şiələşdirmə siyasətinə başladı. Bu çox ağır prosesdir. Şah Abbasın dövründə Azərbaycan Türk dünyasından qopmağa başladı. Hətta iş o yerə çatdı ki, Həsən Sabbah kimi böyük bir türkü farslaşdırdılar. Onun xilafətə qarşı Ələmutda apardığı 30 illik mübarizəni fars-ərəb mübarizəsi kimi təqdim etdilər. Əslində Həsən Sabbah türk idi və xilafətə qarşı idi. Şah Abbasın farslaşdırma siyasəti sayəsində çox böyük ziyan çəkdik.

-Üç əsas təriqətdən başqa, daha hansı təriqətlər olub?

-Azərbaycan təriqətlərin geniş yayıldığı coğrafiya olub. Məsələn işraqiliyin yaradıcısı Şahabəddin Süvrəverdi. Onun təriqəti əsasında Avropada illüminantlıq yarandı və daha çox satanist cərəyan kimi tanındı. Amma Bruno, Qaliley kimi illuminantlar da olub. Şərqdə islam

şəriəti Həllac Mənsuru, Nəimini, Nəsimini edam edərkən, kilsə də Brunonu tonqala atır, Qalileyi məhkəmə qarşısına çıxarırdı. Bir fərq var ki, bu gün Avropa kilsənin yox, Brunonun yolundadır. Amma Şərq bunu bacarmadı. Çox şükür ki, Azərbaycan sekulyar dövlətdir. Yoxsa dindarlar mənim haqqımda az qala fətva verirdi. İmkan olsa mənə kafir damğası vurardılar. Ancaq bilməliyik ki, şəriət şəriətdir, onun öz ülaması var. Təriqət isə başqa bir zənginlikdir.

-Yaxşı bunu sadə insanlara necə izah edək? Axı bu sərhəddi kənardan baxan insanlar görə bilmir. Təriqətlərdə mümkün olan bəzi şeylər fundamental islamda, şəriətdə qadağandır. Ancaq bunu sadə insanlara izah etmək çətindir. Təriqətlə şəriətin zidd olduğu məqamları necə izah edə bilərik?

-Belə bir misal var; “Söz var xəlq içində, söz var xülq içində”. Onun sadə izahı yoxdur. Yəni bu məqamlar sadə xalq üçün deyil. Bunu anlamaq üçün Mühyiddin Ərəbini tərcümə edib Azərbaycanda yaymaq lazımdır. Bunu tərcümə edib xalqa çatdırmaq əsrlər tələb edir, xüsusilə də bizim xalqa.

-Bir şeyin ki, izahı bu qədər çətin və anlaşılmazdır onu yaşamaq nə qədər vacibdir?

-Məsələ burasındadır ki, Şamaxı bir zaman iki yerə bölünmüşdü. Seyid Əzim ikisinin arasında qalmışdı. Bir tərəf deyirdi Seyyid sünnidir, bir tərəf deyirdi şiədir. Əslində o nə sünni, nə də şiə idi. Seyid Əzim sufi idi. Ona şiə məscidindən sifariş verdilər ki, İmam Hüseyn üçün “nohə” yaz gətir.

O isə yazdı ki;

Şadəm ki, ilahi tökülür qanı Hüseynin,

Çün razı qalır eşqdə cananı Hüseynin.

Bu şiələri özündən çıxarırdı. Məsələn o deyirdi ki; “Qiblədən dönnəm, Əliyyən Mürtəzadan dönmərəm”. Bu fikiri şiələr belə inkar edir. Bu tamamən batini bir anlam daşıyır.

-Deməli mütəsəvvüflərin zaman-zaman dindən kənar elan olunması, dara çəkilməsi, dərisinin soyulması bu batini sirlərlərlə bağlıdır?

-Bu batini sirlər hər kəs üçün anlaşılan ola bilməz. Şəms Təbrizinin bir fikri var: “Allah xəttatdır. Üç xətt yazıb. Birinci xəttini özü oxuya bilir başqaları oxuya bilmir. İkinci xəttini həm özü oxuya bilir, həm də başqaları. Üçüncü xətti isə nə özü oxuya bilir, nə də başqaları. Həmin üçüncü xətt mənəm”. Bunu anlamaq və kütlələrə çatdırmaq çətindir. Ona görə də gərək Mənsur Həllaca, Nəsimiyə, Füzuliyə, Şəmsə, Seyid Əzimə kafir damğası vurulmalıdır. İslamın bütün inkişaf yolu bu insanlarla bağlıdır. İslamda hər şey sufizmə bağlıdır. Əgər Şəms, Mövlanə, Nəsimi olmasaydı islamda gözəgəlimli nə qalacaqdı? Qara saqqallar, qaramat düşüncələr və digər xoşagəlməz şeylər. Əsil İslam batində olandır. 14 əsrdir ki, dəstəmazın suyunu hardan tökməyə qərar verə bilməyən islam, islam deyil.

-Müasir təriqət davamçılarının dünya görüşü hansı səviyyədədir?

-Mən hərdən nəqşibəndilərlə görüşürdüm. Onlar mənim dediyim şeirləri, fikirləri küfr adlandırır, tənqid edirdilər. Bunlara ad çəkmədən bir şeir oxudum:

Ey mütribani xoşavaz,

Çalaq saz, oxuyaq “Şahnaz”

Dönək Allah deyə-deyə

Siz bir yana, biz bir yana.

O dəqiqə yerdən biri dilləndi ki, “bunu kim deyibsə sənin kimi kafərdir”. Cavab verdim ki, bu Seyid Nigarinin sözləridir. Bunu sizin şeyxiniz deyib, mən deməmişəm.

Azərbaycanda təriqətlər demək olar ki, davam etdirilmir. Türkiyədən gəlmiş Rifailərin Əmircanda bir təkyəsi var. Gözəl də təkyədir və mürşidləri Türkiyənin İzmir şəhərindədir. Məsələn Zəngilanda Əhli-həqq təriqətinin təkyəsi var, onlar da Təbrizə bağlıdır. Azərbaycanda sufizm məqbərə-pir səviyyəsindədir. Yeganə İncə dərəsidir ki, orda sufi ayinləri qalmaqdadır. (Söhbətimizin bu yerində AMEA-nın Folklor İnistitunun Aşıq Yaradıcılığı bölməsinin alimləri söhbətimizə müdaxilə edib Şamaxıda, Qaraçöpdə, Zaqatalada da nəqşibəndi təkyələrinin olduğunu deyirlər. Folklorşünas Elxan Məmmədli uşaq vaxtı gördüyü sufi məclislərindən danışır. Deyir ki, “cəzb olduqdan” sonra odun üstündə ayaqyalın rəqs edən, başından qaynar su tökən insanlar görüb.)

Təriqətdə hər şey qat-qatdır. Cəfəri Sadiqin bir sözü var ki, “Quran 7 qatdır, gah həm də 70 qatdır.” Kim nə alır, o şəxsin özündən asılıdır.

-Bu mərhələləri keçmək çoxmu məşəqqətlidir? Şəriətdən təriqətə keçmək artıq qərardır. Bu yolu seçməkdir. Bəs digər mərhələlər?

-Eşq olan yerdə hansı məşəqqətdən danışa bilərik ki? Məşəqqət bir ay oruc tutub bayramda sevinməkdir. Əgər Ramazanı sevirsənsə gedişinə niyə sevinirsən?

Mən Konyada Mövlanəyə çox az gedirəm, getdimmi, Şəmsə gedərəm. Çünki Mövlanəyə xalq, Şəmsə aşiqlər gedir. Orda mənim bir hücrəm var. Ora çatanda bir nəfərlə əl-ələ öpüşərik. Dünyada yeganə şeydir ki, hər kəs bir-birinin əlini öpər. Sonra o məni bir pərdə arxasına ötürər. Orda bir Yusif təsbehi var. 3000 dənəlik təsbehdir və mən onunla zikrimi çəkərəm və heç bir məşəqqət hiss eləmərəm. Məşəqqət ayrı, eşq ayrıdır.

-Mən bildiyim qədər Bəktaşilərdə şərab içməyə icazə verilir. Hətta bu barədə yazmaqdan da çəkinmirlər.

-Yalnız Bəktaşilərdə, o da son dövrlər şərab içilir. Amma bilirsiniz ki, Bəktaşi Vəlinin dediyi şərab, mey başqadır. Son dövrlər onlarda çox şey təhrif olunub. Onların çoxusu kommunist, solçudur. Anlaya bilmirəm ki, ateist necə ələvi ola bilər. Mən içməsəm də, içkiyə pis baxmıram. Namaz qılmasam da, namaza da yaxşı baxıram. “mim” və “yey” hərfləri əbcəd hesabı ilə 14 edir. Bu meyi, yəni “mim” və “yey”lə oxunan içki həzrəti Adəmə “firdövsi-əlada” 14 məsumla bağlı verilən gizli bilgilərdir. Bu bilgiləri alan, yəni o “mey”i Həzrəti Adəm məstlik məqamına yetişib.

“Xoş o zaman ki, yar mənə həmzəban idi”- Burda “Yar” Alladır.

Ol gül mənimlə həmdəm idi hər baharidə

Gah çəməndə, gah dami-çəmənzaridə

Bülbül kimi işim yox idi ahu-zaridə

Seyyid ki, məskən etmişdi kuyi-yaridə

Ecaz ilə bir Adəm cənnətməkan idi.

Dəmlər o dəmlər idi, zaman o zaman idi.

Seyid Əzimin bu misraları şeir deyil. Bu elmdir, bu şifrədir. Bu müsəddəsin üstündə mən 500 səhifəlik monoqrafiya yazaram, allahıma and olsun. Çünki hər biri şifrədir.

Görün hələ Əliağa Vahid nə deyir:

Vahidəm, eşqü-məhəbbətlə cahandan getdim.

Heyif ki, bilmədilər mən nə təriqətdə idim.

-Bu cür nümunələr ədəbiyyatımızda xeyli çoxdur...

- Qurani-Kərimdə üstüörtülü şəkildə “Ələst” aləminin adı çəkilir. “Ələst” dünyanın yarandığı gün Allah və mələklərin dünyanın taleyi ilə bağlı planlar qurub, dünyanın qədərini müəyyən etdiyi məclisdir. Qurani-Kərimdəki “Ələstü birəb-biküm qalu bəla” (“Ələst günü sizdən soruşdum: “sizin Rəb-biniz mənəmmi?” Dediniz “bəli”) ayəsi bilinməz bir məchul

olaraq qalır. Təfsirçilər hər şeyi yazır və bu maraqlı deyil. Bizim tərcüməçilər mollanın əbasından keçməmiş tərcümə etmir. Bəs insanın azad iradəsi harda qaldı? Aşıq Ələsgər deyir ki :

Ələstdən “bəli” dedim,

nə xoş kamaldı yüküm

Seyid Əzim dolayısıyla Aşıq Ələsgər deyəni deyir:

O qaşı zülfüqar vuran zərbi müxlikin

Cibri tək hənuz, əsəri şəhpərimdədir.

Hədisi-qüdsi var: Allah həzrəti Cəbrayıla sual verir; Sən kimsən, mən kiməm? O da cavab verdi: sən rəbbsən, mən bəndə.” Hədisdə deyilir ki, “Cəbrayıl bunu deyəndə zülfüqar endi şəhpərinə”. Əlinin Zülfüqarı Allahın əlində nə gəzir? Bunu mən demirəm, bunu bu aləmin ən üstün insanları deyir. Dəlidirlərsə, kafirdirlərsə mən bu küfrə hazıram. Mən Nəsimi ilə cəhənnəmdə olmağa razıyam, amma bu dindarlarla cənnəti istəmirəm.

Seyid Əzim də bunu deyir. “Deyir mən Cəbrayıl idim, haqqın vurduğu zərbənin ağrısı hələ də qanadımdadır.” Yapışarlar adamın yaxasından ki, sən orda nə edirdin? Buna donbadon, tənasüb deyilir. Yəni reankarnasiya var.

Canan yoluna verməyə mən can, yenə gəldim,
Bu Kəbə ara olmağa qurban, yenə gəldim.

Bir gəlmiş idim verməyə can, olmadı qismət,
Getdim, dolanıb, bir dəxi ey can, yenə gəldim.

Sonra tamam açıqlayır:

Seyyid, neçə yol gəlmiş idim mülki-cəhanə,
Səd şükr, tapıb, surəti-insan, yenə gəldim!

Demək bu dünyaya başqa surətlərdə gəlmək var. Bunu şəriət inkar etsə də, təriqət və mərifət qəbul edir. Bu dünya hicran evidir.

Mövlanə deyir ki:

Dinlə neydən, necə hekayət edir.

Ayrılıqlardan şikayət edir.

Neyin yeddi dəliyi var. Tələb,Eşq,Mərifət, İstiğna, Tövhid, Heyrət və Fəna. Qamışın üstündə bu 7 dəliyi yandırıb açıblar və ona görə ney nalə edir.

-Deməli bu səbəblərdən musiqi təriqət məqamında halaldır?

-Bəli, bu səbəblərdən. Musiqi niyə haram olmalıdır? Mən bunu anlamıram. Görəsən nə üçün siğə halaldır, musiqi haramdır?

-Ney və saz səsi ruhu ehtizaza gətirir. Bəlkə buna görə?

-Ruhun ehtizazının şəriətə nə maneçiliyi ola bilər? Mən təriqət yolundayam, “əhli-həqqəm” və şəriətlə barışıq tərəfdarı deyiləm.

Təriqətlə şəriətin birliyi mümkün deyil. Mən barışdırmağın əleyhinəyəm. İmam Qazali, Molla Sədrəddin buna çalışırdı. Məncə hərə öz yolu ilə getsin. Kim cənnətlikdir, kim cəhənnəmlikdir onu haqqu-təala özü bilər.

Bəyazit Bistami kimi mütəsəvvif 14 il həccə gedib. O vaxt VİP ziyarət, kondisionerli Kəbə evi, sosyetik hacılar yox idi.

-O zamanlar Həcc həqiqi ziyarət idi...

-Həcc o zamanlar ziyarət idi, indi səfalətdir...Bistami son ziyarətində uzun saçlı bir nəfərlə rastlaşır. Dərviş zəndlə Bistaminin gözünün içinə baxır. Hafiz deyir ki, “Bizim baxışlarla olan oyunlarımıza bixəbərlər heyrandır”. Bistaminin canına eşqin atəşi düşür. Dərviş Bistaminin hara getdiyini soruşur. Bistami Allah evini ziyarətə getdiyini deyir. Dərviş soruşur ki, Allah ordadır? Bistami cavab verir ki, Allah dörd divara sığmaz. Dərviş Bistamiyə sual verir ki, “Allah nə üçün deyir ki, mən sınıq ürəklərdəyəm”? Bistami susur. Dərviş davam edir, “Heç kəs orda allahı görməyib, mənim qəlbimdəki allah isə heç vaxt məni tərk etməyib.” Bundan sonra dərviş Bistaminin 3000 dinarını alır və Bistami 7 dəfə dərvişi təvaf edir. (ətrafında fırlanır) Ondan sonra Bistami böyük mütəssəvüf olub. O Bistam deyir ki, “Nəfs dəvəquşu kimidir, desən beləni yük qoyum, deyəcək mən quşam, desən uç, deyəcək mən dəvəyəm”.

Hər şey insanın içindədir. İnsandan kənardırsa, Allaha da gərək yoxdur. Mən ərşdə oturub ayaqlarını aşağı sallayan allahı istəmirəm. Mən məni qorxudan rəbbi istəmirəm. Haqq-təala insan övladının özüdür. İsa allahın oğludur deyirlər, bu doğrudur. Çünki İsa da Nəsimi kimi “Ənəl Həqq” demişdir.

Biz hələ təriqətdən danışırıq. Bunun mərifət, həqiqət mərhələsi var. Həqiqət mərhələsində insan dəli ola bilər, gedib içki içə bilər. Bu çox təhlükəli mərhələdir. Allah qəlbin qonağıdır. Qara nöqtələr, qara fikirlər olan qəlbə allah girməz.

Oxşar xəbərlər

Xəbər lenti

On beş ilin salamı – Kənan Hacı yazır
16:33 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020