Ölsəm, haqqımda yazarsan?

Ölsəm, haqqımda yazarsan?
20 fevral 2013
# 16:01

Göz yaşlarım buna imkan verməz dedim, amma incidi. Mən ciddiyəm dedi, mənim ciddiliyiminsə fərqində olmadı. Olmadı dedim, belə bədbinliyə qapılmağın küfrə daha çox oxşayır dedim, bunun da fərqində olmadı, Allahı sevməyinə rəğmən. ”Bircə yazını da mənə çox görürsən”-dedi, səxavətli olduğumu bilə-bilə. Amma mən bilməyərəkdən, onun sonuncu xahişini nümayişkaranə şəkildə rədd elədim, onu sevdiyimə görə. Hardan ağlıma gələ bilərdi ki, vur-tut bircə gün keçəcək və istəyimdən dolayı rədd elədiyim o xahiş, illərin ağrısı kimi sinəmə çöküb mənə əzab verəcək. Axı adama necə demək olar ki, “yaxşı sən öl, bir yazı məndə” təsəllisi də köməyimə çatmır indi. Bağışla məni, qardaş…

Anar səni bu ellər, Anar… Sən izsiz getmədin və ya heç getdinmi? Sən zatən bizimləsən, bizim ANAR. Sağlığında bu adı sənə çox gördülər, bir Anar var dedilər, Yusifoğlunu fərqləndirmək üçün səndən xahiş elədilər, oldun Yusif oğlu Anar. Amma nə dəyişdi ki? Bir adın insan taleyinə təsiri nə qədər ola bilərdi ki, bu qədər qısqanc yanaşdılar sənə.

Yaz görüm üşümürsən ki? Üşüyəndə sevgisiyə isindiyin insanlardan uzaq çətin deyil ki, sənə? Orda sevməyə kimsələr varmı? Əminəm ki, var. Çünki hardakı sən varsan, orada sevgi var, dostlar var. Yeri gəlmişkən, dostlarına məndən salam de. Yəqin ki, haqqımda danışmısan. De ki, yaxın 30 ildə məni gözləməsinlər, gəlməyəcəm, səndən ötrü nə qədər darıxsam da.

Bizdən nigaran qalma, hər şey dünənki kimidir. Yenə də qonşu Alının inəyi, Sahil kişinin kəlinə naz atır, yumurtadan kəsilən toyuqlar xoruzun adını rusca çağırır, tıxacda qalan sürücülər bir-birinə gün üzü görməyən söyüşlər göndərir. Nə isə başını ağrıtmayım, zatən bu ağrılar apardı səni.

Bağışla qardaş, məzarın üstünə qərənfil gətirməyəcəm. Əvəzində ruhunu, çox sevdiyin Ramiz Rövşənin, Salam Sarvanın şerlərinə qonaq eləyəcəm. Qəbrin üstə çiçək əkib adını sevgi qoyacam, sevgidən yoğurulan dostum. Ruhun şad olsun. Əlvida demirəm, hələlik deyirəm, 30 ildən sonra görüşərik. Bu vaxt sənə uzun gəlməsin, papağını fırla, tutanda görəcəksən ki, yanındayam. Bağışla məni!...

# 2679 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #