Xəyanətkarlar, zəvzəklər, riyakarlar! – Sevda Sultanova yazır

Xəyanətkarlar, zəvzəklər, riyakarlar! – Sevda Sultanova yazır
14 oktyabr 2021
# 11:04

Ötən həftə sosial şəbəkələrdə qlobal problem yaşananda içimə rahatlıq qarışıq həyəcan doldu. Sosial şəbəkələrin həyatımızdan silinəcəyi təqdirdə, nələrin baş verəcəyi, dəyişəcəyi, postsosialmedia dönəmində gündəmimizin necə qurulacağı, itki və qazanclarımızın nədən ibarət olacağı haqda düşündüm.

Sosial şəbəkələrin reallığımızdan silinməsiylə - ideyasız, qeyri-estetik fotoları, məzmunsuz paylaşımları ilə məşhurlaşan sosial fenomenlərlə vidalaşacaqdıq. Rusiyadan TikTok fenomeni olan bir qadın var. Yeməkləri ən iyrənc, ən qeyri-estetik şəkildə tıxır. Amma milyonlarla izləyicisi var. Milyonların onun heyvan kimi yeməsində nə kimi çəkicilik tapması sualına cavab tapmaq istəyəndə yadıma fransız rejissoru Trüffonun Bunuel haqda yazdığı məqaləsi düşdü. Məqaləyə görə, Bunuelin insan instinktləri haqda film düşüncəsi vardı, hərçənd, onu heç vaxt çəkmək istəməyib. Həmin hekayədə personajlar realist təsvir olunsalar da, müxtəlif həşəratların xüsusiyyətlərinə sahib olacaqmış. Çünki insanlar heyvani instinktlərindən heç cürə qopa bilmirlər və ayrı-ayrı situasiyalarda ona qayıtmağa ehtiyac hiss edirlər.

Yaxud, özəl həyatını detallarınadək vizual informasiya və mətnlə sosial media bazarına çıxaran, bəlkə, daha çox onlara nifrət edənlərin hesabına gündəmdə qalan Bayram Nurlu və bu kateqoriyadan insanlar sosial şəbəkələr olmasa, əbədi səssizliyə gömüləcəkdilər.

Sosial şəbəkələrin həyatımızdan çıxmasıyla vaxtımızı boş yerə xərcləməyəcəkdik, onu səmərəli keçirməyə, daha sağlam yaşamağımıza fürsət yaranacaqdı.

Nottinhem Universitetinin əməkdaşları Dariya Kussi və Mark Qriffitsin araşdırmalarına görə, sosial şəbəkələrdən asılılıq bir növ psixi pozğunluq səviyyəsində təzahür edir. Doğrudan da insanlarda belə illüziya var ki, onlar sosial şəbəkələrdə aktiv olmayanda nəsə mühüm hadisələr baş verir, sanki Apokalipsis zühur edir və bundan kənarda qalmağın əndişəsini, boşluğunu yaşayırlar.

Öz təcrübəmdən deyirəm ki, Facebook profilimi qapadandan bir müddət sonra onun yaratdığı asılılıq azalır. Artıq bir ildir ki, Facebook platformasında yoxam, həmçinin, Tvitter, İnatqramdan istifadə eləmirəm. Yalnız Teleqramda dostum, yazıçı Ələkbər Əliyevin kanalını izləyirəm, amma orda da aktiv müzakirəçi deyiləm. Bu dönəmdən baxanda indi Facebookdakı müzakirələr, gündəmlər və s. mənə puç, əhəmiyyətsiz, itirilmiş vaxt kimi görünür. Belə hissim var ki, ümumilikdə sosial media gerçək dünyaya yad, saxta nəsnədir. Və ən əsası, sosial şəbəkələr insanlara burda və indi hissini, həyatın zövqünü canlı yaşamağa mane olur.

Virtual ünsiyyətin fərdin sosial izolyasiyasına səbəb olması haqda, Amerikada keçirilmiş sorğunun nəticələri rastıma çıxdı. “Аmerica Journal of Preventive Medicine” jurnalı 2018-ci ildə bir araşdırma aparıb. 19-32 yaş arası, 7000 respondent arasında keçirilən sorğuya görə, sosial mediada çox vaxt keçirdiklərindən realda normal münasibət qurmaqda çətinlik çəkirlər və bu, onlarda ətraf aləmdən təcrid hissi əmələ gətirir.

Bunda başqa, sosial şəbəkələr üzərindən feyk xəbərlər çox yayılır. Ona görə 44 günlük müharibədə virtual məkanın məhdudlaşdırılması doğru addım idi.

Sosial media emosional dayanıqlığı olmayan adamlar üçün xüsusən, əlverişsiz məkandır. Ötüb keçən illərdə sosial şəbəkələrdə neçə-neçə insanın (aralarında tanınanlar da var) özünü rəzil etdiyinin şahidi olduq. Kimisi canlı yayımda söyüb sonra üzr istədi, kimisi intihara əl atdı, kimisi öz ailə dramından dastan yazdı, xəyanətlər ictimailəşdi, dost düşmən oldu, düşmən dosta çevrildi, eqolar şişdi və alçaldıldı, maskalar taxıldı və düşdü, nə riyakarlıqlar, nə duyğu sümürmələri gördük. Hələ sərxoş olub özünə çəki-düzən verməyənlərin statusları başqa dərd oldu. Yəni fərdin kiçicik bir düyməyə basması kifayətdir ki, düşünülməmiş fikirlərinin, coşan qəzəblərinin, yanlışlarının tələsinə düşsün. Sosial media bu mənada özünə nəzarəti saxlaya bilməyən adam üçün təhlükəlidir.

Virtual məkan eyni zamanda neqativ informasiya mənbəyidir. Xəbər lentində istər-istəməz məişətdən tutmuş siyasətə qədər hər cür məlumata tuş gəlirsən, informasiya epidemiyasının içinə düşürsən, mənəvi gigiyenanı qorumaq çətinləşir.

Yeri gəlmişkən, 2014-cü ildə Avstriya təhqiqatçılarının araşdırmasına görə, Facebookda keçirilmiş 20 dəqiqə belə adamları pis ovqata kökləyir.

Sosial media özünüaldatmadır, imitasiya vasitəsidir. Paylaşılan fotolarda təsvir olunan, idealizə olunmuş həyatların əslində, çoxunun sonradan saxta, qurama olduğu ortaya çıxır.

Başqa bir problem daha var. Sosial şəbəkələr özünü qiymətləndiməni də aşağı salır. Məşhur ulduzların ideal bədən ölçülərinə baxıb depressiyaya düşən, yanlış pəhriz və dərmanlara sağlamlığını itirənlər var.

Qısacası, bu illər ərzində sosial şəbəkələrdə hər cür simalar gördük: zəvzəklər, kimlərisə psixoloji basqıya məruz qoymaqdan həzz alanlar, dramı komediyaya, komik olanı faciəyə çevirənlər, çox layk almaqdan ötrü həqiqəti asanlıqla təhrif edənlər, təhlükəli yerlərə selfi çəkdirib ölənlər və s.

Ona görə günümüzdə gərəksiz informasiya ponosundan, illüziyalardan, əsəbdən xilas olmağın, daha az stressli və rahat həyat yaşamanın yollarından biri sosial mediadan mümkün olduqca uzaqlaşmaqdır.

# 707 dəfə oxunub

Oxşar xəbərlər

# # #