Dərsin ortasında fıştırıq çalan şagird

Dərsin ortasında fıştırıq çalan şagird
22 sentyabr 2021
# 10:38

Məktəblər açılır – özü də distant yox, ənənəvi qaydada. Həyatın yavaş-yavaş özünə qayıtmasının ən xoş xəbərlərindən biri bu olsa gərək. Bayaq internetdən bir video qabağıma çıxdı, xeyli kef elədim. Deməli, bir qadına distant təhsillə ənənəvi təhsilin fərqini, necəliyini soruşublar. Qadın xoşagələn talış ləhcəsiylə özünəxas cavab verib: “Məktəb yaxşıdı, heyf deyil məktəb. Uşaqlar o birində sırtıq olurlar”.

Məncə, bu qadın distant təhsilin gətirdiyi azadlığa çox maraqlı şərh verib. Distant təhsil xəstəliyin yoluxmasının qarşısını alsa da, ortaya çox böyük, gələcəkdə başımızı ağrıdacaq fəsadlar yaratmışdı. Xanımım da müəllim olduğu üçün bu prosesi yaxından izləmək şansım oldu. Distant təhsil günlərinin birində yoldaşım dərs deyirdi, qəfildən fıştırıq səsi evin içinə doldu. Elə bildim, səs çöldən gəlir, pəncərəni açıb çöldəki səsə diqqət kəsildim. Stansiyanın yaxınlığında nərd oynayan kişilərin gümrah səsindən savayı heç nə eşidilmirdi. Onda başıma vurdum ki, ey dadi-bidad, səs yoldaşımın qabağındakı kompüterin ekranından gəlir. Şagirdin biri hamının hansısa tapşırığı yerinə yetirdiyi vaxt özünü ucsuz-bucaqsız çöldə hiss edərək nəşə ilə fıştırıq çalmasını görəndə gülmək tutdu məni. Yoldaşım acıqlıydı və şagirddən tələb edirdi ki, təcili valideynini çağırsın. Orta yaşlı bir qadın əlini önlüyünə silə-silə (çox güman qab yumaqdan gəlirdi) gəlib üzrxahlıq elədi, dedi, ay müəllim, neyləyim, bu uşaq belədi də.

Düzdü, indi deyəcəksiniz, ənənəvi təhsildə də bu kimi hallar olur və əslində bəhs etdiyimiz şey normaldır. Məktəbdə şuluq, dəcəl şagirdlər də olacaq, pəncərələri sındırmağı ilə fəxr edən, qızların qulac-qulac hörülmüş saçını dartışdıran şagirdlər də. Lakin distant təhsil onu göstərdi ki, biz uzaqdan-uzağa bir-birimizə hörmət qoymuruq, dərsdən savayı hər şey eləməyə hazırıq. Uşaqlar internet üzərindən öyrədilən dərsin keyfiyyətinə inanmır, yaxud da belə deyək, onlar bir-birinə monitorda baxılaraq dərs deyilməsini ciddiyə almır. Nəticədə, ənənəvi təhsilin, məktəbin qoxusu canlarından çıxır, yerinə internetin yetişdirdiyi robot şagirdlər gəlir. Bu yaxınlarda “Çok güzel haraketler bunlar” proqramında da bu mövzuya aid yumoristik səhnə çəkilmişdi. Çox gözəl mövzuya toxunmuşdular. Distant təhsildən sonra ənənəvi təhsilə keçid edən şagirdlərlə adaptasiya məsələsi.

Uşaqların məktəb, şagird ruhu getmiş, yerinə hansısa yad planetdən təşrif buyurmuş süni zəka nümunəsini xatırladan insanlar gəlmişdi.

Yadıma düşmüşkən, onu da deyim. Təhsil Nazirliyinin brifinqində təhsil nazirinə verilən və hamı tərəfindən lağ-lağıya qoyulan o məşhur sual əslində tam da yerində verilmişdi. Nazir o suala səmimi cavab verə bilməyəcəyi üçün sualı başa düşmədiyini demişdi. Sual aydın idi:

“Ənənəvi təhsil başlayır və valideynlər narahatdır. Çünki keçən il də analoji hadisə oldu, məktəblərin başlanıldığı elan olundu, sonra qəfildən distant təhsilə keçildi. Olan valideynlərin aldığı məktəb ləvazimatlarına oldu. Bu vəziyyətdə nə etməli?”

Nazir sualdan yayınmaq əvəzinə, nazirliyin təxminini deyə bilər və valideynlərin bu problemlə qarşılaşmayacağına ümidini ifadə edə bilərdi.

Hər nə isə, bütün maraqlı, qeyri-adi distant təhsil günlərindən sonra təzədən ənənəvi təhsilin qayıdışı sevindiricidir. İnanıram ki, şagirdlər o məktəb ruhunu hələ də itirməyiblər və məktəbə də o ruhla gedəcəklər. Çünki getdikcə hər şey robotlaşmağa, sintetikləşməyə, süniləşməyə doğru gedir.

Bizim vaxtımızda sentyabrın 1-də olan tədris, daha sonra sentyabrın 15-nə adladıldı. İndi isə 22 sentyabrda dərslər başlayır.

Və o ötən illərdəki məktəb qoxusu yavaş-yavaş duyulmaz olur...

Ümid edək...

Ümid edək ki, yaxşı olacaq.

Dəyərli yazıçımız Varisin də dediyi kimi, sonuncu ölən ümidlərdir.

# 998 dəfə oxunub

Oxşar xəbərlər

# # #