Seyid Əzim ateist idimi? - ARAŞDIRMA

Seyid Əzim ateist idimi? - ARAŞDIRMA
9 iyul 2019
# 21:00

Bu gün Seyid Əzim Şirvaninin doğum günüdür...

Seyid Əzim Şirvaninin ictimai motivli şeirlərində ən çox diqqəti cəlb edən riyakar din xadimlərinə qarşı olan neqativ münasibət, bəzən isə hətta nifrətdir. Lakin o heç zaman Allahı inkar etmir, İslam dininə hörmətlə yanaşır və əsl ibadət yolunu tutan həqiqi ruhaniləri tənqid etmirdi. Seyid Əzim yalnız istinad vasitəsi kimi Qurandan istifadə edərək, İslam və şəriət ehkamlarını əldə bayraq tutub xalqı istismar edən imtiyazlı silklərə qarşı düşmən mövqedə dayanırdı.

Çünki bir ziyalı olaraq, o başa düşürdü ki, həmin insanlar üçün din mövcud feodal-patriarxal münasibətləri davam etdirə bilməkdən ötrü əla bir vasitədir və onlar, əslində, şərə qulluq edən ruhanilərin xidmətlərindən gen-bol yararlanırlar. Buna görə də, Seyid Əzimin ictimai motivli şeirlərinin əsas tənqid hədəfləri yalançı vaizlər, riyakar zahidlər, ikiüzlü abidlər idi.

Aləmə fitnə salan mədəni-şərdir vaiz,

Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Şairin vaizi “şər mədəni” adlandırması təsadüfi deyil. Çünki yalançı din

xadimləri İslamın adından istifadə edərək sadə, avam camaatı qəflətdə saxlayır, cəhənnəm qorxusu ilə onları savadlanmaqdan, elm və bilik əldə etməkdən çəkindirir, xalqın irəli getməsinə imkan vermir, özlərindən uydurduqları fitvalarla əhalini xof altında saxlamağa çalışırdılar. Ona görə Seyid Əzimin ruhanilərdə ən nifrət etdiyi xüsusiyyət onların riyakar olması idi: zahirən özünü ibadət əhli, təqvalı Allah qulu kimi göstərən bu “möminlər” gizlində spirtli içki içir, rüşvət alır, eyş-işrətlə məşğul olur, bir sözlə, hər cür günaha əl atırdılar. Ona görə şair deyir ki, sən ki özün bu qədər günah işləyirsən, nə ixtiyarın var ki, bəndə ilə Yaradan arasına girir, günahlarımızın bağışlanmayacağına dair fitva verirsən? Axı günahsız insan yoxdur və kimi bağışlayıb, kimin günahını əfv etməyəcəyini Allahdan başqa bir kimsə bilməz.

Zahid, tutalım həşr günü duzəxiyəm mən,

Hardan gəlibən sən, görək oldun belə eymən,

Sən qullar ilə rəbbin ədasın nə bilirsən,

Bakim nə mənim duzəxin atəşgədəsindən,

Almazsa əgər lücceyi-çeşmi-təri məndən.

Hətta qəzəllərindən birində deyir ki, zahidlə behiştə düşməkdənsə, Seyidlə (öz əqidəsində olan insanları nəzərdə tutur) cəhənnəm atəşində yanmaq daha yaxşıdır. Bəs şairin din xadimlərinə bu səviyyədə nifrətinin səbəbi nə idi?

Bəllidir ki, İslam dini çar Rusiyası şəraitində Orta Asiya, Qazaxıstan, Şimali

Qafqaz, Zaqafqaziya, Volqaboyu və başqa xalqların müsəlman əhalisi arasında imperiyanın dayağına çevrilmişdi. Çarizmin müstəmləkəçilik siyasəti ilə yerli burjuaziya və başqa hakim təbəqələrin sadə camaat əleyhinə mənafeyi bir nöqtədə kəsişirdi. Məhz dinin müsəlman xalqları üzərindəki güclü təsirindən istifadə edərək, onlar bu ümumi mənafeyi pərdələyə bilirdilər. Bu işdə isə onlara özünün maddi rifahını hər şeydən çox dəyərləndirən “ruhanilər” yardımçı olurdular.

Çar hakimiyyəti bu xidmətlərin müqabilində onları yüksək qiymətləndirirdi. “Ali ruhanilərə zadəgan hüquqları verilmişdi. Məscid ruhaniləri isə “Fəxri vətəndaşlar” sayılırdılar. Hakimiyyət onların torpaq üzərindəki xüsusi mülkiyyətini toxunulmaz elan edir, vergilərdən və digər mükəlləfiyyətlərdən azad edir, mükafatlandırırdı. Çarizm müsəlman ruhanilərinə yerli əhaliyə vermədiyi bir sıra hüquq və imtiyazlar da vermişdi.” Ümumiyyətlə, bu, bütün dünyada istismarçı cəmiyyətlərdə sinfi ziddiyyətləri ört-basdır etmək üçün həyata keçirilən ən sınanmış bir üsuldur.

İşğalçı rus imperiyasının hakimiyyəti dövründə də İslam dininin qayda-qanunlarını və şəriət ehkamlarını öz xeyrinə dəyişən müsəlman ruhani silki əhalini itaətdə saxlamaq üçün nəzarətçi rolunu ifa edirdi. S. Ə. Şirvani də əlinə qələm aldığı gündən cəmiyyətdə gördüyü bu neqativ hallara qarşı biganə qala bilmirdi; onun mübarizə üsulu isə həqiqəti öz misralarında xalqa çatdırmaq idi. Odur ki, onun şeirlərindəki haqq səsi əzilən xalqın ruporuna çevrilirdi.

Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,

İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,

Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Rüşvətxor, başqasının malına göz dikən müftəxor din adamı – zahid və vaiz

obrazları Seyid Əzimin çoxlu sayda şeirlərinin, xüsusilə də, qəzəllərinin tənqid hədəfinə çevrilmişdir. Füzulinin “Könül, səccadəyə basma ayaq, təsbihə əl urma”, “Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaiz” misraları ilə başlayan qəzəlləri, “Ey şeyx”, “Ey vaiz” rübailəri, şairin “bütün yaradıcılığına səpələnmiş satirik misraları, beytləri” Seyid Əzim üçün ilham qaynağı olmuş, dahi sələfinin lirikasından bəhrələnərək eyni motivləri müvəffəqiyyətlə öz yaradıcılığında istifadə etmişdir. Seyid Əzimin yaşayıb-yaratdığı XIX yüzillikdəki ictimai mühit üç əsr əvvəl Füzulinin şikayətləndiyi orta əsrlərdəki cəmiyyətdən bir o qədər də fərqlənmirdi: eyni haqsızlıqlar, xalqı soyub-talamaq, müftə yemək üçün istifadə olunan üsullar ikiüzlü, riyakar zahid və vaizlərin bütün dövrlərdə köməyinə çatırdı. Füzuli deyirdi:

Saqın, pamal olursan buriyatək, məscidə girmə,

Və gər naçar girsən, onda minbər kimi çox durma.

Seyid Əzim deyirdi:

Döşənmə buriyatək məscid içrə səcdeyi-səhvə,

Özü bu səhvdir, pamali-xəlqi-ruzigar olma.

Qeyd edək ki, nə Füzuli, nə də Seyid Əzim “məscidə girmə” deyərkən İslam

dinini, ona məxsus ibadətləri pisləmək niyyəti daşımamışlar – hər iki şairin

məqsədi din adından istifadə edərək fanatizmi yayan yalançı dindarlığı tənqid etmək olmuşdur. “Ayaqaltı kimi məscidin yerinə sərilmə ki, ayaqlar altında qalmayasan”, – deyən şairin əsl fikri budur ki, hamıya qoşulub, sən də bu riyakarlardan olma. Şair vaizlərin daim cəhənnəm qorxusu ilə avam camaatı xof altında saxlamasından cana doymuşdur; onlar İslam dinini sevdirmək, onu insanlara məhəbbətlə tanıtmaq əvəzinə, qorxu təlqin edərək, əhalini şəriətin çox vaxt öz xeyirlərinə uydurduqları ehkamlarına əməl etməyə məcbur edirdilər.

Can məşaminə gəlir buyi-riya məsciddən,

Görmədim ömrdə bir zövqü səfa məsciddən.

Buriyatək döşənir məscidə hərdən zahid,

Heyf tərk olmadı əsla bu riya məsciddən.

Diqqət etsək, görərik ki, Seyid Əzimin zahid və vaizləri tənqid edən şeirlərində bu obrazlarla “riya” kəlməsi həmişə yanaşı gəlir. Deməli, həqiqətən də, şairin tənqid hədəfi İslam dini və həqiqi ruhanilər deyil, məhz yalançı din xadimləri olmuşdur. Riyakar dindarların tənqidi o dövrdə təkcə Seyid Əzim yaradıcılığı üçün xarakterik deyildi; şeirlərində asketizmə qarşı çıxan Əbülhəsən Raci, Molla Ağa Bixud, Abdulla bəy Asi, Bahar Şirvani, İskəndər ağa Şair və b. lirikası üçün əxlaqi-ictimai ideal arzusu, humanizm, mənəvi azadlıq həmişə prioritet mövzu olmuşdur.

Seyyida, bunca ki məsciddən edillər nifrət,

Nə görüblər, görəsən kim, şüəra məsciddən.

Bu şeirlərdə bir-birinə zidd iki tərəf qarşılaşdırılır: dinin ehkamlarından avam

camaatı əldə saxlamaq üçün tələ vasitəsi kimi istifadə edən zahid və vaiz obrazları və ömrünün mənasını həyatın nemətlərindən zövq almaqda görən azadfikirli arif obrazı. Birincilərin təbliğ etdiyi məkan məscid, arifin üstünlük verdiyi poetik məkan isə meyxanədir.

Seyid Əzimi din xadimlərindən narazı salan cəhətlərdən biri də İslamda təriqət ayrı-seçkiliyi məsələsi idi. O başa düşürdü ki, bu ixtilafı araya məqsədli şəkildə “ruhanilər” salmışlar, lakin süni şəkildə ortaya atılmış bu dini ayrı-seçkiliyin daha dərin – siyasi məqsədlər güddüyünü, yəqin ki, şair bilmirdi.

Dinc xalqın arasında ixtilafa səbəb olan sünni-şiə məsələsinə neqativ münasibətini isə Seyid Əzim şeirlərində, xüsusilə də, satiralarında sərgiləmişdir. Oğluna müraciətlə yazdığı şeirlərdən birində müəllif deyir ki, mən özüm şiə olsam da, o birilərinə də müxalif deyiləm – əgər Əbubəkr, Osman, Ömər günah ediblərsə, cəzanı Allahdan alacaqlar. Həsən bəy Zərdabiyə ünvanladığı şeirində S. Ə. Şirvani camaatın avamlığından şikayətlənərək deyir ki, hər vilayətdə beş-on qəsəbə, hər qəsəbədə

də əlli min seyid, axund, dərviş, mərsiyəxan və s. var. O çalışır xalqa başa salsın ki, yalnız dini elmlərə yiyələnməklə savadlı olmaq mümkün deyil, savadsızlığın nəticəsidir ki, fikri yalnız xalqı soymaq olan “hoqqabazi-naqabil”lər camaata yalanlarıyla tələ qurur, din qardaşları arasına ixtilaf salırlar.

Xəlqə bunlar hamı qurublar dam,

Bir bunu annamır bu qövmi-avam.

Şiəmiz sünniyə edər töhmət,

Sünnimiz şiədən edər qeybət.

Bizi puç etdi şiə, sünni sözü,

Əhli-islamın oldu kur gözü.

Ən təəssüf doğuran cəhət də budur ki, şairin XIX əsrdə ürək ağrısı ilə bəhs etdiyi mətləblər, təəssüf ki, bu gün də öz aktuallığını saxlamaqdadır. Belə çıxır ki, biz düşüncə tərzi etibarilə hələ həmin əsri adlayıb keçə bilməmişik.

Ümumiyyətlə, S. Ə. Şirvaninin dinlərə və müxtəlif dini əqidələrə çox tolerant

yanaşması vardır; onun üçün önəmli olan insanın dini mənsubluğu deyil, mənəvi keyfiyyətləridir. Odur ki, şeirlərində dönə-dönə vurğulayır ki, Allah nə ərəb, nə zənci, nə firəngdir, yəni Allah birdir və bəndələri də öz aralarında dini, irqi ayrı - seçkilik aparmamalıdırlar. Seyid Əzim bir çox əsərlərində dini mənsubluqdan asılı olmadan savadlı, dünya görüşlü olmağı, dilləri öyrənməyin vacibliyini təbliğ edir.

S. Ə. Şirvani öz yaradıcılığında İslam dininin mənəvi əsarətinə qarşı çıxmışsa da, heç vaxt onu lazımsız, Quran oxuyub öyrənməyi səmərəsiz hesab etməmişdir. Lakin bəzən tədqiqatçılar şairin bu məsələyə münasibətindən bəhs edərkən ifrata vararaq, onun İslama və müqəddəs kitabına qarşı olduğu fikrini irəli sürərək, obyektivlikdən uzaq düşmüşlər. Halbuki şairin yaradıcılığına diqqət etsək, şahid olarıq ki, Seyid Əzim əsərlərində rus dili və öz dilimizlə yanaşı, həm də ərəb dilinin öyrənilməsinin vacibliyini vurğulamış, Quranın Allah kəlamı olduğunu, onu öyrənməklə Yaradanın sirlərinə vaqif olmağın mümkünlüyünü dəfələrlə qeyd etmişdir. Oğluna müraciətlərinin birində şair Quran haqqında deyir:

İnsü cinn olsa cəm, ey dana,

Edə bilməz bir ayəsin inşa.

Həq kəlami hara, kəlami-bəşər?

Onu inkar edən bəlayə düşər.

S. Ə. Şirvaninin əksər tədqiqatçılarının da qeyd etdiyi kimi, şair ateist olmamış, dini inkar etməmiş, yalnız yalançı dindarlığa və dinin mənəvi əsarətinə qarşı çıxmışdır. Şair dindarların uydurduğu, həqiqətdə İslama zidd olan ayin və mərasimləri pisləsə də, onun tənqidi birbaşa dinin özünə yönəlmədiyindən sovet dövrü tədqiqatçıları onun dünyagörüşündəki bu cəhəti məhdud, zəif və ziddiyyətli xüsusiyyət kimi dəyərləndirmişlər.

# 8369 dəfə oxunub

Oxşar xəbərlər

Tarazlıq - Kamal Abdullanın essesi

Tarazlıq - Kamal Abdullanın essesi

17:00 14 fevral 2024
Dəllək - Mirzə Cəlilin məşhur hekayəsi

Dəllək - Mirzə Cəlilin məşhur hekayəsi

18:40 7 fevral 2024
Səmimiyyət barədə - Kamal Abdullanın essesi

Səmimiyyət barədə - Kamal Abdullanın essesi

10:02 7 fevral 2024
Sirri-zəmanə - Kamal Abdullanın hekayəsi

Sirri-zəmanə - Kamal Abdullanın hekayəsi

11:45 25 yanvar 2024
Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

11:30 19 yanvar 2024
Unudulmaz Umberto Eko ilə ilk və son görüş - Dördüncü hissə

Unudulmaz Umberto Eko ilə ilk və son görüş - Dördüncü hissə

17:00 15 yanvar 2024
# # #