news-inner
clock17:42 calendar-gray 03 Avqust 2021 view-gray482 dəfə oxunub
view-gray482 dəfə oxunub

Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır

Kulis.az Rasim Nəbioğlunun “Dünya bir pəncərədir” adlı yazısını təqdim edir.

(Məhəmmədəli Mustafanın əziz xatirəsinə)

Məhəmmədəli Bayram oğlu Mustafayev dünyasını dəyişənə, yəni 27 iyun 2021-ci il tarixə qədər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində Baş elmi işçi və Sumqayıt Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışırdı.

Bizim Ədəbiyyat nəzəriyyəsi şöbəsi may-iyun aylarında məzuniyyətdən sonrakı növbəti daxili tədbirlərimizin siyahısını tutarkən bütün əməkdaşların yekdil razılığı ilə yenə fəaliyyətimizə ilkin şəkildə, sentyabrın 1-dən ardıcıllıqla indi artıq mərhum filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafanın təvəllüd tarixini – 63 yaşını qeyd etməklə başlamalı idik...

Məhəmmədəli Mustafanın həyatında və ömür yolunda 4 istiqamət qabarıq görünür: 1) peşəkar jurnalistlik və publisistik fəaliyyət (“Azərbaycan məktəbi”, “Folklor və etnoqrafiya” jurnalları, “Ədalət” qəzeti); 2) ədəbiyyat və tənqid tarixçiliyi; 3) ədəbi-nəzəri yaradıcılıq; 4) müəllim kimi pedaqoji əmək stajı.

Məhəmmədəli Mustafa akademik Kamal Talıbzadənin elmi rəhbərliyi ilə yazdığı namizədlik dissertasiyasını akademik Feyzulla Qasımzadənin ədəbi-tarixi fəaliyyətinə, təhlil və tədqiqlərinə həsr etmişdir. Məlumdur ki, Mirzə Feyzulla bir tədqiqatçı-mütəxəssis olaraq öz yaradıcılığında XIX əsr Azərbaycan ədəbiyyatının ensiklopediyasını ehtiva edirdi. Məhəmmədəli Mustafa da məhz onun bütün elmi biliklərini, fikir və qənaətlərini özünəməxsus şəkildə öyrənib əxz etmiş, 2011-ci ildə isə “XIX əsr Azərbaycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədəbiyyatşünaslıqda” mövzusunda doktorluq dissertasiyası müdafiə edib elmlər doktoru alimlik dərəcəsi almışdı. O, XIX əsr ədəbiyyatı üzrə əhatəli, universal araşdırmalar apara bilən görkəmli tədqiqatçı kimi formalaşmışdı. Elmi rəhbəri Kamal müəllimin davamçısı olaraq, onun ardınca tənqid tarixinə, həmçinin nəzəriyyə məsələlərinə göstərdiyi xüsusi meyil və qabiliyyəti sayəsində Məhəmmədəli bu sahədə mötəbər mütəxəssis kimi, söz sahibinə çevrilmişdi. Yazdığı məqalələri və monoqrafiyaları ədəbi-elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilirdi.

Məhəmmədəli “XIX ədəbi irsi ədəbiyyatşünaslıqda” (2010), akademik Bəkir Nəbiyev haqqında “Ədəbiyyatşünaslığımızın xan çinarı” (2012) və çap üçün hazır olan “Akademik Feyzulla Qasımzadə” adlı monoqrafiyaların, 100-dən yuxarı elmi və yüzlərlə publisistik məqalənin, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

Ali məktəblər üçün “Ədəbiyyat nəzəriyyəsi” dərsliyini hazırlayıb bitirmişdi. Nəşri vəfatından bir qədər sonra baş tutdu. Qardaşı dosent Azər Mustafayev Məhəmmədəli Mustafanın “Ədəbiyyat nəzəriyyəsi” kitabını respublikanın elmi-pedaqoji ictimaiyyətinə, Ədəbiyyat İnstitutuna və şöbəmizə ərmağan etdi...

Məhəmmədəli Mustafanın həm elmi və ictimai yönlü tədbirlərdə, həm də xudmani məclislərdə göstərdiyi ünsiyyəti, yoldaşlığı, dostluğu, etdiyi zarafatları özünü bir təşkilatçı və masabəyi kimi aparmasını heç yaddan çıxarmaq olarmı?!... İşlədiyi yerlərdə, xüsusilə bizim İnstitutda, Ədəbiyyat nəzəriyyəsi şöbəsində o, istəkli bir insan idi. Hamımız Məhəmmədəlinin səmimiyyətinə, açıqürəkli xarakterinə, zəngin mənəviyyatına, təmiz qəlbindən irəli gələn sadəlövhlüyünə görə onu çox sevirdik. Dostumuzun heç kimə bənzəməyən özünəməxsus davranışı, danışığı, ləhcəsi, habelə məişətdəki unutqanlığı aramızda xoş, məzəli söz-söhbətlərə səbəb olurdu, halbuki bu görkəmli alimin elmi-informativ hafizəsinə söz yox idi; heç təsadüfi deyil ki, şöbə müdirimiz prof. Tahirə xanım Məmməd vaxtilə özünün aspirant yoldaşı olmuş həmkarının 60 illik yubileyində “Fenomenal yaddaşlı alim” sərlövhəli məqalə yazıb çap etdirmişdi.

Məhəmmədəli Mustafa peşəkar pedaqoq kimi də tanınmışdı. Lənkəran və Sumqayıt Dövlət Universitetlərində uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Lənkəran Dövlət Universitetində Məhəmmədəli, prof. Məhərrəm Qasımlı və mən – birlikdə üçümüzün on il sərasər keçirdiyimiz günlər indi şirin xatirələrə dönüb...

Cəmi iki gün insult xəstəsi yatan Məhəmmədəli Mustafanın qəfil ölümü bizi çox sarsıtdı, çünki neçə illərdi ki, onun bizim şöbənin kollektivinə, otağımıza daim bəxş etdiyi gözəl, nəcib, işıqlı ovqata, verdiyi enerjiyə adət etmişdik... Məhz buna görə də mən Məhəmmədəliyə canlı insan kimi xitab edərək deyirəm:

– Sən Məhərrəm Qasımlı, Vaqif Yusifli, Qurban Bayramov, Cavanşir Yusifli, Zəkulla Bayramlı, Mehman Həsənov, Aqşin Dadaşzadə və başqa mənim kimi çoxsaylı dostların ürəyini ağrıdıb getdin, indi sənin ciddi elmi, ədəbi və şən, yumorlu söhbətlərin, gülüşün olmadan keçinmək necə də çətindir!..

Heç kimə qarşı paxıllığın, kinin, qəzəbin yox idi. Şəxsi həyatında isə bəzi müşküllərin var idi, (kimin yoxdur ki?!) ümumiyyətlə, sən özünü xoşbəxt hesab edirdinmi? Axı bəşər övladı hələ səadət sarayına doğru yol getməkdədir... Həyatındakı bir çox çətin məsələləri dilə gətirmirdin, içində çəkirdin...

Məhəmmədəli, sən insanlara qarşı, ziyalı və alim adına, yoldaş, dost bildiyin hər kəsə çox hörmətcil və qayğıkeş idin, böyük-kiçik bilirdin. Həmişə məni yaşca böyük kimi qabağa verərdin. Bir dəfə mən: “Daha sən elmlər doktoru, professorsan, irəli keç”, – deyəndə, incidin: “Yol həmişə böyüyündür, Rasimcan”, – cavabını verdin.

Məhəmmədəli Mustafa, söz çoxdur, hansını yazım? 2006-cı ildə Siyəzəndə Məhərrəm Qasımlı ilə qızımın toyunda iştirakını, qol açıb oynamağını, digər dostlarla birlikdə və ya ikilikdə keçirdiyimiz məclisləri...

Sən əvəzedilməz bir insan, bir alim, bir yoldaş və dost idin. Ancaq mən nə qədər sağam, Allah verən ömrü yaşayıram, – İnstitutda gözüm həmişə intizarla qapıya dikili qalacaq; sanki indi sən yenə hay-küylə, gülüşlə, söz-söhbətlə içəri girəcək, həmişə olduğu kimi otağı sevinclə, gözəl aura ilə dolduracaqsan...

Biz səni heç vaxt unuda bilmərik, sən həmişə yadımızda olacaqsan... Ədəbiyyatdan, XIX əsrdən söz açılanda, səmimi yoldaşlıqdan, sədaqətli dostluqdan söhbət gedəndə sən yenə yada düşəcəksən...

Biri var idi, biri yox idi, bu fani dünyada daha bir də üzünü görməyəcəyimiz və özünəməxsus düşüncəsi, həyat tərzi olan Məhəmmədəli Bayram oğlu Mustafayev adlı bir şəxsiyyət var idi...

Məhəmmədəlican, sən bu dünya pəncərəsindən baxdın və getdin... görüşmək üzrə...

news-inner-user

19940 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021
Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
12:06 16 Sentyabr 2021
Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
11:35 16 Sentyabr 2021
Ölkəmizdə yeni layihə: Uşaqlar nağıl yazacaq
11:01 16 Sentyabr 2021
Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı - Açıqlama
10:25 16 Sentyabr 2021
Əməkdar artistimiz dünyasını dəyişdi
10:15 16 Sentyabr 2021
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılış olub - Foto
09:57 16 Sentyabr 2021
Üzü örtülü qadınla necə evlənməli? – Zamin Hacı yazır
09:00 16 Sentyabr 2021
Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etdi? - Tarixi fakt
21:00 15 Sentyabr 2021
"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
18:43 15 Sentyabr 2021