Ayxan, Oğuz, Gülbəs və başqaları...

Ayxan, Oğuz, Gülbəs və başqaları...
17 iyul 2021
# 11:15

Söz vaxtına çəkər. Bu yazının yaranma tarixi düz bir il öncəyə təsadüf edir. Ötən ilin sərt karantin günlərinə… Qəribədir ki, hər dəfə yazını nöqtələmək istəyəndə yeni qəhrəmanlar peyda olurdu və gözəgörünməz bir əl məni saxlayırdı: “Dayan. Hələ ardı var…”

Və beləcə yazı üç nöqtələrlə davam edirdi.

Odur ki, bir zəhmət, yaddaşımızın zaman lentini fırladaq bir il öncəyə…

Ah bu karantin günləri... Ömrümüzə-günümüzə yazılmasın, deyəcəyimiz, acı bağırsaq kimi uzanan, ən bürkülü yayımız! Nələr etdirmədi ki bizə?.. Kişilərə önlük bağlatdırıb mətbəxə salmadımı, ən dəcəl uşaqları qıfıllı qapı arxasında çar-naçar buraxmadımı, həftə səkkiz görüşən sevgililəri ayırmadımı?..

Bəlkə nə vaxtsa bu olanlar hamısı nağıl kimi səslənəcək, qorxulu bir yuxu kimi xatırlanacaq, filmlərə dönəcək. Amma bunlar hamısı yaşandı, hətta dediklərimdən də artığı...

Fəqət bu karantini özəl edən məqamlar da oldu. Məsələn, bu uzun yay günlərini necə rəngləndirərdik, əgər bədii ədəbiyyat olmasaydı. İşlərin çoxluğundan ertələdiyimiz bütün kitablar tozlu rəflərdən çıxdı. Kitab qurdları sosial şəbəkələrdə kitab ovuna başladı.

Kitabsızlar da qonşudan qalmamaq adına kitaba gəldi. Mənə görə isə hər maraqlı kitabla tanışlıq bir növ səyahət kimidir. Başlayanda həyəcan keçirirsən, bitirəndə təəssüf.

Birdən deyərsiniz ki, qızım, sən geri qalmısan, indi dövr bir başqadır. İnternetdə hər məzmunda, müxtəlif janrlarda növbənöv kitabları oxumaq, hətta audio versiyalarda dinləmək də olar. Amma mən həqiqi kitab aşiqi kimi onu əllərimlə hiss etmək, səhifələrin ətrini duymaq və ən əsası evdəki kitabxanamın əbədi sakininə çevirməkdən zövq alıram...

Hə, bax həmin bürkülü yay gecələrindən birində sosial şəbəkənin xəbər lentində rastlaşdım bu kitabla. Daha doğrusu, hələ ancaq kitabın üz qabığıyla. Adı maraqlı gəldi: “Mavra, Zəhra və başqaları” Dedim, nə qəribə addır: Mavra... Şəkildən iki qız boylanırdı. Bir cümlə də vardı epiqraf kimi: Saçındakı bantiki elə bil Tanrının özü bağlamışdı...

Düzü, o qızlardan heç birinin başında bantik yox idi, amma cümlə diqqətimi çəkdi. Adətən alın yazısını yazan, ruzi yollayan yaradanın balaca bir qızcığazın başına bantik bağlaması fikri orijinal səslənirdi.

May be an image of 5 people

Kitabın müəllifi gənc yazar Ayxan Ayvaz ədəbi mühitdən izlədiyim qədər bir çox yaşıdlarından orijinal təfəkkürünə görə seçilir. Özü də yaman tənqidçidir...

Kitabı aldım da, elə o karantin günlərində oxuyub-bitirdim də. Baxdım ki, yox, bu tənqidçinin əslində insanları qəribə, hər kəsə xas olmayan detallı müşahidə qabiliyyəti var. Kitabda toplanmış sənədli oçerklərdə, reportajlarda ən sadə insanın da, ziyalının da, körpənin də dünyasına güzgü tuta bilib. Özü də eyni sevgiylə, eyni diqqətlə.

Sonra onun özünə diqqət kəsildim. Görəsən, necə biridir bu kitabın müəllifi? Axı kitablar da bir növ öz valideyninə bənzəyir. Kitabın dili səmimidirsə, müəllifi də səmimi olmalıdır. Kitabsa həqiqətən səmimi dildə yazılmışdı.

Bildiyim qədər, Ayxan Ayvaz səfalı bölgələrimizdən birində yaşayır. Paylaşdığı fotolarda qara gözləri yaşına uyğun gəlməyən müəmmalı bir kədərlə baxır. Əvvəllər bu kədərə bir anlam verə bilmirdim. Adam yeni evlənib və həyat yoldaşı Nərminlə xoş bir cütlük təəssüratı yaradır. Tez-tez birgə paylaşımlarını görürdüm. Gah meyvə yığırdılar, gah gəzintiyə gedirdilər. Sonralar bu kədərin səbəbini bir təsadüf nəticəsində öyrəndim. Sən demə, istedadlı yazıçı Eyvaz Əlləzoğlunun oğlu imiş. 2000-ci ilin əvvəllərində qəfil insultdan dünyasınıı dəyişmişdi Eyvaz Əlləzoğlu, ardınca da həyat yoldaşı...

Mənə görə, güclü insan ağrılarıyla böyüyür, kamilləşir. İnsan da var, dünyadan intiqam almağa yönəldir bütün hikkəsini. Mən bu həyat hekayətinin gedişatını öyrənəndə, nədənsə Ayxanın kitabındakı Mavranı xatırladım, sonra da digər qəhrəmanları. Xatirimə gələn qədər hamısı pozitiv rənglərlə təsvir edilmişdi. Yəni kitabın səhifələrindən neqativ axmırdı... Bax bu yerdə Ayxanın son kitabıyla bağlı bir-iki cümlə də əlavə edib yazını yekunlaşdırmaq istəyirdim ki...

Gallery

...Oğuz Ayvazla tanış olduq. Bir yazıma görə. O vaxt həmin yazını göndərdiyim redaksiyada çalışırdı. Essem çap olunandan sonra feysbukda dost olduq. Bir şair kimi onun maraqlı şeirlərini, esselərini maraqla izləyirdim ki, günlərin birində nə öyrənsəm yaxşıdır, demə, bu iki istedadlı qələm - Ayxan Ayvaz və Oğuz Ayvaz qardaşdırlar. Burda deyirlər, ot kökü üstdə bitər. Və düşündüm ki, yazımı iki qardaşla tamamlamaq olar. Amma və lakin...

Növbəti bir təsadüf hekayətimin yeni qəhrəmanı Gülbəs Ayvazla - Eyvaz Əlləzoğlu ocağının yeganə qız çocuğu ilə qarşılaşdırdı məni. Gülbəs Ayvaz istedadda qardaşlarından heç də geri qalmırdı.

Onun rənglər dünyasına varmaq çox maraqlı idi. Fincan qalmamışdı, dibçək, butulka qalmamışdı, hərəsinin üstünə maraqlı bir portret və ya mənzərə həkk etməklə nəinki mənim, hər kəsin heyranlığını qazanmışdı.

Mənə görə, ən gözəli qardaşlarının Gülbəs haqda fərəhlə söz açmasıdır.

Sözün düzü, hekayətimin qəhrəmanlarını realda heç vaxt görməmişəm. Bu yazının qələmə almağımdan da bixəbərdirlər. Bilmirəm, bəlkə bir gün hardasa üz-üzə gələcəyik, bəlkə də yox...

O gün feysbukun xəbər lentində üçünün də paylaşdığı fotoları gördüm. Gülbəs pişiyi ilə poz verirdi, Oğuz qızıyla, Ayxansa təbəssümüylə... Baxdım, hazırda ayrı-ayrı yerlərdə yaşasalar da, hərəsinin öz dünyası, öz məişət qayğıları, fərqli xarici görünüşləri olsa da, üçünü də eyni səmimi və yaradıcı kök birləşdirir. Eyni ağacın kökləri...

Ağac demişkən, onları izlədikcə böyük bir ağacın üç budağına bənzədirəm: Üç uşaq - üç budaq. Özü də bar-bərəkətli, böyründən xırdaca pöhrə budaqları cücərən budaqlar.

Aylar bir-birini qovaladıqca bir də baxdım ki, il tamam oldu. Və nə yaxşı ki, elə belə oldu. Çünki bir il sonra bu yazı nöqtələnəndə onun bir qəhrəmanı yox, bir neçə qəhrəmanı vardı. Eyni ilə Ayxan Ayvazın kitabındakı “Mavra, Zəhra və başqaları” kimi, mən də sizə Ayxan, Oğuz, Gülbəs və başqalarından danışdım. Amma mənim qəhrəmanlarım artıq çoxdan uşaq deyillər. Kim bilir, bəlkə də hələ uşaqdırlar. Deyirlər, sənət adamlarının içindəki uşaq heç vaxt böyümür.

Bax bu məqamda bu yazı da nəhayət bitdi və göydən üç alma düşdü: biri Oğuzun qızı Ceyranın, biri Ayxanın qızı Diləyin, biri də Gülbəsin pişiyinin...

Günel Mehri

May be an image of 1 person

# 726 dəfə oxunub

Oxşar xəbərlər

# # #