Qız oxucusu ilə öpüşmək istəyən yazar, təqdimatına üç sevgilisi gələn şair, küsüb gedən aparıcılar – İmza günündən reportaj

Qız oxucusu ilə öpüşmək istəyən yazar, təqdimatına üç sevgilisi gələn şair, küsüb gedən aparıcılar – İmza günündən reportaj
25 iyun 2021
# 13:40

Karantin qaydalarının yumşalması ilə təkcə toylara yox, həm də darıxdığımız kitab təqdimatları, imza günlərinə icazə verildi.

Əslində bu təqdimatları, imza günlərini də ədəbiyyatın toy məclisi adlandırmaq olar.

Karantinin yumşaldılmasından istifadə edib, kitabına toy eləməyi ilk düşünən də gənc şair El Roman oldu. Adına baxmayın, yaxşı uşaqdı.

Bizə düşən müəllifin şad günündə yanında olmaq idi.

Belə də etdik...

El Roman gözəl şeirləri ilə qəfil ortaya çıxan maraqlı imzalardan biridi. Onun şeirləri haqqında fikirlərimi yazı boyu deməyə çalışacam, amma indi sizə dünən olanları danışmaq istəyirəm.

No description available.

Tədbirə aparıcılığı Nadir Yalçının edəcəyini bilirdim, ona görə də ilk ona zəng etdim. Dedim, görüşək, bir yerdə gedək. Razılaşdı.

Mən də az aşın duzu deyiləm. Bilirəm ki, aparıcını tutandan sonra, tədbirə geciksən də olar.

Nadirlə metroda görüşdük. Bir az gecikdim deyə mənə əsəbiləşmişdi. İkimiz də Ramiz Rövşəni sevirik. Ona görə, könlünü almaq üçün Ramiz Rövşənin şeirindən bir bənd dedim:

Hələ ki bu metro düşüb baxtına,
Axına qarışıb sən də axarsan.
Girib “Baksovet”də yerin altına,
Montində xortdayıb yerdən çıxarsan.

Güldü, əhvalımız lap yerinə gəldi. Qatara minib “İnşaatçılar”da yerin altından xortdayıb çıxdıq. İstiqamət “Azərkitab” kitab evi idi.

Nadir tədbiri hansı sözlərlə açacağını, nədən danışacağını, kimlərə söz verəcəyini deyirdi. Mən də gün başıma döyə-döyə fikirləşirdim ki, əsl dənizə kəllə vurmalı havadı. Nadirsə tamam başqa mövzuya keçmişdi:

- Amma biz ayrılandan sonra o qız bir dəfə uşaqlara deyibmiş ki, mən Nadirlə fəxr eləyirəm! – Nadirin bu cümləni deyib qəhərləndiyini gördüm. - Zalım qızı zalım! - birdən əsəbiləşir.

Anladım ki, bir vaxt çox sevdiyi, indi ayrıldığı qızdan danışır. Bir ağacın kölgəsində dayanıb, siqaretimizi çəkdik. Günəş təpəmi elə deşirdi ki, heç Nadirin kədərinə şərik çıxası halda deyildim. Yalandan müdrikcəsinə başımı yelləyib uzaqlara baxdım. Ağlımda isə “dənizdən sonra pivə də əla gedər!” deyirdim.

Amma gerçəkdə dənizlə aramızda xeyli məsafə və ədəbiyyat var idi. Tədbirin baş tutacağı binaya çatmışdıq. Nadir üst-başını, saçını səliqəyə saldı, içəri keçdik.

El Roman zala stol-stul daşıyırdı, masalara su düzürdü. Müəllifi belə görürüksə, deməli, yetərincə tez gələ bilmişik.

- El Roman, pul lazımdı deyə imza günü eləyirsən?zarafatla deyirəm.

- Hə dəəə... – deyib gülür.

- Ayıb deyil, kitabını satmaq üçün camaatı bu pandemiyada bir yerə toplayırsan? Qorxmursan xəstələnərlər?

No description available.

- İki doza şeir deyəcəm, heç kimə heç nə olmayacaq.

Gülürük. Yenə zarafat xətrinə soruşuram:

- Sevgililərin gələcək?

- Üçü gələcək!

Əla cəsarətdir!

Yəqin, çoxumuz bunu eləmişik. Sonrası Molla Nəsrəddinin mavi muncuq lətifəsi kimi olur.

Sevimli Səidəmiz də burdadı. Mavi don geyinib:

- Səidəcan, necəsən?

Şıltaq səsiylə, hərəkətləriylə, mimikası ilə söhbət eləyir:

- Əlayam! Sənin statusuna görə don geyinib gəlmişəm. Evdə saymışam, dörd donum var.

- Dörd azdı daa...deyirəm.

- Alacam təzələrini də. Reportaj yazacaqsan burdan?

- Yazacam.

No description available.

- Mən də aparıcı olacam. Yazarsan ki, Nadir rəsmi hissənin aparıcısı idi, Səidə “şıltaq” hissənin.

Yavaş-yavaş gənc qələm yoldaşlarımız da gəlməyə başlayırlar. Yekəpər Orxan Saffari balaca, incə-mincə bir qızla gəlir.

Sonra Eminquey Akif başını telefonundan qaldırmadan içəri girir. Telefon da Eminqueyin sevgilisidir deyə, düşünürəm.

Digər masalar dolmağa başlayır. Gözəl qızlar, yaraşıqlı oğlanlar. Bu gənclərə baxdıqca, adamın gözü-könlü açılır.

Qəfil içəri gənclərin sevimlisi, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid girir:

- Salam, gənclər! Yığışmısınız? Nətərdi vəziyyət? – sualını verib zaldakı hər kəsə, xüsusən də qızlara nəzər salır. - Qızlar, El Romana görə gəlmisiniz?

Qızlar utanıb gülümsəyirlər.

Rəşad müəllim mənim dayandığım masa arxasında ayaq saxlayır.

- Gənc klassik, necəsən? İşlər nətər gedir? Bəs, Qazaxıstana gedirdin, nə oldu?

- Müəllim, karantinə görə onlayn keçirildi tədbir.

- Hə, o dəfə məni də Qırğızıstana dəvət eləmişdilər, sevinmişdim, pandemiyaya görə təxirə salındı. Özü də həvəslənmişdim e... nəsə. Ta neyləmək olar, sonra gedərik.

- Hə. Gedərik də. Müəllim, bir şəkil çəkdirək də. Reportaj üçün lazım olacaq.təklif eləyirəm.

- Çəkdirək də. El Roman sən də gəl, dur aramızda. – Rəşad müəllim səbəbkarı çağırır.

No description available.

El Roman gəlib aramızda dayananda Rəşad Məcid yüksək səslə deyir:

- El Roman da Ulucay Akif olmaq istəyir!

El Roman inciyir:

- Ay Rəşad müəllim, o nə sözdür mənə deyirsiz?

Guya vəziyyəti düzəltmək üçün tez müdaxilə eləyirəm:

- Qorxma, məni keçəcəksən!

Qaş düzəltmək istəyərkən göz çıxarıram:

- Keçəcəksən nədi, Ulucay? – El Roman bir az da inciyir.

Vəziyyət lap pisləşməmiş aradan çıxıram.

İstedadlı gənc yazıçılarımızın hamısı buradadı. Qoca İlham Əziz yığıb gəncləri başına, söhbət eləyir. Rauf RaKazım Kazımoviçi tuturam. İkisi də çox istedadlı və ən əsası maraqlı imzalardı. Rəşad Məcidin mənə “gənc klassik” deyib qoltuğumun altını şişirtməsinin təsiri hələ keçməyib. Başlayıram onları həm danlamağa, həm tərifləməyə:

- Niyə az yazırsınız? Yazın, göndərin, Kulis-də çap eləyək. Siz ki, çox əla yazırsınız. Belə tənbəllik olmaz!

No description available.

- Stimul yoxdu, Ulucay – Rauf Ra deyir. - Pulu demirəm e! Özün bilirsən də...

Əslində düz dediyini bilirəm, amma yenə israrımdan vaz keçmirəm.

- Əşi, nə stimul e?! Yazmaq lazımdı, yazmaq! Sən niyə yazmırsan, Kazımoviç müəllim?!

Qolumdan tutub məni sakitcə kənara çəkir, asta səslə, elə bil, böyük sirr açırmış kimi deyir:

- Ulucay, o gün caduya aid yazı yazırdım, cinlər mənə imkan vermədi... – üzündəki ciddiyyəti hiss edirəm.

Qolumu əlindən dartıb çıxarıram, bir az yüksək səslə deyirəm:

- Əşşiiiii, bəsdi dəəəə... Sən də balaca Həmid Herisçi olmusan başımıza!

Gülürük.

Bu masanı da tərk edirəm. Gözüm Rəşad Məcidə sataşır. Yenə bir topa gənc, gözəl qızın arasında nədənsə danışır, deyib-gülür.

Axxx, Rəşad müəllim, axxxx...

No description available.

Tribunada İntiqam Yaşar çıxış edir. Qulaq asmağa ehtiyac duymuram. Bayaq bir stol arxasında söhbət eləyirdik də.

Keçirəm Eminquey Akifin yanında əyləşirəm.

- Emin, sumkamda banan var. Onu burada çıxarıb yesəm, ayıb olar?soruşuram.

- Dəlisən? Çıxartma! Ayıbdı! – gülür.

Elə qəti reaksiya verir, özümə də maraqlı gəlir ki, imza günündə banan yeməyin nəyi ayıb ola bilər axı? Yenə də hər ehtimal, bu fikrimdən daşınıram.

Bir də görürəm, zala səssizlik çöküb. Nə Nadiri, nə Səidəni kürsü arxasında görürəm. Hara yoxa çıxıblar?

El Romanın mənə baxışlarını üzərimdə tuturam. Göz-qaş eləyib nə olduğunu soruşuram? Çiyinlərini çəkir. Görürəm, gərgindir, özü də nə baş verdiyini bilmir. Deyəsən, yolunda getməyən nəsə var. Sən demə, aparıcılar Rəşad Məciddən inciyiblər. Daha doğrusu onun “Məclisi çox rəsmi aparırsınız” sözündən...

İş bizə qalır. Kürsüyə çıxıb mikrofonu əlimə alıram:

- Hər birinizi salamlayıram, əziz dostlar! Bayaq El Roman mənə dedi ki, tədbirə üç sevgilisi gələcək. Düşünürəm, üç deyirsə, yəqin, heç olmasa ikisi burdadır.

Hamı susub diqqətlə mənə qulaq asır. Mənə də bu lazımdır:

- İndi zaldakı gözəl qızlara baxıram, özümə də maraqlı gəlir, görən, hansılardı o üç qız.

Qızların arasında gülümsəyənləri də görürəm, əhvalı dəyişib çox ciddi izləyənləri də:

- El Romanın üç sevgilisini bilmirəm, amma şeirləri çox gözəldi, maraqlıdı, şirindi. Elə bu “Şokolad” şeiri kimi.

Əlimdəki “Sənsizliyin baş hərfi” kitabından şeiri oxuyuram.

Gecikməmək adıyla önə çəkib saatı,
Çıxararaq cibimdən sonuncu üç manatı
Bir gül aldım, bir də ki,
Sevdiyin şokoladı.

Alqışlar...

Sonra İlham Əzizə çıxış üçün söz verirəm. O da fikirlərini deyir.

No description available.

Bir müddət tədbirə aparıcılıq eləyirəm. Səidə ilə Nadir təzədən zalda peyda olandan sonra aradan çıxıram.

Zərif don geyinmiş gözəl qızlardan biri mənə yaxınlaşıb salamlaşır, hal-əhval tutur, sonra deyir:

- Ulucay bəy, mən iki-üç günə rayona qayıdacam. Çox istəyərdim sizin kitabınızı da əldə edim.

- Mütləq vaxt edib görüşərik, sizə kitabı verərəm. - deyirəm.

Ürəyimdənsə, “əşi, nə şeir, nə ədəbiyyat, ver əlini, çıxaq tədbirdən, gedək hansısa parkda öpüşək” - demək keçir.

Öpüşmək fikrini başımdan atmaq üçün tez xanımla sağollaşıb keçirəm dostlar olan masaya.

- Rauf, mənə reportaj üçün bir cümlə de! Buradan yazılıq material çıxmır. Adamlar çox istedadsızdır. – zarafatla deyirəm.

Rauf Ra gülümsünür, susur.

Qəfil gözüm masadakı süd qutusuna sataşır. Kimsə imza günündə süd içib. Eminquey də mənim banan yeməyimə təəccüb eləyir.

- Kazımoviç! Sən içmisən bunu?!süd qutusunu əlimə alıb ittihamla soruşuram.

- Yox, Allah haqqı! Yəqin bayaqkı qızlar içib!

- Qızlar içibsə, olar!deyib gülürəm.

Azər Qismət, Ümid Abbasla da söhbətləşirik.

Ümid gözəl səsiylə şeir qiraət eləyir.

Digər imzalarımız Elvin Paşa, Rəşad Nağı, Pərviz Arif də tədbirin sonuna yaxın gəlirlər.

- Elvin, hamı şeir deyir, çıx stənd-ap elə, bir az maraqlı olsun.

- Yox e, sən canın səsini çıxarma, qoy sakit dayanmışıq.

Bu dəm elə Rəşad Nağını çağırırlar, o da şeir deyir.

Tədbir yavaş-yavaş yekunlaşır.

Bir də görürəm, çöldə bir taksinin qabağındayam. El Romanla Orxan Saffari taksinin arxa oturacağında əyləşib pul sayırlar. Səddam Laçın da sürücünün yanındadır.

Əlisəmid Kür demiş, deyəsən, tədbirin “bədii hissəsi” də olacaq.

No description available.

Nadir sürücüyə ünvanı deyir:

- Siz gedin, Rəşad müəllimlə Yusif müəllim (Rzayev) ordadılar “uje”. Biz də Ulucaynan ayrı taksiyə minib, bir-iki şey alıb gəlirik.

Tədbirin bədii hissəsi lap maraqlı keçir. “Bədii hissə”dən danışmaq istəmirəm. Bircə onu görürəm ki, El Roman dilxordu.

- Nolub? Niyə dilxorsan? - yanına keçib astaca soruşuram.

- Nolacaq e, Ulucay?! Qatdın aləmi biri-birinə! Üç sevgilimin üçü də küsdü məndən sənin dediyinə görə.

- Əşi, mən elə bildim zarafat eləyirsən. Nə bilim, düz deyirsən?bir az məyus oluram. Bilmirəm nə deyim.

Elə bu vaxt adının yanında ürək smayliki qoyulmuş bir nömrədən zəng gəlir.

- Görürsən, hamısı küsməyib!sevinirəm.

- Yox e, bu dördüncüdü! – deyir.

# 8872 dəfə oxunub

Oxşar xəbərlər

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
#
#
# # #