news-inner
clock15:00 calendar-gray 18 Yanvar 2013 view-gray2425 dəfə oxunub
view-gray2425 dəfə oxunub

Mİkayıl Müşfiq 3G-nin kəşfini necə yazmışdı?

Ayrılıq həmişə ayrılıq kimidir - 10 dəqiqə də çəksə, 10 il də. Həmişə də belə olub: ortaya dəniz kimi də düşsə, aradan çay kimi də axsa. Qıtlıq, tamarzılıq elədir ki, çoxu-azı olmur – varsa, var, yoxdursa, yoxdur. Məsələ ayrılığı nə cür yaşamaqda, necə öldürməkdədi…

Onsuz da özlüyündə çox avara, çox namərd vəziyyətdir ayrılıq. Ağlı kəsən, ürəyi döyünən hər adam üçün belədir. Şairin ayrılıq çəkməyi, tamarzı qalmağı isə lap qəliz situasiyadır. İnilti-sızıltının, ah-nalənin biri… havayı. Hələ üstündə də neçə damla göz yaşı “hədiyyə”! Dünya nədir, lap qalaktikanı ovuc içində gətirib versən də, bu dəfə başqa qalaktikaların xiffətiylə gözünün yaşını, burnunun suyunu axıdası bir adamın ayrılıq hissini ovutmaq, tamarzılıq duyğusunu yatırtmaq xam xəyaldır.

Amma insanın – şair olsa da, olmasa da - xəyallarını ən çox “qıdıqlayan”, xəyal gücünü ən yaxşı hərəkətə gətirən də elə ayrılıqlardır bəlkə...

Əzəl gündən belə qərar verilib şairin gün-dirriyinə: ayrı düşdüyü hər haradırsa (evdirmi, eldirmi…), tamarzılıq çəkdiyi hər kimdirsə (sevgilidirmi, “dost”durmu...), ordan bir xəbər bilmək, ondan bir soraq almaq istəyib - “əsən yellər, əsən yellər!..” misalınca.

Uzaqdan-uzağa xəbər tutcaq, ya əlinə bir nişanə yetcək, dərhal məktub gətir-götürü, dilcavabı ismarıc alış-verişi keçib könlündən. Sonra səs eşitmək, nəfəs duymaq ehtiyacı, axırda da… Bəs necə: şair xəyalıdır bu, durub-dincəlmək bilməz.

İndilərdə bütün bu imkanlar ən aciz-əfəl şairin də ya əlinin altında tapılar, ya cibinin dibində. Nə olsun, yenə də nalə-fəryad, sızıltı-göynərti səngimir...

* * *

Repressiya vaxtı sinəsinə, kürəyinə vurulan məhkum nömrəsi necə yaraşmırdısa Mikayıl Müşfiqə, adının, imzasının üzərinə sonralar yapışdırılan “gözəl şair”, “incə lirik şeirlər müəllifi” kimi yarlıqlar da bir elə uyğunsuz, yetərsiz görünür əslində.

Müşfiqi təkcə “Yenə o bağ olaydı”nın, “Oxu, tar”ın, “Könlümün dedikləri”nin, “Duyğu yarpaqları”nın müəllifi kimi tanıyıb-tanıtmaqda, sözsüz ki, böyük təhrif var. Amma Müşfiqin “sosializmə, Kommunist partiyasına, Leninə, Stalinə…” yazdıqlarıyla “tanıdılması”, guya bu yolla “daha geniş öyrənilməsi” də bir o qədər naqis niyyətdir, yaramaz əməldir.

“İstiqlal mücahidi, alovlu mübariz” ünvanı yersiz ifratdır – şişirtmədirsə Müşfiqə münasibətdə, “partiya-sovet şairi, kommunist əlaltısı” təyinatı isə haqsız təfritdir. Belə görünür, bütün bu yanaşmaların hamısı vacibdir, hər biri ortada olmalıdır ki, onların arasından Müşfiqin əsl şair qədd-qaməti, gerçək yaradıcı siması özünün tam aydınlığı, dolğunluğuyla boy verib görünsün. Yalnız bu şərtlər ödənəndən sonra Müşfiqin təfəkkürünün miqyası, gələcəyə dikilən baxışlarının sərrastlığı, ən əsası da, xəyal gücünün imkanları şəkk-şübhədən arına, fakt kimi biryolluq təsdiqlənə bilər.

* * *

İstedad, ilham, duyğu, hissiyyat – bunlar şairliyin, ən əsas da Şərq şairinin fitrətində var, əlbəttə, əsl şairdən söhbət gedirsə. Şərqin (onun da içində bizim Azərbaycanın) şairlərini, xüsusən son yüzillərdə daha çox “intellektuallıq cinahı”ndan, “elmlə texnologiyanı, məzmun planında, şeirin malına çevirmək” səmtindən “vururlar”. Onlara şeirin “hissilikdən rasionallığa keçid”indəki ləngiməni, tərəddüdü irad tuturlar.

Buralarda isə o cür fikirlərə, adətən, gülüblər, elə indi də çox vaxt gülürlər. Sadə bir səbəbə görə: başlarına töhmət kimi çırpılan o meyarlarla yazılanları şeir saymayıblar çünki. Heç bu zəmindəki doğma bünövrəni, sanballı ənənəni də xatırlamaq istəmirlər, yada salanlara da nəhs istisna kimi baxır, “şeir deyil, əmək təlimidir, politologiya dərsidir, iqtisadi nəzəriyyədir…” tipli rişxəndlərlə guya gülüş hədəfinə çevirirlər. Dava bunların üstündədir - vəzn, ritm, melodiya, hiss, intonasiya, söz oyunu, hüzn, yanğı, 50 qramlıq da göynərti, nisgil… Yox bir, göyərti, əzgil!

* * *

1931-ci ilə aid edilən “Zəfər səsləri”ndə 23 yaşlı Müşfiq milli-qlobal enerji problemlərinə həm öz vaxtının, həm indinin - hələ adi insanları bir yana - mütəxəssislərindən də həssas, usta yanaşma sərgiləyib:

Zaman gələr

torpaq bizdən

əsirgəyər petrolunu…
…Yer üzündə sular var,

sularda dalğalar var,

dalğalarda rüzgar var:

Həpsi bizim qüvvətimiz,
biz suları, küləkləri fəth edəriz…

Həp bunlarla genişlənər

dünyamızın çərçivəsi…

Bu da həmin şeirdəndir:

Su altında qaz alovu yaratmaq –

İnsan üçün bu, sadə bir oyuncaq…

“Maddi sərvətləri insan kapitalına çevirək!” - günümüzdə tez-tez səslənir bu çağırış, son zamanlar dəbdə olan fikirlərdəndir. Müşfiqdə isə buna 1936-nın “TərtərHES” nəğmələrində də rast gəlirik:

…Bu dünyada bir kapital

Varmı İnsan oğlu kimi?;

37-nin “Duyğu yarpaqları”nda da:

…Hər an təbiəti gözəlləşdirən

Bu İnsan – tükənməz bir kapitaldır!

Elmi kəşflərin, texnoloji icadların dini mətnlərdə, səmavi kitablarda hələ çox-çox əvvəldən xəbər verildiyi barədə mülahizələr necə, dövrümüzdə azmı səsləndirilir? Tez-tez, bol-bol eşidilir! Kimlərin Kitabında xəbər verilir, amma kimlər kəşf edir, ya da kimlər icad kimi çıxarıb ortaya qoyur - bu, başqa söhbətdir. Ancaq usta Konan Doylun “Nəsrlə yaxud nəzmlə yaradılan, insan ruhu üçün faydalı olan bütün əsərlər, müəyyən mənada, Başqa Aləmdən göndərilən kəlamlardır” tezisi eynən Müşfiqin “Telefon söhbəti” şeirinin boyuna biçilib:

Sən məndən uzaqsan, mən səndən uzaq,

Uzaqdır sevimli gözlərin yenə.

Yaxındır, telefon sayəsində, bax,

Ürəkdən saçılan sözlərin mənə.

Məhəbbətin dərin, xəyalın dərin,

Nə çıxar sözlərə könlümü versəm?!

Əslinə varmaqçün bu söhbətlərin,

Nolur, gözlərini telfonda görsəm?!

Əlbət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

O həsrət qaldığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.

Müasir 3G - görüntülü telefon əlaqəsinə imkan verən üçüncü nəsil rabitə texnologiyası ilə bağlı arzusunun açıq-aydın ifadə edildiyi bu şeiri Mikayıl Müşfiq 21 yaşında yazıb. Eşqin, şövqün, xəyalların gücünə! Ancaq həm də başındakı ayıq beynin, o beyindəki sağlam düşüncələrin, bir də, çox güman ki, dövrünə görə normal mütaliənin, biliyin hesabına! Ona görə də fikirləri arzudan çox, gerçəyə çox yaxın proqnoz kimi səslənir.

Müşfiqin 85 il sonrakı – bugünkü yaşıdları olan “şeirçi”lərə isə dünyanın bu gen vaxtında sosial şəbəkələr, cürbəcür telefonlar bəs eləmir, 3G ilə yetinmirlər, 4-cünü də böyrünə qoşurlar... Yenə də hansısa “əcaib həsrət”, “bədheybət hicran” guya amanlarını kəsir; ha güc versələr də, səsləri iniltidən-ciyiltidən yüksəyə qalxmır. Baxışlarının hədəfi içki şüşəsindən uzağa getmir, hislərinin dərinliyi həmin şüşə qədər, hənirtiləri də ya o şüşənin dibindən, ya da yan-yörəsindən gəlir. Ha dinşəyirsən, elə hey sızıltılar, fısıltılar eşidilir, başqa heç nə. Boğaz eyni, avaz eyni, not eyni...

Nə deməkdir bu aldanış?!

İşdən danış, gücdən danış,

Çağır yeni mahnı, şair!

İşə keçməz boş nəğmələr,

Dodaqaltı zümzümələr:

Orkestrin hanı, şair?!..

Yenə Müşfiq olaydı!..

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020