Süleyman Rüstəmə nə deyim?

Süleyman Rüstəmə nə deyim?
10 iyun 2021
# 09:00

Kulis.az Zamin Hacının “Gözəl Qarabağda, cavan yaşımda” yazısını təqdim edir.

Əgər bütün dünyanı su bassa, ördəklər niyə kədərlənsin?
Adını bilmədiyim müdrikin sualı

Sonra da bəzi yazıçılarımız ədəbiyyatın, kitabın hörmətdən düşməsindən gileylənirlər. Haçan baxırsan ağlaşma-şivən qururlar:

“Kitabımızı sata bilmirik, Azərbaycan xalqı ədəbiyyat oxumaq istəmir, savadsızlıq baş alıb gedir”...

Ancaq camaat kitabı oğurlamaqla məşğuldur! Kitabın hörməti olmasa, niyə oğurlasınlar? Hamı bir-birinin kitabını nəinki oxuyur, həm də oğurlayır.

Bu saat bizdə üç əsas oğurluq obyekti vardır: büdcə vəsaitləri, xalqın sərvəti və kitab.

Hər üç halda cinayətkarlar tərəfimizdən aşkar edilib götürülür, ağır cəzasını alır. Dərhal media aləmində etiraflar başlayır, hər kəs kitab oğurlamaq tarixçəsini danışır, günahlardan təmizlənir. Nəticədə, bir mütləq həqiqət də ortaya çıxır ki, hər bir azərbaycanlı uşaq vaxtı kitabxanadan, qohum evindən, dükandan, çayçıdan, nə bilim, avtobusdan-qatardan (bizdə, maşallah, “hər yer kitab, hər gün oğurluq”dur) azı bir düjün kitab çırpışdırmışdır.

“Kitab oğrusu oğru deyildir” tipli ata sözümüz də var, kim qayırıb, düzüb-qoşubsa halal olsun. “Oğrudan oğruya halaldır”, “Qızını döyməyən dizini döyər”i yaradan atalardan şübhələnirəm.

Ancaq mövzumuz ayrıdır, sadəcə, istədim gündəmə qoşulum. Hər bir oğrunun... üzr istəyirəm, yazarın borcudur ki, gündəmdə olan söhbətlərə münasibətini açıqlasın. Xalq intizarla gözləyir axı. Bilmək istəyirlər, məsələn, mən özüm kitab əkişdirmişəmmi? Səmimi etirafa az iş düşürmüş. Yox, məni sındıra bilməzsiniz! Boynuma almayacağam! Kitab aləmi böyükdür, lakin arxada “Əli və Nino”dur!

Hələ deputatla naşirin davası düşdü, aləm lap qarışdı. Doğrudan da, bu deputat əgər millətin kitab oxumağının dərdini çəkirsə, zəhmət çəksin, kitaba qoyulan 18 faiz əlavə dəyər vergisinin ləğvinə çalışsın. Yoxsa nə gözəldir naşirin, dükanın, müəllifin hesabına mesenatlıq...

Keçək mövzuya. Azərbaycan kino tarixində iki cüt-bir tək insani filmlərdən olan “Şərikli çörək”də unudulmaz səhnələrdən biri belədir:

Qırçı Məhəmməd balaca Vaqiflə süfrə açıb nahar eləməyə hazırlaşır. Bu zaman reproduktordan (köhnə vaxtların küçə radiosu) mahnı eşidilir. Bülbül oxuyur:

Xatirə dəftərim durur qarşımda
Dolaşır bir ölməz sevda başımda.
Gözəl Qarabağda cavan yaşımda
Bir gözəl seçdiyim yadıma düşdü.

Fazil Salayevin böyük istedadla oynadığı Məhəmməd əlini süfrədən çəkir. Mən nədənsə həmişə elə zənn edirdim, Salayev ağdamlıdır. Bakılıymış. Cəmi 46 il yaşayan bu sənətkarı qarabağlı saymağımda bəlkə bu filmin rolu olub? Bilmirəm. (Əlim dinc durmur, istəyirəm yazım: “Gəlin ölkəmizi regionlara bölməyək...”).

Hər halda Fazil Salayevin daim qəmli gözlərində elə bil Qarabağın uçmuş, xaraba qoyulmuş gələcəyi əksini tapmışdı. Adamlar da bəzən içinə uçub tökülərlər; tək, səssizcə...

Bülbülün bütün ifaları möhtəşəmdir, ancaq bu mahnıya qulaq asanda həmişə tüklərim biz-biz olub. Yəqin, çoxunuz mənim günümdəsiniz.

Ancaq bu gözəl mahnının sözlərini kim yazıb, neçə nəfər xəbərdardır?

Mahnının sözləri Süleyman Rüstəmə məxsusdur. İnanmırsınız?

Mən də inanmırdım. Araşdırdım, inandım. Bu haqda az sonra.

Azərbaycan poeziyasında “Yadıma düşdü” rədifiylə saysız-hesabsız şeirlər var. Hamısı da bir-birindən gözəl, unudulmaz.

Səməd Vurğunun yazdığıdır:

Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayram qabağı,
Fəsəli yaymağı yadıma düşdü.

Mikayıl Müşfiqin şeirindəndir:

Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.

İslam Səfərlidə bir hərf fərqiylə həmin rədifdir:

Sənsiz dağ döşünə çıxdım bu səhər,
Ötdü qumru kimi gur şəlalələr.
De, niyə yalqızsan, sordu lalələr,
Qövr etdi nisgilim, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.

Nostaljidən, xatirədən yaxşı poeziya mövzusu varmı? Şairlərimiz də bunu hiss ediblər. Üstəlik, az qala bütün “yadımadüşdü” şeirlərinə mahnı qoşulub.

Uzun sözün qısası, şəxsi fikrimi açıqlayıram: məncə bu nisgilli sevgi xatirəsinin ən təsirlisini Süleyman Rüstəm yazıb. Hələ misralara baxın:

Baxdıqca doymazdım gül yanağından,
Bir güldü dərmişdim eşqin bağından,
Bir gün evlərinin lap qabağından,
Titrəyib keçdiyim yadıma düşdü.

Mən bunu hər oxuyanda titrəyirəm.

Süleyman Rüstəm bizim ədəbiyyatımızda ən mübahisəli fiqurlardan biridir. Adamı “37-ci il” repressiyalarında, Müşfiqi, Cavidi bada verməkdə suçlayıblar. Əsaslı, əsassız – dəqiq bilmirəm.

Amma onu bilirəm ki, vaxtaşırı şairin oğlu Azadı saytlarımızda intervü verən görürük: “Atam günahsızdır”.

Vəzifəsi böyük olsa, belə yumşaq danışmazdı bəlkə də. Başqa şair-yazıçı mafiya babalarımız kimi asıb-kəsərdi.

Eyni zamanda, poeziyamızda Güney mövzusunu qabardanlardan biridir, Şəhriyarın “qardaş” deyib yazışdığı şəxsdir Rüstəm. Biri “Ana və poçtalyon”u yada salanda, başqası “Layka göydə edir ham-ham”dan danışıb.

Sözgəlişi, indi yazımda onu qısaca necə adlandırım, tapmaqda çətinlik çəkirəm.

“Süleyman bəy” yazmaq olmaz, adam özünü həmişə “proletar şairi” adlandırıb.

“Yoldaş Süleyman” ironik və arxaik çıxır.

Bəlkə Sedat Pekerdən ilhamlanıb “Sülü” yazım? Aktualdır. Heyy, Sülo... Əcəb işə düşmüşük.

Zarafat bir yana, şair hansısa gözəl, dahiyanə əsər yaradıbsa, o əsər istənilən zaman kəsimində içimizi tərpədirsə, onun həyatında hansısa çirkinliklərin olması mövqeyimizi dəyişdirməlidirmi?

“Çətin sual” rubrikası budur.

Mən uzun illər Sovet İttifaqı kimi işğalçı rejimə dəstək verən, hətta iyirmi ilə yaxın onun oyuncaq Azərbaycan SSR Ali Sovetinin sədri (oxu: parlamentin spikeri – Z.H.) işləyən Süleyman Rüstəmin “Yadıma düşdü” şeirini həyatımın kitab rəfində hara qoymalıyam?

Hələ Bülbül də bunu oxuyursa...

# 8249 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #