Nigar Köçərlinin yersiz hikkəsi  – Sevda Sultanova kitab oğurluğundan yazdı

Nigar Köçərlinin yersiz hikkəsi  – Sevda Sultanova kitab oğurluğundan yazdı
9 iyun 2021
# 13:16

Sosial mediada olmadığımdan və saytları sıx izləmədiyimidən məşhur kitab oğruları (ad, Vittorio De Sikanın “Velosiped oğrular”ı qədər tutumlu və anlamlı səslənir) haqda gec xəbər tutdum.

Analoji hadisələr paytaxt mağazalarında ara-sıra baş verir. Axırıncı yadımda qalan belə hadisə, ərzaq marketlərindən birində olmuşdu. Çox ucuz bir ərzağı ehtiyacdan oğurlayan adam market sahibi tərəfindən vəhşicəsinə döyülmüş və hadisə ictimai səs-küy doğurduğundan sahibkar polisə verilmişdi. Xəbər proqramlarından birində, mağaza sahibinin, üzündən cahillik və meşşanlıq yağan qohumu cidd-cəhdlə döyənə haqq qazandırırdı. Döyəni və qohumunu necəsə başa düşmək olar yəqin - ərzaq dükanı işlədirlər. Ərzaq maddi dəyər daşıyır və insanın fiziki yaşamına xidmət edir.

Amma kitabın maddi dəyərdən çox mənəvi anlamı var. Bu məntiqlə kitab dükanının sahibi bir az daha fərqli düşünməlidir. İndi tez-tez deyirlər axı, kitablar insanı dəyişir (yaxşı mənada əlbəttə ki), aliləşdirir və s. Hərçənd, mənim həyat təcrübəmdə getdikcə bu fikir möhkəm oturuşur: insan ya içindəki, zamanla dərinləşən, cilalaşan nəciblik, alicənablıq hissiylə doğulur, ya da bu keyfiyyətlərsiz doğularaq böyüyür. Və heç bir kitab, ali təhsil onda bu hissləri yaratmaq gücündə olmur. Hətta, yəqin ki, qısa bir statistik araşdırma aparılsa, saysız kitab oxuyub geniş dünyagörüşə malik insanlar arasında nanəciblər üstünlük təşkil edər.

Gallery

Kitab dükanının sahibəsi Nigar Köçərli açıqlamasında deyib ki, onların kobudluğu və qaçması səbəbindən (guya qaçmasaydılar polisə verməyəcəkdilər – S.S.) satıcılarımız polisə müraciət ediblər.

Hiss edirəm ki, Nigar xanım özünə haqq qazandırdığı bu məqamı səmimi demir. Çox güman ki, əməkdaşları məhz sahibənin razılığını alandan sonra polisə müraciət ediblər. Əgər, gənclər kitabı qaytarıblarsa (lap tutaq ki, atıblar) və kobudluq ediblərsə (onları saxlayacaq adamlardan qurutlmaq üçün hər halda nəzakətli davranası deyildilər, instinktiv olaraq özlərini qoruyaraq aradan çıxıblar) belə və nəticədə oğruluq faktı baş tutmayıbsa, polisə şikayət etməyə nə lüzum vardı?!

İnsanları hiddətləndirən daha çox bu məqamdır.

Üstəlik, kitablar üst-üstə yüz manat etməyib.

Nigar Köçərli güman ki, çoxlu bədii ədəbiyyat oxuyub. Ədəbiyyat insanı tədqiq edir, onu ən müxtəlif mühitlərdə, vəziyyətlərdə araşdırır, fərdin davranış və münasibəti ilə bağlı çeşidli suallara cavab axtarır. Bu qədər ədəbiyyat oxuyan adam və kitab dükanının sahibəsi heç maraqlanmadı ki, görəsən, kitab oğurluğunun nadir baş verdiyi bu ölkədə o gənclər niyə, məsələn, Dantenin “İlahi Komediyası”nı oğurlayıblar və ümumiyyətlə kitab oğurlayırlar?

Axı, ədəbiyyat, incəsənət həm də niyə, nə üçün kimi düşündürücü suallar qoyur, deyilmi?!

Lakin görünən odur ki, N.Köçərlinin biznesmen maraqları və hikkəsi insani maraqlarını üstələyib.

Nigar Köçərli nümunəvi sovet adamı ədası ilə mətnində yazır:

“Təəssüf edirəm ki, OĞRUYA DOĞRU DEYƏN deputat var”.

Millət vəkili Kamal Cəfərov kitab oğrularını müdafiə etməkdə tamamilə haqlıdır. Oğrudan oğruya, oğurluqdan oğurluğa situasiyalar və motivlər dəyişir.

“Şərikli çörək” filmində iki oğurluq hadisəsi göstərilir. Birincidə uşaq bazarda bişmiş kartof oğurlayır. Tamaşaçı uşağın kasıb üst başından onun bu yeməyə ehtiyacı olduğunu anlayır. Zəruri ehtiyacını göstərməklə rejissor adsız qəhrəmana bəraət verir. Və Vaqifi digərlərindən qoruduğunu göstərməklə hələ simpatikləşdirir də!

İkinci oğurluq hadisəsində - Genanın öz evindən xoruz oğurlamasını neqativ təsvir edir, çünki Gena harınlıqdan oğurlayır. Qısacası, nə qədər banal səslənsə də, həyat ağ və qara deyil. Və bunu hər şeydən mütaliəli kitab dükanının sahibəsi bilməliydi...

Vəkil Elton Quliyev haqda danışılan bir əhvalatı xatırlayıram. Elton müstəntiq işləyəndə maşınına maqnitofon alır. Cihazı maşından bir neçə dəfə oğurlayırlar və hər dəfə Elton yenisini alır. Həyat yoldaşı gileylənir:

- Elton, sən milis işçisisən axı, tap gör, kim oğurlayıb.

Elton cavabında deyir:

- Ehtiyacı var ki, götürür. Ehtiyacı olmasa, o riskə getməzdi.

Bir daha xatırladım, bu hadisə baş verəndə Elton Quliyev milis işçisi idi. Lakin daha vacibi - o, nəcib insan idi.

# 3709 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #