news-inner
clock08:30 calendar-gray 17 Yanvar 2013 view-gray3478 dəfə oxunub
view-gray3478 dəfə oxunub

“Dilarə Əliyeva məni yoldan çıxartdı” MÜSAHİBƏ

Ramilə Qurbanlının “Gərdişi-dövran” layihəsində

Cəfər Namiq Kamal, bəlkə də qardaşı İlham Namiq Kamal qədər tanınmayıb, onun kimi xalq artisti də deyil. Əməkdar artistdir, teatr səhnəsində çox maraqlı obrazlara imza atıb, komediyanı da, faciəni də eyni məharətlə oynayır və sevdirir - özünü də, oynadığı rolu da. Haqqı verilməsə də çox maraqlı aktyordur, həyatda özünü irəli verib, gözə çarpdırmağı bacarmayan, amma səhnədə sərraf gözlərdən yayınmayan istedadlı aktyorlarımızdan biridir. Dəfələrlə deyilmiş fikirdir, amma yeri gəlib bir də deyim, istedadlıya yol açmaq lazımdır, istedadsız özü yolu asanlıqla tapıb üzdə olacaq. Nə isə, bunlar görünür həyatın bizə tabe olmayan qanunauyğunluqlarımı deyim, yoxsa uyğunsuzluqlarımı? – bu da mübahisə mövzusudur.

Cəfər Namiq Kamalın həyatının gərdişindəyik, özü danışacaq.

Qız istədilər oğlan oldu

Bakıda böyümüşəm, atam, anam və biz iki qardaş - İlhamla mən idik ailədə. Sonra daha bir qardaşım dünyaya gəldi, məndən 12 yaş kiçik idi, valideynlərimiz istəyirdilər bir bacımız olsun, o da gəldi oğlan oldu, olduq üç qardaş. Uşaq vaxtımızdan elə İlhamla işimiz-gücümüz oyun çıxartmaq idi. Çarpayının üstünə çıxır, onu özümüz üçün səhnə təsəvvür edib oynayırdıq. Bu, bir taledir. Əmimiz, dayımız, ata-anamız incəsənət adamı olmayıb ki, onlara baxıb aktyor olmaq istəyinə düşək, yox, bu yalnız taledir. Atam mühəndis idi, anam evdar qadın. Yaxud evimizə aktyorlar gəlib gedirdi, məhəlləmizdə yaşayırdılar, yox, heç biri deyildi.

Poluxin küçəsində yaşayırdıq, orda aktyor-filan yox idi, hamısı “turemşiklər” idi.

Ən yaxşı halda sürücü işləyirdilər. Bununla belə böyük-kiçik yeri bilən normal insanlar vardı həmin küçədə. O vaxt kinostudiyanın direktoru olan Ziyafət Abbasov, nağaraçalan Çingiz Mehdiyev, Cahangir Aslanoğlu bizim məhəllədə olurdular. Düzünü deyim ki, onda artıq mən böyümüşdüm və onların mənim sənət seçməyimdə rolu-filanı olmayıb.

Cahangir Aslanoğlu ilə hər gün yolumuz bir düşürdü. Mən teatra işə gedirdim, o da saraya və yol boyu o, hər gün mənə yeni iki-üç lətifə danışardı. Mən olsam yadımda qalmaz, dünən danışdığımı bir də danışaram, heç bilmərəm ki, bunu danışmışam artıq. Elə güclü hafizəsi vardı ki, qətiyyən təkrarçılıq etməzdi.

Pionerlər Evinə gedirdik İlhamla. Rəhbərimiz də Məmmədağa Dadaşov idi, Kübra Dadaşovanın atası. Onun dərnəyinə gedəndə beşinci sinifdə oxuyurdum, tamaşalarımızı Gənc Tamaşaçılar Teatrının səhnəsində oynayardıq. Yəni artıq beşinci sinifdən üzümüzə qrim dəymişdi və onunla da bu sənətə yoluxmuşduq, xəstələnmişdik. Sonra Məmmədağa Dadaşovla düz 15 il Gənc Tamaşaçılar Teatrında bir yerdə işlədik. İndi işlədiyim Milli Dram Teatrının direktoru da həmin dərnəkdə bizimlə tərəf müqabili idi. Dövr başqa idi, insanlar daha saf idilər, kinoya, teatra, orda baş verən hadisələrə inanırdılar.

Nə güldürmək olur, nə ağlatmaq, çünki inanmırlar

Gözlərimlə görmüşəm, indi kimə desən inanmaz ki, insanlar kinoteatrdan, xüsusən də hind filmlərinin nümayişindən çıxanda dəsmallarını sıxırdılar, elə bil cümə axşamından çıxırdılar. İndi heç cümə axşamlarından da elə çıxmırlar. İndi insanları inandırmaq çətindir. Ona görə də aktyorun işi çətinləşib. İstər komediya olsun, istər faciə, insanlar inanmırlar, nə güldürə bilirsən, nə ağlada. İnsanlar o qədər dərd gördü, qulaqları o qədər dərd eşitdi ki, döyənək olub. Ona hansı tərəfdən yanaşmalısan ki, sənin səhnədəki dərdinə şərik olsun. Ona təsir etmək üçün gərək dürlü-dürlü dərd göstərəsən. Yaxud onu güldürmək üçün neynəməlisən, camaat toya gedir üzü gülmür. Komediya oynayırıq, heykəl kimi otururlar, tamaşanın birinci hissəsinin sonuna yaxın görürsən bir az unudublar öz dərdlərini, artıq düşüblər komediyanın axınına, üz-gözləri açılıb. Allahın köməyi ilə buna nail ola biliriksə, sevinirik. Heç olmasa saat yarım o insana problemlərini unutdura biliriksə, deməli halal iş görürük.

İndi zaman elə gətirdi çıxartdı ki, aktyor olduq də. Mən institutu bitirəndən sonra bir müddət heç aktyor işləmədim, ştatda yer olmadı, Gənc Tamaşaçılar Teatrında truppa müdiri oldum. Sonra yazıçı Anar Aktyor Evində teatr studiyası açdı. Vaqif İbrahimoğlu da rejissor idi orda. Məni ona Vaqif İbrahimoğlu təqdim elədi ki, istedadlı oğlandır, Anar da götürdü işə. Fəxrəddin Manafov, Bəxtiyar Xanızadə ilə bir yerdə işləyirdik orda. İl yarım çalışdıq, Vaqif yaxşı tamaşalar hazırladı, elə olurdu gecə səhərə qədər tamaşaların məşqlərini edirdik, fanat idik. Tamaşalara gəlib baxırdılar, heyran olurdular, amma teatrın yaranması və fəaliyyəti üçün yuxarıdan qol çəkmədilər. 85-ci ilin söhbətidir, açılsaydı o teatrın gör indi neçə yaşı olardı.

Mən ona çox qlükoza vurdum

Dram Teatrına gəlib çıxmağımın da səbəbkarı rəhmətlik Vaqif İbrahimoğlu olub. 25 il Gənc Tamaşaçılar Teatrında işlədim. Vaqif İbrahimoğlu Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərini tamaşaya qoydu. Rəhmətlik Həsənağa Turabov premyeradan sonra banketdə mənə dedi ki, mən səni Milli Dram Teatrına dəvət edirəm. Ərizəmi də aldı. 93-cü il idi, bu teatrda təmir gedirdi. Gənc Tamaşaçıların direktoruna zəng də elədi ki, xoşluqla ərizəsinin üstünü yaz. Gənc Tamaşaçılar Teatrında məni qınaq obyektinə çevirdilər ki, atıb gedirsən bizi, satqınsan. Qaldım, üç il də orda işlədim. Bir gün yay vaxtı idi, gəldim Turabovun yanına, dərhal ərizəmin üstünü yazdı ki, desəm sonra gəl, gedib bir üç də qalacaqsan orda. O gələn gəldim, ilk rolum da “Ah, Paris, Paris ” tamaşasında Eynşteyn oldu. Hələ 93-cü ildə bu rolu Azərpaşa mənə vermək istəyirdi, 96-cı ildə Milli Dram Teatrında yenə ilk təklif o rol oldu. Dedim, hələ oynanılmayıb o tamaşa? Demək təmirə görə yubanıb, qismət mənim imiş. Çox uğurlu tamaşa, uğurlu rol oldu. Rəhmətlik Heydər Əliyev də gəlmişdi tamaşaya, müəlliflə - Elçin Əfəndiyevlə əyləşmişdilər qabaqda. Allahın işidir neynəyirdim zal gülməkdən ölürdü, Əliyev də gülürdü. Bir də gördüm ki, barmağını mənə tuşlayıb Elçindən nə isə soruşdu.

Sonda səhnə arxasında tamaşanı təriflədi. Mən də həmişəki kimi lap arxada durmuşdum, Elçin dedi ki, Heydər müəllim, bayaq maraqlandığınız aktyor budur, məni çağırdı qabağa. Heydər Əliyev indi məni qrimsiz, pariksiz görüb dedi ki, mən səni tanıyıram, səhnədə tanımadım, gözəl oynadın. Bir həftə sonra mənə gec də olsa əməkdar artist fəxri adı verildi. Maraqlı rol idi, əsərə görə böyük rol olmasa da mən ona çox “qlükoza vurub” gözəçarpan elədim. Moskvadan özüm gedib xüsusi parik almışdım. Siyavuş Aslan “Muskomedya” fason başıma qapaz vurur, qaçıram səhnə arxasına. Tamaşanın birində həmin yerdə pariki çıxardıb çıxıram səhnəyə, Telmanla Siyavuş özləri də çaşmışdı, nəinki tamaşaçı.

İstədiyim qızım adını çəkəndə dəsmalı cibimdən çıxardırdım, gözümü silib sonra sıxırdım dəsmalı, sel su axırdı. Bir dəsmalı da isladıb tərəf müqabilim, rəhmətlik Telman Adıgözəlova vermişdim, qoymuşdu cibinə. Ağlamaq məni tutanda əlimi atıram öz dəsmalım yoxdur, bayaq islanıb sərmişəm qurusun, bu dəfə Telman öz dəsmalını cibindən çıxardıb verir, gözümün yaşını silirəm və sıxıram yenə su tökülür səhnəyə, camaat qəşş edirdi gülməkdən.

İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” tamaşasındakı nazir obrazım da çox maraqlı alınıb. O rola da əlavələrim olub, Elçin özü gülməkdən gedirdi.

Üç “bandit”imiz var

Uşaqların anası ilə institutda bir yerdə oxumuşuq, o, aktrisa olmadı, uzun illər institutda dərs dedi. İndi işləmir, oturub nəvələrinə baxır, onun yerinə institutda mən dərs deyirəm. Fikrim yox idi, İlham təkid etdi ki, sabah teatrdan çıxartsalar, iş yerin olsun işləməyə, teatra etibar eləmə. Bir qızım, bir oğlum var, ikisi də rəssamdır, işləyirlər. Üç nəvəm var, üçü də “banditdir”-yəni oğlandır.

Bildiyimdən, öyrəndiyimdən indi tələbələrə öyrədirəm, Bir kursum buraxılıb artıq, teatrlarda işləyirlər. İndi ikinci kursu hazırlayıram.

“Üç bacı” serialında da başımızı qatırıq bir az. Elə orda baş rolu oynayan Dilarə məni yoldan çıxartdı, saqqızımı oğurladı. Gördüm normal mühitdir, rejissor da yaxşı oğlandır - Siyavuş Hüseynov. Yəni farmazonluq eləmirlər də iş görürlər, mənə də hörmətlə yanaşırlar, truppa tərbiyəlidir, səliqəli işləyirlər, ssenari yaxşıdır, çəkildim, öz əlavələrimə də qısqanclıqla yanaşan yoxdur. Hollivud səviyyəsində olmasa da müəyyən qonorar verirlər.

Teatrda da Elçinin “Sənətkarın taleyi” əsəri tamaşaya hazırlanır, orda rolum var, məşq eləyirəm. İnarə Tağıyeva hazırlayır, görürəm pis işləmir, məşqə hazırlıqlı gəlir, nə istədiyini bilir. O qədər rejissor var ki, nə istədiyini özü bilmir, çox tamaşalardan bu səbəbdən qaçmışam.

Kino sarıdan bəxtim gətirməyib. Kinonun yaxşı dövrü bizim teatrın təmirdə olan vaxtlarına düşdü, həmin vaxtlar bizi qastrollara göndərirdilər, çünki səhnə yox idi oynamağa. Hansı kinoya dəvət olunurdumsa qastrola gedəcəyim üçün imtina edirdim. Sonra da kino çökdü, indi də yaş gedib, amma az-az, xırda-mırda çəkilirəm. Televiziya tamaşalarında yaxşı işlərim var, amma nədənsə göstərmirlər, o da mənlik deyil.

Oxşar xəbərlər

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020