Pakistan ədəbiyyatı Azərbaycanda - İlk əhatəli nəşr

Pakistan ədəbiyyatı Azərbaycanda - İlk əhatəli nəşr
26 may 2021
# 16:02

“Dünya ədəbiyyati” jurnalının yeni sayı bütövlükdə Pakistan ədəbiyyatına həsr edilib

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının yeni sayı – 2021-ci ildə ilk buraxılışı – işıq üzü görüb. Bu barədə məlumat verən baş redaktor Seyfəddin Hüseynli bildirib ki, jurnalın “Pakistan” sayı zəngin və çoxdilli Pakistan ədəbiyyatının Azərbaycanda ilk geniş və sistemli təqdimatı kimi əlamətdardır.

Seyfəddin Hüseynlinin sözlərinə görə, 220 səhifəlik nəşrdə Pakistan ədəbiyyatı tarixində xüsusi yeri olan 44 ədibin yaradıcılığından nümunələr təqdim edilib. Baş redaktor deyib ki, bu nəşrdə Pakistan nəsri və poeziyası bərabər sayda imzayla təmsil olunur: “Pakistanın və ümumən islam dünyasının böyük mütəfəkkiri Əllamə Məhəmməd İqbal, şəxsiyyətinin miqyası, yaradıcılığının mənəvi-tarixi müstəsnalığı nəzərə alınaraq, həm proza, həm də poeziya bölümündə ilk imza kimi öz yerini tutub”.

S.Hüseynlinin fikrincə, bu nəşrin əhəmiyyəti təkcə Pakistan ədəbiyyatının tarixini, dəyərli imzalarını və onların yaradıcılığını Azərbaycan ədəbi mühitinə təqdim edib tanıtmaqla məhdudlaşmır: “Dünya ədəbiyyatı”nın “Pakistan” sayı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin, xüsusən ədəbi-mədəni əlaqələrimizin son dərəcə maraqlı tarixini izləmək, öyrənmək baxımından da kifayət qədər zəngin mənbə sayıla bilər. Başqa bir tərəfdən isə, bilirik ki, Pakistan dövləti son 30 ildə, xüsusən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana, xalqımızın haqq işinə açıq və davamlı mənəvi-siyasi dəstək vermək kimi çox cəsarətli, nəcib mövqe nümayiş etdirib. Doğrusu, “Dünya ədəbiyyatı”nın “Pakistan” sayını həm də bu dəstəyə görə, öz tərəfimizdən, kiçik bir təşəkkür ifadəsi, minnətdarlıq jesti kimi də düşünüb hazırlamışıq”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu Azərbaycanda Pakistan ədəbiyyatının belə əhatəli miqyasda tərcüməsi və nəşrini hər iki ölkənin mədəni həyatı, ədəbi mühiti üçün çox sevindirici hadisə adlandırıb. Azərbaycanla Pakistanı digər bir sıra sahələr üzrə sıx tellərin, əməkdaşlıq əlaqələrinin bağladığını deyən Səlim Babullaoğlu bu bağlılığın mədəni-ədəbi sferada da güclənməsinin vacibliyini qeyd edib. Mərkəz sədrinin qənaətinə görə, “Dünya ədəbiyyatı”nın “Pakistan” sayı bu istiqamətdə ortaya qoyulan kifayət qədər layiqli işdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli də jurnaldakı “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri: tarixi ənənələr, müasir inkişaf və perspektivlər” adlı əhatəli giriş məqaləsində məhz bu məqamı vurğulayır. Akademik yazır ki, “Dünya ədəbiyyatı” jurnalının bu sayı ölkəmizdə dost və qardaş Pakistanın ədəbiyyatını geniş oxucu auditoriyasına təqdim edən mənalı və əhəmiyyətli bir ədəbiyyat platformasıdır: “Bu, Azərbaycan ədəbi-ictimai mühitində Pakistan ədəbiyyatına həsr olunmuş ilk toplu kimi də əhəmiyyətlidir. “Dünya ədəbiyyatı” jurnalının “Pakistan” sayı Azərbaycan oxucusuna ünvanlanmış qiymətli bir Pakistan ədəbiyyatı ərməğanıdır. Bu, Azərbaycanda Pakistan ədəbiyyatının görkəmli yaradıcıları və əsas ədəbi simaları ilə küll halında yaxından tanış olmağa imkan yaradan ilk zəngin ədəbiyyat toplusudur”.

Akademik İsa Həbibbəyli hesab edir ki, “Dünya ədəbiyyatı” jurnalının “Pakistan” sayı Azərbaycan-Pakistan ədəbi əlaqələrinin artıq yeni tarixi mərhələyə qədəm qoyduğunu göstərir və bu nəşr qardaş ölkənin ədəbiyyatının Azərbaycanda tədqiqi üçün hələlik ən mötəbər mənbədir.

Jurnalda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, fəxri professor Məhəmməd Yusuf Xuşkun “Pakistan ədəbiyyatının tarixinə yığcam baxış” sərlövhəli icmal-məqaləsinə də yer verilib.

“Dünya ədəbiyyatı”nın “Pakistan” sayının hazırlanmasında fəal və fədakar məsləhətçi kimi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli xüsusi rol oynayıb. Eyni zamanda, Eynulla Mədətlinin nəşrdəki “Azərbaycan-Pakistan əlaqələrinin tarixinə bir nəzər” məqaləsi olduqca mühüm faktlar, dəyərli məlumatlar və mülahizələr qaynağı kimi diqqət çəkir.

Tanınmış tədqiqatçı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəlinin də bu nəşrin ərsəyə gəlməsində özünəməxsus xidməti var. Onun “Məhəmməd İqbal: müsəlman Şərqinin haqq səsi” və “Sultan Bahunun yaradıcılığında Mövlana Cəlaləddin Rumi təsirinin izləri” adlı iki məqaləsi “Pakistan” sayının sanbalını artıran elmi yaradıcılıq nümunələridir.

Qardaş dövlətə və xalqa ehtiram nişanəsi olaraq, nəşrdəki bədii materialların sırası Pakistanın Milli Himninin - “Qövmi Təranə”nin şair Hafiz Calandəriyə məxsus mətninin orijinalı, transliterasiyası və tərcüməsi ilə başlanır.

“Proza” bölümündə Məhəmməd İqbalın “Mistik təcrübənin əsas xüsusiyyətləri” essesinin ardınca Sədat Həsən Mantonun “Qorxaq”, Əhməd Nadim Qasminin “Fəryad”, Şer Məhəmməd Mərrinin “Dəli”, Cəmaləddin Abronun “Pirani”, Məhəmməd Nəvaz Tairin “Kimdir müqəssir?”, Murad Sahirin “Başçı”, Şövkət Siddiqinin “Qaraltı”, Xədicə Məsturun “Adaxlıya vida”, Banu Qüdsiyənin “Gerçəyin min bir üzü”, Cəmilə Haşminin “Doğma torpaq”, Rifatın “Zahid”, Raziyə Fasih Əhmədin “Kağız – puldur”, Ənvər Səccadın “Zövq bağçası”, Məsud Müftinin “Rahibə”, Məsud Əşarın “Ağaclar və qapılar”, Raşid Əmcadın “Rəsmdəki detallar”, Zahidə Hinanın “Olum, ya ölüm”, Qələndər Momandın “Qajra”, Fərxəndə Lodhinin “Yazıq”, Dur Məhəmməd Kasinin “Caqqal”, Pərvin Malikin “Kim olduğumu bilmirəm”, Yasmin Mərrinin “Mavi qızılgülün zəhəri” hekayəsinin tərcüməsi verilib.

“Poeziya” bölümündə Məhəmməd İqbal, Faiz Əhməd Faiz, Habba Xatun, Coş Məlihabadi, Şeyx Ayaz, Məcid Əmcad, Əxtər Hüseyn Cəəfri, Əmir Həmzə Xan Şinvari, Nasir Kazmi, Munir Niyazi, Əhməd Fəraz, Vəzir Ağa, Həbib Calib, Əbdül Qəni Xan, Fəxar Zaman, Layiq Babri, Fəhmidə Riyaz, Zəfər İqbal, Zəhra Nigah, Pərvin Şakir və Ənis Nağının şeirlərinin tərcüməsi təqdim olunub.

S.Hüseynli Azərbaycanın tanınmış ədəbiyyat adamları, tərcümə sənətimizin çox dəyərli nümayəndələri olan professor Cavanşir Yusiflinin, şair Səlim Babullaoğlunun, yazıçı Kamran Nəzirlinin, şair Qismətin, tərcüməçi İlahə Əkbərin jurnalın “Pakistan” sayındakı misilsiz əməyini minnətdarlıqla qeyd edib. Baş redaktor istedadlı gənclərdən Sona Səlimli, Günay Rəsulova və Qorxmaz Səfərovun da bu saydakı bir sıra mətnlərin tərcüməsi üçün şövq və qabiliyyətlə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, dizayner Emil Camalov, korrektor Gülzar Vaqifqızı da “Dünya ədəbiyyatı”nın “Pakistan” sayından ötrü ciddi zəhmət sərf ediblər.

Nəşrin son səhifələri bu sayda əsərləri yer alan Pakistan ədiblərinin həyat və yaradıcılığına dair məlumatlar üçün ayrılıb.

Bu sayın hazırlanmasında görkəmli Pakistan ədibi və alimi Fəxar Zamanın tərtib etdiyi “Pakistani literature” (1995. № 1) antologiyasından istifadə olunub.

Dərginin ön qapağında müasir Pakistan təsviri incəsənətinin tanınmış nümayəndəsi Əzim İqbalın maraqlı bir əsəri verilib. Arxa qapaqdakı fotoda dünyanın ən böyük ibadət məkanlarından biri, Pakistanın paytaxtı İslamabadda türkiyəli memar Vedat Dalokayın layihəsi üzrə inşa edilmiş Şah Feysəl Məscidi öz əksini tapıb.

Şahanə Müşfiq
“525-ci qəzet”

# 1324 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #