news-inner
clock12:36 calendar-gray 16 May 2021 view-gray1540 dəfə oxunub
view-gray1540 dəfə oxunub

Seksual tolerantlıq epoxasının qaranquşu – Lyosa “Lolita”dan yazır - Dilimizdə ilk dəfə

Kulis.az Qismətin tərcüməsində Mario Varqas Lyosanın “Lolita” qırx yaşında” essesini təqdim edir. Esse Azərbaycan dilində ilk dəfə yayımlanır.

Mario Varqas Lyosa 2002-ci ildə “Pen American center”in 20 min dollarlıq Nabokov adına mükafatına layiq görülmüşdü. Nyu-Yorkda, “Linkoln Mərkəzi”ndə baş tutan mərasimə Lyosa hazırlıqlı gəldi; hələ 90-cı illərdə çap etdirdiyi, XX əsrdə yazılmış 25 ən yaxşı romandan bəhs etdiyi seçmə esselər toplusunda “Lolita qırx yaşında” adlı bir yazı vardı. Lyosa mükafatlandırma mərasimində Nabokov yaradıcılığını necə dərindən bildiyini nümayiş etdirmiş və böyük yazıçıya heyran olduğunu, onun sənətkarlığı qarşısında baş əydiyini bildirmişdi.

“Lolita” Nabokovu zəngin və tanınmış etdi, ancaq əsərin ortaya çıxmasını müşayiət edən skandal onu bugünə qədər çəkilib getməyən anlaşılmazlıq dumanına bürüdü. Və bu gün o gözəl nimfet qırx yaşına – dəhşətdir, dəhşət! – yaxınlaşarkən, nəhayət açıq şəkildə deməliyik ki, bu roman öz qalmaqallı reputasiyasını saxlamaqla yanaşı, bizim dövrümüzün ən zərif və mürəkkəb ədəbi əsərləri arasına düşməyə layiqdir.

Ancaq fakt budur ki, əsərin ilk oxucuları onun – bu gün azacıq həssaslığı olanlar üçün məlumdur – dəyərini sonra başa düşdülər və bu, ibrətamizdir.

Bir daha məlum oldu ki, həqiqətən yenilikçi bir şeyin ədalətli qiymət alması nə qədər çətindir. Xatırladaq: dörd amerikalı naşir “Lolita”nın əlyazmasını rədd etmiş və yalnız bundan sonra Nabokov əsərini Parisdə ingiliscə kitablar nəşr edən, səs-küylü məhkəmə prosesləriylə, ictimai əxlaqa zidd olan kitabları nəşr etməklə, əxlaqsızlığı yaymaqda ittiham edilən, dəfələrlə müsadirələrə məruz qalmaqla tanınmış “Olimpia Press” nəşriyyatına – Moris Jirodaya təhvil vermişdi. (Onun nəşr kataloqunda Henri Miller, Vilyam Berrouz, D.P.Donlivi kimi həqiqi istedadlı yazıçıların əsərləriylə ucuz pornoqrafiya kitabları bir yerdə olurdu.)

Nabokovun romanı 1955-ci ildə işıq üzü gördü və bir il sonra Fransa Daxili İşlər Nazirliyi tərəfindən qadağan edildi.

Ancaq ona qədər əsər artıq geniş yayılmışdı, xüsusilə, Qrem Qrin onu ilin ən yaxşı kitabı adlandıraraq, qızğın mübahisələrin başlamasına səbəb olmuşdu. Artıq “Lolita” heç vaxt xilas ola bilmədiyi və müəyyən mənada (hamı tərəfindən qəbul edilməyən) layiq olduğu “lənətlənmiş roman” haləsi ilə əhatələndi.

Yalnız 1958-ci ildə amerikan nəşri işıq üzü görəndə və digər dillərdəki onlarla başqa nəşri ortaya çıxanda, roman həqiqətən geniş ictimaiyyətin marağını cəlb etdi və oxucular, sözün həqiqi mənasında, ona hücum çəkdilər.

Çox keçmədi ki, arxasında yeni bir anlayış olan yeni bir termin istifadəyə verildi: Lolita – özü də bilmədən müasir həyatın bütün sahələrinə nüfuz edərək inqilabın simvoluna çevrilən, qeyri-şüuri şəkildə azad olmuş qız-qadın.

“Lolita” müəyyən mənada həm də ABŞ və Qərbi Avropa gəncliyinin seksual tabulardan qətiyyətlə imtina etdiyi, 60-cı illərin ortalarında öz zirvəsinə çatan seksual tolerantlıq epoxasının ilk qaranquşlarından və ilk təkanvericilərindən biri idi.

Nimfula (məncə, bu söz daha yaxşı səslənir, çünki onda müəllifin neologizm pərisinin qəddar və fitnəkar ikimənalılığı yoxdur) Nabokov tərəfindən icad edilməyib. Məgər o əvvəllər mövcud deyildi? Belə deyək ki, təcavüzkarların yuxularında və ya məsum qızların kor və titrək röyalarında o yox idi? Onun mövcudluğu labüd şəkildə əxlaqın və adətlərin təkamül məntiqinə uyğun şəkildə üzə çıxmağa hazır idi. Ancaq roman sayəsində onun obrazı qeyri-müəyyən xəyal olmaqdan çıxıb ətə-cana gəldi və əsəbi şəkildə tabunun qandallarını bir kənara ataraq vətəndaşlıq hüququ qazandı.

Böyük həngamə qoparan, milyonlarla insanın davranışına təsir edən və çağdaş mifologiyanın bir hissəsinə çevrilən məhz Nabokov romanının olması özlüyündə heyrətamizdir. Çünki bizim əsrdə öz yaradıcılığının populyarlığından və aktuallığından qəti narahat olmayan, faktiki olaraq reallığın özünə belə laqeyd olan onun kimi başqa yazıçı tapmaq çox çətindir (bir dəfə yazmışdı ki, “reallıq” sözü dırnaq içində yazılmadıqca heç bir məna ifadə etmir).

Vladimir Vladimiroviç Nabokov 1899-cu ildə Sankt-Peterburq şəhərində, aristokrat rus ailəsində doğulub. Ata tərəfdən babası iki çarın dövründə ədliyyə naziri işləyib və liberal siyasətçi olan atası isə Berlində monarxistlər tərəfindən öldürülüb. Nabokov mükəmməl təhsil alıb, poliqlot olub. Onun iki dayəsi – ingilis, mürəbbiyəsi – isveçrəli, tərbiyəçisi – fransız idi; hələ oktyabr inqilabına qədər o Kembricdə oxuyurdu, sonra ailəsi Rusiyanı tərk etdi, Berlinə köçdülər.

Nabokovun ən dəlisov kitabı “Solğun atəş” 1962-ci ildə çap olunacaqdı, ancaq “Lolita”ya qədər əsərlərinin əksəriyyəti nəşr edildi. Xeyli əsər yazsa da məşhur deyildilər: romanlar, şeirlər, pyeslər, tənqidi esselər, Qoqolun bioqrafiyası, rus dilinə və rus dilindən tərcümələr.

Nabokov yazmağa rusca başlamışdı, sonra fransızcaya keçdi, sonra isə ingiliscə yazmaq qərarına gəldi. Almaniyadan sonra müəyyən müddət Fransada yaşadı, ancaq yekun qərara gələrək ABŞ-a getdi, orada dolanışıq üçün dərs dedi, yay aylarında isə sevimli məşğuliyyətinə, ikinci peşəsinə – entomologiyaya, lap dəqiqi – pulcuq qanadlılara vaxt ayırırdı. Nabokov bir neçə elmi məqalə çap etdirdi və üç kəpənək növünü ilk dəfə təyin edən şəxs oldu: Neonympha Maniola Nabokov, Echinargus Nabokov və Cyclargus Nabokov.

Onun “Lolita”dan əvvəl yazdıqlarının taleyində “Lolita”nın uğuru sayəsində çoxsaylı təkrar nəşrlərlə yenidən dirilmək var idi. Onlar “ədəbi” idilər və bu dərəcə yüksək “ədəbilik” səviyyəsinə Nabokovun çağdaşlarından yalnız bir nəfər – Xorxe Luis Borxes çata bilmişdi. Mən “ədəbi” kitablar deyəndə, artıq mövcud olan mətnlər əsasında hörülmüş, özünəməxsus şifahi və intellektual kamilliklə, zərifliklə yazılmış kitabları nəzərdə tuturam. “Lolita” da bu sıraya aiddir. Ancaq Nabokovun bütün yaradıcılığı kontekstində “Lolita” həm də tamamilə yeni bir şey idi. Bu romanda bədii fəndlərin şeytani mürəkkəbliyi, sadə, ancaq qarşısıalınmaz dərəcədə cazibədar olan bir süjetlə maskalanıb: bu romanda on iki yaşlı qızını – Dolorez Heyz, Lo və ya Lolitanı – yoldan çıxaran ögey atadan bəhs edilir, əsərin təhkiyəçisi ehtiras hərisi, İsveçrədə doğulmuş qırx yaşlı Humbert Humbert ögey qızına necə bağlanmasından və bütün izləri itirərək ABŞ-da necə səyahət etdiklərindən danışır.

Hər bir möhtəşəm əsərin canında antaqonist oxunuş ehtimalları gizlənib, bu, hər oxucunun özü üçün fərqli mənalar, çalarlar, temalar və süjetlər tapdığı Pandora qutusudur. Beləliklə, “Lolita” bir yandan ən səthi oxucuları ovsunlamağı bacardı, digər tərəfdən bitib-tükənməz ideyaları və allüziyaları, zərif fakturası ilə hər cür kitaba bir vaxtlar bir cavanın Jan Koktoya etdiyi çağırışla yanaşan ("Məni təəccübləndirin!") hazırlıqlı oxucuları da məftun etdi.

Roman üst qatıyla Humbert Humbertin qətl ittihamı ilə bağlı onun işə baxacaq məhkəmə üzvlərinə ünvanladığı etiraflardır. O, hələ uşaq ikən, Avropada yaşadığı vaxtlarda həddi-buluğa çatmamış qızlara meyl hiss etdiyini, sonra bu meylin qarşısıalınmaz ehtirasa çevrildiyini və yalnız Yeni İngiltərənin mürgülü, yaddan çıxmış Ramzdeyl qəsəbəsində bu ehtirasını boğmağından danışır.

Orada Humbert Humbert nisbətən imkanlı dul olan Şarlotta Heyz ilə evlənir, ancaq onun gizli məqsədi – Şarlottanın qızı Lolitaya yaxın olmaqdır. Avtomobil cildinə girən bir hadisə Humbert Humbertin öz istəyinə çatmasına imkan yaradır: arvadı Şarlotta avtomobil qəzasında ölür və yetim qız, sözün həqiqi və hüquqi mənasında, tamamilə onun ixtiyarına keçir. Yarım-insest münasibət təxminən iki il davam edir. Sonra Lolita dramaturq və ssenarist Kler Kviltiyə qoşulub qaçır, Humbert uzun və çətin axtarışdan sonra Kviltini tapıb öldürür. Bu cinayətə görə mühakimə olunacaq. Məhkəmə gününü gözləyərkən “Lolita”nı yazmağa başlayır.

Humbert Humbert öz əhvalatını oxucu marağını daim gərginlikdə saxlayan təcrübəli təhkiyəçi kimi fasilələrlə, eyhamlarla, kinayə ilə, oxucunu azdıran gedişlərlə nəql edir. Onun əhvalatı qalmaqallıdır, ancaq onda pornoqrafiya yoxdur, təxminən heç erotizm də yoxdur. Humbert Humbert hər bir pornoqrafik əsərdə hökmən olan erotik səhnələri dadsız-duzsuz nəql edir. Hedonizm ona yaddır, o, nəqletmə prosesindən zövq almır.

Humbert Humbert arvadbaz, ya da şəhvət düşkünü deyil, hətta ona yalnız müəyyən şərtiliklə obsessiv demək olar. Onun əhvalatı ilk növbədə ona görə qalmaqallıdır ki, özü bunu elə bu cür qavrayır və buna müvafiq şəkildə də izah edir, özünü “dəli”“vəhşi” adlandırır (öz sözləridir). Bu macəraya ağrılı və əxlaqi cəhətdən itələyici xarakter verən məhz qəhrəmanın özünü cəzalandırmasıdır, qurbanın azyaşlı olması yox – belə baxanda, qız Şekspirin Cülyettasından vur-tut bir yaş kiçikdir. Ancaq qəhrəmanın vəziyyətini ağırlaşdıran və onu oxucu şəfqətindən məhrum edən başqa bir hal da var: Humbert Humbert qəti gizlətmədiyi təkəbbürlə təkcə qadınlara və kişilərə yox, eyni zamanda, onun xəyallarını alovlandıran təzə-təzə tumurcuqlayan qızlara qarşı da xoşagəlməz və lovğa adamdır.

Bəlkə də romanın qalmaqallı tərəfi hansısa boz adamın bir nimfanı yoldan çıxarması deyil, xeyr, məsələ başqa cürdür: kitabdakı bütün xarakterlər gülməli kuklalara çevrilərək alçaldılır. Humbert Humbertin monoloqu başdan-ayağacan ictimai institutların, peşəkarların və digər insani məşğuliyyətlərin – Nabokovun gözündə öküz üçün qırmızı parça olan psixoanalizdən başlayaraq ailə və uşaq tərbiyəsinəcən – lağa qoyulmasıdır.

Qəhrəmanın zəhərli lələyi altında ətrafdakı hər şey axmaq, başı boş, gülməli, kobud və darıxdırıcı görünür. Dəfələrlə deyildiyi kimi, romanda amerikan orta sinfi amansızcasına tənqid edilir, amerikan motellərinin zövqsüzlüyü, amerikan həyat tərzinin primitivliyi və əxlaqi dəyərlərinin sürüşkənliyi kəskin satira atəşinə tutulur. Bu, Henri Millerinkonfort içində qarabasma” dediyi şey haqqında bədii hökmdür. Professor Harri Levin deyir ki, “Lolita”nı metafora kimi başa düşmək lazımdır: bu, əvvəlcə böyük sevgiylə gəldiyi ABŞ-da məskunlaşan, sonra isə onun qeyri-yetkinliyini başa düşərək dəhşətli dərəcədə məyus olan avropalının hissləridir.

İnanmıram ki, Nabokov bu əhvalatı düşünəndə ona nəsə simvolik məna verib. Mənim fikrimcə o, Borxes kimi, müasirliyə də, həyatın özünə də ironik yanaşan skeptik idi. Hər iki yazıçı da spekulyativ konstruksiyaların, kitabların və saf təxəyyülün sığınacağında gizlənərək bunlara istehza ilə yanaşıb. Reallıq sözlərin və sayrışan obrazların labirintinə çevriləndə, onlar dünyadan uzaqlaşaraq ağlın ecazkar əyləncəsiylə özlərini bura qapatdılar. Mədəniyyəti qavramaq və yazı sənətinə yanaşmaq baxımından bir-birinə çox bənzəyən bu iki yazıçının yazdıqlarının heç biri reallığın tənqidi deyil, həyatı parlaq abstraksiya ilğımlarına bölüşdürəcək şəkildə ətindən ayıran möhtəşəm sənət əsərləridir.

Şəkil:Vladimir Nabokov 1969.jpg — Vikipediya

Bax, “Lolita” da budur – reallığın möhtəşəm, dəbdəbəli alternativi.

Ancaq bu möhtəşəmliyi süjet xəttində ilişib qalmadan romanın dərinliklərinə baş vuranlar, tapmacalarını həll etməyə çalışanlar, allüziyaların mahiyyətini dərk etməyə cəhd edənlər, parodiya ilə lağlağı arasındakı fərqi ayırd edənlər görəcəklər.

Roman oxucuya qəbul etməkdə və ya rədd etməkdə azad olduğu bir meydan oxuma təklif edir. Nəticədə, təmiz fabula belə böyük ədəbi həzz verir. Ancaq siz “Lolita”nı fərqli şəkildə oxumağa çalışsanız, görəcəksiniz ki, o, ədəbi göndərmələrin və linqvistik fokusların hüdudsuz quyusudur. Məhz onlar romana sıx karkaslı şəbəkə kimi xidmət edir və ola bilsin ki, Nabokovun danışmaq istədiyi əsl hekayə elə onların içindədir.

“Lolita” Nabokovun çılğın bir şahmatçının təzə bir müdafiə sistemi icad etdiyi “Lujinin müdafiəsi” (1930-ci ildə rus dilində nəşr olunub), ya da bədii mətnin bir poemaya yazılmış kommentariyalar şəklində tərtib edildiyi və şifrələnmiş fabulanın yalnız təhkiyəçinin aradan çəkilərək naşirin poemaya yazdığı qeydlər və şərhlər müqayisə ediləndə ortaya çıxdığı “Solğun atəş” romanı qədər mürəkkəbdir.

“Lolita”nın gizli xəzinələriylə bağlı çoxsaylı kitablar və dissertasiyalar yazılıb, ancaq təəssüf ki, onların heç biri, eynilə Borxes kimi, Nabokovun da yumor və oyun başlanğıcı vasitəsilə erudisiyanı (həqiqi və ya bədii) sənətə çevirməsini nəzərə almayıb.

Bu romanın linqvistik ekvilibristika (kəndirbazlıq) aktı tərcümədə çox nadir hallarda sınaqdan çıxarılıb. Məsələn, romanda orijinalda verilmiş fransızca sətirlərdə asanlıqla hiss edilməyən amansızlıq və istehza var. Min nümunədən birinə baxaq: Humbert Humbert Lolitanı onun əlindən almış adamı öldürməyə gedərkən on bir hecalı qəribə bir misra deyir. Bu kimə ünvanlanıb, kimin haqqındadır?

Reveillez-vous, Laqueue, il est temps de mourir!

Bizim qarşımızadakı nədir – hərfi sitat, yoxsa kitabdakı çoxsaylı parafrazlardan biri? Niyə təhkiyəçi Kler Kviltiyə Laqueue deyir? Bəlkə bu ad altında elə özü gizlənir? Professor Karl L.Proffer “Keys to Lolita” (“Lolita” üçün açarlar) adlı ləzzətli araşdırmasında bu tapmacanı çözüb. Burada söhbət üstüörtülü açıq-saçıqlıqdan gedir.

La queue – yəni “quyruq” fransız jarqonunda fallas deməkdir, “ölmək” isə “qanını axıtmaq” mənasındadır. Beləliklə, bu fraza alleqoriyadır, burada Humbert Humbertin törətməyə hazırlaşdığı cinayət əvvəlcədən göstərilir və qətlin səbəbi (Lolitanı yoldan çıxaran Kviltinin fallası) açılır.

Əsərdəki bəzi allüziyalar, tapmacalar Humbertin təsadüfi solipsistik əyləncəsindən başqa bir şey deyil və hadisələrin gedişatına təsir etmir. Ancaq dolayı yolla süjetə dəxli olanlar da var. Və bu, özünü nə Lolita, nə də təhkiyəçiylə bağlı hissələrdə göstərir, yox, bu, özünü romanın ən maraqlı xarakteri olan – dramaturq, Markis de Sadın pərəstişkarı, əxlaqsız, narkoman, əyyaş, özünün dediyi kimi, yarım-impotent Kler Kviltiylə bağlı ipuclarında və informasiyalarda aşkara çıxarır.

Kviltinin əsərdə görünməsi süjeti yolundan sapdırır, əhvalatı gözlənilməz istiqamətə, tamamilə Dostoyevski ruhunda olan oxşarlar temasına yönəldir. Məhz Kviltinin günahı bizdə belə bir şübhə yaradır ki, deyəsən bu tarixçə, əsərin əvvəllərində oxucuya deyildiyi kimi, bir neçə dəfə ruhi xəstələr üçün klinikalarda müalicə olunan Humbert Humbertin şizofrenik təxəyyülünün meyvəsi deyil. Kler Kvilti Lolitanı qaçırır və ölür, ancaq o, romana buna görə daxil edilməyib. Onun əsərdə ortaya çıxması bir növ həyəcan siqnalı, sual işarəsidir: təhkiyəçi (ehtimal edilən) etibarlıdırmı?

Bu qəribə tip kimdir? O, Lolitanı Elfinstondakı klinikadan özüylə aparmaq üçün bədii reallığa çevrilib. Ancaq buna qədər, müəyyən müddət ərzində, Humbert Humbertin təqib maniyasından yaranmış tutqun obrazlar zəncirindən başqa bir şey deyildi. Bir görünüb, bir itən avtomobil, hardansa gələn atəş səsi, bir qız-qadınla bir tenis partiyasını yenicə bitirən və indi uzaqlarda, təpələrin arxasında gizlənən bir adamın bulanıq silueti, mənasını ancaq təhkiyəçinin ağrılı və şübhəçi beyninin aça biləcəyi çoxsaylı elanlar.

Vladimir Nabokov - Lolita - Kod: 37490 | Qiymeti - 6.9 ₼

Sonra Humbert Humbert qaçaqları təqib edəndə və Amerika torpaqlarındakı öz marşrutunu təkrarlayanda, sanki sehrli bir mərasim keçirir və nimfula ilə xoşbəxtlik içində keçən iki ilini diriltməyə çalışarkən hər yerdə Kler Kviltinin gizli izlərini, mesajlarını tapır. Onlarda görünür ki: Kvilti hər şeyi bilməsə də, təhkiyəçinin həyatı, düşüncələri və vərdişləri ilə bağlı şeyləri hədsiz dərəcədə yaxşı bilir. Ancaq həqiqətənmi hər şey iki nəfərlə bağlıdır? Axı onlar arasındakı oxşarlıqlar fərqlərdən daha vacibdir.

İkisi də təxminən eyni yaşdadır, ikisi də bir qayda olaraq nimfulalara, xüsusilə də Lolita Heyzə qarşı eyni ehtirasa sahibdir, ikisi də ədəbiyyatı sevir və onunla peşəkar şəkildə məşğul olurlar (uğurları eyni ölçüdə olmasa da). Ancaq personajlar bir-biriylə uzaqdan uzağa, az qala, hipnotik ötürmələrlə mübadiləyə keçəndə, bu iki şəxsin simbiozu daha çox nəzərə çarpır və Lolita burada yalnız bəhanə kimi mövcuddur. Bu zərif və gizli əlaqə həyatı ədəbiyyata çevirir.

Yazıçının sehrli əsası var – dili. O sehrli əsası ilə coğrafi adlara toxunur və onlar çevrilib yeni bir şey olurlar, təxəyyül məhsulu olan qəsəbələr və kəndlər, təxəyyül məhsulu hadisələr məşhur şeir və romanlarla sinxronlaşır, icad edilmiş soyadları poetik assosiasiyalar doğurur – və bütün bunlar hansı açarın düzgün olduğunu yalnız o iki nəfərin bildiyi çətin tapmaca kimidir.

Romanın kulminasiyası Lolita ilə Humbert Humbertin çox xəsisliklə təsvir edilən, az qala gizli bir hadisə kimi qalan ilk sevgi gecəsi deyil, xeyr, əsərin kulminasiyası tələsmədən, təsirli şəkildə, bir balet kimi yazılmış Kler Kviltinin öldürüldüyü səhnədir. Bu, Humbert Humbertin bütün həyat təcrübəsinin bir yerə cəmləşdiyi vulkan krateridir, bu, yumorla, tragizmlə, qeyri-adi detallarla, Sivillaya layiq tapmacalarla janqlyorluq edən çox böyük bir virtuozun nümunəvi performansıdır. Bu səhifələrdə bədii reallıqla bağlı dayanıqlı təsəvvürlərimiz qəfildən sarsılır və şübhələr bizi boğmağa başlayır.

Nə baş verir? Biz əslində qatilin qurbanla söhbətində iştirak edirik? Yoxsa, bu təhkiyəçinin beynində baş verən ağrılı ikiləşmədir? Axı romanın mürəkkəb strukturu bu ehtimalı da öz canında gizlədir: qüssə və vicdan əzabıyla darmadağın olmuş Humbert Humbert psixi və əxlaqi bir çürüməyə məruz qalır (strictu senso), iki yerə parçalanır – özünü təqsirləndirən ayıq şüura (o, baş verənləri fiksə və özünü ittiham edir) və ehtirasın məskəni olan, həm özünə, həm də aldığı zövqə yadlaşan zəif və iyrənc bədənə.

Romanın tərtəmiz təxəyyül dünyasına girməkdən ötrü dialektik sıçrayışla sanki o vaxta qədər sadiq qaldığı şərti realizmdən ayrıldığı bu səhnədə o, özünəmi nifrət edir? Bu fantasmaqorik səhnədə o, özünümü öldürür?

Nabokovun bütün romanlarının, xüsusilə də “Solğun atəş” əsərinin arxitekturası o qədər ağıllı və güclüdür ki, əvvəl-axır hər şeyi özünə tabe edir. “Lolita” da belədir: semantik məzmunu və yüksək sənətkarlığı sayəsində onun konstruksiyası da güclü şəkildə ön plana çıxaraq özünü süjetdən, əhvalatdan qabağa atır və onları həyatilikdən, müstəqillikdən məhrum edir. Düzdür, bu romanda məzmun arabir də olsa formanın təzyiqinə müqavimət göstərir, çünki hekayənin mahiyyəti insan mövcudluğu üçün əbədiyaşar olan şeylərə söykənir: ehtiras və instinktə tabe olan fantaziya.

Bəzi məqamlarda “Lolita”nın qəhrəmanları – digər Nabokov personajlarında, ya da Borxes personajlarında olduğu kimi – yüksək ağıl tərəfindən idarə edilən kölgə teatrının fiqurlarına çevrilmədən yaşaya bilirlər.

Bəli, 40 il sonra da Dolores Heyz, Dolli, Lo, Lolita əvvəlki kimi tər-təzədir, anlaşılmazdır, qadağandır, cazibədardır, o, hələ də dilini dodaqlarının üstündə gəzdirir və Humbert Humbert kimi başıyla sevən, ürəyi ilə arzulayan centlmenlərin qəlbini riqqətə gətirir.

news-inner-user
Qismət

189 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021
“Cəfər Cabbarlı Səməd Vurğuna niyə “Mən yazıçı deyiləm” demişdi?” – Nəvəsi 90 illik sirləri açdı - Müsahibə
09:00 21 İyun 2021