Gel sevişək, qəşəng qız! - Süleyman Rəhimovun hekayəsi

Gel sevişək, qəşəng qız! - Süleyman Rəhimovun hekayəsi
15 may 2021
# 10:33

Kulis.az Xalq yazıçısı Süleyman Rəhimovun "Arpaçayı əfsanəsi" hekayəsini təqdim edir.

Qədim vaxtlarda Muğanda iki elat olurdu. Elatın birinin qoyun sürüləri ağ, o birininki isə qara idi. Qoyun sürüləri ağ olana "Ağqoyunlu" qoyun sürüləri, qara olana "Qaraqoyunlu" deyirdilər.

Hər iki elatın qoyun sürülərindən başqa, yalmanlı at ilxıları, buynuzlu mal-qaralan, əyriboyun dəvələri var idi. Hər iki elat öz sərhədinə çox çətin sığışırdı. Payızda-qışda aranda, yazda-yayda yaylaqda otlaq üstündə həmişə savaş gedirdi. Birdən o tərəfə o tərəfdən, bu tərəf də bu tərəfdən öz çuxalarını çıxarıb sol qoluna dolayıb, bəlgə düzəldir, adamlar qızışır, qol-qılça sındırır, baş-göz dağılırdı.

Gah bu onun, gah da o bunun otlaq sərhədini tuturdu. Arada ədavət artır, düşmənçilik güclənirdi... Canı cəzana gələn hər iki tərəfin başbilən ağsaqqalları bir gün Muğanda arada olan sərhəd təpə üstünə toplaşdılar, Məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, daha dava-dalaş olmasın, arada qan qohumluğu başlasın, bir-birinə yapışıqlıq-qonşuluq yaransın. Bu tayfa, o tayfa sözü bilmərrə götürülsün, tayfalar bir-birinə qız versin, qız alsın. Belə də oldu. Daha sərhəd dava-şavası düşmədi, otlaq üstündə heç bir çəkişmə-didişmə getmədi.

Elatların oğlan-qızları bir-birinə qarışdı. Oğlan-qız toyunda, el bayramlarında zurnanın cingiltisi, nağaranın gumbultusu, sazın-sözün sədası sümüklərə düşdü. Cavanlar ağ-qara çuxada əl-ələ tutuşub yallı getdilər... Cavanlan belə görən bığıburma kişilər, kəlağayılı qadınlar, bunlardan soma qocalar, qanlar cərgələndilər, barmaq barmağa keçirib yallı getdilər. Babanın birisi o tərəfdən, birisi bu tərəfdən gülə-gülə üz-üzə, göz-gözə baxdılar. Qohumların yallıları bir-birinə qarışdı. Günlərin bir günü Ağqoyunlu elatının qızı ilə Qaraqoyunlu elatının oğlu Ağgöllə Qaragöl arasında başlanan el şənliyində görüşüb, bir-birini sevməyə, yavaş-yavaş dillənib danışmağa başladılar:

- Qız, adın nədir?

- Bəs sənin adın, oğlan?

- Mənim adım Xançoban!

- Mənim də adım Sara!

- Gel sevişək, qəşəng qız!

- Buyy, nə tezcənə, Xançoban?!

- Niyə tezcənə? Sən yetkin qız, mən də ərgən oğlan!

- Qoy hələ bir-birimizi yaxşı-yaxşı görək, yaxşı-yaxşı bilək, yaxşı-yaxşı sınayaq.

O gündən Xançoban bir könüldən min könülə Saranı sevdiyi kimi, Sara da Xançobanı sevməyə başladı, gündən-günə eşq-məhəbbət sevdası özünə aydın yol açdı. Sara Xançobanın tütək səsini alınca, heyran-heyran o səmtə boylandı, cana yayılan, ürəyə işləyən çoban neyinə bənd oldu. Xançobanın ecazkar neyi Saranın iliyinə, sümüyünə işlədi...

Elə oldu ki, sübh tezdən bu ney sədasına Sara ulu babasından yadigar qalan sədəfli sazını götürdü, qabarmağa başlayan sinəsinə basdı, öz-özünə saz çalıb söz qoşdu. Xançoban özünün tütəyinə ara verib, Saranın sazına-sözünə qulaq asmağa başladı. Cavanlar bir-biri ilə uzaqdan-uzağa nəğmə dili ilə danışdılar.

Qohumlaşan tərəflərdən heç birisi bu sevginin qabağını almaq istəmədi, dedilər, qoy Xançobanla Saranın sevgisi Əsli-Kərəm, Leyli-Məcnun, Tahir-Zöhrə sevgisi olsun, heç kəs bu sevginin qabağına çıxmasın, bu arada heç bir müsibət baş verməsin. Qoy ağqoyunlularla qaraqoyunlular daha möhkəm birləşsinlər, qaynayıb-qovuşsunlar.

Deyirlər eşqin gözü qızdımı, baş alıb gedəcəkdir, sevginin qoraq-qaytağı olmayacaqdır. Doğrudan da, Xançobanla Sara sevgisinin heç bir qoruq-qaytağı olmadı. Hər iki tərəfin ata-anası, baba-nənəsi, qaraqoyunluların və ağqoyunluların adətincə Ağgöllə Qaragöl arasında olan çiçəkli çəməndə el süfrəsi açıb, bu birliyə qol qoydular.

Payızına dönən başı Muğanda məhsul bolluğunda hər iki tərəf ellikcə Xançobanla Saranın toyunu edəcəklərinə əhdi-peyman bağladılar. Sevgililər bir-birinə daha möhkəm bağlandılar. Bir-birindən bircə gün də olsa ayrı dura bilmədilər. Bir gün qoyun sürüsünü yuxarı güneyə verən Xançoban öz neyini dayandırıb, əyin-başını çıxartdı, özünü bu elat tərəfində hesab olunan Qaragölə atdı. Üzdü, üzdü, öz üzgüçülüyünü Saraya sübut etdi. Sanki Xançoban eşq-məhəbbət macərasında üzürdü. Sara öz köynəkli sazına söykənib bu üzgüyə tamaşa etdi.

Ta uşaqlığından başlayıb ensiz çaylarda, göllərdə üzüb, üzgüçülük öyrənən Xançoban indi də boylana-boylana Qaragöl dəryasında üzürdü. Günlərin bir günü ağqoyunluların Ağgöllər güneyinə sürüsünü sürən Xançobanın ney səsini eşidən Sara geyinib-keçindi, özünə tumar verdi, anasının icazəsilə ağ alaçıqdan çıxdı, gedə-gedə gümüş kəməri ilə öz incə belini boğub daha da incələşdirirdi. Xançoban gözü dolusu qızı süzüb sözə başladı:

- Gəldinmi, Sara?

- Düzü, sənsiz dura bilmirəm, Xançoban!

- Mən də sənsiz dayana bilmirəm, Sara!

- Bircə bu toyumuz tezcə olaydı.

- Arana enməyimizə, Muğana çatmağımıza az qalıbdır, Sara!

- Nə qədər qalıbdır, Xançoban?

- Cəmi-cümlətanı iki ay.

- İki ay məndən ötrü iki ildir, Xançoban.

- Məndən də ötrü iki ildir, bəlkə də üç ildir! Elə bil ki, hər günüm bir ildir!

- Elə bu yaylaqda toyumuz ola bilməzmi, Xançoban?

- Böyüklərimiz Muğan düzünə şərtləşiblər, Sara!

- Bəlkə, son qoyun sürünü qaytarasan Muğana, Xançoban?

- Deyirlər elatla birlikdə!

- Bəlkə, hər iki elat sənin sürünün ardınca arana sallandı?

- Yox, elatın adəti, Muğana qayıtmağın vaxtı-vədəsi vardır.

- Haçan, nə zaman?

- Quyruq doğanda, Sara!

- Quyruq haçan doğacaqdır?

- Gecələri dəvələr üzü arana yatanda!

- Dəvələrin dili olsaydı onlara yalvarardıq, üzlərini arana - Muğana döndərərdik!

Bu söhbətdən sonra Xançoban ney çalmağa, Sara da sazını köynəkdən çıxarıb asta-asta dindirməyə başladı. Ara verdilər, aşiq məşuqəsinə, məşuqə də aşiqinə həsrətlə baxdı.

- Mən də bu ağ göldə üzə bilərəm, Xançoban!

- Necə üzərsən, Sara?

- Xançoban Qaragöldə üzən kimi.

- Qərq olmazsanmı, Sara?

- Sənin gözünün qabağında qərq olmaram!

- Mən özümü gölə atıb səni qurtarınca gec olmazmı!

- Gec olarsa, cənazəmi çıxararsan!

- Onda mən öz başımı itirib dəli olaram.

- Mən indicə öz sazımı sənə yadigar verərəm!

- Nəyə görə belə tələsik, Sara?

- Mən olmazsam da, bu saz mənim ürəyimi sənə danışar, Xançoban!

- Sən belə bəduğur söz danışma, Sara!

- Həqiqi aşiq-məşuq dastanı həmişə nakam məhəbbətlə başa gəlir.

- Biz isə uzaqda yox, məhəbbətin, eşqin astanasındayıq, Sara!

- Ancaq məhəbbətin, eşqin astanasında, Xançoban!

- Astanada dayanan tək bircə addımla içəriyə də girə bilər!

- Görək bu bir addımlıq astanada tale bizə nə deyir?

Hansı hissinə görəsə, Sara sazını allı-güllü köynəyinə qaytarıb yaşıl qaytanla bağladı.

- Mən bu sazı elə bu an bizim Xançobana yadigar verirəm! Demək, Xançoban çobanlıqdan çıxıb aşiqliyə başlamalıdır! Qoy mənim sazım sənə əbədi yadigar olsun, Xançoban!

- Nə üçün belə uğursuz danışırsan, Sara?

- Mən ürəyimin gizli çırpıntılarını sənə açıram, Xançoban!

Sara əlini sinəsinə gətirib geyimini tərpədincə, qızın toxunulmaz ağ mərmər sinəsi göründü. Xançobanın ağlı başından oynadı, birdən əlini atıb Saranın sazını götürdü, bağrına basdı.

Sara üst paltarını çıxarıb, alt nazik geyimində gümüş kimi ağaran Ağgölə girdi. Xançoban da Saradan sonra soyunub Ağgölə girmək istədi, göldə üzən Sara əlini qaldırıb gülə-gülə "yox, yox!" işarəsini verdi.

Xançoban müti olub dayandı. Saraya zəndlə, diqqətlə baxdı. Sara Xançobanın acgöz-acgöz baxdığını görüb alovlandı, hələ də qıraqlarında qar kəməri qalan buzlu gölü vecinə almadan üzdü... Sara əl-qol ata-ata, hərlənə-hərlənə, fırlana-fırlana üzdü, açılıb sökülən qumral hörüklərini Ağgöldə səpələyə-səpələyə üzdü, üzdü. Ətrafdakı çiçəklik içindən göyə qalxan quşlar da ləpələr üstündə qanad çala-çala dünya gözəlinə nəğmə dedi.

Xançoban Saranın sazını köynəyindən çıxarıb, quşların cəh-cəhinə uyğun aram-aram sarı simləri dindirdi... Birdən sazı köynəyinə keçirib, xınalı qayaya söykəndi...

Yenə də öz tütəyini götürdü, gölün ləpələrini də, ətraf güneyləri də ney səsi ağuşuna aldı. Qoyun sürüsü mələşə-mələşə geri qayıtdı. Sara qara qoyun sürüsünə baxınca, onun ala gözləri qaraldı. Bilmədi bulud günün qabağım kəsdi, ya necə oldu?! Tezcə başını buzlu suya vurdu. xeyli görünməz oldu. Xançoban soyunub özünü Ağgölə atmaq istədi, Saranın qəşəng başı Ağgölün ortasından qalxdı, ağ sinəsi o yandan bəriyə bərq vurdu. Sara güldü, güldü, onun gülüşü Ağgölü doldurdu...

Belə-belə Sara gözdən yayınıb tək-tənha göldə üzməyə alışdı. Bir gün uzaq çayda üzüaşağı, üzüyuxarı üzməyə başladı. Səs ağızdan-ağıza düşüb dildən-dilə yayıldı. Saranın üzgüçülüyünə heç bir söz olmadı. "Qız idim, soltan idim, nişanlandım, xan oldum!" - deyə Sara öz şıltaqlığından - üzməyindən qalmadı. Belə olunca Xançobanın nigarançılığı da, qısqanclığı da artdı. Eyni zamanda onun sevgisi də Arpa çayından güclü olub, aşıb-daşdı.

Elə bu zaman yuxarı dağlarda ildırım dalınca ildırım çaxdı, dağların seli selə qarışdı. Arpa çayı həddini aşıb-daşdı, dağlardan güclənə-güclənə gələn sel Saram alıb qaçdı...

Xəbər Xançobana çatdı. O, əlindəki tütəyini Qaragölə atıb, Saranın yadigarı güllü köynək sazı götürdü, özünü Arpaçaya çatdırdı. Gördü ki, Arpaçayının o tay-bu tayı adamla doludu. Hətta qızın xilası üçün özünü selə atan da olub, ancaq nə edəsən ki, sel Saram alıb qaçıb, indi adamları dilində yalnız bu hüznlə nəğmə səslənməkdədir:

Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçdı.
Apardı sellər Saranı,
Bir alagözlü balanı!

Xançoban Saranın sazı əlində səri-sərgərdan gəzdi, dolandı, oxuyanlara qarışmaq istəsə də, bacarmadı. Bilmədi necə eləsin? Saradan əlini üzüb geriyə, Qaragölə dönsünmü? Necə deyərlər, gedənlə getmək, ölənlə ölmək olmaz!

Xançoban dayanmadan Arpaçayı aşağı düşdü. Saranı səslədi. Arpaçaydan "Yoxdur, Sara! Yoxdur!" - əks-səda qayıdınca, Xançoban üzünü sellərə tutdu:

- Bəs axı niyə siz Saram aparmısınız?

- Biz aparmışıq Saranı, özümüz də heç bir kəsdən gizləmirik!

- Niyə, nə üçün siz sellər belə bir allahsız iş görmüsünüz?

- Çünki sellər kükrəyəndə özlərinə qız qurbanı istəyirlər!

- Demək, Sara siz sellərə qurban gedibdir?

- Bəli, Sara biz sellərin qurbanı olubdur!

- Onda mən Saranı çayaşağı axtaracağam!

- Harayacan axtaracaqsan, çoban?

- Arpaçayı aşağı Araza qədər!

- Axı nəyə görə?

- Saranı tapmaq, saçlarından da olsa özümdə yadigar saxlamaq üçün!

- Bəs o saz nədir əlində?

- Bu saz Saranın mənə yadigarıdır!

- Bu yadigar ömürlük bəsindir!

Xançoban elə bildi ki, yaxşı üzməyi bacaran Saranı heç zaman boz-bulanıq sellər biryolluq batıra bilməz! Bəlkə, Sara Arpaçayı uzunu üzə-üzə arana enmişdir? Bəlkə, Arpaçay Araza tökülən yerdə Sara atılıb bir qırağa çıxmışdır, Arazın tutac qamışlığında çılpaq üşüyə-üşüyə, dona-dona qalmışdır. Özü də bir dar ayaqda kimi gözləyir? Ata-anadan, qardaş-bacıdan da qabaq Xançobanı! Sara gözləyir ki, Xançoban onun harayına çatacaqdı. Xançobanı birdən görəcəkdi... Görəcəkdir ki, indicə Xançoban necə də özünü ona çatdırdı. Necə də çiynindəki saçaqlı yapıncısını çevirdi, üryan Saranı öz yapıncısına bürüdü, qızı qüvvətli qollarının arasına aldı, onu nəfəsiylə qızdırdı, qolları üstündə Ağgölə çatdırdı, qızı ağ alaçığına apardı. Sara tezcənə alaçıqda öz allı-güllü geyiminə girdi, dönüb Xançobandan yadigar verdiyi sazı soruşdu:

- Haradadır saz, Xançoban?

- Sənin yadigarın buradadır, Sara!

- Bəs çoban tütəyin?

- Çoban tütəyini Qaragölə atdım.

- Nə üçün?

- Bu gündən aşıq olmağa, saz çalıb söz qoşmağa başlamağım üçün.

- Ay səni, mənim Xançobanım!

- Necə yəni, Sara?

- Yamanca sınaqdan çıxdın!

- Necə yamanca sınaqdan çıxdım, Sara?

- Heç bir aşiq öz məşuqəsinin cəfalı yolunda mənim Xançobanım kimi sınaqdan çıxmamışdır!

- Çoban həmişə ciyərli olur, Sara!

- Mən öz ciyərli çobanıma öz ürəyimlə cavab verirəm!

Xançoban gedə-gedə xəyalat aləminə qapıldı, yenə tezcə özünə qayıtdı, yenə də Arpaçayı aşağı axtara-axtara Araz qırağına sallandı. Saranın sazını qoltuğuna alıb Araz nəhrinin yaxası ilə, üzüaşağı yıxıla-dura addımladı, hər necə ac-susuz olsa da, öz axtarışından qayıtmadı.

Göz qoyub görənlər dedilər, bəs bu necə aşıqdır ki, heç bir kəndə-kəsəyə, elə-obaya dönmür? Hey Araz aşağı gedir, gözünü Arazdan çəkmir.

Bəli, Xançoban qoltuğunda güllü-köynəkli saz, əlində çoban çomağı ağ köpüklü dalğalara baxa-baxa, "indicə Sara Arazdan çıxacaqdır" ümidilə Arazın yaxasıyla gedirdi. Araz geniş vadidən çıxıb dərin dərələrə düşürdü. Birdən də baş-başa gələn uca dağlar, sıldırım qayalar arasından xam at kimi boğulunca kişnəyirdi, görünməzin kişnərti qoparırdı. Bu kişnərtidən gələn səs-səda dağa-daşa düşürdü.

Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!
Muğan batıb nahaq qana.
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!

Külli-aləm bu müsibəti səsi dolusu oxuyur. Saranın selə düşüb getdiyini yanıxa-yanıxa deyirdi... Arpaçayı "qan-qan" deyə qıjıltı qopararaq axımından qalmırdı. Araza qovuşunca oranın özündən belə səda qayıdırdı:

"Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!"

Sarasız Xançoban Muğana gedə bilərdimi? Getsə də Muğanda özünə yer tapa bilərdimi? Xançoban hansı üzlə Saranın ata-anasının, ağqoyunluların, qaraqoyunluların üzlərinə çıxa bilərdi? Yox, nəinki bu ili, gələn ili də Xançoban dönə bilməzdi! Bu, nakam məbəbbətə görə adamların üzünə baxa bilməzdi! Ona deyilməzdimi, Xançoban, sən qumral hörüklü Saraya üzməyi öyrətməsəydin, o da Ağgöldə üzə-üzə üzgüçülüyə alışıb Arpaçaya getməzdi, orada daşqına düşüb batmazdı. Gərək bircə göz qırpımı da olsa, sən Xançoban öz Saranı nəzərindən qoymayaydın.

Düzü, Xançoban istəyirdi ki, Saranı seldən xilas edə bilməsə də, hamının gözü qabağında onunla qoşalıqda axaydı, nə adamlardan, nə dağlardan-daşlardan, nə də Arpaçaydan, nə də gur-gur guruldayan Arazdan belə danlağı eşidəydi:

"Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!"

Nə bu ili, nə də altdakı ili, nə də sonrakı ili Xançoban Sara olmayan Muğana dönəsi deyildi! Bəli, Xançoban heç zaman Muğana gedəsi, orada qalası, adam olanın üzünə çıxası deyildi! Onun Muğanda heç bir itiyi itməmişdi. Onun Sarası Arpaçayında itmişdi, Araz nəhrinə çağlayıb calanan Arpaçayı Saranı Araza qovuşdurmuşdu! Araz da Saranı götürüb arana aparmışdı. Bəlkə nə Arpaçayı, nə də Araz nəhri Saraya güc gələ bilməmişdi? Sara özü üzə-üzə arana getməkdədir?! Bəlkə də, Araz axınınca üzən Sara Xançobanı harayına çağırır, onu gözləyir ki, Xançoban özünü çatdırsın, güclü axına düşən qızı qurtarsın? Onlar birlikdə Muğana dönsələr, dəvələr ağzı arana yatıb quyruq doğulduğuna görə Ağqoyunlu, Qaraqoyunlu elini də yuxarı yaylaqda deyil, Muğanda görsünlər. Onlar hər iki elatı Muğanda salamlasınlar, onların hər ikisini qohumlaşan, birləşən elat bağrına bassın, olmazın, görünməzin, eşidilməzin möcüzəyə sevinsinlər, özünü Araza atıb Saram xilas edən əfsanəvi bahadırı - Xançobanı tərifləsinlər, alqışlasınlar! Tütək tütəyə, ney neyə, saz saza, söz sözə qarışsın, iki elatın birləşən toyu təmtəraqla başlasın, yallı dəstələri Xançobanla Saranı araya alsınlar, əvvəlcə onlar ikilikdə, sonra da yallı dəstələrində oynasınlar, gecənin bir aləmində göylərə qaldırılan məşəllərin alovlu işıqlarında onlara təzəcə düzələn toy-alaçığı, içi xalılı-gəbəli, məxmər mütəkkəli, məxmər döşəkli, qanovuz yorğanlı yataq yeri göstərsinlər?

Cavanlar öz arzularına, kamlarına çatsınlar. Aylar ötüb, illər dolanınca onların bir-birindən gözəl, qıvrımsaç qızları, qarasaç oğlanları hər iki elata təzə nəfəs gətirsinlər, boy atıb qalxsınlar, yaşa dolan Xançobanla Sara öz eşq-məhəbbətlərinin, iztirab və həyəcanlarının bəhrələrilə sevinsinlər; şadlansınlar!

Yox, bu belə olmayacaqdı, bu ancaq xəyal idi! Olan olmuşdu, Sara Arpaçayının selinə düşüb Araz aşağı axmışdı. Özü də biryolluq axıb getmişdi. Saranı bu axından qurtaran, ona nəfəs verib həyata qaytaran, onun zərif dodaqlarını tərpədib, azacıq da olsa güldürən heç bir qüdrət görünmürdü.

Xançobanın varlığında nə vardısa, zərrəciyinə qədər yerli-dibli yoxa çıxmışdı. Xançoban üçün geriyə dönüb dəvələr üzü arana dönüncə, quyruq doğunca özünü aran adamına qatsın-qatmasın bir idi, onun üçün daha heç nə yox idi. Onun aləmində bir fəlakət vardı, faciə bir idi, Sara yox idi! Demək, Xançobanın əli bütün dünyada misli-bərabəri olmayan Sarasından, öz eşqindən, məhəbbətindən üzülmüşdür!

Bəs o nə üçün Arazdan uzaqlaşmır, Saranı axtarmaqdan qalmır, Muğandan baş götürüb getmir? O, başqa bir tanınmaz-bilinməz yana çobanlığa olsa belə getmək, həmin yad, uzaq yerlərdə bir tütər, yanağı qara xallı gözələ ürək aça bilməzdimi? Xançobanın aləmində indinin özündə də, sonra da varsa Sara idi, yoxsa da. Saranın ona yadigar qoyub getdiyi güllü köynəkli sazı əlindən buraxmadan, Xançoban yenə də çomağına söykənə-söykənə baş-başa dayanan dağlardan enirdi, Arazın yaxası aşağı öz yoluna davam edirdi.

O, tapacaqmış kimi Saranı axtarırdı. Heç olmazsa Arazın dalğalarında onun səpələnən qumral saçlarım görmək, bu saçlarla birlikdə Arazda axmaq istəyirdi...

Xançoban qışqırmaq, haray salmaq, cümlə-cahanı köməyə çağırmaq, Saranın cənazəsini buradan çıxarmaq, onu Muğanda, həmin iki elatı birləşdirən baş bilənlər təpəsində, ağqoyunlularla qaraqoyunluların sərhədində dəfn etmək, türbə ucaltmaq istəyirdi. Həm də bu türbənin yan-yörəsində gül-çiçək əkmək, aşağılardan sənək-sənək su daşımaq, eşqin susan məbədini çəmənzara tutmaq gərək idi!

Qoy desinlər, Muğanın Xançoban Ərəbistan Qeysindən füzun Məcnun olubdur! Qoy hər nə deyirlər desinlər, Xançobana necə ad verirlər versinlər, təki Xançoban öz Sarasının qumral saçlarını Arazın axıb gedən dalğalarında görə bilsin!..

Sonrasını da Xançoban özü bilsin. O bütün dünyaya göstərsin ki, məşhur aşiqlərin cərgəsindədir. Muğanın əli çomaqlı, qoltuğu sədəf sazlı oğlanı eşq-məhəbbət aləmində "Xançoban və Sara" dastanı düzəltsin. Bu dastan hamını heyran eləsin.

Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!

Belə bir xəyal ilə, arzu ilə, ümidlə Xançoban Araz aşağı öz axtarışından qalmırdı. Saranı axtarmaqdan yorulmurdu. O gedə-gedə Arazın hər iki sahilini birləşdirən Xudafərin körpüsünə çatdı. Saranın selə düşüb axdığını eşidən o taylı-bu taylı elatlar Muğanın bu gözəl gəlinini tapmaq, xilas etmək üçün toplanıb gəlmişdilər. Onlar əli çomaqlı, qoltuğu sazlı Xançobanı görüncə onu Xudafərin körpüsünün üstündə araya aldılar, dinməzcə durdular. Bu dinməzliklə də Xançobana başsağlığı vermiş oldular. Xançoban daha dayanmadan "Xudafərin"dən dönüb çıxdı, yenə də Araz aşağı aran yoluna davam etdi.

Hamı gördü ki, Muğanın Xançobanı çobana xas mərdliklə, dəyanətlə, sədaqətlə öz Sarasının axtarışındadır. Onun qumral saçlanndan bir nişanə da olsa tapmayınca əl çəkən deyildi.

Xançoban gedib Arazla Kür qovuşana yetişdi. Demək, bu itkidə Kürdə heç bir günah yoxdu! Arazda necə? Arazda da günah yoxdur! Arpaçayındamı? Düzünə gəlincə Arpaçayda da günah yoxdur! Bəs günah nədə, haradadır? Görünür, günah göylərin buludlarında, şimşəklərindədir. Bəli, şimşəklər, ildırımlar buludları yandıra-yandıra Arpaçayının başına boşaldır. Bu çayın suyunu aşdırıb-daşdırır, sellər də Sara kimi gözəlləri alıb qaçır.

İndi Xançoban necə qanad açsın, dağların başına qalxıb göylərə necə uçsun, buludları, şimşəkləri, ildırımları necə sorğu-suala çəksin?

Yox, Xançoban öz Sarasını sularda, dalğalarda axtarmalıdır! Ağırlıq etməsin deyə, o, çomağını Arazla Kürün qovuşuğuna atdı. Ümidini təkcə Saranın yadigar qoyub getdiyi saza bağladı. Obalar, ellərarası gəzə-gəzə Dədə Qorquddan üzü bəriyə gələn ozanlığa qurşandı! Çoban geyimindən çıxıb ozan geyiminə girdi. Arazla Kürün birləşdiyi yerdə, üzü Xəzərə doğru çoban dəyələrində gecələdi, balıqçı komalarında gündüzlədi, ozan oldu, ozan kimi oxudu, saz çalıb söz qoşdu, öz sözlərini "Apardı sellər Saranı, bir ala gözlü balanı" avazıyla qurtardı. Eşidən, görən dedi, bu sinəsi dolu ozan, əslində haqq aşığıdır! Bu ozanın sözləri Kərəminkindən yanıqlıdır, Məcnununkundan dərindir, Tahirinkindən tutarlıdır!

Xançoban Kür körpüsündən o tərəf-bu tərəfə keçdi. Aylar ötdü, illər dolandı, əvvəlcə onun qar kimi ağaran saqqalı qurşağına dəydi, yavaş-yavaş dizlərini bürüdü. "Apardı sellər Saranı" havası dildən-dilə gəzdi, ağızdan-ağıza düşdü...

Yayın qızmar bir günündə Xançoban özünün yetmiş yaşına çatan zamanında, Kür-Araz birləşməsi ilə üzüaşağı Xəzərə sallandı... Xəzər xışıldayırdı... Dənizin dalğaları sahili şillələyib-döyəcləyirdi. Ucu-bucağı görünməyən dərya köpüklənə-köpüklənə üzü bəri gəlirdi. Sıxıla-sıxıla geriyə çəkilirdi. Başına şiş çalma bağlayan, əyninə gen çuxa geyən, dizlərinə qədər yumşaq məs çəkib belinə qurşaq bağlayan bu ozan diqqətlə dənizə baxdı. O, çuxura düşən işıldaq gözlərilə gördü ki, necə də Kür-Araz birləşib dənizi yara-yara üzü o yana gedir, sonra da dənizin dərinliyində əriyə-əriyə itir. Elə dənizdən və Kür-Araz birləşməsinin çayırlı - Çəmənli hövzəsinə doğru Sara saçlı bir su pərisi üzə-üzə gəlir...

Bu zaman Xançobanın gözünə pəriləşən Saranın qumral saçlan səpələnmiş halda göründü...

Onun ürəyi qəfəsdəki quş kimi çırpındı. Ozan az qala uçmaq, Saranın saçları üstündə qanad çalmaq, "Mən Xançobanam!" deyə özünə Saraya çatdırmaq istəsə də, heyrət içində dayandı. Xançoban əlini atıb, Saranın yadigar qoyub getdiyi, bu uzun müddət ərzində işlənib köhnələn sazı götürdü, sinəsinə basdı, Su pərisinə dönüb dənizdə əbədiləşən Sara qocalan, tamam-kamal dəyişib başqalaşan Xançobanı tanımasa da, öz sazının iniltisini-sızıltısını eşidən kimi qurşağa qədər qalxdı. Xançoban Saranın mərmərləşən ağ sinəsini heyran-heyran süzdü.

"Apardı sellər Saranı!" mahnısını eşidən su pərisi kirpiklərini sıxıb "nakam məhəbbəti" göz yaşlarını inci kimi, səyriyən yanaqlarına tökdü. Bu qadir qüdrətin əsrarəngizliyi müqabilində saz çalıb, "Apardı sellər Saranı!" nəğməsini oxuyan Xançobanın taqətdən düşən dizləri qatlandı, sivri saqqalı torpağa düşdü. Ürəyi həsrətlə qovrulan bu ozan böyrü üstə bükülüb, əbədi yuxuya getdi...

Bakı, 26 may 1978

# 3073 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
#
#
# # #