news-inner
clock09:01 calendar-gray 03 May 2021 view-gray9660 dəfə oxunub
view-gray9660 dəfə oxunub

Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə

Kulis.az meyxanaçı Orxan Lökbatanlı ilə müsahibəni təqdim edir.

- Meyxanaya gəlişinizi necə xatırlayırsınız? Kömək edənlər çox idi, ya əksinə?

- Əksi daha çox idi. 2000-ci illərin əvvəllərində mənim on altı, on yeddi yaşım vardı. Onda təbii ki, hələ məktəbli idim. Həmin dövrdə meyxana yarışması keçirirdilər. Bu yarışmalar indiki kimi SMS-lə, tapşırıqla deyildi. Gedirdik, əməlli-başlı sınaqdan keçirdik.

- Dərnəklər idi?

- Yox. Sınaq yarışmasından sonra bizi efirə “De, gəlsin” meyxana yarışmasına buraxırdılar. Həmin yarışmada da, Allah rəhmət eləsin, münsiflər heyəti Aydın idi. Aydın bizdən əvvəl - 2001-ci ildə bu yarışmanın qalibi olmuşdu, ondan sonra münsiflər heyətində əyləşmişdi. Aydından başqa da bir qəzəlxan, şair, Namiq Qaraçuxurlu və Mehman Əhmədli də münsiflər heyətində idi. Onlar yüz iyirmi səkkiz nəfərin içindən on altı nəfəri seçdilər.

- İndiki meyxanaçılardan orda kimlər vardı?

- Mən orda dörd dəfə sınaqdan keçdim, dördündə də Vüqarla (Vüqar Biləcərli-red) bir yerdə keçdik. Finala ikimiz qaldıq. Münsiflər heyəti çətin sınaq qarşısında qalmışdı. Onlar bizim heç birimizi kəsmək istəmirdi. Biz yeganə iştirakçı olduq ki, finalda ikimiz də qalib olduq. Vüqarla on yeddi illik dostluğumuz da ordan başlandı. O vaxt hər şey başqa cür idi, indiki kimi deyildi.

- “İndiki kimi” deyəndə nəyi nəzərdə tutursunuz?

- İndi hər şey çox asandı. Keçirilən yarışmalarda kimin pulu var, o udur. Amma o vaxt istedada qiymət verirdilər. Ona görə də adamlar məsuliyyət hiss edirdilər. Söhbət tək meyxana yarışmasından getmir, ümumiyyətlə incəsənət müsabiqələrindən bəhs edirəm. Əvvəllər SMS deyilən bir şey yox idi.

- Lökbatanda bina evində yaşamısınız. Ordan meyxana aləminə gəlişiniz yəqin ki, asan olmadı.

- Mən Lökbatanda böyüsəm də, əslim İmişlidəndir. Lökbatan indi qəsəbə olub, əvvəl elə balaca kənd kimi bir yer idi. Hamı bir-birini tanıyırdı. Bizə yaxın Bakının Qobu, Güzdək kəndləri olub. Mənim anamın anası Şağanlıdır. Meyxana sənəti bakılınındır. Bunu gərək danmayaq. Siz deyən kimi, doğurdan da Bakının kəndlərindən birində böyüməklə, qəsəbədə, bina evində böyüməyin fərqləri var. Amma meyxanaya maraq həmişə olub. Düzdür, indi Allaha şükür meyxanaya yüksək qiymət verilir. Hər bir təbəqənin meyxanaya marağı var. Əvvəl ancaq Bakı kəndləri, kənd adamları meyxananı yaşadırdılar. Əvvəllər, məsəlçün, meyxana deyilən toylarda qadın olmazdı.

- İndi var?

- Var. İndi bizi elə nişana, toylara çağırırlar ki, orada qadın da olur, kişi də.

- Sizcə qadın və meyxana nə qədər səsləşir?

- Mən bu barədə fikrimi bir neçə dəfə də efirdən demişəm, çoxlarının, elə deyəsən Samirənin (Samirə Yusifqızı – red.) xətrinə dəymişdi. Ancaq mən yenə deyirəm ki, bu məsələyə normal baxmıram.

- Səbəb nədir?

- Çox sağ olun bu suala görə. Çünki efirdə bu haqda geniş danışsam da fikirmi tam verməmişdilər, aləm bir-birinə dəymişdi. İndi mən bunun səbəbini izah edəcəm. Bilirsiniz, meyxana kişiyə məxsus sənətdir. Çünki bu sənətin içərisində deyişmə var. Çərçivəsində, hər şeyi qaydasında olan ədəbli deyişmədir. Amma bu deyişmənin içərisində əsəbdən, qəzəbdən, hirsdən adam bir-birinə hərdən elə söz deyir ki, biz kişi olaraq bunu qəbul edirik və cavabını da veririk. Məsələn, bir toyda, el şənliyində beş yüz nəfərin içərisində bir qadın çıxıb meyxana deyir, qarşı tərəf də ona cavab verir, sataşır, söz atır, deyişir. Mənim qanacağım imkan verməz ki, durum qadın xeylağına bu cür cavab verim.

Toylar olan vaxtı Bakı kəndlərində meyxana həmişə toyların axırına qalıb. Saat 3, 4, 5-ə qədər çəkib. Toylar olan vaxtı mənim yadıma gəlmir ki, normal insanlar kimi saat 9-da, 10-da evə gəlim. Bunu tək mən yox, bütün meyxana deyənlər etiraf ediblər. Saat 4-ə, 5-ə qədər çəkən toyda qadının qalmağı nə dərəcədə düzgündür?

- Müğənnilər iştirak etdikləri toylarda qalırlar.

- Müğənni bilir ki, işi müğənnilikdir.

- Qadın meyxanaçının işi də meyxana deyil?

- Nə bilim, mən yaxşı baxmıram.

- Yəqin meyxanaçıların əksəriyyəti bu fikirdədir?

- Nə bilim vallah. Bu fikirdə olanlar da var, olmayanlar da. Ancaq mənə görə meyxana sənəti əzəldən kişi sənəti olub.

- Amma Samirəni bir ara sanki qəbul etdiniz, meyxanaçılarla da deyişirdi.

- Qəbul etdik deyəndə, biz qəbul etmədik, cəmiyyət qəbul etdi. “De, gəlsin”də oldu, Oqtayla bir-iki dəfə efirə çıxdı. Ancaq sonra mən Samirə xanımı şəxsən bütün efirlərdə müğənni kimi gördüm. Hər halda müğənni Samirə kimi təqdim olunurdu. Bundan belə qənaətə gəlmək olar ki, o da heç özünü meyxanaçı kimi görmürdü.

- Qadınların meyxanaya olan sevgisinə, marağına necə baxırsınız?

- Normal. Siz elə özünüz də maşallah hər şeyi bilirsiniz. Vallah, mən bu gün də ailəmlə bir yerə gedəndə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər.

- Samirənin meyxana deməyi sizi qane etdi?

- Yox. Oqtayla bir-iki şirin zarafatlaşması hamı kimi bizim də xoşumuza gəlmişdi. Amma qadın meyxana deyənin gəlib mənimlə burun-buruna deyişməsinə normal baxmıram. Bu kişi sənətidir.

- Bəs meyxananı bu dərəcədə qorumağınızla onu mağara daha çox sıxışdırmaqdan ehtiyat etmirsiniz?

- Meyxananın mağarda qalması fikri səhvdir. Əksinə, indi meyxana çox kənarlara çıxıb. O, bizi haralara aparıb, Allah bilir. Bu sənətin kitabı, dəftəri yoxdur. Bu Allah vergisidir.

- Meyxananın uzun illər qəbul olunmamasına səbəb sovet ideologiyasının yaratdığı senzura olub. Amma sizə elə gəlmir ki, burada həm də meyxana gecələrindəki kəskin deyişmələrin, narkotikin, qaranlıq gecə həyatının da rolu vardı?

- Əvvəla narkotik, pis vərdişlər tək meyxana deyənlərdə deyil, incəsənət xadimlərinin bir çoxunda var. Bunu siz də, mən də açıq aşkar bilirik, sosial şəbəkələrdə də yazılır. Nə yazıq ki, belə bir bəla var. Ancaq bunları gətirib meyxanaya yapışdırmaq və onun qəbul edilməməsinə səbəb kimi göstərmək olmaz. Sovet dövründə tək meyxananın yox, mədəniyyətimizin digər sahələrinin də qarşısını alırdılar. Dünyanın heç bir yerində meyxana yoxdur. İstanbulda bir dostumun məclisinə meyxana deyirdim, türklər hamısı təəccüblə baxırdılar. Onlar mənə deyirdilər ki, abi, sən bunların hamısını yazırsan? Dostum onlara izah edəndə ki, meyxana bədahətən deyilən, bizə xas olan sənətdir, onlar bizə həsəd aparmağa başladılar.

- Bütün bunlarla yanaşı meyxana gecənin qaranlığından çıxa bilmir, ən azından folklora çevrilmir. Siz hansısa dərslikdə, tapmaca, bayatı, yanıltmacla yanaşı meyxana nümunəsi görə bilməzsiniz.

- Ona görə ki, biz indi müstəqil ölkə olsaq da, bir çox adət və ənənələrimiz sovet rejimindən qalmadır. O vaxt adam vardı may ayında toy eləmirdi. Səbəbini soruşanda heç özü də bilmirdi nə desin. Bunun kimi də meyxananı vaxtında o qədər kiçildib, alçaltdılar ki, hamı elə bildi meyxana ancaq söyüşdən ibarətdir.

- Hər halda söyüş motivi də var.

- Vallah mən indi ailə məclislərinə gedirəm. Bütün ailə oturub meyxanaya qulaq asır, zövq alır, zarafat da edirik, amma öz çərçivəsində. Necə ki, mən ailəmdə zarafat edirəm, eləcə də kiminsə ailəvi məclisində həmin zarafatı edərəm. Yəni, meyxananın kiçildilməsi sovet dövründə baş vermişdi. Amma müstəqillik dövründə Ağasəlim Çıldağa “Şöhrət” ordeni verildi, bütün bayram tədbirlərinə onu dəvət edirdilər. Ağakərim, Ağamirzə də onunla birgə çıxırdı.

- Meyxana bu qədər populyarlaşdıqca, efirə çıxdıqca və musiqi ilə birləşdikcə öz sehrini itirmir ki?

- Yox, qətiyyən. Musiqili meyxana həmişə olub. Rəhmətlik Nizami Rəmzi musiqili meyxananın əsasını qoyub. Meyxananı da ilk dəfə efirə o çıxarıb. Onun bir çox mahnılarını biz də popurri kimi məclislərdə oxuyuruq. Yəni, sözümün canı budur ki, musiqili meyxana bizdən əvvəl də vardı. Nizami, Molla Məhəmməd, Ağasəlimin özü musiqili meyxana deyiblər. Qarmonçalan Aslan İlyasov vardı, allah ona rəhmət etsin, Ağasəlim həmişə deyirdi ki, Aslansız nə meyxana...

- Mən əslində Namiq Qaraçuxurlunun, Pərviz Bülbülənin, Vüqar Əbdülovun, elə sizin özünüzün həm meyxanaçı, həm müğənni kimi fəaliyyətindən bəhs edirdim. Məşhur meyxanaçı günün birində çevrilib olur müğənni...

- Musiqili meyxana başqadır, tam musiqi ifa etmək başqa. Nizamidən, Molla Məhəmməddən sonra meyxana yenə də yetişdi. Namiq Qaraçuxurlu meyxanaya yeni nəfəs gətirdi.

- Fikir vermişəm, meyxanaçılar Namiq Qaraçuxurlu haqqında ehtiyatla danışırlar.

- Yox, niyə ki. Namiq dostumuz, qardaşımızdı.

- Sanki onun xətrinə dəyməkdən çəkinirsiniz.

- Mən onu o qədər çox istəyirəm ki, heç vaxt xətrinə dəymərəm. Namiq, Mehman, bir də rəhmətlik Aydın bayaq dediyim kimi mənim on altı, on yeddi yaşım olanda mənə qiymət veriblər. Bunu heç vaxt dana bilmərəm.

- Gəlin, məsələni bir az konkretləşdirək. Siz niyə birdən-birə mahnı ifa etməyə başladınız?

- Mənim mahnı oxumağım planlaşdırılmamışdı. İlk dəfə bir dostumun toyunda musiqili meyxana kimi bir mahnı oxudum. Sonra o mahnını yazıb “yutuba” yerləşdirdilər. Hərə bir tərəfdən üstümə düşdü ki, mahnı oxumaq səndə alınır. Bir neçə mahnı oxuyandan sonra meyxana ilə yanaşı mahnılar da çoxalmağa başladı.

- Müğənnilik gəlir gətirdi?

- Əlbəttə. Həm də oxuduğum mahnılar bugünkü gənclərin tələbatına uyğundur. Mənim adımı gənclər sevgi şairi kimi çəkir. Hərəmizi bir cür tanıyırlar də.

- Rəşad Dağlı bugünkü meyxana aləmində ustad kimi qəbul olunur?

- Ən yeni meyxana ustadlarından biri də elə odur. Rəşad bizim hamımızdan əvvəl ustadlara qaynayıb qarışıb. Kərimdən tutmuş, Mehmangilin nəslinə qədər hamısının içərisində Rəşad olub. Özü də onların içərisində elə-belə fiqur kimi olmayıb. Orda görsənib.

- Bəlkə sizə bir az da təhlükəli suallar verək?

- Hansı sualı vermək könlünüzdən keçir, buyurun (gülür).

- Belə bir fikir var ki, konkret Rəşad Dağlı hansısa meyxana məclisinə gedəndə oradakı meyxanaçıların kimliyi ilə maraqlanır, xoşu gəlməyən, könlünə yatmayan adamla getməkdən imtina edir, ya da həmin adamın olmamasını təklif edir. Beləliklə, bir çoxlarının çörəyinə bais olur. Siz onunla həmişə birlikdə çıxış edən adamsınız. Var belə fakt?

- Yox, qətiyyən. Mən Rəşadı neçə illərdi tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Amma mən də, Mehman da, hər bir meyxanaçı da özünü meyxanaçı kimi qələmə verənlərlə çıxmağı xoşlamırıq.

- Güclü, gücsüz məsələsidir?

- Qətiyyən. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın. Allaha and olsun, mən bu səviyyəyə, Lökbatanlı Orxan olana qədər hələ bir dəfə də olsun yaşlı ustada qarşı qanacaqsızlıq etməmişəm. Bir ustaddan belə söz eşidə bilməzsiniz. Eləcə də rəhmətlik Vüqar Biləcərli, Pərviz və başqaları. Biz həmişə gözləmişik ki, bizdən böyük meyxana deyən şərait yaratsın, biz onunla meyxana deyək. İndiki gənclər, allah saxlamışlar, istəyirlər, tezliklə Pərviz Bülbüləli, Namiq Qaraçuxurlu olsunlar. Bu da çətin şeydir. Atalar misalı var, tez yanan, tez kül olar. Namiq, Rəşad, Pərviz, Orxan indi olduqları yerlərə gəlib çatmaq üçün çox zülmlər çəkiblər. İndikilər sosial şəbəkələrlə, reklamlarla gündəmə gəlmək istəyirlər. Bunlar üç, beş günlük şeylərdir. Həmişə mövcud olmaq üçün sənət lazımdır. Ola bilər, bu gün mənim iki-üç musiqili meyxanam sevilib, bu, o demək deyil ki, Orxan musiqili meyxana deyəndir. Mən meyxanaçı kimi tanınmaq üçün on beş il toylarda dayanmadan meyxana demişəm. Loru çıxmasın, əməlli-başlı döyüşmüşük, söz döyüşünə çıxmışıq.

- Bu dedikləriniz yəqin ki, səhhətinizə də təsir edib?

- Əlbəttə. Bizim sənətlə rejim, vaxtlı-vaxtında yatmaq, oyanmaq alınmır. Elə bircə bu, bəs eləyir də. Yuxusuzluq bütün xəstəliklərə, dərdlərə yol açır.

- Səhhətdən söhbət düşmüşkən meyxanaçıların adları və həyatdan vaxtsız getmələri daha çox narkotika ilə əlaqələndirilir.

- Yox, bunlar boş-boş sözlər.

- Meyxanaçılar ümumiyyətlə istifadəçi deyillər?

- Xeyir. Yəni eləyəni də, eləməyəni də olub. Siz indi elə sual verirsiniz, mən ona cavab verə bilmirəm... Amma sırf meyxananı buna bağlayıb, meyxanaçı nəşə çəkməsə, tiryək atmasa meyxana deyə bilməz demək doğru deyil. Bu, boş söhbətdir.

- Meyxanada tac məsələsi həmişə aktual olub. Kimsə həmişə meyxananın birincisi olub. Mən keçən dəfə Mehman Əhmədlidən Aydın Xırdalanlının onların nəslində birinci olmasını soruşanda o, etiraz etdi.

- Mehman Aydınla eyni nəslin nümayəndəsi olub, ola bilsin, ərk edib razılaşmasın. Meyxana deyənlər həqiqətən də həmişə çox olub. Amma bu çoxluğun içində seçilən şairlər olub ki, onların adı dillərdə gəzib, yaddaşlarda qalıb.

- Sizcə indi meyxananın tacı kimdədir?

- İndi kimdədir, onu deyə bilmərəm (gülür). Onu siz yaxşı bilərsiniz. Amma mənim gənclik illərimdə Hacı Kərim idi. Allah şəfa versin, Kərim ayağa duranda toyxana silkələnərdi. Rəhmətlik Məşədibaba da həmişə qeyri-adiliyi ilə seçilib. O, yüz sözün içindən elə bir söz tapıb deyərdi ki, nəinki toyxanadakılar, hətta meyxana deyənlər də məəttəl qalardı. Mən yaş sıralaması ilə gəlirəm. Onlardan sonra Aydın Xırdalanlı gəlir. Aydından sonra isə Rəşadın, rəhmətlik Vüqarın, bizim nəslin adı hallanırdı. Mən qeyri-adiliyi, ustalığı ilə seçilən şairlərdən danışıram. Misalçün, bizim nəsildən rəhmətlik Vüqar Füzulini əzbər bilirdi. Füzulidən zəngin nə var? Aydın bizdən böyük olsa da, o da usta idi. Yəni, hər dövrdə belə adamlar olub. Bu gündə də sırf meyxanadan, meyxananın sütunundan söhbət gedirsə, elə tac məsələsində də birinci Rəşaddır. Adam gərək sözün düzünü deyə. Rəşad mənim dostum, qardaşımdı deyə tərifləmirəm. Durub desəm, birinci mənəm sizə də, başqasına da gülməli gələr.

- Dediyiniz kimi, Vüqar Biləcərli ilə yaxın dost olmusunuz...

- Bəli. On yeddi illik dostum olub.

- Meyxana aləmində, hətta sizin lap yaxın çevrənizdə belə bir söhbət gəzir ki, Vüqarın ölümündə, daha doğrusu onun pis vərdişlərə mübtəla olmasında sizin günahınız olub.

- Danışsınlar də. Mən bugünkü gündə Vüqarın evinə də gedirəm, ailəsi ilə də görüşürəm. Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil.

- Bəs nədir?

- Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində “paralij” oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun özünəməxsus daxili dünyası alt-üst oldu. Biz nə qədər çalışsaq da, Vüqar ailə qurmadı, onu evləndirə bilmədik. Ona bu barədə deyən kimi deyirdi, mən evə necə gəlin gətirim, anam xəstədir. Bu cür fikirdən, dərddən Vüqarın canı xəstəlik tapdı, axırda da dünyasını dəyişdi. İndi hərə bir şey danışır...

- Vüqar bəy nədən rəhmətə getdi?

- Onun ağır xəstəliyi vardı. Hər şey kənardan görsəndiyi kimi deyil. Bizim içimiz özümüzü, çölümüz özgəni yandırır. Aydın öləndən sonra hərə bir söz danışdı. Biri dedi, Aydını filankəs narkotikaya oturdub, digəri dedi, Aydının filankəs evini yıxdı və s. Bilirsiniz, heç kim heç kimə nəyisə məcbur elətdirə bilməz. Mən Vüqarı neçə illərdi tanıyırdım. O, elə düşüncənin, ağılın, imanın sahibi deyildi ki, kimsə nəyəsə məcbur etsin. Cəsarətli oğlan idi. Kimə, harda, nə lazım idisə deməyi bacaracaq qədər qeyrətli qardaş idi. O qədər avam, cahil, dərrakəsiz insan deyildi ki, onu kimsə nəyəsə məcbur edə. Biz Vüqarın həmişə yanında olmuşuq. Elə şeylər var, insan onların qarşısında acizdir. Heç kim istəməzdi Vüqar ölsün. Mən bu barədə pis danışan insanlara demək istəyirəm ki, Vüqarın dünyadan getməsi mənim qanadımın birinin qırılması demək idi. Mən bu cür sözlər danışan adamlara insafdan, vicdandan bixəbər olanlar deyirəm. Çünki hər şeydən əvvəl mən bir dost itirmişəm. Meyxananı da bir kənara qoyuram. Dərdim, problemim olanda atamla yox, Vüqarla məsləhətləşmişəm. İndi Vüqarın ölməyi sizcə mənə sərf edər? Görün nə qədər amansız insanlar var. Bu söhbətlər mənim özümə də gəlib çatıb. Tək mənim yox, bir neçə meyxanaçının adı hallanıb bu söhbətlərdə. Amma inanın, hamısı boş söhbətlərdir. Mən Vüqarın evinə girəndə, onun atası qapını açıb kövrəlirsə, sizi görəndə elə bil Vüqarı görürəm deyirsə, kənardan kim nə danışırsa, danışsın. Vüqar rəhmətə getməzdən əvvəl də onun yanında olmuşuq, rəhmətə gedəndən sonra da xəstəxanadan məscidə, ordan qəbirə qədər nəşinin yanında olmuşam. Mənə nə qədər dedilər, maşından düşüm, çünki özümdə deyildim, düşmədim, dedim, yox, imkan verin, axır məqama qədər qardaşımın yanında olum. Yenə deyirəm, Samirə xanım, mən dost itirmişəm. Bizim o yaşımız deyil. Biri var adam əlli, altmış yaşında eşidə ki, bir dostu ölüb, bunu birtəhər qəbul edər. Cavan itki ağırdır. Bu hadisə Rəşada da, mənə də çox pis təsir etdi. Allaha and olsun, biz elə bilirik, toylar başlayacaq, yenə Vüqar gələcək, meyxana deyəcəyik. Amma Vüqar yoxdur. Daha kim qaldı? Aydın getdi, Vüqar getdi...

- Siz həm də meyxanada məşhur dördlük hesab olunurdunuz...

- Bəli. Rəşad, Pərviz, Orxan, Vüqar dördlük idi. Bu dördlük on il dayanmadan fəaliyyət göstərib. Bizi elə seviblər. Vüqar dini və əruz baxımından, Rəşad deyişmədə, Pərviz yumorlu meyxanada, mən də dostluq və məhəbbət mövzusunda güclü idik. Bu dördlük birləşəndə ortaya çox gözəl meyxanalar çıxırdı. Bu gün onu alındıra bilən yoxdu. Mən bunu pis mənada demirəm. Əksinə, sevinərəm ki, olsun. Amma yoxdur. İndiki gənclərin hamısının həvəsi ulduz olmaqdı.

- Meyxanaçılar çox erkən və amansız şəkildə həyatla vidalaşırlar...

- Hərdən fələk də çox amansız olur. Heç kimin mətbəxin içindən xəbəri yoxdur, hərə kənardan bir şey danışır.

- Meyxana və din, Əli aşqiliyi meyxanada var.

- Meyxanada dindarlar da var, dindar olmayanlar da. Vüqar, Aydın dinə yaxın adamlar idi. Mən özüm əvvəllər içki içən idim. Hamı məni belə tanıyırdı. Amma neçə vaxtdır artıq tövbə etmişəm. Mənim indi üç övladım var. Baxıram, onlar böyüyür. Anam, atam da bir yandan deyir, daha nadincliklərini yerə qoy. Düşünürəm ki, haqlıdırlar. Daha adamları yormaq olmaz.

- Adamları çox incidirdiniz?

- Siz deyən kimi dəli də deyildim (gülür). İçki içib gəlib dava salmırdım. Sadəcə, adamın canı da gedirdi. Həm də artıq yaş da kamilləşir. Bu baxımdan din də çox kömək edir. Əli aşiqliyindən gələn qığılcım var. Sizə bir söz deyim, meyxana deyənlərin üzərində allahın əli var. O olmasa mümkün deyil. Etiraf edirəm, mənim dini savadım çox azdır, amma elə toy olub, ayağa qalxıb din, islam, Əli əleyhissalam haqqında elə bir söz demişəm, sonra özüm o meyxanaya qulaq asanda təəccüb etmişəm. Axı insan özünü tanıyır. Mən bilirəm ki, mənim savadım hara qədərdir. Meyxanada savadım çatandan artığını demişəm. Söhbət usta meyxana deyənlərdən gedirsə, bu, onların hamısının başına gəlib. Mən texniki meyxanadan yox, fitri meyxanadan danışıram. Bu allahdan, Əli aşiqliyindən qaynaqlanır.

- Qadına münasibətiniz necədir?
- O dəftərlərin hamısını bağlamışam. Hər insanın həyatında, gəncliyində olub belə səhvlər. Mən bugünkü gün ailəmə ona görə minnətdaram ki, mənim bütün kaprizlərimə, səhvlərimə dözüblər, məni bağışlayıblar. Bu gün özümü çox uca insan hesab edirəm. İnsanı o ucalıqda saxlayan ailəsidir. Ona görə də ailəmə, atama, anama, bacı və qardaşıma minnətdaram. Çünki mən elə əvvəldən evin kiçik, ərköyün uşağı olmuşam. Atamı, anamı çox incitmişəm. Sonra da ailə qurmuşam. Üç, dörd il əvvələ qədər ailəmi də, doğmalarımı da incitmişəm. Allaha şükür, onlar hər şeyə dözüblər, yanımda olub məni yıxılmağa, əzilməyə qoymayıblar.

- Bəs yaradıcı insan kimi təbinizin qaynağı hardandır?

- Mən elə sevib ailə qurmuşam.

- Bir yazıçı var, deyir məhəbbətin ömrü üç ildir...

- Bunlar boş şeydir. Əksinə, insan yaşa dolduqca kamilləşir.

- Güclü kişilərin də zəif tərəfləri olur. Bu baxımdan bağışlanmağınız sanki xoşunuza gəlib, ürəyinizə yatıb.

- Əlbəttə, əlbəttə haqlısınız. Bəzən elə məqam olub, mən öz kişiliyimlə dəhşətə gəlmişəm, qarşımdakı qadının qadınlığına heyran qalmışam. Düşünmüşəm ki, bu, insan deyil, çox uca bir zirvədir. Bəlkə də mələkdir. İndi adi bir mobil telefonun, mesajın üstündə ailələr dağılır. Amma biz sənət adamı olmuşuq. Səhvlərimiz də en qədər olub.

- Ehtiyat etmirsiniz ki, vaxtilə yaşadığınız xoş bir əhvalatı, macəranı səhv hesab etməklə, başqa bir qadının xətrinə dəyə bilərsiniz?

- Əlbəttə, kiminsə də xətrinə dəymək, qəlbini qırmaq olmaz.

- Orxan bəy, bir başı bəlalı maşınınız vardı. Baha alıb, ucuz satmısınız. Maraqlı tarixçəsi olub...

- Hə, elədir. Hər şeyi də bilirsiniz maşallah (gülür). Bir maşınım vardı, içki içən vaxtlarımda dövlət yol polisləri, sağ olsunlar, harda saxladırdılar, deyirdilər, şair, get. Dörd-beş ildən sonra məni bölməyə çağırıb dedilər, 32 min manat borcunuz var. Dedim, nə danışırsınız? Dedilər, hə, yığılıb üst-üstə, bu qədər olub. Mən heç vaxt qanunun əleyhinə danışa bilmərəm. Sən demə evə də məktublar gəlirmiş. Bir gün anamdan soruşdum. O da qurban olduğum yaşlı qadındır, dedi, bala, sənə bir dəfəyə on, iyirmi məktub gəlirdi, atırdım samovara, manqala, yanırdı. Elə bilirdim fanatlarındır, qızlardır. Qorxumdan açmırdım ki, evdə söz-söhbət düşər. Dedim, ay rəhmətliyin qızı, neyləmisən sən (gülür). Vaxtında bilsəydim, az-az ödəyərdim, xərcim də yüngül olardı. Sonra gəldim bunları polis bölməsində də danışdım. Mənə dedilər, cərimələr hamısı ödənməlidir. Mənim üçün dövlətin qanunu qanundur. Pandemiyanın sərt vaxtında maşınımı 21 min manata satdım. Üstünü də dostlar düzəltdi, borcla-xərclə son qəpiyinə kimi ödədim. Sonra bir dostum çağırdı məni, mənə bir “Niva” bağışladı, dedi, sür, toyların başlayanda pulunu xırda-xırda verərsən.

- Meyxanada dava düşür?

- Olur. Amma elə də yox. Ola bilər, meyxanda Rəşadla mən bir-birimizlə düşmən kimi deyişək, düşmən kimi baxaq, amma sonra meyxanadan çıxıb Rəşadla bir maşında deyə-gülə evə gələk.

- Meyxana deyişməsində nəyi etmək olmaz?

- Mən həmişə deyirəm, kim necə yaşayır, elə də meyxana deyir. Yəni, kimin qanacağı necədirsə, elə də danışır. Otuz, əlli yaşından heç kimə qanacaq öyrədə bilmərik. Məni elə məclislərdə görməzsiniz. Sərt meyxana deyərəm, amma çərçivədən çıxmaram. Gənclərə də bunu tövsiyə edirəm. Zarafatın həddi var. Şəxsiyyətə toxunmaq olmaz. Deyir, döymə taxta qapımı, döyməyim dəmir qapını. Adam gərək söz deyəndə qarşısındakının cavabını fikirləşib desin. Meyxana sənətində bu mühümdür.

- Həqiqəti meyxana ilə də deyirlər.

- Biz buna yaxşı baxmırıq. Toyda olub elə hal. Həmin meyxana deyəni dost kimi qardaşyana kənara çəkib demişəm ki, atam, mənimlə prinsipin varsa, burda de, səhnə ondan ötrü deyil. Camaat bir ətək pul verib bizi çağırmayıb ki, hansısa şəxsi problemi səhnədə həll edək.

- Qulaq asırlar?

- Alınır. Sözü deməyin forması var. Mən ona qardaşcasına deyirəm ki, xətrinə dəymişəmsə, mən ona görə üzr istəməyə qadir oğlanam. Amma incikliyin varsa, bunun iştirak elədiyimiz toya dəxli yoxdur.

Diqqət! Materialdan istifadə edərkən hiper linklə istinad etmək vacibdir!

Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə"> Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə" data-description="gallery" alt=" Meyxanaçı Orxan Lökbatanlı: “Vüqar Biləcərini o qadının dərdi öldürdü” – Müsahibə">

Oxşar xəbərlər

Xəbər lenti

“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021