writer1

Sevda Sultanova

Məqalə sayı

859
clock09:00 calendar-gray 01 May 2021 view-gray1392 dəfə oxunub
view-gray1392 dəfə oxunub

Əshabi-Kəhfin cəzalandırdığı Azərbaycan filmi

Kulis.az Sevda Sultanovanın "Məlikməmməd nağılı" əsasında çəkilmiş Əzablı yollar” bədii filminin təhlilini təqdim edir.

Tofiq İsmayılovun “Əzablı yollar” bədii filmi “Məlikməmməd” nağılının əsasında ekranlaşdırılıb. Daha doğrusu, film məşhur Azərbaycan nağlının tamamən fərqli interpretasiyasıdır.

“Məlikməmməd” nağılının süjetinin mahiyyətində qardaşların hakimiyyət, nüfuz uğrunda mübarizəsi və bir birinə bu mübarizədə güzəştə getməməsi motivi dayanır. Padşahın kiçik oğlu Məlikməmməd qardaşları onu birgə səfərləri zamanı xəyanət etdiklərinə görə bağışlaya bilmir. Beləliklə o, qardaşları ilə ədalət məhkəməsində qarşılaşmadan, dialoq qurmadan onları qətlə yetirir. Finalda isə ata Məlikməmmədə haqq qazandıraraq onu bağrına basır. Bəlkə radikal görünə bilər, amma məhkəməsiz filansız haqq hesab çürütmək, qisasçılıq- belə bir davranış modelini uşaqlara aşılamağı ziyanı sayıram.

Ona görə “Əzablı yollar” filmində nağılın süjeti dəyişilərək, şərə qarşı mübarizədə “güc birlikdədir” ideyası əsasında qurulub. Tofiq İsmayılov bununla bağlı vaxtilə “Kulis”ə verdiyi müsahibəsində deyir:

“Nağıl sırf ailə, məişət nağılı idi, mən onu ictimailəşdirdim. Nağılda Məlikməmməd qardaşlarını öldürür, hakimiyyətə gəlir. Bu, tayfa nağılıdır, onu bu müstəvidən çıxardım. Qəhrəmanlar üç qardaş kimi gedib dost kimi qayıdır”.

Janr təyinatına görə filmi sırf nağıl kimi qəbul etmək doğru deyil. Rejissorun fikrincə, bu həm detektivdir, çünki divlər insanların içərisinə, kəşfiyyata göndərilir. Hərçənd, əhvalatda rejissorun nəzərdə tutduğu detektiv elementləri özünü doğrultmayıb. Lakin, fikrimcə, “Əzablı yollar”ı nağıldan çox fəlsəfi-ekzistensial dram səviyyəsinə də gətirilə bilərdi. Buna bir az daha irəlidə qayıdacağam.

Süjetə görə, Qarayel (Həşım Qadoyev) adlı zülmü, şəri həyat amalına çevirən hökmdar obaları xaraba qoymaqdan zövq alır. Qonşu dövlətlərdən birinin padşahı (Həsən Məmmədov) Qarayelin öhdəsindən gələ bilmir. Onu narahat edən başqa bir məsələ üç oğlunu qəhrəman kimi necə böyütməsi qayğısı, torpağı qoruya bilməyəcəklərindən əndişələnməsidir. Padşah sarayında götür qoy edərkən, nağılçı qoca (Məmmədrza Şeyxzamanov) onun köməyinə gələrək yol göstərir. O, padşaha igidliyi, cəsarəti daşıyan üç alma verir. Gecəyarısı yetişəcək bu almaları oğullar eyni vaxtda götürməli və onlar Qarayelin əlinə keçməməlidir.

Amma oğulların heç biri sehrli almaları qoruya bilmir və Qarayelin üç divi almaları oğurlayır. Şah övladlarını sehrli almaların ardınca təhlükəli səfərə yollayır. Bədii mətnlə filmin arasında əsas ideya ayrılığı məhz bu nöqtədə baş verir. Böyük qardaşlar tənbəl və deyingən olsalar da, biri-birinin qayğısına qalır, biri-birini yolda daha yaxşı tanıyırlar. Uzun yol onları ağır sınaqlardan keçirir, bərkə boşa salır və verilən tapşırığı yerinə yetirərək vətənə yetkinləşmiş, özünü təsdiləmiş şəxsiyyət kimi dönürlər…

Filmin ən mararqlı tərəfi obrazların fərqli işlənməsi və özəlliyidir. Qarayel (belə bir obraz nağılda yoxdur) paranoik, dünyaya hakimlik maniyasından əziyyət çəkən xarakter kimi işlənib ki, dünya kinosunda da davranışlarında hakimiyyət hərisliyinin psixi xəstəlik səviyyəsində ifadə olunan obrazlar çoxdur. Qardaşlar ümumən müsbət xarakterizə edilsə də, yüksək məziyyətlərə sahib personaj kimi də göstərilmir. İlk epziodlarda böyük qardaş Şahməmməd (Elşad Qazıyev) kef məclisində əylənir, ortancıl Xanməmməd (Viktor Demirtaş) əsas məşğuliyyəti yeməkdir. Təkcə Məlikməmməd isə (Ötkəm İsgəndərov) qartal yemləməsi ilə xeyirxah, mərhəmətli obraz kimi təsvir olunur. Səfər boyu qardaşların tənbəlliyi, tapşırığı yerinə yetirmədən geri dönmək meylləri olsa da, onlar həm Məlikməmmədin təsiri, həm vicdanlarının səsi ilə iradə göstərərək çətinliyi aşa bilirlər.

Filmin daha maraqlı tərəfi üç qardaş div (Eldəniz Zeynalov, Siyavuş Aslan, Yaşar Nuriyev) obrazının yozumudur. Divlərin nağıldakı divlərdən fərqi, özəlliyi ondan ibarətdir ki, onlar nəsə ekzistensial bir boşluq yaşayırlar, həyatlarında məna qatmağa çalışırlar. Div olmaqdan yorulan varlıqlar adam görkəminə salınanda nəhayət, əsir tutduqları qızların onlardan xoşu gələcəklərinə ümid edirlər. Divlərin mahnı mətnləri və obrazların ifasında yorğun, ümidsiz üsyanın dəqiq plastik həlli onların özünüdərkidir, yaşadıqları həyatın fəlsəfi kontekstə salınması, müzakirəsidir.

Divlərin oxuduğu mahnılardan nümunə:

“Necə dözək belə dərdə,
yaşamağa qoymur bizi,
bələkdəki bəbələr də,
it yerinə saymır bizi.

Div deyilik oyuncağıq
dərdimizi demək olmur.
Adamların dadı qaçıb,
Adamları yemək olmur”.

Adam yeməkdən, öldürməkdən bezdiyini deyən divlər vicdanlı yaşamaq üçün fərqli dünya arzulayırlar, amma çıxış yolu tapa bilmirlər. Paralel süjetlərdə rejissor xeyirxahlıq, qəhrəmanlıq göstərən qardaşlarla şərə xidmət edən üç divi qarşı-qarşıya qoyaraq ziddiyyətli situasiyalar təklif etməyə çalışır. Amma məsələ ondadır ki, daha tutumlu konflikt divlərin öz içində, daxili dünyasında yaşanır. “Əzablı yollar” məhz bu nöqtədə udur. Çünki ilk dəfə bizim kinoda bədheybət varlıqların şərlə xeyirxahlıq arasındakı çırpıntılarını görür, mənəvi dünyası, istəkləri ilə tanış oluruq. Və ayrı-ayrı məqamlarda müəlliflər bir növ mifik obazları insaniləşdirərək bəndəyə yaxınlaşdırır.

Ümumiyyətlə, bütün əhvalatı divlərin həm daxili ziddiyətləri, həm müasir insanlığa, bəşəriyyətə baxışı üzərində qurmaq filmi tamamən başqa bir keyfiyyətlə yükləyərdi. Kiçik divin kitaba marağı, böyük qardaşın “hələ bizim nəsildə kitab oxuyan olmayıb” deyərək onu yandırması, divlərin “hamı yeyir bir–birini, daha bizlik iş qalmayıb” şikayəti ilə filmin əslində çağdaş dövrümüzə dolğun alleqoriya olmaq kimi böyük fürsəti vardı. Bu mənada “Əzablı yollar”ı ekzistensial fəlsəfi dram kimi işləmək olardı. Lakin təəssüf ki, bu xətt qırılır, onun davam etdirilməsi üçün tutarlı dramaturji zəmin yaradılmır, əhvalatın sonrakı gedişatı orijinal versiyaya uyğun, bəsit qatda davam etdirilir.

Ona görə bir səhnələr, döyüşlər illüstrasiya kimi işlənir, az qala hər səhnənin zərurət olmadan musiqi nömrəsinə çevrilməsi, divlərə əsir düşən qızların Pərizadın (Sonaxanım Əliyeva), Nurzadın (Həmidə Ömərova), Gülşadın (Leyla Manafova) qardaşlarla ilk görüşünün, dialoqunun teatral estetikada işlənməsi kinotəbiətinin xüsusiyyətlərini sıxışdırır. Müxtəlif janrların döyüş, macəra, musiqili-komediyanın əlamətləri nəzərə çarpsa da, bu filmə dərinlik, çoxqatlılıq qazandırmır. Əksinə, janr pintilyi, qeyri-müəyyənliyi ortaya çıxıb.

Bununla belə “Əzablı yollar” 1989-cu ildə Amerika kinoprodüserlərinin seçdiyi 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi. Rejissor bu haqda deyir:

“Amerikada sovet kinosu günləri keçirilirdi. 16 respublikadan 14 film seçilir. Onlardan biri də mənim filmim olur. Texnikanın olmadığı illərdə belə bir film çəkmək, yaradıcı səhnələr quraşdırmaq asan deyildi. Fikir, düşüncə vardı. Hətta filmimi bəyənməyən, məhv eləməyə çalışan Azad Şərifov filmi xarici jurnallarda elə tərfilədi ki, məətəl qaldım. Halbuki deyirdi ki, bu film üçüncü kateqoriya alsa biz şad olarıq”.

Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabına görə, şah roluna Həsənağa Turabov, Məlikməmməd roluna isə aktyorun oğlu Daşqın təsdiq olunub. Bir ay sürən çəkilişlərdən sonra, aydın olmayan səbəblərdən aktyorlar dəyişdirilib.Çəkilişlər Naxçıvanda və Bakıda (İçərişəhərdə, Qala kəndinin yaxınlığında) baş tutub.

Kinorejissor Tahir Tahiroviç filmlə bağlı maraqlı məlumatları bölüşdü:

“Əzablı yollarla” çəkiləndə 6 yaşım vardı. Atam onda mehmanxana müdiri idi. Çəkiliş heyəti mehmanxanada qalırdı. Sonradan bu filmlə bağlı xeyli məlumat öyrəndim və dəqiqləşdirdim. Çəkilişlər əsasən Culfa ərazisində, İlandağda aparılırdı. Üç divin mahnı oxuya-oxuya gəlməsi, Məlikməmmədlə savaşı Naxçıvandan 10 km aralıda yerləşən Əshabi-Kəhfdə çəkilib. O vaxt Əshabi-Kəhf dini yer olsa da, dövlətin xüsusi diqqətində deyildi, amma insanların inanc yeriydi. Orda Cənnət bağı deyilən yer var. Ora çıxmaq çətin idi. Bəzi səhnələri Tofiq İsmayılov orda çəkmək istəyəndə, yaşlı insanlar müqəddəs yer olması səbəbindən buna etiraz ediblər. Quyuya düşmə səhnələri var ki, ukraynalı kaskadyorlar yerinə yetirib. Həmin səhnənin çəkilişi zamanı bir kaskadyorun ayağı qırılmışdı. Bir dəfə isə orda maşın aşmışdı. İnanca görə, Əshabi-Kəhfin cəzasıydı. Hətta gözlənilməyən vaxtda qar da yağmışdı. Çəkiliş qurpuna deyilirdi ki, ora işib getməsinlər. Amma qrupda olan ermənilər qəsdən içib ora çəkilişə gedirdilər. Hətta mən “Əzablı yollar”ın Naxçıvandakı premyerasına 1982-ci ildə orda yay düşərgəsində olanda baxmışam”.

Filmin ssenari müəllifi Oktay Məmmədov,operatorları Şərif Şərifov, Vladimir Spojnikov, bəstəkar Tofiq Quliyevadir.

Mahnıları Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan ifa ediblər.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021