Qorkinin qrammofonu, Nuru Paşanın saatı... – Müxbirimiz Teatr Muzeyində necə yaxalandı? – Reportaj

Qorkinin qrammofonu, Nuru Paşanın saatı... – Müxbirimiz Teatr Muzeyində necə yaxalandı? – Reportaj
10 mart 2021
# 15:50

Bu günün Milli Teatr Günü olduğunu biləndə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini ziyarət etmək istəyi keçdi könlümdən.

Hava da gözəl, günəşli. Redaksiyada oturmaqdansa, elə gedib muzeydə özümü yeniləmək daha əla olar.

Niyəsə heç jurnalist kimi getmək də istəmədim. Sadə bir ziyarətçi kimi getmək daha maraqlı olar deyə düşündüm və yola çıxdım.

Yaz gəlib, günəş yalandan çıxmır, doğrudan isidir. Şəhər boz rəngdən çıxmaqdadır.

Muzeyə çatanda məni işçilər qarşılayır, biletimi alıram və ekskursiyam başlayır.

Muzeyin gözəl xanım işçilərindən biri mənə eksponatlar və muzey haqqında məlumatlar verməyə başlayır. Fikrim gah xanıma, gah eksponatlara gedir.

Xanımın adı Suqradır... Deyəsən, ilk dəfədir ki, bir xanıma eynəyi bu qədər yaraşdırıram. Gözəlliyi və səliqəli geyimi diqqətimi çəkir, amma çalışıram ona çox baxmayım ki, özümü ələ verməyim.

Suqra xanım eksponatlar haqqında maraqlı məlumatlar verdikcə, fikrimi onun özündən alıram:

- Bu da Maksim Qorkinin Cəfər Cabbarlıya hədiyyə etdiyi qrammofondur...


Maksim Qorkinin Cəfər Cabbarlıya hədiyyə etdiyi qrammofon.

Qrammofona baxıram və içimdəki jurnalist sadə ziyarətçini üstələməyə başlayır. Maksim Qorki və Cəfər Cabbarlı kimi iki dahini birləşdirən bu cihaz məni yoldan çıxarır. Gizlincə şəklini çəkirəm.

Özümü tamam saf aparmağa çalışıram. Hə, xanımlara yalandan deyirəm ki, Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq” fakültəsini bitirmişəm. Suqra xanım da həmin universitetin filologiya fakültəsinin tələbəsi olduğunu deyir... Qiyabi oxuyur, 5-ci - sonuncu kursdadır.


Cəfər Cabbarlının dəri portfeli.

Muzeyin xanım işçiləri eksponatların şəklini çəkməyin qadağan olduğunu, amma eksponatlarla şəkil çəkdirməyə icazə olduğunu deyir. Sağ olsunlar, elə özləri şəkillərimi çəkirlər.

Suqra xanım davam edir:

- Bu divar saatını da Cəfər Cabbarlıya 1918-ci ildə Qafqaz İslam Ordusunun baş komandanı Nuri Paşa hədiyyə edib.

Yenə diqqətdən kənar qaldığım bir vaxtda çox cəld hərəkətlə divar saatının şəklini çəkirəm.


Nuri Paşanın Cəfər Cabbarlıya hədiyyə etdiyi divar saatı.

Xanımlar həm mənə məlumat verdikcə, həm də mən istəyəndə şəklimi çəkdicə vicdanım məni narahat eləməyə başlayır. Və nəhayət dözməyib etiraf edirəm:

- Mən sizə yalan dedim, xanımlar!

Hər iki xanım mənə təəccüblə baxır və nə deyəcəyimi gözləyirlər:

- Mən jurnalistəm! Bura da gizlincə şəkillər çəkib reportaj hazırlamağa gəlmişəm!

Xanımlar gülürlər:

- Bəs bizə niyə əvvəldən demədiniz?

- Çünki onda daha ciddi nəzarət edəcəkdiniz mənə, belə heç olmasa bir-iki şəkil çəkə bildim.


Şuşada səhnəyə qoyulmuş "Otello" tamaşasına dəvətnamə, 1904

Suqra xanım üzündə təbəssümlə soruşur:

- Onda “Kitabxanaçılıq” fakültəsi məzunu olmağınız da yalandı?

- Bəli, amma Bakı Dövlətin məzunuyam, jurnalistikanı bitirmişəm.

Digər xanım deyir:

- Gərək əvvəldən deyərdiniz, biz sizə hər cür şərait yaradardıq.

- Əslində, hələ də gec deyil! – təbəssümlə deyirəm. Teatrın direktoru Sevinc Mikayılova ilə beş-on dəqiqə söhbət etməyimə kömək eləsəniz, çox sevinərəm.


İlk milli teatr afişası. 1873

Xanım heç azalmayan nəzakəti ilə cavab verir:

- Əlbəttə, kömək eləyərik!

Və budur, artıq Sevinc xanımın kabinetindəyəm. Deyəsən, muzeydəki xanımların hamısı gözəllik müsabiqəsindən keçiblər. Salamlaşdıqdan sonra vəziyyəti izah edirəm:

- Sevinc xanım, mən könüllü təslim olmuş jurnalistəm. Gizlincə şəkillər çəkib gedəcəkdim, amma sonra vicdanım icazə vermədi. Həm də istədim sizə bir-iki sual verim.

- Gizlincə şəkil çəkməyinizə ehtiyac yoxdur (gülür). Sizə lazımlı olacaq materialları özümüz göndərərik mütləq. Suallarınızı da verə bilərsiniz. Keçin əyləşin.

Əyləşirəm və bu dəfə başqa bir xanım işçidən bizim şəkillərimizi çəkməsini xahiş edirəm.

Söhbətimiz başlayır:

- Teatr canlı sənətdir. Sizcə, bu canlı sənət özünü muzeydə necə hiss edir?

- Ümumiyyətlə, mən deyərdim ki, muzeylər tək teatr yox, mədəniyyətə aid bütün abidələrin məzarlığıdır. Bizim işimizsə, bu “məzarlıqda” uyuyan abidələri, eksponatları canlandırmaqdır. Biz də teatr tariximizi canlı tutmağa çalışırıq. Bunun üçün fərqli layihələr, proqramlar, interaktiv tədbirlər, ustad dərsləri həyata keçiririk. Teatr bir çox sənətin sintezindən meydana gəlib. Burda musiqi də var, aktyorluq da, rəqs də, rəsm də. Ona görə, ustad dərslərimizdə müxtəlif sənət növlərinə aid məşğələlər gerçəkləşdiririk.

- Heç olurmu ki, teatr xadimləri qısqanclıqdanmı, ya hansısa başqa səbəbdən onlarda olan eksponatları sizə, muzeyinizə verməsinlər?

- Bunun qısqanclıqdan olduğunu deyə bilmərəm, bəlkə elə hallar da olur, amma əksəriyyəti aktyorların laqeydliyi ilə bağlıdır. Sanki aktyorlarımızın özlərinə aid nəyisə ölümsüzləşdirmək arzusuna maraq yoxdur. Biz özümüz də onlara müraciət edirik. Məsələn, bütün teatr rəhbərləri tamaşalarla bağlı afişaları, fotoları, videoları bizə göndərirlər, arxivləşdiririk. Bunlar gələcəkdə tədqiq olunmaq üçün çox vacibdir, amma inanın, aktyorların özlərinə məxsus, şəxsi əşyalarının, ya da xüsusi tamaşalardan qalmış əşyaların əhəmiyyəti çoxdur. Həm də ziyarətçilər üçün belə eksponatlar daha maraqlı olur. Bu yaxınlarda mərhum Xalq artistimiz Yaşar Nurinin bəzi şəxsi əşyalarını muzeyimizdə sərgilədik, ziyarətçilərin çox böyük marağına səbəb oldu. Gərək aktyorlarımız bunu da nəzərə alsınlar.

- Digər ölkələrin teatr muzeyləri ilə müqayisədə bizim muzeyin vəziyyəti necədir?

- Digər ölkələrin muzeylərində, təkcə teatr muzeyləri yox, bütün muzeylərində onların mədəniyyətlərini göstərə biləcək çoxlu sayda maraqlı eksponatlara rast gəlmək olur. Bizdə isə, bayaq dediyim kimi, muzeylərə eksponat bağışlamaq mədəniyyəti formalaşmadığı üçün onlara nisbətdə daha maraqsız görünə bilərik. Buna da sadəcə təəssüf edə bilirik. Biz muzey işçiləri çalışırıq bu boşluqları necəsə dolduraq, amma gərək teatr xadimləri, aktyorlarımız da bizə kömək etsinlər. Kiminsə əlindən zorla hansısa əşyanı ala bilmərik ki (gülür).

- Pandemiya dövründə muzeylər qapandı, sonra ilk açılan məkanlardan biri də elə muzeylər oldu. Necə təsir edir pandemiya ziyarətçilərin sayına? Pandemiyadan əvvəl necə idi?

- Pandemiyadan əvvəl ziyarətçilərimizin sayı normal idi. Həm məktəblərdən, həm universitetlərdən çoxlu ziyarətçimiz olurdu. Həm də turistlərin ayağı ölkəmizdən kəsilməmişdi. İndi mövcud vəziyyətə görə ölkədə turistlər yoxdur, məktəblər və universitetlər də onlayn dərslərə keçib, ona görə bu cür kollektiv ziyarətlər olmur. Amma yenə də ziyarətçilərimiz olur. Ümid edirik ki, pandemiyadan sonra daha yaxşı olacaq.

- Oğurluq üstə tutulsam da, yenə icazənizlə son sualımı verim.

- Buyurun (gülür)..

- Mən Peterburqda olanda Puşkinin, Blokun ev muzeyində, “Ermitaj”da oldum. Saatlarla növbə gözləyən adamlar vardı. Yüzlərlə, minlərlə ziyarətçi... Bilet qiymətləri də bizdəkindən qat-qat baha. Bizdə biletlər, demək olar, pulsuzdu. Orada isə insanlar bir muzeyə dəfələrlə gedirlər. Bu mədəniyyəti bizdə necə formalaşdıra bilərik?

- Bunun üçün televiziyalar, saytlar, digər KİV bizə kömək etməlidir. Muzeylərin təbliğatı ilə məşğul olmalıdır. Ən əsas iş isə müəllimlərin öhdəsinə düşür. Çünki uşaqlar “plastilin” kimidir. Müəllimlər uşaqlara təkcə savad verməklə yox, həm də onların dünyagörüşünün formalaşması ilə məşğul olmalıdırlar. Müəllimlərin uşaqlara təsiri böyükdür, bundan istifadə edib onlarda sənətə, incəsənətə, mədəniyyətə maraq, həvəs yaratmalıdırlar. Təkcə elm verib bu cür maarifləndirməsələr, yetişdirdikləri şagird ruhsuz, sevgisiz olacaq və ağıllı robotdan, kompüterdən fərqlənməyəcək.

- Çox təşəkkür edirəm, Sevinc xanım! Çox xoş oldu!

- Siz sağ olun! Nə vaxt istəsəniz buyurub gələ bilərsiniz.

Otaqdan çıxıram, Suqra xanım və adını bilmədiyim digər xanımla da sağollaşıram, yalanım üçün bir daha üzr istəyirəm.

# 4714 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #