Xəyanətkar arvadına görə əzab çəkən kişi – Yeni hekayə

Xəyanətkar arvadına görə əzab çəkən kişi – Yeni hekayə
5 fevral 2021
# 18:30

Alpay Azər

“Hisslər və macəralar” silsiləsindən

Tanyanın Vanyası, Vanyanın Tanyası

uzun hekayə

Vanya (İvan) şirkətimdə malların keyfiyyəti işinə baxırdı. Topdansatış şirkətlərdən alıb gətirdiyimiz unitaz, duş, əlüzyuyan, başqa santexnika mallarını bir-bir yoxlayırdı görsün, qüsuru-filan yoxdu. Çox razıydım gördüyü işlərdən, nə tapşırırdımsa, hamısını öz vaxtında, canla-başla yerinə yetirirdi.

Mən adətən, səhər saat onda ofisə gəlirdim, o isə doqquzda olurdu bazada, malların yük maşınlarından boşaldılıb anbara yığılmasına qədər işlərə nəzarət edirdi. On-on beş dəqiqəlik ilk tanışlıq söhbətimizdə xoşa gəlməyən nəsə hiss etməmişdim, ən əsası, işini bacaran adam kimi dəymişdi gözümə.

Bir müddət sonra fəhlələrdən biri mənə çatdırdı ki, Vanya yükləri boşaldan qırğız Aybeki gözümçıxdıya salır, hər dəfə malları maşından götürüb bazaya aparanda söz atır, “Çurka”, “Qıyıqgöz” deyir ona. Kefim pozuldu. Hardasa ay yarım Vanyanın kaprizlərinə göz yumdum. Biləndə ki, artıq Aybeki boğaza yığıb, yanıma çağırıb yüngülvari danladım, dedim, düz eləmirsən, Aybek də sənin kimi adamdı, iki uşaq atasıdı, o da sənin kimi zəhmət çəkir, pul qazanıb ailəsini saxlayır, üstəlik, iyirmi yaş səndən böyükdür, niyə bu adamın həyatını zəhərləyirsən, olmaz axı belə. Mızıldanıb dedi ki, verdiyim tapşırıqları vaxtında yerinə yetirmir.

- Vaxtında yerinə yetirmir, mənə xəbər elə, ya özün danla, amma bu şirkətdə kiminsə kimisə təhqir eləməyə ixtiyarı yoxdu, başa düşdün? - üstünə təpindim.

İki dəfə başını tərpətdi, elə bildim, öz səhvini başa düşdü. Eşitmişdim, Vanya bazar günləri kilsəyə gedir, pasxalarda oruc tutur, üstəlik, üç uşaq atası olan bu adam indiyə qədər bir dəfə də olsun arvadına xəyanət etməyib. Otağımdan çıxana yaxın dedim ki, Vanya, necə olur, sən özünü xristian saya-saya başqa millətdən olanlara üstdən aşağı baxırsan, təhqir edirsən onları? Cavab verə bilmədi, susdu.

Artıq on ilə yaxınıydı Rusiyada yaşayıb işləyirdim, rusların psixologiyasına az-çox bələdiydim, dəfələrlə görmüşdüm, söyülməkləri bir yana, lap döyüləndə belə, burunlarından qan axa-axa elədikləri səhvi boyunlarına alıb “İzvini brat, ya bıl neprav” (Bağışla, qardaş, mən səhv idim) deməyi bacarırlar.

İki gün qulağıma pis xəbər dəymədi, Vanyanın sözümü yerə salmadığına sevindim. Hardasa bir həftə heç kimdən heç nə soruşmadım, bir gün masamın üstündəki izləmə kamerasından bunlara baxmaq qərarına gəldim: Vanyayla Aybek malları anbara yığırdı, amma sifətlərindəki ifadələrdən, əl-qol hərəkətlərindən görürdüm ki, vəziyyət o qədər də yaxşı deyil. Ertəsi gün səhər kamerada eyni şeyi görəndə, otağımdan çıxıb katibəm Larisaya dedim ki, banka gedirəm, yarım saata qayıdacam.

Həyətə çıxıb ora-bura göz atdım, ətrafda heç kim yoxuydu, tez anbara girib dar dəhlizboyu ayaqlarımı asta-asta yerə basaraq, yarıörtülü qapıya yaxınlaşdım.

- Ora qoy kafelləri, blya, - Vanya göstəriş verirdi. - Ora yox, ay sənin ananı! Sən axırda məni infarkt edəcəksən.

- Eee, gah ora deyirsən, gah da bura, - qırğız Aybekin həyəcanlı-yazıq səsi gəldi.

- Bax ora, blya! Sən korsan nəsən?!

“Ay alçaq, o gün sənə o qədər söz dedim axı,” - içəri girib bu sözləri Vanyaya deməkdən güclə özümü saxladım. Deyəsən, Aybek axırda kafelləri lazım olan yerə qoydu.

- Aybek, - Vanya sakit, istehzalı tona keçdi, - sən öz aulunda qalıb keçi otarmalıydın, bura gəlməməliydin, başa düşürsən?

- Yenə başladın da. Mən aulda yaşamamışam, paytaxtda, Bişkekdə yaşamışam.

- Bişkek yox, Frunze![i] Bişkek aul olub əvvəllər, Sovet hökuməti oranı şəhərə çevirib.

- Vanya, elə danışırsan, elə bil alimsən. Bişkek hal-hazırda şəhərdi. Bir də, axı bizim naçalnik demişdi sənə...

- Naçalnik yox, müdir! - Vanya Aybekin sözünü kəsdi. - Şəhərdə yaşayan adam belə deməz...

Başa düşdüm ki, Vanyanın o gün qabağımda başını iki dəfə tərpətməsi gözdən pərdə asmağıymış: dediklərimi bir qulağından alıb, o birindən çölə vermişdi. Ayaqlarımı asta-asta yerə basaraq anbardan çıxdım.

Düzü, Vanyanı təzədən danlamaq fikrim yoxuydu, çağırsaydım, bu dəfə dişimin dibindən çıxanı deyəcəkdim, istəmirdim, aramızdakı pərdə götürülsün. Həm də keçəlbaş faşistlərin şəhərdə həftədə bir dəfə qafqazlı, orta asiyalı öldürürdüyü, şikəst etdikləri, az maaş alan milisinsə onların vəhşiliklərinə göz yumduğu vaxtlarıydı. Qorxurdum, bunu çox sıxma-boğmaya salsam, gedib faşistlərə ofisimizin yerini deyər, gəlib özümüzü də döyərlər, mallarımızı da vurub sındırarlar. O biri tərəfdən də, dediyim kimi, çox yaxşı işçiydi Vanya, biznesimin yaxşı getdiyi vaxtda onu işdən çıxartmaq, yenisini tapana qədər vaxt itirmək mənə heç sərf etmirdi.

Bir həftə sonra qərara gəldim, guya heç nədən xəbərim yoxmuş kimi Aybeki yanıma çağırıb öyrənəm görəm, vəziyyət necədi.

- ...Aybek əkə, düzünü de, Vanya səni incitmir?

- Hi-hi-hi, - yaltaq gülüşüylə söhbətə şirinlik qatmaq istədi, - Necə deyim sizə? Hərdən sataşır, dolayır məni, elə bilir, heç nə başa düşmürəm.

- Konkret nə deyir?

- Gözüqıyıq, hələ ondan da pis.

- Ondan da pis nə?! - gözlərinin içinə baxdım.

- Yox, onu deyə bilməyəcəm, - sərt baxışlarımdan yayınmaqçün gözlərini yerə dikdi, bir az da özünü fağır göstərdi ki, yazığım gəlsin buna, sualı təkrar verməyim.

- Deməlisən, Aybek. Başını qaldır, gözümün içinə bax, - əmrə keçdim.

Sussa da, yazıq-yalvarışlı baxışları “Olar, həmin sualı mənə verməyəsiniz?” deyirdi.

- Yaxşı, gedə bilərsən.

- Vüsal İbrahimoviç, narahat olmayın, dalaşsaq da, axırda barışırıq, - sevincək dilləndi. - Hətta elə olur, işdən sonra əlli-əlli vururuq, tost deyirik bir-birimizin sağlığına.

Mırıq dişlərini görəndə lap əsəbiləşdim:

- Yaxşı, Aybek, uzatma söhbəti. Gedə bilərsən.

Tez ciddi sifət alıb ayağa durdu. Otağımdan çıxan kimi dəstəyi götürüb Larisanı yığdım:

- Lara, təcili Vanyanı tap yanıma göndər...

- Vanya, sən niyə yenə Aybeki incidirsən? - içəri girən kimi birbaşa əsas məsələyə keçdim.

Əslində, buna “Vanya, sən anadan belə əclaf doğulmusan, yoxsa həyat səni əclaf edib?” demək keçirdi ürəyimdən.

- Mən? Nə olub ki? Aybek sizə nəsə deyib ki?

- Hə, çox şey deyib. Nədi sənin xoşuna gəlməyən? Mənə de görüm, indiyə qədər bir dəfə də olsun, Aybek səni söyübmü, ya sənə əl qaldırıbmı? Niyə onu incidirsən? Mən axı keçən dəfə sənə...

- Yox, siz...

- Sözümü kəsmə! Səndə ümumiyyətlə vicdan deyilən şey var? Sən başa düşmürsən ki, adamı gözlərinin qıyıq olduğuna görə təhqir etməzlər? Mənə açıq de görüm, sən irqçisən, yoxsa skinhedsən? - tez də başa düşdüm ki, axmaq sual verdim: azərbaycanlının şirkətində işləyən, lap skinhedlərə gizli rəğbəti olan birisi çətin bunu etiraf edərdi.

- Heç birindən deyiləm.

- Yalan danışırsan, sənin əlində imkan olsa, öldürərsən Aybeki. Hələ bəlkə məni də...

- Düz demirsiz, heç vaxt elə şey etmərəm, - başını aşağı salıb mızıldandı.

- Mənə bax... Biz azərbaycanlılar ruslara sarıqulaq deyirik. Xoşuna gələr, mən sənə...

- Necə deyirsiz?

- Sarıqulaq.

Qəşş edib güldü, mənim də dodaqlarım qaçdı, hər ikimizə o dəqiqə aydın oldu ki, sarıqulaq (joltouxie) rus dilindəki çyornomazıy (qarapıspısa), çyornojopıy (qaradəmək) kimi təhqir deyil. Yadıma düşdü ki, buna qulaqburması verməkçün yanıma çağırmışam, tez ciddi sifət aldım:

- Vanya, düzünü de, nə problemlərin var?

- Problemlər? - hansısa sirrindən xəbərim varmış kimi diqqətlə mənə baxdı. - Yox, yox, Vüsal İbrahimoviç, narahat olmayın, hər şey qaydasındadı.

- Bax, sənə axırıncı dəfə deyirəm, bir də eşitsəm ki, Aybeki incidirsən, səninlə başqa cür danışacam. Başa düşdün?

Könülsüz başını tərpətdi.

- Yox, bu, cavab deyil.

- Başa düşdüm sizi, - dilləndi. - Hər şey siz deyən kimi olacaq.

Vanyanın iki qızı, bir oğlu varıydı: böyük qızı on bir, oğlu yeddi, kiçik qızı beş yaşın içindəydi. Arvadı Tanyanın əsas işi evdarlıq, uşaqları böyütmək, bir də, qalan məsələləriydi.

İlk dəfə arvadını sevməyini mənə deməyi, tezcə də dəri pulqabısını açıb ön cibinə qoyduğu Tanyasının 3x4 ölçülü balaca şəklini göstərməyi bir təhərimə gəlmişdi. Perm şəhərində əsgərlikdə olanda tanış olmuşdular, diskotekada rəqs edə-edə vurulmuşdu qıza, götürüb gəlmişdi Moskvaya, toy edib evlənmişdilər. Bunları Vanya özü danışmışdı mənə.

Hə, onu deyim ki, üç il əvvəl ərindən boşanmış Larisa Vanyadan yaman kəsirdi. Gizlincə fikir verirdim, katibəm bunun qabağında əzilib-büzülürdü, səsini dəyişirdi.

Bir dəfə günorta yaxınlıqdakı banka dəyməkçün ofisdən çıxmışdım. Yolun yarısında qəfil yadıma düşmüşdü ki, bəzi sənədləri götürməmişəm. Tələsik geri qayıdanda Vanyanın güclə Larisanın qollarının arasından çıxdığını görmüşdüm. Katibəm koftasının ətəyini aşağı çəkə-çəkə heç nə olmayıbmış kimi demişdi ki, Vüsal İbrahimoviç, siz çıxandan sonra Oneksimbankdan zəng edib dedilər ki, sizi gözləyirlər. Mən də heç nə görmədim tonunda: “Bilirəm, elə bəzi sənədlərə görə qayıtdım,” - demişdim. Utandığından qızaran Vanya isə günahkarcasına başını bulayıb otaqdan çıxmışdı.

Vanyanın yaşılgözlü Larisanın işvələrinə qarşı tab gətirməsinə heyrət edirdim. On ildən çox Rusiyada yaşasam da, ilk dəfəydi həyatımda arvadına bu cür sadiq xristian rusa rast gəlmişdim. Hərdən az qalırdım deyəm, dini at qırağa, arada kef elə. Ürəyimdə buna sual vermişdim ki, görən, arvadın da sənə sədaqətlidi. Qaldı katibəmə “padxod” eləmək məsələsinə, ordan-burdan eşitmişdim, saytlarda da oxumuşdum ki, çox vaxt belə şeylərin axırı yaxşı qurtarmır, ona görə aramızda məsafə saxlayırdım. Artıq yaşım qırxı keçmişdi, biznesmen dostlarımla bir yerdə sauna əyləncələrimlə vidalaşmışdım, turist şirkətində menecer işləyən iyirmi beş yaşlı bir qızla görüşürdüm və hələ ki, dayım nəvəsi olan arvadım “levıy” işlərimdən xəbərsiziydi.

Son söhbətdən sonra Vanya bic taktikaya əl atmışdı: gözümdən düşməsin deyə, tez-tez arvadını, uşaqlarını tərifləyirdi mənə. Ümumiyyətlə, arvadını tərifləməkdən xüsusi həzz alırdı: dadlı yeməklər bişirməyindən, təmizkarlığından ağızdolusu danışanda, gözləri parıldayırdı.

Tailanddan, yay istirahətindən təzəlikcə qayıtmışdılar. Mənə arvadının tailandlılar kimi oranın yeməklərini dadlı bişirməyindən həvəslə danışırdı: “İnanmazsız bəlkə də, düz bir aya yaxındır Tanya evdə ancaq tay yeməkləri bişirir. Hələ də iştahla yeyirik, bezməmişik”. Telefonunda Tailandın şəhərlərindən tutmuş cəngəlliklərinə qədər gəzdikləri ekzotik yerlər, yedikləri meyvələr olan şəkilləri göstərib, fəxrlə böyük qızı İrinanın ingilis dilini bildiyinə görə, onları oteldə, restoranda çətin vəziyyətlərdən necə lazımdı çıxardığını danışmışdı. İki-üç cümlədən bir fasilə verib mənə diqqətlə baxırdı görsün, danışdıqları mənə maraqlıdırmı. Buna xoş gəlməkçün hər cümlənin sonunda “Əla”, “Super” demişdim.

- Vanya, yenə bazar günləri kilsəyə gedirsən? - bir dəfə soruşdum.

- Əlbəttə, Vüsal İbrahimoviç. Kilsəyə getmək məndə artıq vərdişdi.

- Yoldaşın da səninlə ora gedir?

- Elədi ki var, - Tanyasından söz salan kimi, üzünə xoşbəxtlik təbəssümü qondu. - Uşaqları da götürüb hər bazar Vasili Blajennı kilsəsinə gedib şam qoyuruq, dualar oxuyuruq.

Nəhayət, bir gün nahara yaxın otağımdan çıxanda, bunun sevimli arvadıyla, özüylə, yanlarındakı balaca qızlarıyla rastlaşdım. Otuz-otuz beş yaş arasında olan Tanya şəkildə gördüyümdən də pisiydi. Balaca gözləri, arıq, fiqurasız bədəni olan bu qadında cazibədarlıq deyilən şeydən əsər-əlamət yox idi. Başa düşə bilmirdim, Moskvada saysız-hesabsız gözəl, fiquralı qızlar ola-ola, yaraşıqlı Vanya Permin diskotekasında necə olmuşdu bu qıza vurulmuşdu.

- Bu, mənim Tanyamdır, - Vanya həvəslə bizi tnaış etmişdi.

“Şadam,” - deyib Tanyanın balaca, sümüklü soyuq əlini yüngülcə sıxmışdım. “Skelet əlidi elə bil”.

- Bu isə Nadyuşadır, bizim kiçik qızımız.

“Böyüyəndə anasına oxşayacaq” - ani fikirləşib qızın alnından öpmüşdüm. Sonra Tanya məndən Vanyasının necə işçi olduğunu soruşmuşdu. Baş barmağımı qaldırıb “Əla” demişdim. Gülüb ərkyana zarafatla demişdi ki, sözünüzə qulaq asmasa, mənə deyin, evdə necə lazımdı, dərsini verim. Nə səsi mənə cazibədar gəlmişdi, nə də gülüşü.

Bir müddət sonra yenə Aybeki yanıma çağırıb sorğu-suala tutdum, görüm Vanyayla necə yola gedirlər. Suallarımdan qaçdı: gah mızıldanıb çiyinlərini çəkdi, gah da yerə baxdı. Axırda hirs vurdu başıma, masaya bir zərbə vurub qışqırdım:

- Özünü arvad kimi aparma! Mən de görüm, o, yenə səni incidir, ya yox?! Konkret cavab ver! Yoxsa bu dəyqə, - əlimi telefonun dəstəyinə tərəf aparanda tez dilləndi:

- Yox, yox, Vüsal İbrahimoviç, zəng etməyin.

- Sən niyə axı ondan qorxursan?!

- Yox, qorxmaq nədi? Axı mən demədim ki, o... necə deyim sizə?... - dili topuq çalmağa başladı. - Məni saymır.... Tutaq ki, iş tapşırır mənə, üzümə baxmır, göyə baxır.

- Cəhənnəmə hara baxır. O vaxtkı söhbətdən sonra səni bir dəfə də olsun söyüb, ya yox?!

- Söyməyib.

- Yaxşı, gedə bilərsən...

Bu aralar Larisa sevgi-seks döyüşünü uduzduğuyla barışmış kimi dəyirdi gözümə: daha Vanyanın qabağında əzilib-büzülmürdü, Tailanddan qayıdandan sonra heç üzünə də baxmırdı. Vanyaya bu, sərf edirdi, hər halda, istəməzdi, ikinci dəfə onu katibəmin caynaqlarının arasından çıxmaq istədiyini, qızarıb-bozardığını görəm.....

- Arvadım mənə xəyanət edib.

Səhər saat ondan bir az keçmiş, elə təzəcə kresloma oturub kompyuterin düyməsini basımışdım ki. hövlnak içəri girən Vanyadan ilk eşitdiyim bu sözlər oldu. Dalınca təlaşla otağıma daxil olan Larisa mənə günahkar baxışlarıyla Bağışlayın, sizə zəng etməyə imkan tapmadım, icazəsiz qapını açıb girdi sizin yanınıza demək istədi. Başımla işarə etdim ki, anladım səni, çıxa bilərsən.

Səhər-səhər qəfil Vanyadan belə şeyi eşitməyi heç gözləmirdim, çaşan kimi oldum.

- Otur, - kreslonu göstərdim.

Oturan kimi ayaqlarını bir-birinə söykəyib, əllərini dizlərinin üstünə qoyub əsəbi-əsəbi ovuşdurmağa başladı, sanki xeyli qarlı yol gedəndən sonra bir ocaq tapmışdı, istisinə qızınırdı indi. Dəstəyi götürüb Larisanı yığdım:

- Lara, bizə təcili iki stəkan yaşıl çay dəmlə.

- Mən istəmirəm, Vüsal İbrahimoviç, - Vanya dilləndi. - Ona deyin, mənə çay gətirməsin.

- Sən sakitləş.

- Yox, yox, siz nə danışırsız? Mənə indi qətiyyən sakitləşmək olmaz. Əksinə, mən nəysə etməliyəm, - dizinə bir yumruq vurdu. - Başa düşürsüz, mən nəysə etməliyəm.

Ağlıma gəldi ki, yəqin, arvadını evdə aşnasıyla bir yerdə tutub, ya da kimsə buna arvadının “gəzməyini” çatdırıb, indi də təhqir olunmuş adam kimi qisas almaq istəyir, beynində cürbəcür planlar qurur və son nəticəyə gələ bilmir deyə, beləcə vurnuxur qabağımda. Eyni zamanda mənə elə gəlirdi ki, məsləhət umur məndən. “Sakitləş” desəm də, bilmirdim necə ovudum, təskinlik verim buna.

Az sonra Larisa qapını açıb sinidəki çaylarla içəri girdi.

- Axı sizdən xahiş elədim, Laraya zəng vurub deyəsiz mənə çay gətirməsin, - Vanya mənə baxıb dedi.

Bu sözlərdən sonra mənə təəccüblə baxan katibəmə başımla işarə etdim ki, çayı aparıb qoysun qabağına. Larisa Vanyanın qabağına çay qoyanda üstdən aşağı məzəmmətli Ömrün boyu arvadına sədaqətindən danışdın mənə, bu da sənə onun cavabı. Əcəb oldu sənə baxışlarıyla süzdü onu. Vanya fincanı qabağından götürüb sininin üstünə qoydu:

- Apar bunu, Lara. Karsan sən? Dedim axı, mən çay istəmirəm.

Larisa istehza qarışıq təəccüblə ona baxdı.

- Nə gözlərini mənə zilləmisən? Məndən çaya görə təşəkkür gözləmə, - Vanya ona dedi.

- Heç gözləmirəm də, - katibəm dəstək gözləyirmiş kimi çönüb mənə baxdı. İşarə etdim ki, mübahisə eləmə, götür, apar çayı.

Larisa çayı götürüb otaqdan çıxan kimi Vanya yarımpıçıltıyla, eyni zamanda gözünü qapıdan çəkmədən, - sanki katibəm qayıda bilərdi, - danışmağa başladı:

- Bu qancığa da hər şeyi danışmışam.

- Bu nə danışıqdı, Vanya?! Kim sənə ixtiyar verib...

- Üzr istiyirəm, əsəbiyəm bir az. Məni başa düşün. Hə, nəyi deyirdim? Laraya da hər şeyi danışmışam. Bilirəm, üzə vurmasa da, sevinir düşdüyüm vəziyyətə. O, bilməliydi başıma gələni. Tək o, yox, ofisdə hamı bilməlidi, - dizinə zərbə vurdu. - Bilməlidilər və məndən hərəkət gözləməlidirlər.

“Kimə qarşı? Arvadına, yoxsa arvadının oynaşına qarşı?” Dəhşətli dərəcədə bu sualı vermək keçirdi ürəyimdən, amma yazığım gəlirdi Vanyaya, həm də görürdüm, özü ad çəkmək istəmir. Başa düşürdüm ki, bu adamdakı nifrət artıq özünə əziyyətverməyə çevrilib, daha doğrusu, özünə əziyyət verməklə qəzəbini soyutmaq istəyir.

- Vanya, səni gözəl başa düşürəm, amma neynəmək olar? Gərək hazır olasan belə şeylərə.

O dəqiqə hiss etdim ki, məktəb müəllimi kimi dediyim bu sözlər çox yersiz alındı. Həmin an özümü onun yerinə qoydum, ətim çimçəşdi.

- Elə rahat deyirsiz. Bax, məsəlçün, sizin həyat yoldaşınız...

Gözlərimi ağardıb yumruğumu masaya çırpdım. (Düzü, bu cür sualı heç gözləmirdim ondan.)

- Üzr istəyirəm, sizi başa düşdüm, - ayağa durub qapıya tərəf getmək istəyəndə dedim:

- Dayan, söhbətimiz hələ qurtarmayıb.

Əlini yelləyib otağımdan çıxdı. Az sonra Larisa dikdabanlarını taqqıldada-taqqıldada, özündən razı halda otağıma daxil oldu. Qırımından hiss etdim ki, ürəyi doludu.

- Nə məsələdi, Lara?

- Bilmirsiz bəyəm? Arvadı buna buynuz qoyub,[ii] - sevincək cavab verdi.

- Onu bildim. Başqa şeyi mənə de. Bu, necə bilib arvadının xəyanət elədiyini?

- Çox sadə. Tanya evdə kağız yazıb qoyub ki, mən daha səni sevmirəm, başqa sevdiyim adam var, səhər tezdən bu axmaq yuxuda olanda, arvadı paltarlarını, öz sənədlərini çemodana yığıb evdən gedib.

- Bəs uşaqlar?

- Uşaqları bunun yanında qoyub.

- İndi nədi Vanyanın fikri?

- Allah bilir, - çiyinlərini çəkdi. - Yəqin heyif çıxmaq istəyir arvadından.

“Qəhbəliyin dərəcəsinə bax e. Sənin kimi meymunu Tailanddan belə gəzdirələr, axırda da sən belə eliyəsən”. Həmin gün Vanya ofisə qayıdıb arvadını öldürdüyünü desəydi, tərəddüdsüz-filan ona haqq qazandırardım, sakitcə deyərdim ki, get milisə təslim ol, çalışarıq sənə kömək edək, vəkil tapaq, çox iş verməsinlər sənə, hərçənd, dediyim kimi, o cəsarəti bu adamda görmürdüm.

Suallarıma katibəm elə forsla, ədayla cavab verirdi, sanki Vanya arvadını atıb bunu almalıymış. Deyə də bilmirdim ki, ay abırsız, sən ona ərə getsəydin, durub onun uşaqlarına baxacaydın.

- Gedə bilərəm? - Larisanın gözlərində bunlar yazılmışdı: “Bəlkə Vanyayla, arvadıyla bağlı başqa suallarınız var? Cavab verməyə hazıram”.

- Hə.

Başa düşdüm ki, Vanyanın görməli günləri hələ qabaqdadır. Arada ofisdəki ovqat da elə bil, Tanyanın evdən qaçmasından xəbər verirdi. Düzdü, həmişəki kimi hərə öz işiylə məşğuluydu: Aybek gələn malları anbara yığırdı, Vanya keyfiyyətini yoxlayırdı, Larisa gələn zəngləri mənə calaşdırırdı, məktub yazırdı, Lena mühasibat işlərini görürdü, köməkçim, həm də əmim nəvəsi Arifi başqa şirkətlərə mal dalınca gedirdi. Amma tutaq ki, mən Lenayla oturub şirkətin gəlir-çıxarlarını hesablayan vaxt Vanya təcili işlə bağlı otağıma gələndə, o dəqiqə Lenanın sifətinə qəribə bir narahatlıq, yanımcıllıq ifadəsi çökürdü. Aybeksə Vanyanın dərdini eşitməyə həmişə hazır idi və gəlib arada mənə Vanyayla elədiyi söhbətləri həvəslə danışırdı.

- Vüsal İbrahimoviç, mənə deyir ki, başa düşə bilmirəm, axı niyə Tanya məni qoyub Andreyin yanına qaçsın? O, Andreydə nə tapıb axı? Soruşuram, Andrey varlıdı, deyir, yox, nə varlıdır, nə də yaraşıqlı.

- Belə çıxır ki, Andreylə əvvəlcədən tanış olublar?

- Tailandda restoranda tanış olublar. Yana-yana deyir ki, hələ də başa düşə bilmirəm, necə olub məndən xəbərsiz arvadım bununla isti münasibətlər qurub. Deyir, Tailandda keçirdiyimiz günləri saatbasaat yadıma salmağa çalışıram, Tanya da, uşaqlar da həmişə yanımda olublar, yəni bunlar gecə məndən xəbərsiz necə, harda görüşə biliblər. Gündə iki qutu siqaret çəkir, deyirəm, ziyandı, Vanya, o qədər çəkmə, axırda xərçəng tapacaqsan, yenə yaxşı bir qız tapıb evlənərsən. Mənə sual verir ki, arvadın səni qoyub başqa kişiylə qaçsa neyniyərdin.

- Sən nə dedin ona?

- Əsəbiləşdim, üstünə qışqırdım ki, danışığına fikir ver...

Vanya “Tanya axı niyə məni atıb getsin?” sualını Larisaya da vermişdi. “Deyirəm, Vanya, mən hardan bilim? Tanya sənin arvadındı, sən onunla on ilə yaxındı yaşamısan. Bunu deyəndə, küsdü məndən”.

Arada kameradan Vanyanı izləyib görürdüm, anbarda tək oturub stulda, bir nöqtəyə baxır, sonra başlayır öz-özüylə hirsli-hirsli danışmağa, qəfil ayağa durub havaya bir-iki yumruq zərbəsi atır, - yəqin ki, ya arvadına, ya da Andeyrə atırdı bu xəyali zərbələri, - sonra oturub susurdu, qəfil də başlayırdı gülməyə. Gülürdü, gülürdü, sonra təzədən ciddi sifət alırdı, dalınca göz yaşları axırdı yanaqlarına. “Bu, yüz faiz axırda dəli olacaq”.

Onun bu vəziyyəti mənə necə pis təsir eləmişdisə, az qalmışdım, Larisadan xahiş edəm, yenə bunu yoldan çıxarmağa cəhd etsin, bir az sevişsin rahatlasın bunu.

- Lara, bura gəl, - zəng edib otağıma çağırdım... - Otur.

Sifətində təlaş gözlərini məndən çəkmədən kresloda oturdu.

- Bilmirsən, Vanyanın arvadı evə qayıdıb?

- Oxx, - dərindən köks ötürdü, - qorxutduz lap məni, Vüsal İbrahimoviç. Dedim görən nə olub. Yox, hələ qayıtmayıb.

- Vanya özü sənə nəsə deyir?

- Deyir, gedib Andreyi öldürəcəm.

- Öldürməyəcək.

- Bilirəm.

- Lara, sən çalış, bu günlər onu sakitləşdir. Görək necə kömək edə bilərik bu yazığa.

- Oldu, Vüsal İbrahimoviç, - niyyətimi tutmadı deyəsən.

***

- Vanya burdadı.

Katibəm telefonda bunu elə vahiməylə dedi, bir anlıq ağlımdan keçdi ki, Vanya bu dəqiqə əlində Vinçester tüfəngiylə içəri girib məni güllələyəcək.

- Lara, nə olub? Niyə belə həyəcanlısan?

- Dayan! - katibəmin səsi gəldi, bildim ki, ona deyir.

Qeyri-iradi masamın ikinici siyirməsini tez açıb, “Makarov” (qanuni icazəylə almışdım) tapançasını götürüb dizimin üstünə qoydum. Vanya qapını açıb hikkəylə, iri addımlarla mənə tərəf gəldi. Barmağımı tətiyə keçirib həyəcanla, gözümü qırpmadan ona baxdım. Əlində ağ kağıza bükülü nəsə vardı, ani olaraq fikirləşdim ki, yox, bu, əl qumbarasına oxşamır, amma hər ehtimala qarşı, barmağımı tətikdə saxladım.

- Nə olub sənə, Vanya?! - qışqırdım. - Niyə icazəsiz içəri?!...

Sualımı bitirməmiş, ağ kağıza bükdüyü şeyi hikkəylə masamın üstünə qoyub geri çəkildi. Açılmış kağızın içində pul dəstini görən kimi, rahat nəfəs aldım, tapançanı ehmalca yerinə qoyub, barmağımla qabağa itələdim siyirməni. Dünən bununçün yazdığım mükafatı (on min rublu) mənə qaytarırdı.

- Vüsal İbrahimoviç, heç sizdən gözləməzdim bunu.

- Nəyi gözləməzdin? Başın xarab olub? İçəri elə girdin, dedim yəqin məni öldürməyə gəlmisən. Bu mükafat son bir ayda gördüyün iş...

- Yox, yox, Vüsal İbrahimoviç, məni aldada bilməzsiz. Son bir ayda mən qeyri-adi heç bir iş görməmişəm. Ona görə çox xahiş edirəm...

- Götür pulları, Vanya, axmaqlıq eləmə. Sən bu pullara layiqsən.

- Yox, yox, bu haqda söhbət ola bilməz. Mən nəinki bu pullara, heç yaşamağa layiq deyiləm.

- Eee.

- Xahiş edirəm, mənə yazığınız gəlməsin. Əksinə, bu pulu götürməyi özümə təhqir hesab edirəm. Siz axı qafqazlısınız, ən azından, qürur hissinin nə olduğunu gözəl bilirsiz.

- Götür deyirəm sənə, mənə qürurun nə demək olduğunu izah etməyə ehtiyac...

- Yox, yox, - deyib qapıya tərəf getdi.

- Vanya!

Qulaqlarını tutub otaqdan çıxdı.

- Lara! - qışqırdım.

Larisa içəri girdi və biz bir-birimizə baxdıq.

- Səndən xahiş eləmişdim bunu sakitləşdirəsən, bir şey edə bildin? - düzü, belə bir sual vermək fikrində deyildim. Bir tərəfdən, Vanyanın pulu qaytarması pis təsir eləmişdi, o biri tərəfdən də “yaşamağa layiq deyiləm” məsələsi məni qorxuya salmışdı deyə, hirsimi, həyəcanımı bir növ, tezbazar kiminsə üstünə tökmək istəyirdim: ən yaxında olan da katibəmiydi.

- Mən neyniyə bilərəm ki? - Larisa təəccüblə mənə baxdı.

- Sən çox şey edə bilərsən. Vanya deyəsən, özünü öldürmək istəyir.

- Ciddisiz? - Larisa qorxa-qorxa açıq qapıya baxdı.

- Hə, hə, Lara, çox xahiş edirəm, tez get onu sakitləşdir.

Katibəm tələsik addımlarla otağımdan çıxdı.

İki gün sonra Vanyayla otağımda çay içə-içə söhbət edirdik, əvvəlki günlərə nisbətən sakit, - hər şeylə barışmış kimi görünürdü gözümə. Yeri gəlmişkən, millətçiliyindən əsər-əlamət qalmamışdı, başını aşağı salıb öz işiylə məşğul olurdu. Hətta Aybeklə az qala dostlaşmışdılar, kameradan baxıb görürdüm, anbarda oturub şirin-şirin söhbət edirlər. Səslərini eşitməsəm də, jestlərindən təxmin edirdim ki, nə barədəsə həvəslə danışırlar. Bir də görürdün, Vanya oturduğu yerdən qəfil qalxdı, əl-qolunu ölçə-ölçə cumdu Aybekin üstünə, deyirdim, bu dəqiqə tutaşacaqlar. Aybek gülə-gülə geri addımlayanda aydın olurdu ki, zarafatlaşırlar. Həmin gün qırğızı yanıma çağırıb soruşmuşdum, Vanya niyə elə sənin üstünə cumurdu. Cavab vermişdi ki, bu adam hər gün öz arvadını söyür mənim yanımda, fahişə deyir, axırda bir gün mən ona sual verəndə ki, arvadına bu qədər nifrət eliyirsənsə, niyə tapıb döymürsən onu, üstümə cumdu, məni də gülmək tutdu.

Vanya arada mənimlə söhbətlərində arvadının adını çəkmədən sevgidən, hisslərdən danışırdı, həm qıcıqlanırdım, həm də fikirləşirdim, bəlkə, başqa bir qıza aşiq olub, Tanyasını yavaş-yavaş unudur, hələ təzə sevdiyinin adını çəkmək, şəklini göstərmək istəmir. Az qalmışdım, özündən soruşam: təsadüfən vurulmamısan. Söhbətlərimizin birində deyəndə ki, hələ də Tanyanı sevir, cin vurdu təpəmə:

- Vanya! Sən fikirləşirsən nə danışırsan?!

- Sizə nə oldu, Vüsal İbrahimoviç? - çaşqın halda üzümə baxdı.

- Elə şeylər var ki, sən özün başa düşməlisən, - başımı yellədim.

“Əslində, deməliyəm ki, arvadın səni kişi yerinə qoymuyub, sənsə hələ də onu gic-gic sevməyindən danışırsan... Axx, elə demək istəyirdim bunları”.

- Bilirəm, ürəyinizdə söyürsüz məni. Bəlkə də siz öz məntiqinizə görə haqlısız. Amma mənim də öz məntiqim var.

“Sənin məntiqinə ....”

- ...Mən Tanyayla on il yaşamışam, bu hadisəyə qədər aramızda ciddi konfliktlər olmayıb, nəhayət, üç uşağımız var.

- Bir dəyqə. Sənə bir sual verəcəm, amma söz ver ki, mənə düzgün cavab verəcəksən.

- Əlbəttə, - şübhəylə mənə baxdı.

- Mən də sənə söz verirəm ki, bu, ikimizin arasında qalacaq, okey?

- Okey, - gözlərindəki şübhə qorxuya keçdi.

- Sən Tanyayla evli olanda, bir dəfə də olsun, başqa qadınlarla gəzməmisən, düzdü?

- Düzdü, - sifətindəki qorxu yox oldu, elə bildi, bunun xeyrinə nəsə deyəcəm.

Bütün bu həngamədən sonra arvadına xəyanət etməməsi cəhənnəm, söhbətlərimizdə məni ən çox yandıran bunun bir dəfə də olsun arvadını günahlandırmamasıydı, elə bil, Tanya yaxşı edib oynaşının yanına qaçmışdı. Halbuki, Aybekə demişdi, gedib arvadımı öldürəcəm, öldürən zibil olmasa da. Amma mənimlə bu mövzudan söhbət salanda, arvadını qınamamağı heç cürə çatmırdı mənə. Axırı, Andreydən söz salası oldum. (Hə, onu deyim, məqsədim həm də xəyanət işində daha çox Tanyanın, yoxsa oynaşının günah payını öyrənmək idi.)

- Andreylə Tailandda tanış olmusuz? - əsas məsələyə körpü salmaqçün bildiyim sualı verdim.

Diksinən kimi oldu, şübhəli-şübhəli mənə baxıb fikirləşdi görən, bunu kim çatdırıb.

- Hə, elədi, - qısaca cavab verdi sualıma:

- Nədi onun sənəti?

- Ayti mühəndisidi, informasiya texnologiyaları sahəsində iki ixtirası var. Birini əqli mülkiyyət agentliyində patentləşdirib, birini də səhv etmirəmsə, artıq agentliyə təqdim edib. Əslində, Andrey elə də pis insan deyil...

“Bunları mənə niyə deyirsən, ay oğraş?” Artıq necə əsəbiləşmişdimsə, bunun gic-gic danışmağını eşitməyim deyə, təzədən şovinist olmağını istədim.

- ...Bir yerdə nahar edəndə mənə və Tanyaya danışırdı ki, Rusiyada ilk antivirus proqramını yaradanlardan biri olub...

“Antivirusu sənin kimilərə yükləmək lazımdı”.

- Bir dəyqə, - artıq səbrimi basammadım, - mənə de görüm, o, sənin uşaqlarına, ya arvadına dondurma almışdı Tailandda?

- Nə? Başa düşmədim, - buna sataşmağımı tutmadı.

- Hə, eşitdiyin sual. Dondurma. Olsun pirojna. Ya tort, ekzotik meyvələr, - sifətimə adamı aşağılayan iyrənc bir təbəssüm verdim. - Yəqin başa düşürsən də, kişilər bəzən öz məqsədlərinə çatmaqçün belə şeylərdən istifadə edirlər.

Bu yerdə anladım ki, artıq ağ eliyirəm, dayanmaq lazımdır. Axırı, nə demək istədiyimi başa düşmüşdü, ayağa durub heyrətlə üzümə baxdı, elə yazıq sifət aldı, dərin quyunun dibindən gələn səslə “Siz nə danışırsız?” sözlərini elə yanıqlı dedi ki, üzr istəməkçün ayağa durası oldum. Heç nə demədən, sanki ayaqlarından asılmış ağır daşlarla bir yerdə qapıya tərəf addımladı. Tez ona tərəf gedib qolundan tutub qapının ağzında saxladım:

- Dayan, Vanya. Mən əslində elə demək istəmirdim. Bu qədər də olmaz axı. Elə bil başqa planetdən gəlmisən. Qulaq as, sən bəlkə Larayla bu aralar vaxt keçirəsən, yəni problemlərdən uzaq olasan deyə...

Key-key sifətimə baxdı, yenə “Siz nə danışırsız?” - deyib otaqdan çıxdı. Az sonra bağırdım:

- Lara!... Bura gəl.

- Eşidirəm sizi, Vüsal İbrahimoviç, - qaçaraq içəri daxil oldu.

- Sən Vanyayla necə yola gedirsən? - əsəbi-əsəbi barmaqlarımı masaya döyəcləməyə başladım.

- Belə də. Nə olub ki?

Bu dəfə deyəsən, niyyətimi anlamışdı, baxışlarıyla sanki deyirdi: məni Vanyanın məşuqəsi etmək lazım deyil, çox xahiş edirəm, əl çəkin bu fikrinizdən, qarışmayın bizim münasibətlərimizə, özümüz bilərik necə yola gedərik.

- Heç nə. Mənə çay gətir, - dedim.

Ofisdə məndən də çox Vanyaya əsəbiləşən, ondan “yanıqlı” olan köməkçim Arifiydi, elə bil, bunu arvadı atıb evdən qaçmışdı.

- Yanıb tökülürəm də, - otağımda var-gəl edə-edə deyirdi. - Bu əllərimnən tutub boğmaq istiyirəm oğraş gədəni, - toppuş, balaca barmaqlarıyla boğmaq işarəsini göstərmişdi.

- Bəlkə gedib qarnına bıçax soxasan? - əsəbiləşmişdim onun dəxlisiz hirslənməyinə.

- Elə soxaram. Uf demədən soxaram.

- Qələt eliyərsən.

- A kişi, arvadı adama da oxşamır.

- Sənə nə? Öz arvadıdı, özü bilər. Az burnunu başqalarının işinə sox.

Bilirdim ki, Arif onu nə boğası, nə də bıçaqlayasıdı, sözüydü deyirdi də. Amma Arifi, Aybeki, elə məni də yandırıb tökən Vanyanın indiyə qədər heç olmasa, arvadını bircə dəfə də tapıb döyməməsiydi.

- Ay Vüsal, demirəm e gedib öldürsün arvadını, heç olmasa, gedib tapaydı salaydı təpiyinin altına.

- A kişi, bəlkə heç bilmir arvadının qaçdığı yeri? Tem bolee arvadı bir yerdə işləmir ki, gedib iş yerində tapsın onu. Bir də, yenə deyirəm, sənə nə? Vanya sənin qardaşındı, əmin oğludu, yoxsa hansısa qohumundu? Ya Tanya sənin... Ağzımı açdırma da...

Larisanın dediyinə görə, Vanya anti-depressantlar içməyə başlamışdı. Üzünə baxanda, bilmək olmurdu, vəziyyəti yaxşılığa doğru gedir, yoxsa adamlara key-key baxsa da, içi-içini yandırır. Daha əvvəlki kimi nə mənə, nə də Aybekə öz dərdini danışırdı, robota çevrilmişdi. Bu arada Larisanı tez-tez yanıma çağırıb Vanyayla bağlı suallar verirdim.

- Bilmirsən, yenə antidepressantlar içir?

- Hə, içir, özünüz də görürsüz, bir az sakitləşib.

- Lara, indi onun ən yaxşı, həm də təbii antidepressantı sən ola bilərdin, - nəhayət, neçə müddətdi içimdə gəzdirdiyimi açıqca dedim.

- Neynəməliyəm mən, o, məni antidepressant kimi görmək istəmirsə? - güldü.

- Deməli, çox çalışmaq lazımdı, - sevindim katibəmin bu şıltaqlığına.

- Yetərincə çalışmışam. Ha-ha-ha. Mən gedə bilərəm, Vüsal İbrahimoviç?

- Yaxşı, get.

Larisayla olan söhbətin üstündən bir həftə keçməmiş Vanya işə içkili gəldi və bu, bir müddət belə davam etdi. Düzü, yeni il bayramlarında, ad günlərində Vanyanın içib açarını itirdiyini görməmişdim, mənə elə gəlidi, araqdan uzaq olmağı da dinlə bağlıdır. Kameradan baxıb görürdüm ki, işlərini qurtarandan sonra pencəyinin döş cibindən konyak şüşəsini çıxardıb çəkdi başına, sonra otura-otura gözünü bir nöqtəyə zilləyib qəhqəhəylə güldü. Bir müddət sonra yenə şovinistliyi tutdu, başladı Aybekin zəhləsini tökməyə. Çağırdım bunu otağıma, içməyinə görə, Aybeki incitdiyinə görə ağzıma gələni dedim. Başını aşağı salıb susdu. Susmağıyla lap məni əsəbiləşdirdi, üstünə təpindim ki, niyə susursan, cavab ver. Qayıtdı ki, narahat olmayın, bir həftəyə ərizə yazıb işdən çıxacam. “Boş-boş danışma, heç kim səni burdan qovmur. Özünü adam kimi aparmağını istəyirəm, başqa heç nə istəmirəm,” - dedim. Eləcə başını tərpətdi.

Bu söhbətdən iki gün sonra Larisa, dalınca mən çığır-bağır səslərini, söyüşləri eşidib həyətə çıxdıq. Arif Vanyanı yumruq-təpiyinin altına salmışdı, həyəcdandan rəngi ağarmış Aybeksə bunları heç cür aralaya bilmirdi.

- Qaradəməklər! (Çyornojopıe!) Rədd olun gedin bizim ölkədən!!! - Vanyanın boğazının damarı şişirdi hər cümlədən sonra.

Mən Arifi güc-bəlayla ordan qovandan sonra da Vanya dayanmaq bilmirdi:

- Gəlib bizim ölkənin hesabına pul qazanırsız! Alçaqlar! Hamınızı burdan qovmaq lazımdı!!

- Bəsdi, Vanya! - Larisa üstünə təpindi.

- Səsini kəs, qancıq!! (suka!!) Sən satqınsan! Sən çoxdan bunlara...

Bu dəfə özümü saxlaya bilmədim, sinəsinə təpik vurmağımla yerə yıxılmağı bir oldu. Ayağa durub mənə nifrətlə baxa-baxa “Nə olsun şefimsən? Sən mənimçün qaradəməksən” deyəndə, düz ağzının üstünə güclü bir yumruq vurdum. Yenə yerə yıxıldı və bu dəfə deyəsən, qorxusundan ayağa durmağa cürət etmədi. Ağzına dolan qanı tüpürəndə, qabaq dişlərindən biri yerə düşdü. Həngamə başlayandan özünü itirən Larisa yerdəki qanı görəndə, əlləriylə üzünü tutub hönkürtüylə ağlamağa başladı.

- Sən get, Lara... Get deyirəm sənə! - üstünə təpindim.

- Söz verin ki, onu bir də vurmayacaqsız, - bunu deyib az qaldı diz çöksün qabağımda.

- Vurmayacam, Lara. Sən get.

- Yox, söz verin! Söz verin ki, o, sizi söysə də vurmayacaqsız.

- Söz verirəm, - bir təhər özümü məcbur edib dedim.

Axırı, katibəm ağlaya-ağlaya ordan uzaqlaşdı. Vanya isə oturaqlı vəziyyətdə öz-özünə donquldasa da, qayıdıb mənə nəsə deməyə qorxurdu. Qoluyla ağzını siləndə, mavi köynəyinin dirsəkdən biləyə qədər olan hissəsi qana bulaşdı. Qəfil yazığım gəldi ona, qolundan tutub qaldırdım, bağrıma basıb qulağına pıçıldadım:

- Vanya, sən axı mənə söz vermişdin ki...

- Başa düşdüm sizi, Vüsal İbrahimoviç. Bütün günahlar məndədi. Narahat olmayın, sizdən milisə şikayət etməyəcəm.

- Yox, yox, məsələ milisdə deyil, - əslində, həmin anlarda elə milisi fikirləşirdim. - Mən başqa şeyi deyirəm. Sən axı deyirdin, özünü yaxşı aparacaqsan....

Qolundan tutub bunu ofisin hamamına apardım. Hamama çatana qədər bir neçə dəfə bir-birimizdən üzr istədik.

Səhərisi Arifi yanıma çağırıb dünən nəyin üstündə dalaşdıqlarını soruşdum. Məlum oldu ki, səbəb yox, əslində, bəhanə imiş davanın səbəbi: Vanya bəlkə də ömründə ilk dəfə işə gec gəlibmiş. Arif buna gecikməyini irad tutanda, Vanya hirslə cavab verir ki, bu ofisdə ancaq Vüsal İbrahimoviç məni danlaya bilər. Xülasə, bunların mübahisəsi axırda davayla bitir.

- Arif, bir də bu adamla işin olsa, day soruşmayacam, nəyin üstündə spor elənisiz. Biletini alıb səni rədd eliyəcəm kəndə, başa düşdün?

- Vüsal, axı...

- Mən səni kənddən bura gətizdirməmişəm ki, problem yaradasan mənə... Başını aşağı sal, işinnən məşğul ol.... Uzatma söhbəti, çıx otağımdan.

Vanya davanın ertəsi günü işə gəlmədi. “Qoy dincəlsin”. Həm də fikirləşdim, yəqin gedib həkimə sınan dişini düzəltdirməyə. Malların keyfiyyətindən az-çox başı çıxan Aybekə tapşırdım işləri.

Üçüncü gün Larisaya tapşırdım ki, Vanyaya zəng edib kefini-halını soruşsun. “Dünəndən zəng edirəm, telefonu qapalıdır”. - “Yenə zəng elə, cavab versə, səsindən hiss etsən ki, kefi yoxdu, deyərsən, şef üç gün də evdə qalıb dincəlməyinə icazə verir. Bir də, soruş, nəyə ehtiyacı varsa, çəkinməsin, zəng edib desin mənə,” - tapşırdım. Hərçənd, on min rublu qaytarandan sonra inanmırdım, mənə pul üçün ağız açsın. On dəqiqə sonra Larisa dedi ki, mobil telefonu yenə qapalıdır, ev telefonunu da götürən yoxdur.

- Bəs uşaqlar? Deyirdi axı uşaqlar onun yanındadı?

- İnanın mənə, heç nə bilmirəm , Vüsal İbrahimoviç.

Ertəsi gün Vanyanın ev ünvanını kağıza yazıb, Aybeki göndərdim ora. Bir saatdan sonra Aybek qayıdıb dedi ki, zəngi nə qədər bassa da, qapını açan olmadı.

Artıq yeni həftə başlamışdı, Larisa hər gün eşitdiyi “Vanyadan bir xəbər yoxdu?” sualımdan bezmişdi. Bir ara ağlıma gəldi, bəlkə, qorxusunu yenməkçün bir şüşə araq içib, gedib arvadını, ya arvadının məşuqunu, ya da hər ikisini öldürüb, qaçıb hardasa gizlənir. (Belə hadisələrin rus ailələrində baş verməsi normal idi.) Amma tez də başa düşdüm ki, elə şey olsa, müstəntiq, qoltuğunda qovluq çoxdan ofisimizə gəlib hamımızdan bir-bir izahat almışdı.

Vanyanın qeyb olmasına işdə hərə bir cür reaksiya verirdi. Arif Vanyaya həmin davada bir-iki dəfə ilişdirib nifrətini-qəzəbini soyutmuşdu deyə, daha arxasınca danışmırdı, söymürdü onu. Amma o biri tərəfdən, hərisliklə Tanyanın, ya Andreyin qətl xəbərini gözləyirdi. Arada ərlərin namus üstündə arvadlarını qəddarlıqla öldürməyindən bəhs edən xəbərləri saytlardan oxuyub mənə elə həvəslə, təfsilatıyla danışırdı, görürdüm ki, bu cür xəbərlərə susanıb, saytı açan kimi onları ana səhifədə lap başda görüb tez tıklamak istəyir.

Vanya yoxa çıxandan bir müddət sonra mühasibim Lenanı yenidən kəşf etməyim özümə sürpriz oldu. Əvvəllər onu qaradinməz adam kimi tanıyırdım, tanıyırdım deyəndə, ofisdə tək mənimlə yox, o birilərlə də bir o qədər qaynayıb-qarışmırdı.

Hesab-vergiylə bağlı işlərimizi görəndən sonra heç özüm də bilmədim, necə oldusa bundan dedim, Lena, az-çox dünyagörmüş adamsan, səncə, Tanya niyə bizim Vanyanın başına o oyunları açdı. Elə bil, bu sualı günlərdi məndən eşitmək həsrətindəymiş, açıldı, nə açıldı:

- Vüsal İbrahimoviç, söz tapa bilmirəm. Siz bilirsiz yəqin Vanya öz arvadına, uşaqlarına necə diqqətli olub. Hər yay Misir, Tailand...

- Lena, onları bilirəm. Mən başqa şeyi bilmək istəyirəm. Səncə, Vanya hara gedə bilər?

- Düzü, ağlıma bir şey gəlmir. Bir şey soruşum, sizdə, azərbaycanlılarda belə şeyə görə ər öz arvadına nə edərdi?

- Döyə də bilərdi, öldürə də bilərdi, evdən qova bilərdi. Bu, asılıdı ərin xasiyyətindən.

- Yaxşı, öldürməyi qoyaq qırağa. Hər halda, üç uşaqları var, onlar bu yaşlarında travma almamalıdırlar, yəni, qətl məsələsini mən heç ağlıma gətirmirəm. İstənilən halda, bu qadın cəzasını almalıydı. Mən sizə öz həyatımdan danışsam, dəhşətə gələrsiz. İyirmi ildi evliyəm. Kolyam on ildən çoxdur işləmir, işi-gücü ancaq araq içib futbola baxmaqdı. Mən qazanıram, o isə ancaq yeyir, araq içir, hələ bir üstümə də qışqırır. “Spartak” uduzanda acığını məndən çıxır.

- Nədi sənəti?

- Elektrikdi. Əslində, iş tapmaq problem deyil. Sadəcə, supertənbəldi ərim.

- Yenə yaxşı ki, sənə əl qaldırmır, - “Döymür səni?” sualına başqa cür verdim.

- Ehh, o da olub. Düzdü, travma-filan olmayıb, amma vuranda, ağrı hiss etmişəm. Demişəm yəqin sizə, oğlum Saşa Plexanovda oxuyur, iki ildi onun təhsil haqqını mən verirəm. İldə üç min dollar.

- Siz dalaşanda oğlun səni müdafiə eliyir?

- Müdafiə eliyir də sözdü. Elə olub, az qala, davaya çıxıblar, yaxşı ki, mən evdə olmuşam, araya girmişəm, yoxsa Allah bilir, nə olardı.

- Lena, inanırsan, bayaqdan danışırsan, heç inanmağım gəlmir dediklərinə. Bax, biz azərbaycanlılarda belə bir fikir var, rus qadınları ciddi səbəb olmadan ərlərindən boşanırlar. Lap açıq deyəcəm sənə, bizdə deyirlər ki, rus arvadlarını ona görə almaq olmaz ki, ərləri qocalanda, onları adam yerinə qoymurlar. Deyirsən, Kolyan on ildən çoxdu işləmir, içir, üstünə qışqırır. Mən artıq on ildən çoxdu Rusiyadayam, ilk dəfədi sənin kimi rus qadınına rast gəlirəm. Başa düşə bilmirəm, illərdi sən bu şeylərə necə dözürsən?

- Oxx, - Lena dərindən köks ötürdü. - Bildim ki, bu sualı mənə verəcəksiz. Birincisi, ona görə ki, Kolyanı sevib ərə getmişəm, o da məni sevib alıb. İkincisi, istəmirəm, ailəm dağılsın, pis, yaxşı, istəyirəm, yanımda ərim olsun. Yaxşı, lap açıq deyim sizə, qoy məni tanıyanlar bilsinlər ki, ərim var.

- Şokdayam.

- Və nəhayət, Kolya uşaqlarımın atasıdı, qızım dəlicəsinə onu sevir. Elə bu şeylərə görə boşanmaq fikrini yaxınıma buraxmıram hələ ki. Bunları sizə niyə danışıram? Təsəvvür edin, Vanya evə pul gətirirdi, arvadını, uşaqlarını cürbəcür ölkələrə aparırdı. Əvəzində arvadı neylədi? Sizcə beləsini... Tfuu! - hirslə başını yellədi.

- Bax, deyirsən, ərinin kobudluğuna, içməyinə dözürsən. Məsəlçün, xəbər tutsaydın ki, ərinin məşuqəsi var, boşanardın?

- Ha-ha-ha, - isterik səslə gülməyindən bildim ki, sualım ona toxundu. - Onun pulu var məşuqə saxlamağa? Bəs bayaqdan deyirəm axı, ailəni tək mən saxlayıram.

- Yaxşı, fərz edək, ərin alfonsdu, məşuqəsi onu saxlayır.

- Ha-ha-ha, alfons heç vaxt kobud ola bilməz, çünki məşuqəsindən asılıdı. Belə də ki, alfons, ya qeyri-alfons, boşanaram, üstəlik, qovaram evdən... Ya da qovmaram, evi sataram, bir otaq alaram ona, gedib qalar orda, uşaqlar istədiyi vaxt gedib görüşərlər atalarıyla. Hər halda, istəmərəm Kolya qırx iki yaşında bomja dönsün.

Ofisdə dediyim kimi, indi ən rahat Aybekiydi, qulağı danlaqlardan söyüşlərdən uzağıydı, bəlkə də Vanyanın ölüm, ya həbs xəbərini gözləyirdi, bu xəbəri eşitsə, xəfifcə sevinərdi də... İki qızı, bir oğlu varıydı Aybekin, uşaqlar analarıyla Bişkekdə yaşayırdılar. Aybek avtoqəzada ölmüş qardaşının ailəsinə də əl tuturdu, arada pul yollayırdı, ildə bir dəfə ora gedəndə onlara da paltarlar, konfetlər alıb aparırdı. Moskvaya təzə gələndə, süpürgəçi işlədiyi vaxtlar başıqırxıq millətçilər, - skenhedlər səhər-səhər döyüb xəstəxanalıq etmişdilər Aybeki. Mənə danışırdı ki, on beş-on yeddi yaşlı rus faşistləri onu yerə yıxıb ağır sapoqlarıyla qarnına, sifətinə vuranda, yalvarıb deyirmiş ki, mən iki ailəyə baxıram, öldürməyin məni. Görəndə ki, bunların vecinə deyil, daha da azğınlaşırlar, Aybek gözlərini bərəldib yalandan başlayır xırıldamağa. Skinhedlər bunu görüb qaçırlar...

Artıq ikinci ay idi Vanyadan xəbər yox idi və özüm daxil ofisdəkilər onun sirli yoxluğuna yavaş-yavaş öyrəşmikdik. Təzə işçi götürmüşdüm onun yerinə. Hətta Larisa da nakam məhəbbətini unutmuşdu, qulağıma çatmışdı ki, özünə alman sevgili tapıb. Yeri gəlmişkən, mən milisdəki tanış polkovnik vasitəsilə Vanyanı axtarmışdım, o da məsələni araşdırıb mənə demişdi ki, son bir ayda nə ölənlər, nə yaralananlar, nə də ölkədən çıxanlar arasında İvan Sergeyeviç Yevsyukov adlı adam var.

Arifi ata-anası kəndə çağırıb xalasıqızına nişanlamışdılar, bir aydan sonra toyları olacaqdı. Son söhbətdən sonra mənimlə bir az açılışan Lena arada ərinin kobudluğundan gileylənirdi. Daha “Ona necə dözürsən?” sualını vermirdim, görürdüm ki, boşanan deyil.

Saytlara girib Rusiyada, dünyada baş verən xəbərləri oxuyurdum ki, Larisadan zəng gəldi:

- Vüsal İbrahimoviç, - həyəcandan titrəyən səslə dilləndi. - Vanya burdadı.

- Nə danışırsan?... Hə, hə, əlbəttə, qoy gəlsinlər.

Qapı açıldı, uşaqlarıyla bir yerdə içəri daxil olan Vanyayla Tanyanı görən kimi ayağa durub onlara tərəf getdim, hamısıyla bir-bir salamlaşdım, yer göstərdim, oturdular. Hamısının sifəti bərq vururdu xoşbəxtlikdən. Elə bil, ərini, uşaqlarını atıb evdən qaçan Tanya və buna görə ofisdəkiləri bir-birinə qatan Vanya deyildi.

- Biz barışdıq! - cingiltili səsiylə arvadı dilləndi.

- Yaxşı elədiz, - qeyri-ixtiyari bu sözlər ağzımdan çıxdı.

- Deyəsən, mənim Vanyuşam sizi çox incidib.

- Boş şeylərdi, - dedim. - Bir dəyqə, - ayağa durub Larisa olan otağa keçdim.

Katibəmə iki yüz rubl verib işçilərdən birini yaxınlıqdakı qastronomdan “Quş südü” almağa göndərməyi, tort gələndə hamıya çay gətirməyi tapşırdım.

Otağıma qayıdan kimi Vanyadan soruşdum ki, haralarda itmişdin. Əlini yelləyib “Yoqayla məşğul idim,” - dedi. O barədə danışmağa həvəsli deyildi. Başladı oğlu Saşanın məktəblərarası şahmat yarışında çempion olmağından, qızı Nadyanın bədii gimnastika üzrə şəhər çempionatında üçüncü yer tutmağından danışmağa. Uşaqları təbrik etdim, yeni uğurlar-filan arzulamaq da öz yerində. Saşayla Nadyanın sevincdən par-par parlayan gözlərinə baxanda, necə təsirləndimsə, az qaldım, ata-anasına deyəm ki, düz edib barışmısız, bunlara görə barışmağa dəyərdi.

Sonra Larisa çaylarla, “Quş südü” tortuyla, dikdabanlarını taqqıldada-taqqıldada içəri girdi, Vanyaya və Tanyaya gözucu tərs-tərs baxdı, ürəyimdə dedim ki, Lara, Vanyadan birdəfəlik əlini üz, tay o, sənlik deyil. Sonra nədənsə Arif yadıma düşdü. “Görən, artıq-əskik hərəkət eləməz ki? Qələt eliyər. Qulağını buraram”.

Cütlüyün xoşbəxt baxışları məni necə ovsunlamışdısa, Tanyanın xəyanətini sanki şüuraltı, özümdən asılı olmayaraq bağışlamışdım, məsələyə az qala, “Əşi, olan şeydi” məntiqiylə yanaşırdım.

Çaylara görə təşəkkür edib ayağa duran Vanya əlimi bərk-bərk sıxıb o günlər etdiyi hərəkətlərə (bezobraziye) görə üzr istədi. ”Boş şeylərdi, unut getsin,” - dedim. Arvadı da üzr istədi, “Eybi yoxdu” deyib onun da üzrünü qəbul elədim. Nəhayət, bunları yola saldım getdilər.

Ertəsi gün Vanya işə çıxdı, yerinə götürdüyüm Mişa isə başqa şirkətə keçdi... Vanyanın ailəsiylə ofisə gəldiyi günün axşamı Arif hövlnak otağıma girəndə, qırımından bildim nə deyəcək, ağzını açmağa imkan vermədim:

- Sən ölənnərinin goru, mənə nə Vanyadan, nə də Tanyadan heç nə demə. Gələn həftə səni İspaniyaya kafel gətirməyə göndərəcəm. Bir pasportuna bax gör, vizanın vaxtı bitməyib? Elə həmin gün işlə bağlı yanıma gələn Aybek otağımdan çıxhaçıxda ağzını açıb deyəndə ki, Vanya necə mənliyinə sığışdırıb arvadını bağışlaya bildi, sözünü kəsdim: “Aybek, get öz işinlə məşğul ol”.

Sonralar Larisa Tanyanın peşman olub ərinin yanına qayıtmağının səbəbini mənə danışdı. Evdən qaçan Tanya bir müddət sonra uşaqlarından ötrü darıxır, onları öz yanına gətirməkçün başlayır oynaşını dilə tutmağa. Andreysə razı olmur, deyir, mən nəinki sənin üç uşağına atalıq etməyə, nəinki yaxın, heç uzaq gələcəkdə də öz uşağımızın doğulmağına hazıram. Aralarında söz-söhbət yaranır, sevgidən, seksdən doyan cütlük sonda mədəni şəkildə ayrılmağa qərar verir. Tanya rəsmən boşanmadığı Vanyasının yanına, Andreysə subay həyatına qayıdır.

Hər şey yavaş-yavaş öz axarına düşürdü, elə bil, Tanyayla evlənən Vanyanın təzəcə toyu olmuşdu, bal ayını Antalyada keçirmişdilər, ordan qayıdıb təzə enerjiylə işə başlamışdı. Deyəsən, şovinistliyinə də birdəfəlik son qoymuşdu, Aybeklə deyib gülürdülər, zarafatlaşırdılar. Arifsə Vanyaya qarşı nifrətini sanki dondurmuşdu, salam, sağ ol, bir də, gündəlik işlərlə bağlı söhbətlər.

Bir müddət sonra Vanya yenə kefsiz göründü gözümə. Bir həftə buna sual-zad vermədim, dedim, yəqin, söz-söhbət olub evlərində, keçib gedər. O biri tərəfdənsə hiss edirdim ki, yenə ürəyini mənə açmaq istəyir. Guya təzə aldığımız mallarla bağlı yanıma çağırıb söhbət edəndən sonra soruşdum ki, son günlər nəsə gözümə kefsiz görünürsən, nə problemin var. Narazı-narazı əlini yellədi, səmimi gəlmədi mənə bu hərəkəti, hərçənd, fikirləşdim ki, sualıma könülsüz reaksiya verməsində qürur da öz sözünü deyə bilərdi: yəni, hər sualına cavab verməyə borclu deyiləm və istəmirəm, səni daima öz problemlərimlə yükləyim. Baxışlarımla ona çatdırdım: çəkinmə, bilirəm, fikirləşirsən ki, deyim, ya deməyim, amma görürəm axı, ürəyin doludu, qürur yeri deyil, de görək nə olub, onsuz da əvvəl-axır yenə ürəyini açacaqsan mənə.

- Tanyayla nəysə son vaxtlar alınmır, - axırı dilləndi.

- Nə alınmır?

- Ailəmiz az qalır dağılsın, - sifətinə əzablı kədər çökdü.

- Nə baş verib ki?

- Bir həftədir baş-beynimi aparır, deyir, sənə elədiyim xəyanətə görə əzab çəkirəm. Üzr istəyirəm sizdən, mənə deyir ki, səninlə sevişəndə, xəyanət elədiyim günlər yadıma düşür, əzab çəkirəm buna görə. Deyir, yanıma uzanan kimi özümdən asılı olmayaraq Andrey gəlir durur gözümün qabağında, çalışıram onu qovam xəyallarımdan, alınmır, bu da onu əsəbiləşdirir. Hətta deyir, əlimdə tapança olsa və həmin an Andrey yanımda olsa, tərəddüd etmədən ona güllə ataram ki, birdəfəlik yaddaşımdan silinsin.

“Uşaqlarına atalıq eləmədi, ay tupoy, ona görə arvadın ona nifrət eliyir,” - ani ağlımdan keçdi.

- Vanya, necə deyim ki, məni düz başa düşəsən, - nəsə deməliydim, gözlərini mənə zilləyib məsləhət gözləyirdi. - Əslində, bu yaxşıdı. Yəni, əgər dediyin kimi, Tanya vicdan əzabı çəkirsə...

Sonralar bu sözlərimi xatırlayanda, həm öz ikiüzlülüyümə görə ətim tökülürdü, həm də adət-ənənəyə az-çox bağlı olan azərbaycanlı kimi başa düşürdüm ki, bizdə ümumiyyətlə, qadının bu cür şeyi ərinə etiraf etməsi mümkün deyil. Yəni, belə etirafa görə ər öz arvadına bir sillə çəkərdi, ya da yeddi arxa dönənini elə söyərdi ki, qonşular eşidərdi. Mənsə Vanyanı sakitləşdirməkçün əttökənlik, ikiüzlülük etmişdim “Tantanın vicdan əzabı çəkirsə” deməklə.

- Mənə lazım deyil onun vicdan əzabı. - Vanya dilləndi. - Mənə uşaqlarımıza baxan, normal psixikası olan həyat yoldaşı lazımdı, başa düşürsüz?

- Başa düşürəm, amma...

Yeri gəlmişkən, sonralar Vanyanın bu qədər etiraf etməyə meylli olduğunu fikirləşəndə bir şeyi özümə yəqin etmişdim: məni özünə həmdərdi bilməyi öz yerində, lap əvvəldən arvadıyla yaşadığı problemləri açıb demişdi deyə, elə bilirdi, bu ənənəsinə axıra qədər sadiq qalmalıdı. Həm də görürdüm ki, ürəyini mənə açandan sonra bir az yüngülləşirdi. O biri tərəfdənsə mənə elə gəlirdi, Tanya xəyanətə görə əzab çəkmək məsələsində biclik edir, Andreylə təzədən görüşmək istəyir deyə, ərindən boşanmaqçün bəhanə axtarır və o cür düşük etiraflar etməklə ərini o həddə gətirmək istəyir ki, axırda Vanya bezib özü boşanmağa razılıq versin.

- Sən bayaq elə bil dedin, Tanya səndən boşanmaq istəyir, düz başa düşdüm səni?

- Yox, yox, nə danışırsız? Siz yəqin elə bilirsiz, o, yenə Andreyin yanına qaçmaq istəyir. Dedim axı, əksinə, o, bu dəqiqə Andreyə nifrət edir.

“Axı bir az qabaq dedin ailəiniz dağılır” .

- Bəs uşaqlar? Arvadın uşaqları fikirləşmir? - soruşdum.

- Yox, yox, şükür Allaha, uşaqlarla bağlı heç bir problem yoxdu. Tanya uşaqlardan imtina etmir ki. Bayaq da dedim, mənə normal psixikası olan arvad lazımdı. Başqa heç nə istəmirən ondan.

- Yaxşı, sən indi neynəmək fikrindəsən?

- Hələ heç nə bilmirəm, - gözlərini döşəməyə dikdi.

- Yenə gedirsən kilsəyə?

- Ehh, Vüsal İbrahimoviç, Allah da məndən öz döndərib, - deyib pəncərəyə baxdı.

Ətim ürpəşən kimi oldu, Vanyanı fanatik kimi tanımasam, bəlkə də təəccüblənməzdim. Artıq bilmirdim, nə məsləhət verim. “Sizi də bezdirmişəm,” - deyib otağımdan çıxdı.

Günlər keçdikcə, cürbəcür hallara düşürdü Vanya. Görəndə ki, Aybeklə zarafatlaşır, bir yerdə qəşş edib gülürlər, elə bilirdim, arvadıyla arası düzəlib və yəqin Tanya keçmiş oynaşını xəyallarından qovub uzaqlaşdırıb. Ertəsi gün Vanya ofisdə mısmırığını sallaya-sallaya işiylə məşğul olanda, o dəqiqə ürəyimdə söyürdüm Tanyanı: “Qancıx! Yenə qaşınman tutub!” Əlacım olsaydı, evlərinə zəng edib deyərdim, niyə ərinə bu qədər zülm eliyirsən? Axı nə məcburdu fantaziyalarını bir-bir onun ovcuna tökəsən? Demə də hər şeyi ərinə, fantaziyalarında nə p... yeyirsən ye, amma mumla, danışma da bunları. O biri tərəfdən də Vanyanın əfəlliyinə, acizliyinə o qədər əsəbiydim ki, ərizə yazıb işdən çıxsaydı, elə də etiraz etməzdim. Bircə içməyini heç istəmirdim, elə bilirdim, arağa başlasa, yenə ofisdə bir hoqqa çıxardacaq.

Artıq işçilərdən heç kimi Vanyanın kefsiz olub-olmamağı maraqlandırmırdı. Keçən dəfəki kimi, başqalarına ürəyini açıb olanları danışsaydı, çox güman, ya bunu axmaq hesab edəcəkdilər, ya da candərdi qulaq asacaqdılar. Sonrakı günlər bu adamın sifətində əzaba öyrəncəklik dəyirdi gözümə, sanki barışmışdı əzablı həyatıyla, artıq bilmək də olmurdu, ürəyi doludu, dərdini demək istəyir, ya yox.

Amma yeni həftənin əvvəlindən başlayaraq, Vanyanın uzun müddətə qeyb olması məni təşvişə saldı. Bir həftə bir ay oldu, yenə telefon zənglərinə cavab verən olmadı və axırda yenə hamı onun yoxluğuna öyrəşdi.

Hardasa iki ay sonra ev telefonuna “Bilmirsiz onlar hara köçüb?” sualıma bir kişi soyuq tonda xırıltılı səsiylə “Yox, bilmirəm” cavabını verib dərhal dəstəyi yerə qoyanda, qəfil bir şey yadıma düşdü: hələ arvadı oynaşının yanına qaçmamışdan əvvəl Vanya mənə danışmışdı ki, Tanya elə hey ona “Kanadaya köçək” deyir. O vaxt millətçiliyinin fontan vuran vaxtıydı deyə, arvadının dediklərini qulaqardına vururdu. Bunları xatırlayanda ehtimal elədim ki, Tanya yenə Kanada eşqinə düşübmüş, “Səninlə sevişəndə Andrey yadıma düşür” deməklə ərini yola gətirmək istəyirmiş, çox güman, deyirmiş, köçək Kanadaya, o ağır günlər hər ikimizin yaddaşından birdəfəlik silinsin və axırda ərini bu cür bicliklə yoldan çıxarda bilmişdi.

Ayları illər əvəz elədi, Larisa alman sevgilisinə ərə getdi, bir qızı oldu, ailəlikcə köçdülər Frankfurta. Arada zəng edib hal-əhval tuturdu, hər dəfə də Vanyanı soruşurdu. Üçüncü dəfə yeni il qabağı zəng edəndə, yəqin fikirləşdi ki, məni bezdirə bilər, sualı başqa cür verdi: “Ofisdə nə yenilik var?” - “Elə bir yenilik yoxdu,” - cavab verdim. Səs tonumdakı soyuqluğu hiss etdi nədisə, sonrakı zənglərində Vanyadan söz salmadı. Arif şirkətimdə işləyə-işləyə gizlincə konfet biznesinə girişmişdi, elə bilirdi, xəbərim yoxdu. Şirkətimdə tapşırdığım işləri vaxtı-vaxtında yerinə yetirirdi deyə, konfet məsələsinin üstünü açıb-ağartmırdım. Lena isə hələ də kobud, sərxoş ərinə dözürdü, anasına uşaqlığından bu yana boşanmağı məsləhət görən böyük oğlu köməkliyimlə Oneksimbankda işə düzəlmişdi, qızı isə məktəbi bitirirdi artıq.

İyun günlərindən birində, axşamüstü ofisdə kresloya yayxanıb əllərimi aşağı sallamışdım: elə haldaydım ki, evə getməyə ərinirdim. Üstəlik, ORT kanalında Tverin bir kəndi haqda darıxdırıcı veriliş gedirdi: ayağa durub yazı masasının üstündəki pultu götürüb kanalı çevirməyə belə həvəsim yoxuydu. Vanyanı ekranda görəndə, tez ayağa qalxıb televizorun səsini artırmaqçün pulta sarı qaçdım...

Doxsanların əvvəlləri kasıbçılıqdan, işsizlikdən adamların tərk etdiyi kəndi alan bir rus milyonçusu təsərrüfat yaradıb zəhmətsevər xristianları ora yığmışdı. İndi o kənddə kimi kartof, taxıl, yulaf əkib-becərirdi, kimi də maldarlıqla məşğuluydu. Yulaf əkib satmaqla ailəsini dolandıranlardan biri də saqqalını sinəsinə qədər uzadıb rus milli geyimində intervü verən Vanya idi. Vaxtilə Moskvada bir şirkətdə çalışdığını, (“Alçaq, şirkətin adını da de də” - deyindim.) günlərin bir günü şəhər həyatından bezib, evlərini satıb, ailəsiylə bir yerdə bura köçdüyünü həvəslə danışırdı.

“...Əsl rus ruhu burdadı. Rus[iii] öz qüdrətini belə torpaqlardan alır. Bir sözlə, kim özünü əsl rus sayırsa, bura gəlsin. Gəlib ölkəmizin yenidən derjava (qüdrətli dövlət) olması üçün öz töhfəsini versin,” - deyirdi jurnalistə. O, danışa-danışa operator artıq yeniyetməlik vaxtına çatmış, görən kimi tanıdığım İrinanın, Nadyanın, Oleqin, kəndə köçəndən sonra daha üç uşağın, - iki oğlan, bir qızın üzlərini göstərirdi. Böyük uşaqlar ciddi-ciddi kameraya baxırdı, balacalarsa (onlar da milli geyimdəydi) gah gülür, gah da əzilib-büzülürdülər, lap balaca olan tumançağı bir müddət kameranın qarşısında dayansa da, gülərək qəfil yerindən götürülüb harasa getdi. Gözüm Tanyanı axtarırdı. “Bu, harda qaldı?” Qəfil Larisa yadıma düşdü, tez mobil telefonumdan ona “Təcili ort-yə bax” sms-i göndərdim.

Sonra Vanya ailəlikcə internetdən, ayfondan, televizordan uzaq durduqlarını həvəslə dedi, Yeltsin vaxtından qalma balaca, qara Nokia telefonunu göstərib “Bir-birimizi axtaranda, ya təcili yardım çağırmaq lazım olanda, ancaq bundan istifadə edirik,” - dedi. “Bəs şənbə, bazar günləri neyniyirsiz?” sualına “Şənbə günü meşədə gəzirik, göldə balıq tuturuq, kitabxanaya gedirik. Bazar günləri kilsəyə gedib dualar oxuyuruq,” - cavab verdi. “Tanya, harda cəhənnəm olub qalmısan?! ” - ekrana qışqırdım. Sonra ağlıma gəldi ki, arvadı bunu ikinci dəfə atdığına görə Vanya kənd həyatını seçib və balaca uşaqları da təzə arvadındandı. Tanya isə çox güman, Andreylə bir yerdə Kanadaya köçmüşdü. Bu vaxt “Təcili ort-yə bax” sms-imə “Ok baxıram” cavabı gəldi Larisadan. Qapını taqqıldatdılar, yadıma düşdü ki, Arif hələ ofisdən çıxmayıb, “Gəəl!” qışqırdım. O, içəri girən kimi barmağımı ekrana tuşladım:

- Ora bax, Vanyadı.

- Aa... Bura haradı ki?

- Suss, - barmağımı dodağıma tərəf apardım. - Sonra deyərəm.

- Lap vəhabilər kimi saqqal saxlayır... Yaxşı, bunun qəhbə arvadı hardadı?

- Mumla! - deyib tərs-tərs sifətinə baxdım.

Bunu deməyimdən heç bir dəqiqə keçməmişdi, başına yaylıq taxmış, uzun don geymiş Tanya ekranda göründü. “Gəl çıx da, ay qancıx,” - əsəbi-əsəbi dedim, Arif “Bəs özün niyə söyürsən?” mənasını verən təəccüblü baxışla mənə zillədi gözlərini. Artıq yaşa dolduğu görünən, cod dərili əllərindən torpaqla əlləşdiyi bilinən Tanya məsum, itaətkar ev arvadları kimi ərinə qulaq asa-asa, arada balacaların başını sığallayırdı, Vanya danışdıqca başını tərpədir, üç-beş cümlədən bir “Verno” (Düzdü) deyirdi. Jurnalistin sonda “Bəlkə siz də nəsə demək istəyirsiz?” sualına utana-utana cavab verdi: “Vanyuşam hər şeyi dedi”.

Arifin sifətində donuq heyrət yaranmışdı, mənə elə gəlirdi ki, o da artıq Vanyanı anlayıb və bundan sonra ondan, arvadından söhbət düşsə, söymək bir yana, heç onları qınamayacaqdı.

- Həə, bu, lap kino oldu, - reportaj bitəndə dərindən nəfəs alan Arif mənə baxıb soruşdu: - Gərək sabah qəzet alım görüm, bu verilişin təkrarını nə vaxt verəcəklər. Nə idi verilişin adı?

- Bilmirəm, özün qəzetdə axtarıb taparsan.

Televizoru keçirəndə Larisadan sms gəldi. “Mən bu verilişin təkrarına baxacam. Düzünü deyin, siz Vanyanın səmimiyyətinə inandız?” - “Hə, inandım” cavabını yazıb, hirslə “Otpravit”i (“Göndər”) basdım.

7 sentyabr, 2018 - 16 dekabr, 2019
Bakı-Trabzon-Ankara-Bakı

[i] Qırğızıstanda Sovet hökuməti qurulana qədər şəhər Pişpek, 1926-ci ildə inqililabçı M.Frunzenin şərəfinə Frunze, Qırğızıstan 1991-ci ildə müstəqilliyiini qazanandan sonra Bişkek adlandırıldı.

[ii] Ruslarda buynuz qoymaq («ставить рога») evlilikldə xəyanət mənasını verir.

[iii] Orijinalda: Русь

# 4965 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #